Icma.az
close
up
RU
525 ci qəzet ƏNƏNƏNİ SINDIRARAQ DAVAM ETDİRƏN Rafael Hüseynov yazır

525 ci qəzet ƏNƏNƏNİ SINDIRARAQ DAVAM ETDİRƏN Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Daha bir dəfn karvanı Sorxab məhəlləsindən keçərək "Məqbərət üş-şüəra"ya üz tutmuşdu. Artıq üç əsrdən çox idi ki, o məzarlığa el çiynində gedənlər vardı, amma həmin yasların da daha izdihamlısı, daha az adamlısı olurdu. Təbrizin yaxında-uzaqda başqa qəbiristanlıqları da vardı - hətta bu ətraflarda da, Sorxab həndəvərində də. Ancaq yazılmamış bir qaydayla bu məzarlıqda hər yetən ölüsünü basdırmazdı.

Əvvələn, mərhumlarını torpağa tapşıranlar səy edirdilər ki, son dəfn etdikləri həmin ailənin və nəslin əvvəlki rəhmətliklərindən ayrı düşməsin, imkan daxilində bir-birlərinə yaxında uyusunlar, o biri yandan da "Məqbərət üş-şüəra"nın adı üstündə idi - nə ayrıca fərmana ehtiyac vardı, nə qazinin hökm verməsi lazım idi. Bir təbrizlinin son mənzilinin bura olmasının zəminini o adam həyatı ilə, əməlləri ilə, yazıb-yaratdığı ilə özü hazırlayırdı. Artıq sağkən bilinirdi ki, belə azman şəxsiyyətin son duracağı elə bura olar.

1390-cı ildə şair Əssar Təbrizinin tabutu Təbrizin bir ayrı qəbiristanlığına deyil, məhz "Məqbərət üş-şüəra"ya yönəlmişdisə, əsas səbəb bu deyildi ki, o, şairdi. Ondan əvvəl də, sonralar da Təbrizdə o qədər şairlər ömür sürüb dünyadan köçdülər ki! Fəqət Haqqın dərgahına üz tutanların yüzündən, minindən birinə nəsib oldu ki, burada basdırılsın. Bu məzarlıq nəşi ora tapşırılanların dünyadakı son bəxti idi. Əlbəttə, layiq olduğu halda bura düşməyən ünlü təbrizlilər də oldu. Lakin layiq olmadığı halda bura gömülənə təqribən rast gəlinmədi. Əvvəldən burada elə böyüklər, elə müqəddəslər, elə parlaqlar torpağa tapşırılmışdı ki, artıq el iradəsi heç vaxt macal verməzdi ki, o nizam pozulsun. "Məqbərət üş-şüəra" artıq ziyarətgah kimi idi, burada əbədi rahatlıq tapmış ruhca, çəkicə, miqyasca bir-birinə yaxın olanlar sanki hansısa ilahi cazibəylə yanlarına yalnız özlərinə uyğunları çəkirdilər.

Ondördüncü yüzilin bitər-bitməzində duyğuca, fikircə, məsləkcə ona simsar olanların yanına irəliləyən Əssar hələ çox illər qabaqdan bir gün həyatdakı ən son yolunu özünün getməyəcəyini, bundan sonra yalnız sükut içərisində qalacağı axırıncı evinə çiyinlərdə çatacağını bilirdi və ona görə özünə də, başqalarına da tövsiyə etmişdi ki, bu keçəri həyatda heç nəyə və heç kəsə güvənmədən, tamahdan uzaq duraraq, gələcəkdə səni gözükölgəli, başıqaxınclı edəcək işlər görməyərək, rəzil, bədxah insanlardan aralı gəzərək azad yaşamaq lazımdır.

Əzəl gündən kəc dolanan fələkdə var bu adət,

Nə vermişsə alacaqdır geriyə o, nəhayət.

Heç bir kəsə rəhm etməmiş çərxi dönmüş asiman,

Ağlı olan fani dəhrə bel bağlamaz heç zaman.

Çoxlarının başına o, qızıl səpib qoymuş tac,

Sonra isə taxtdan salıb, etmiş çörəyə möhtac.

Dostum, sən də bu zülmkar ruzigara inanma,

Azad yaşa, bu vəfasız fələyə arxalanma!

Əssar Təbrizinin həyatı bitmişdi, nəfəsinin axırıncı dəfə gəlib-getdiyi andan sonra onun, haqqında başqalarının nə düşünəcəyi, nə danışacağı, harada basdırılacağı, nə qədər xətir-hörmətlə dəfn ediləcəyi qəbilindən olan dünya işlərinə müdaxilə etmək, gedişata nə şəkildəsə təsir göstərmək fürsətləri də bitmişdi. İndi, artıq özünün cansız cəsədə döndüyü məqamda ehtişamla, ehtiramla ən şərəfli bir ünvana - "Məqbərət üş-şüəra"ya aparılırdısa, demək, ömrü bihudə yaşamamışdı.

