525 ci qəzet UNUDULMAMAQ HAQQINI QAZANMAĞIN ƏVƏZİ Rafael Hüseynov yazır
525.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir 525 ci qəzet UNUDULMAMAQ HAQQINI QAZANMAĞIN ƏVƏZİ Rafael Hüseynov yazır.
Rafael HÜSEYNOV
Akademik
O illər Bakıda caz fəsli idi. Caz Azərbaycanın musiqi həyatına yaz kimi gəlmişdi. Bakıda 1930-40-cı illərdə başlayan caz fəslinin əslində Avropaya, məsafəcə Azərbaycana daha yaxın və sərhədcə daha açıq Rusiyaya gəlişi də az əvvəl baş vermişdi - 1920-ci illərdən. Ancaq yeni başlanan o dalğa Azərbaycana belə erkən gəlib çatmışdısa, demək, Bakı da ona mailmiş, bizlərdə də onu bəsləyib yaşadacaq daha münasib mühit varmış. Səbəbsiz deyil ki, 1940-50-ci illərdə Sovet İttifaqının neçə məşhur cazmeni elə Bakının cazlı havasında yetişərək daha geniş caz üfüqlərinə burdan qanadlandı.
Paris həmin Parisdir, köhnə "Trokadero" kabaresi də yenə həminki yerində durub. 2000-ci illərin əvvəllərində mən ora tez-tez gedərdim. İkincisi ona görə ki, yolumun üstündə idi, işə - iclaslara getdiyim bina ilə adətən qaldığım hotelin aralığında idi. İkincini birincidən əvvələ ona görə saldım ki, bu, bəlkə də daha məntiqi görünə bilər. Ancaq elə həmin yolun sağında-solunda nahar ediləsi, şama gəlinəsi başqa onlarla bistro, kafe, restoran da vardı axı. Məhz ora getməyi xoşlamağımın səbəbi caz idi. O dövrdə caz haqqında müxtəlif dillərdə çox kitablar oxuyurdum və yazılardan birində bu sorağa da rast gəlmişdim ki, indi Parisin ən get-gəlli kafelərindən birinə çevrilmiş "Trokadero"nun dolayısı ilə Bakıya da dəxli var.
1920-ci illərin lap əvvəlləri. "Trokadero" hər axşam ağzınadək dolu olurmuş. Ancaq bura toplaşanları yemək-içməkdən daha çox gözəl musiqi cəlb edirmiş. Belə axşamlardan birində "Trokadero"nun balaca səhnəsində Luis Mitçelin "Caz kings" ansamblı çıxış edirmiş.
Ansambl təmiz caz çalırdı, bu musiqi elə o vaxt da indi olduğu kimi dünyanın başlıca mədəniyyət paytaxtlarından sayılan Parisdə yeni eşidilirdi. Caz qədəm-qədəm Avropanın ruh həyatına nüfuz edir, hər dinləyişlə vurğunlarının sayı artırdı. Cazı XIX yüzilin sonları - XX əsrin əvvəllərində Amerika hindiləri və Afrika zənciləri yaratmışdılar. Ancaq bunca sütül olmasına baxmayaraq, caz həyata gəlincə sürətlə irəliləməyə başlamışdı. Amerikanın müxtəlif şəhərlərində bir-birinin ardınca caz orkestrləri yaranmışdı, bu musiqi tezliklə Avropaya da ayaq açmışdı.
Həmin "Trokadero" kabaresində o axşam "Caz kings"i dinləyənlərdən biri rus idi - bu cavan Parisdəki Şairlər Palatasına rəhbərlik edən, əslən Taqanroqdan olan Valentin Parnax idi.
Elə gəlincə cazın insanları valeh etməsi, ən azı özünün daimi dinləyicisinə çevirməsi səbəbsiz deyildi. Caz azad ruhun musiqisi idi. Hər bir insanınsa dünyanın hər yerində, vaxtın istənilən qatında içərisinin sərbəst ifadəsinə həmişə ehtiyacı var. Caz sadəcə musiqi deyil ki, o, bir düşüncə tərzidir. Cazdan sonralar dünyanın bir para ölkələrində hakimiyyətlərin qorxub-çəkinməsi, onun qarşısında çəpərlər yaratmağa başlaması, yasaqlar qoyması da bu sənətin elə həmin keyfiyyəti ilə bağlı idi. Cazı ilk qadağan eləyən Adolf Hitler olmuşdu. Onun ardınca caza "yox" deyən digər diktator İosif Stalin idi. Almaniyada da, Sovet İttifaqında da caza cəza verənlər ona neçə cür aşağılayıcı ad qoymuşdular. Ancaq nə bəhanə gətirirlər-gətirsinlər, hansı yarlığı yapışdırırlar-yapışdırsınlar, təməl səbəb, onların narahatlığının kökü eyni idi - cazın daxilində nəbz kimi çırpınan azadlıq eşqi, çəpərlərə sığmamaq ehtirası. Bu isə elə duyğudur ki, tarix boyu müstəbidləri daim hürküdə saxlayıb.