Bir zamanlar başqalarına öyüd-nəsihət edəndə ən əvvəl özü də həmin şərtlərə riayət etməyə çalışmışdı, şairlikdə də simasını qoruyub saxlamağı bacarmışdı. Vəfatından azı 15 il qabaq yazdığı misralarda gələcəyə hesabatını qabaqcadan vermişdi:

Qane oldun öz varına, olmadın çox tələbkar,

Hərisliyi çəkdin dara, acgözlüyü etdin xar.

Mədh ü tərif yazmadın sən ləyaqətsiz adama,

Həqiqətə çatmaq üçün yol axtardın daima.

Qəsidələr yazıb heç vaxt şahları mədh etmədin,

Hədiyyələr almaq üçün bir qapıya getmədin.

Qəsidələr yazdınsa da, həsr etmədin bir kəsə,

İlhamını salmadın sən dar, qaranlıq məhbəsə.

Səbr eylədin sən kasıb, sadə güzəranına,

Bir tələbçün getmədin kübarların yanına.

İstəmədin heç qapıdan sən özünə himayət,

Taxtın, tacın oldu sənin azad həyat, qənaət.

Uymadın sən boş şöhrətə, qısıldın öz guşənə,

Təkəbbürlü bir adam da qoymadı minnət sənə.

Tamahı bir quduz ittək qovdun könül qapından,

Vəziyyətdən razılığı etdin özünə ünvan.

Uzaqlaşdın bədzat, rəzil adamlardan dünyada,

Yaxınlaşdın vicdanı pak, fikri təmiz ustada.

Əssar Təbrizi öz ömrünü, keçmiş olduğu yolu, hansı mənəvi ölçülərlə, hansı meyarlarla yaşadığını təsvir edirdi. Bu sətirləri yazdığı çağlarda həyat sona yaxınlaşmaqdaydı, yetərincə yaşı vardı və yazdığı kimi, gözütox, qənaətcil bir ömür yaşadığına da peşman deyildi. Həyatının bundan sonrakı axırıncı çərəyini də elə həmin təhər yaşadı ki, dünyadan ayrılanda çağdaşları, həmşəhərliləri onu eyni ruh ailəsinin üzvü kimi Qətranla, Xaqani ilə, Mücirəddin Beyləqani ilə, Zülfüqar Şirvani ilə yanaşı basdırmağa yekdil oldular, bir kimsədə bununla bağlı zərrəcə tərəddüd yaranmadı.

Necə yaşadığını söyləyirdi, bu doğruçu xəbərləri verdikcə həm də özündən sonra gələnlərə nəsihət edirdi ki, belə ömür sürməkdə, yaradıcılıqda kimsənin buyruğundan asılı olmadan belə xətt tutmaqda can rahatlığı, asudəlik, təmənnasızlıq var. Ancaq dərhal bunu da əlavə edirdi ki, belə bir ömür ülgüsünü təsadüfən seçməyib, indi başqalarına təlqin etməyə çalışdığı qızıl qaydanı da belə davranışı özünə şüar etmiş USTADdan əxz edib. Açıqca bəyan edirdi ki, yalnız yaradıcılıqda yox, elə nə təhər yaşamaqda, hansı məsləkə qulluq edib hansı əxlaqa sahib olmaqda da o, Nizamini özünə qiblə sayıb, daim həyatda da, yaradıcılıqda da onun kimi olmağa çalışıb:

Öz vaxtını sərf elədin elmə, şeirə durmadan,

Bunlar ilə qəlb aynasın təmizlədin hər zaman.

Nizamitək sən də daim çəkildin bir xəlvətə,

Təmənnasız rövnəq verdin məna dolu hikmətə.

Onun kimi sən də fikir mədənindən müntəzəm

Yüz xəzinə bəxş elədin xalqa müftə-müsəlləm.

Dünyadan bunca hörmət-izzətlə yola salınan, özü də belə iqballa qarşılaşacağını irəlicədən təxmin etmiş Əssar Təbrizi necə ömür yaşamış, hansı irsi doğurmuşdu ki, belə şərəfə layiq görülmüşdü və bu cür bir gedişin, gedişindən sonra qalışın da taleyində olmasından arxayınlıq onda haradan yaranmışdı?

Ona ilk ən yüksək qiyməti verən (hər halda bugünə əldə olanımıza əsaslanırıq, mümkün deyil ki, daha əvvəl də onun qələminə və şəxsiyyətinə verilən yüksək dəyərləndirmələr olmasın) farsdilli klassik şeirin "altun dövrü"nün son zirvəsi Əbdürrəhman Cami olub. "Baharistan"ında Caminin Əssar haqqında söylədikləri həm də təbrizlilərə çağırış, vəsiyyət kimidir ki, bu şəxsiyyətin, bu irsin yerini həmişə uca tutun: "Bu kişi təbrizlilərin üzünü ağ edib". Caminin heyranlığına səbəbsə Əssarın "Mehr və Müştəri" məsnəvisi idi, bu əsərdə olan yüksək bədiiliyi və lətifliyi məxsusi vurğulayırdı. Yazırdı ki, kiminsə bu bəhrdə belə gözəl məsnəvi yaratması mümkün deyildir.

Bu, hansısa təzkirəçinin, lap onların arasındakı ən məşhurunun verdiyi qiymət deyil, bu, özü də ustadlar ustadı olan Əbdürrəhman Caminin qənaətidir ki, bu babətdə Əssardan daha yaxşını yaratmaq mümkünsüzdür.

Cami belə ifrat kimi görünən səxavətli qiyməti hər böyük söz sehrkarına yox, yalnız mənəvi müəllimi saydığı Nizami Gəncəviyə, öz yetirməsi Əlişir Nəvai kimi əlçatmazlara verib.

"Mehr və Müştəri" Əssarın şah əsəri olsa da, yaratdığı tək inci deyildi. O, zəmanəsinin hərtərəfli bilik sahibi olan düşüncə, duyğu adamlarından idi ki, şeirşünaslıq sahəsində də yetərincə məşhurmuş. Onun əruz, qafiyə, bədi elmləri ilə bağlı əsərlərinin olması, lüğət tərzində "Vafi fi tedad ul-qəvafi" kitabının varlığını da qaynaqlar təsdiqləməkdədir. "Daneşməndan-e Azərbaycan"ın yazmasınca, bu sonuncu risalə şeirdə qafiyənin özünəməxsus xüsusiyyətləri və incəliklərindən bəhs edir.

Məşhur "Qamus ül-əlam" təzkirəsində Əssar Təbrizidən söz açan Şəmsəddin Sami bəy onu "İranın məşahir şüərasından olub təbrizlidir" deyə təqdim edərək Sultan Üveys Elxaninin məddahlarından sayırsa və bir para başqa təzkirələr də bunu təkrarlayırsa, Əssar özü mədhiyyəçilikdən uzaq durduğunu "Mehr və Müştəri"sində açıqca bildirir.

Əssar riyaziyyat, fələkiyyat (nücum), rəml və üstürlab elmlərində də, yenə təzkirələrin təsdiqləməsinə görə, sadəcə səriştəli olmayıb, bu sahələrin hər birində "zəmanəsinin məşhur alimlərindən" biri imiş. Orta əsrlər astronomiyası sahəsində imzasını qoya bilməsi həm də onun yaxşı məktəb keçməsi, Mövlana Əbdüssəməd Münəccim Təbrizinin şagirdlərindən olması ilə bağlı idi. Əssarın öz nücum ustadına həsr etdiyi silsilə qəsidələri də olub.

Həyatının bir parçasında Əssar təsəvvüfə də meyil edib, Şeyx İsmayıl Sisinin müridlərindən olub. Seyid Məhəmməd Nurbəxş "Silsilət ül-ovliya" əsərində Əssar haqqında müfəssəl və faydalı biliklər verərək göstərir ki, "elm kanı olan Hacı Məhəmməd Əssar Təbrizi (Allah onun qəbrini müqəddəs və pak etsin) həm dəqiq, həm humanitar elmlərdə bilik sahibi idi, bağlandığı təsəvvüf təriqəti ilə bağlı şeirlər yazmışdır".

Söz yox, Əssarın bu qəbil şeirləri onun poeziyasının fəlsəfi səmtini izləmək baxımından çox maraqlıdır, neyləmək ki, görkəmli alim və şairin irsinin bu hissəsi də indiyədək toplanmamışdır.

Ayrı-ayrı mənbələrin təsdiqləməsincə, Əssarın mükəmməl "Divan"ı da olub. Məhəmmədəli Tərbiyət onun qəzəllər, qəsidələr, qitələr, rübailər və digər şeir şəkillərindəki mənzumələrdən ibarət "Divan"ından bəhs edərək həmin topludan bir qitəni örnək gətirir.

"Daneşməndan-e Azərbaycan"ın bu məlumatı hər halda Tərbiyətin o "Divan"ı gördüyünə dəlalət edir. Əssar "Divan"ının mükəmməlliyi, bədii cəhətdən yüksəkliyinə Tərbiyətin ayrı bir sorağı da işarə vurur. "Daneşməndan-e Azərbaycan"ın məlumatına görə, Süruri Osmani öz müntəxəbatında Əssarın bir çox qəzəllərini vermişdir.