Valentin Parnaxı "Trokadero" kabaresində eşitdikləri necə silkələmişdisə, çox keçmədən əlində olan nəyi vardısa hamısını bir caz ansamblı düzəltmək üçün gərək olan musiqi alətlərini almağa məsrəf etmiş, aldıqlarını da götürüb Rusiyaya qayıtmışdı. Bu, sadəcə bir mühacirin vətənə dönüşü deyildi, Parnaxla birgə cazın sonralar çox seviləcəyi, bir-birindən parlaq ifaçılar qazanacağı yeni coğrafiyaya gəlişi idi. 1922-ci il oktyabrın 1-də, bazar günü Moskvadakı Dövlət Teatr İnstitutunun böyük zalında Valentin Parnaxın təşkil etdiyi ilk ekssentrik orkestrin - caz-bandın premyerası baş tutur. Bu, cazın Sovetlər Birliyi ərazisindəki doğum günü idi.
1922-ci illə 1930-cu illərin arasında nə məsafə var ki! Böyük zaman baxımından bircə göz qırpımı. 1930-cu illərdə artıq Bakının xeyli caz aludələri vardı və 1940-cı illər ərəfəsində isə az ötməmiş hər kəsə varlığının elanı veriləcək, SSRİ-də ilklərdən biri olacaq Dövlət Caz Orkestrinin tərkibi tam şəkildə yığılmışdı.
1920-ci illərin başlanğıcında Valentin Parnaxın Moskvada etdiyini artıq 1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərində Bakıda caz aşiqi cavan Azərbaycan musiqiçiləri edirdilər. 1941-ci ilin sentyabrında dünya müharibəsinin şiddətli vaxtı idi. Sovet İttifaqı da artıq həmin ilin iyun ayından dəhşətli davaya qoşulmuşdu. Bir-birinin ardınca yola düşən qatarların səmti cəbhələrə sarı idi. Artıq ilk itkilərin "qara kağız"ları da gəlməkdə idi. O ağır günlərdə insanlara ruh yüksəkliyi bağışlamaq daha çox gərək idi.
Və yeni doğulan Azərbaycan Caz Orkestri də ilk gəlişindən bu nəcibliyə xidmət edirdi.
Bakının Sovet İttifaqında caz dəblərini diktə edən mərkəzlərdən birinə dönməsinin əsas səbəbkarlarından biri gənc pianoçu, dirijor və bəstəkar Tofiq Quliyev idi. Tofiq də Bakıya o havanı Moskvadan gətirmişdi.
Özü mənə söyləyirdi ki, 1930-cu illərin sonlarında Moskvadakı təhsil illərində tələbə güzəranını bir az babatlaşdırmaq üçün hardansa müəyyən gəlir əldə etmək istiqamətində də baş sındırırmışlar. O çağlar sovet paytaxtının ayrı-ayrı restoranlarında yaxşı orkestrlər çalırmış, ancaq ən güclüsü "Natsional" mehmanxanasında imiş. Həmin orkestri elə Ümumittifaq Radiosundakı orkestrin də rəhbəri olan məşhur musiqiçi Aleksandr Sfatsman idarə edirmiş. Tofiqi dinləyincə onun musiqi istedadına, qıvraq barmaqlarına heyran qalırlar, orkestrə cəlb edirlər. Yəqin, bu da ayrı bir tale yazısıdır - o illərdə sovet musiqi mühitində cazın öndə gedən, həm də hər ikisi Ümumittifaq Radiosu Caz Orkestrinin rəhbərliyində olan Aleksandr Sfatsman, Aleksandr Varlamov kimi təmsilçiləri ilə gənc Tofiq Quliyevin yollarının qovuşması elə Azərbaycan cazının da ən yaxın sabahlarda bünövrəsinin qoyulmasına aparan cığırmış. Çox keçmir Tofiq Quliyevin ayağı Ümumittifaq Radiosunun Dövlət Caz Orkestrinə də açılır. Bu addımların hər biri isə sanki elə Azərbaycan cazının yaranışı üçün zamanın tədarükləri imiş. Müharibə ərəfəsində Bakıya qayıdan 20 yaşlı Tofiq özü ilə bu yaşa sığmayacaq qədər