Bu məlumatların diqqətəlayiq cəhəti ondan ibarətdir ki, bizi izə salır, anladır ki, Əssar "Divan"ının bir yox, bir neçə nüsxəsi varmış və gərəyincə axtarılarsa, İranda və Türkiyədə həmin əlyazmaların üzə çıxması ehtimalı da böyükdür. Lakin nəzərə alaraq ki, indiyədək Əssar Təbrizinin "Mehr və Müştəri"sinin ixtisarlı tərcüməsindən savayı onun bu məsnəvidən kənardakı heç bir əsəri öz ana dilində səslənməmişdir, Məhəmmədəli Tərbiyətin iqtibas etdiyi şeiri farscadan çevirərək bura əlavə etməyi münasib sayırıq. "Divan"ı aşkarlanıb ortaya çıxana qədərsə ən azı Süruri toplusundakı qəzəlləri yığaraq Azərbaycan dilinə çevirmək məqsədəuyğun olardı. İş ondadır ki, Əssar ədəbiyyatımızın az öyrənilmiş bir əsrinin - XIV yüzilin şairidir və onun yaradıcılığının hamınınkılaşan hər nümunəsi yalnız onun öz yaradıcılığının deyil, həmin əsrdəki ədəbi mühitimizin də mənzərəsinin daha dolğun görünməsinə yardımçı olar.

Əssarın bu qitəsində də, "Mehr və Müştəri"sində olduğu kimi, onun həm cəmiyyət həyatı, həm də şəxsi münasibətləri ilə bağlı gerçəkçi cizgilər yer almaqdadır. Güman ki, "Divan"ı ilə bütöv şəkildə tanışlıq yalnız Əssarın sənətkarlıq xüsusiyyətlərini bir az da yaxından müşahidə etmək baxımından yox, həm də zəmanəni dürüst təsəvvür etməkçün bir münasib güzgüyə dönə bilər. Bu qitəsində də Əssar şikayətlənir. Ayrı-ayrı adamların nakəsliyindən şikayətlənir. Niyə? Bəlkə bu səbəbləri aça biləcək başqa şeirlər elə tezliklə vərəqləməyi arzuladığımız "Divan"ındadır?

Məcu Əssar, mehr əz təb`-e mərdom,

Ke gol hərgez ze şurestan nəxizəd.

Vəfa əz surət-e biməni-ye xəlq

Çu əz surət məlayek miqorizəd.

Beğər bal-e fələk bər fərq-e inha

Qəza coz məkr o ğəddari nəbizəd.

Bemehr anra ke niki biş xahi

Bekinət hər zəman bədtər setizəd.

Çu əşk anra ke sazi cay dər çeşm

Əgər dəstəş dəhəd xunət berizəd.

Sən insanda mehr axtarma, Əssar,

Görən varmı çiçək açsın şoranda.

Mələk hürküb itər surət görüncə,

Çürüklərdən o cür qaçmış vəfa da.

Belə insanlara göydən yağıbdır

Amansızlıq, məkr sanki davamla.

Məhəbbət göstərib hey yaxşılıq et,

Deşər kinlə səni imkan olunca.

Ona yaştək gözündə yer də versən,

Macal düşsə sənə qan uddurar ha!

Əssar Təbrizi irsinə və şəxsiyyətinə Qərb şərqşünaslığında maraq, onun "Mehr və Müştəri"sindən parçaların almancaya çevrilərək nəşr edilməsi artıq XIX yüzilin ortalarına təsadüf edirsə, bizdə bu qüdrətli söz ustamızın öyrənilişinin təzkirə səviyyəsindən elm müstəvisinə keçməsi az qala 100 il sonraya - 1940-cı illərə təsadüf edir. Həmid Araslının ilk dəfə Əssarı müasir Azərbaycana təqdim etməsindən sonra 1950-ci illərdə "Mehr və Müştəri" digər yorulmaz araşdırıcı və mütərcimimiz Məmmədağa Sultanovun diqqət dairəsinə keçir, bunun da bəhrəsi məsnəvinin ana dilimizə uğurlu tərcüməsi olur. Əslən Güneyli alim Qasım Cahaninin 1960-cı illərdə "Mehr və Müştəri" mövzusunda müdafiə etdiyi dissertasiya və nəşr olunan monoqrafiyası ilə zahirən Əssarla bağlı daha geniş və dərin araşdırmalar mərhələsinin başlanmalı olduğu halda müfəssəl öyrənilişi vacib olan bu şairimiz sanki asta-asta arxa cərgəyə keçir, unuduluşunun yeni mərhələsinə daxil olur. Əslində isə başqa cür olmalı idi axı! Zahirən Əssar Təbrizinin həyat yolunu da, ədəbi və elmi mirasını da bütün yönləriylə tədqiq etməkdən ötrü artıq münbit özül yaranmışdı. Heyiflər ki, bu yol davam etdirilmədi və ədəbiyyatmızdakı, ədəbiyyatşünaslığımızdakı Əssar boşluğu bu gün də qalmaqda, yola çıxacaq sanballı araşdırıcıları gözləməkdədir. İlk növbədə Əssar mətnlərinin toplanaraq nəşrindən başlanası bu istiqamətin sevindirici nəticələrə gətirəcəyi şəksizdir. Çünki Əssarın əsərlərinin çoxsaylı əlyazmalarının Avropa ölkələrinə gedib çatmış nüsxələrinin axtarışına çıxmazdan əvvəl ilk növbədə İranda və Tacikistanda, eləcə də Türkiyə, Özbəkistan və Türkmənistanda da aparılacaq tədqiqatlar kifayət qədər ümidverəndir. Hələ sərhədlərin qapalı olduğu vaxtlarda, istər Qərb, istərsə də Şərq ölkələrindəki əlyazma xəzinələrinə Sovet İttifaqında yaşayan alimlərin əllərinin çatmadığı, yaxud hansısa izlərə düşsələr belə o nüsxələrin surətlərinin əldə edilməsinin uzun və çətin sürən bir iş olduğu 1960-cı illərdə Əssar tədqiqatçısı Qasım Cahani elə bizim öz Əlyazmalar xəzinəmizdəcə bir cüngdə şairin 240 misralıq "Saqinamə" adlı məsnəvisini tapmışdı. Həcmcə kiçik olsa da, bu məsnəvidə Əssarın həm şəxsiyyəti və yaradıcılıq üslubu, həm də həyata baxışları, ictimai-siyasi dünyagörüşü ilə bağlı diqqətəlayiq nöqtələr yer almaqdadır.

Elm aludəsi olan Əssar "Saqinamə"sində biliyi həyatın başlıca mənalarından hesab edərək oxucusunu öyrənməyə, elmə dəyər verməyə çağırır:

Bedeh mey ke, hekmət biyamuzəmət,

Ze daneş ço əxtər bər əfruzəmət.

Xerəd həmçu nurəst sər-e şəm`ra,

Besuzanəd və xoş konəd cəm`ra.

Hikmət öyrədərəm, gətir badəni,

Biliklə ulduztək parladım səni.

Şamın şöləsinə bənzəyər zəka,

Yanar, fərəh verər o, insanlara.

"Saqinamə"sindəki başqa bir beytində Əssar yenə ağlın, biliyin insan ömründəki ağır çəkisinə diqqət yönəldərək fəlsəfədə İbn əl-Ərəbi yolunun yolçusu olduğunu söyləyir. Peyğəmbərin adaşı olan şair bəyan edir ki, Rəsulumuz Allah dərgahına meraca getmişdisə, mənim meracım da İbn əl-Ərəbinin əsərini oxumaqdır:

Məhəmməd mənəm vəz xerəd tac-e mən,

"Futuhat-e Məkki"st merac-e mən.

Məhəmmədəm, düşüncəm tacdır mənə,

"Fütuhat-e Məkki" meracdır mənə.

Əssar Təbrizi ruhu etibarilə etirazçı bir şair olub. Zəmanəsi ilə barışmaması, haqsızlıqlara, bərabərsizliklərə dözməyərək səsini qaldırması "Mehr və Müştəri"də də gözə dəyirsə, "Saqinamə"də bariz şəkildə ortadadır. Təbii ki, belə dikbaşlığı ilə, düşündüyünü sərt şəkildə şeirinə gətirmək vərdişləriylə onun sarayda qərar tutması çətin olar, sadəcə də müşkül olmaz, başına bəlalar gətirərdi. Necə ki, Xaqani, Fələki kimi dərbarda isti yer qazandıqdan sonra dilini və qələmini dinc qoymayanların yeri tezliklə soyuq zindan olmuşdu.

Mən ke gerd-e giti begəştəm bəsi,

Cegərxuntər əz xod nədidəm kəsi.

Həme nam-e niku be nəng amədəm,

Məkon fekr dər kar-e in ruzeqar,

Ke in bəhr-e bi bon nədarəd kenar.

Məqu kəz çe şod in çenan o ançenan

Yeki şod zəmib digəri aseman.

Görmədim dünyanı lap çox gəzdimsə,

Mənimtək ciyəri qan olan kimsə.

Oldu pak adıma qaralar yaxan,

Boğaza yığıldım mən bu həyatdan.

Çox da bənd olma sən heç ruzigara,

Sahilsizdir heyhat bu sonsuz dərya.

Söyləmə o elə, bu belə niyə,

Biri xar, digəri dikəlmiş göyə?

XIII-XIV əsrlər tarixən çoxdilli olmuş və indi də belə qalan milli ədəbiyyatımızın tarixində mühüm dönüş məqamlarındandır ki, farscanın genişmiqyaslı təsir dairəsindən çıxaraq anadilli şeirimiz getdikcə daha artıq aparıcı mövqe tutmağa başlayır. Farsca yazmaq ənənəsi yenə davam etdirilsə də, Azərbaycan şairinin anadilli "Divan"ı həm həcmi, həm keyfiyyəti etibarilə onun digər dillərdə yazıb-yaratdıqlarını üstələyir. Elə bircə İmadəddin Nəsimi örnəyi yetər ki, farsca "Divan"ı, ərəbcə bolluca şeirləri varsa da, türkcə bədii irsi onlardan müqayisəedilməz qədər yüksəkdə durur. Sözümü ona gətirirəm ki, Mövlana Əssar Təbrizinin doğurduğu poetik irsin, nəhayət ki, toplanaraq bir bütöv halında ədəbiyyat arsenalımıza qatılmasına başlanarkən onun ana dilində də yazıb-yaratması ehtimalının yüksəkliyini nəzərə alaraq bu səmtdə də axtarışlar aparmaq lazımdır.

Sanballılığı ilə seçilən təzkirələrdən birinin müəllifi, Səfəvilər dönəminin tanınmış coğrafiyaşünası və ədibi Əmin Əhməd Razi 1560 müəllifdən bəhs etdiyi "Həft iqlim" təzkirəsində Əssar Təbriziyə də yer ayırır, onu "xoşsöhbət və şirindilli şair", "hər kəsin rəğbətini qazanmış" ünsiyyətcil, qılıqlı insan kimi səciyyələndirir. Bir sıra başqa təzkirəçilər kimi, o da Əssarın yaratdıqları arasında "Mehr və Müştəri"ni xüsusi seçdirir, bu məsnəvini "şimal nəsimi qədər könülaçan, saf sular kimi axıcı" adlandırır.

Artıq altı əsrdən çoxdur ki, bu şirindilli şair yeni-yeni həmsöhbətlər taparaq onların məhəbbətini qazanmaqda, misralarından əsən könül ovudan mehlə ruhları oxşamaqdadır.

"Mehr və Müştəri"nin bəlli yazılma tarixi var və bu xəbəri gününə, hətta təxminən saatınadək dəqiqliklə elə Əssar özü çatdırır:

Şəvval ayı "vav" ilə "dal" günü, Günəş batanda,

Hicrətdən "ha", "mim" ilə "zal" ili keçən zamanda.

Taleyimin gülən vaxtı Ay tutub Sövr bürcünü,

Zöhrə isə Hut bürcündən göstərir öz hüsnünü.

Günəş isə Keyvan ilə Şir bürcündə həmqatar,

Ağ rəng ilə qara rəngi birləşdirmiş ruzigar.

Dal bürcündə qərar tutmuş Ütarid ilə Bəhram,

Müştərisə Əqrəb bürcü içində tutmuş ehram.

Belə xoşbəxt dəqiqədə bitdi bu gözəl əsər,

Tamamladım bu dastanı əvvəldən sona qədər.

Bu cür ancaq astronom yaza bilərdi. Əsərinin başa çatma vədəsini yalnız nücum elminə tam vaqif olan bir qələm sahibi bu cür ulduzlu göyün xəritəsini cızaraq əks etdirməyi bacarardı. Orta çağın digər bir çox şairlərinin də şeirlərində mütəmadi olaraq göy cisimlərinin, yaxud şahmat fiqurlarının adlarından, müəyyən hərəkət və görünüş özünəməxsusluqlarından sözün təsir gücünü artırmaqçün təşbih, istiarə kimi istifadə edilir. Ancaq Məhsəti kimi bir şətrənc ustası şahmat fiqurlarını rübaisinə gətirəndə başqa şairlər kimi yalnız şahın, vəzirin, topun, atın, piyadanın hər kəsə bəlli və üzdə olan əlamətlərini misralarına qatışdırmaqla dayanıb durmur, bir qədər də dərinə gedir, dördcə sətir içərisində mənsubə -- ayrıca bir şahmat məsələsi quraraq daha dərin fəlsəfi mətləbləri ifadə edir. Yəni həm şairliyini edir, həm də şeirin içərisində XI-XII yüzillərdə oynanmış şahmat partiyaları barədə xəbərləri gələcəyə yollayır. Eləcə də Fələki Şirvani, Nəsirəddin Tusi, Əssar Təbrizi kimi peşəkar göyşünas olan alim şairlərin yaradıcılığında ulduzların işığı səyyarələrə sadəcə gendən baxmaqla kifayətlənən başqa şairlərin romantik yanaşmalarından fərqli şəkildə gəlməkdədir.

Əssar heyət elmində mükəmməl biliklər sahibi olan alim və incə zövqlü, cazibədar sözlü şair kimi iki qütbü qələmində birləşdirir. Ulduzlar, bürclər ayrı şairlərə demədiklərini onunla bölüşür, o da ulduz dili ilə bir qisim düşüncələrini oxucuya gözlənilməz baxış bucağından yetirə bilir. Belə təsviretmənin bütün başqa gözəlliklərindən əlavə bu məziyyəti də vardı ki, şeirdə sanki bütün deyilməli və yazılmalıların deyilib, yazılıb bitməsindən sonra büsbütün seçkin bir deyiş tərzi hətta köhnə fikirlərin də təzə kimi qavranılmasına səbəb olurdu.

Elə bu balaca parçada Əssarın naşı gözün tuta bilməyəcəyi xeyli gizlətmələri var. Əbcəd hesabında hər bir hərfin öz sabit rəqəm ifadəsi var. Vav altıya, dal dördə, ha beşə, mim qırxa, zal yeddi yüzə bərabərdir ki, bunları üst-üstə gələndə 745 edir. Hicri tarixin 745-ci ili isə miladi tarixə çevriləndə 1345-ə tən gəlir.

Yerdəki saatlar bir-birindən fərqlənəndir, ancaq səmanın saatı vaxtı ən dəqiq nişan verəndir. Əssar "Mehr və Müştəri"ni həm sayı bilinməyəcək qədər adi oxucu, həm də məhdud sayda nücumçular üçün yazmışdı ki, ikincilər sətirlərin ardında birincilərin oxuya, tuta bilmədiklərini də görürdülər. Əssar "Sövr" deyir, bu, Öküz bürcüdür, Hut - Balıq, Əsəd - Şir, Dəlv - Dolça, Sərətan - Əqrəb bürcünün müsəlman Şərqindəki klassik adıdır. Zöhrə - Venera planetidir, eyni şəkildə də Keyvan - Saturn, Ütarid - Merkuri, Bəhram - Mars, Müştəri - Yupiterdir. Səyyarə və bürclərin belə düzümü bir tərəfdən uğurlu vaxtın əlamətidirsə, digər tərəfdən nücumçuya da sadəcə əsərin 778-ci il şəvval ayının 10-da gündüz saat 5-də tamamlandığını xəbər vermir, həm də son nöqtəsinin hansı dəqiqədə qoyulmasını da pıçıldayır.

Hər bir sənətkarçün başqalarının verdiyi qiymət nə qədər mühümdürsə də, istənilən halda doğurduğu əsərin dəyərini onun özündən yaxşı heç kim verə bilməz. Çünki o, artıq bitirdiyi işin yaxşısını da, yamanını da istənilən kənar gözdən yaxşı görür, bundan da agah olur ki, bu işə başlayanda qəsdi nə idi, istəyinə nə həddəcən nail olub. "Mehr və Müştəri"ni yaratmağı qərar verəndə isə Əssar zirvə fəth etmək əzmində idi. Əssaradək artıq Nizami "Xəmsə"sinə farsca və türkcə xeyli cavablar yazılmışdı və o, indiyədək yazılanlardan fərqli bir əsər doğurmaq niyyətində idi. Nəzirəçiliyin sabit şərtləri vardı. Sən cavab yazdığın əsərin məzmununu da, surətlərini də, hadisələrin cərəyanetmə xəttini də və digər bir çox özəlliklərini hifz edərək bəlli məzmunu fərqli gözəllikdə, misralara ayrı süs verərək çatdırmalısan. Yəni bir çalğıçının, ya xanəndənin eyni muğamı özündən əvvəlkilərdən fərqli ifa etməsi kimi. Lakin Əssarın lap başlanğıcdan oturuşmuş "Xəmsə" ənənəsindən ciddi şəkildə aralanma məqsədi var. O, "Xosrov və Şirin"dən vəzni, bəhri, ümumi havanı götürmək, bəli, məhəbbət məzmunlu əsər yazmaq, ancaq hətta sevgini də Nizami məsnəvisindən tam seçilən biçimdə təqdim etmək niyyətində idi.

Orta əsrlərdə şair olub şairlər cərgəsində uca mərtəbəyə yetişməkdən ötrü Nizamiyə layiqli cavab yaza bilmək ən çətin sınaq, ən mötəbər imtahan sayılırdı.

Nizamiyə nəzirə yazmağa hazırlaşan Əssar hansı ağır yükün altına girməsinin, əlbəttə ki, fərqində idi:

Bilirəm ki, İsa dəmli böyük şair Nizami

Bu üslubda xətm elədi hər sözü, hər kəlami.

Məsnəvidə o, misilsiz incəliklər yaratdı.

...Misilsizdir xəyalının yaratdığı hər əsər,

Allahın öz vergisiydi Nizamidə bu hünər.

Bu sənətdə bir söz varsa, Nizamiyə məxsusdur,

Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur.

O şairin hər kəlamı bir hikmətdir, mətindir,

Ona qarşı dura bilib bir söz demək çətindir.

Yaxşı, bütün bunları bilə-bilə bəs niyə Əssar yenə də Nizamiyə cavab yazmaq sevdasından vaz keçmədi?

Özü izah edir:

Cəsarətim çatmır duram Nizamiylə müqabil,

Buna görə ürək edir başqa yola təmayil.

Bəs həmin başqa yol nədən ibarətdi? Axı "Xəmsə"çilik ənənəsinin bünövrəsini qoyan Əmir Xosrov Dəhləvi idi ki, onun da məsnəvilərinin Nizamininkilərdən təfavütü yalnız quruluşdakı xırda-para təfərrüatlarda idi. Yəni ki, tutalım, "Leyli və Məcnun" əvəzinə "Məcnun və Leyli" yazmışdı, bu iki aşiqin macəraları sırasına Nizamidə olmayan bəzi əhvalatları əlavə etmişdi. Amma əsas məzmun və hadisələrin inkişaf xətti Gəncəli Müdrikdə necə idisə, aşağı-yuxarı onda da həmən cürdü. Lakin "başqa yol" tutacağını məsnəvisinin əvvəlində elan edən Əssar elə bir fikrə düşmüşdü ki, qəlibləri büsbütün sındırırdı.

"Xosrov və Şirin"ə cavab yazırdı, həmin ritmi, həmin üslubu götürərək yazırdı, məhəbbət dastanı yaradırdı, ancaq onun qəhrəmanları eşq atəşi ilə alovlanan bir gözəl qızla bir gənc oğlan deyildi.

Leyli və Məcnundan, Xosrov və Şirindən fərqli də adıbəlli eşq qəhrəmanları vardı. Vis və Ramin də, Vamiq və Əzra da, Yusif və Züleyxa da məşhur aşiqlər və məşuqlardılar. Başqa yol tutduğunu deyərkən Əssar heç də sadəcə baş qəhrəmanları digər surətlərlə əvəzləməyi düşünmürdü. Onun edəcəyi hələ ki bir başqasının ağlına gəlməmişdi.

Söylədilər aşiq-məşuq dastanını ürəkdən,

Bu yolda can verənlərdən, təmiz və saf diləkdən.

Hər aşiqin əhvalını şərh eləmək çətindir,

Hər birinin fəlsəfəsi, hikməti çox dərindir.

Əcəl mənə aman versə əgər bir az ölümdən,

Sizə dastan söyləyərəm hikmətlərlə dolu mən.

Bil ki, məndən sonra uzun qərinələr yaşayar,

Bu dünyada ilhamımdan qalar ölməz yadigar.

Əssar, bəsdir, vaxt itirmə, bu sözlərdən sən əl çək,

Sərraflara xoş görünməz boş sözləri söyləmək.

Yaxşıdır ki, eşqə dair yarat elə bir əsər,

Elə nadir bir əsər ki, dillərdə olsun əzbər.

Başlayıb tezliklə də bitirəcəyi, özü demiş, "nadir əsərini" yazarkən Əssar qəfil gələ biləcək ölümdən qorxsa da, hələ cavan idi və bu gümanında haqlı idi ki, yazacağı əsər uzun qərinələrcə yaşayacaq, dillərdə əzbər olacaq, onu da yaşadacaq.

O, məsnəvisini ənənəvi mövzuda - saf məhəbbətdən yazmağı qət etmişdi. Ancaq kim deyir ki, təmiz, ülvi məhəbbət və həmin sevginin əldən-ələ keçərək oxunan dastanı yalnız bir igidlə bir gözəl arasında ola bilər?

Bəs bir insanın öz yurduna, elinə, obasına bəslədiyi sevgi?

Bəs bir insanın öz aləmində müqəddəs kitablardakı nurlular ülviyyətinə ucaldaraq sevdiyi atası, anası, onlara sonsuz eşqi?

Bəs bir-birinə qardaşca bağlı iki dostun sədaqətli, vəfalı, fədakar məhəbbəti?

Əssar bu sonuncunu seçdi. Bir qəhrəmanı Mehr oldu, bir qəhrəmanı Müştəri. İki tay-tuş, iki sirdaş, iki dərrakəli, iki məğrur cavan. Məsnəvini açıb vərəq-vərəq oxuyanacan çaşanlar da, o iki aşiqdən birini qız sayanlar da tapıldı. Ancaq misra-misra adladıqca təmənnasız dostluğun sehrinə düşdülər və Mehrlə Müştəri də aşiqlər kəhkəşanında daha heç vaxt sönməyəcək ulduzlara dönüb əbədi ömrünü başladı.

18 yanvar 2025

seeBaxış sayı:109
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri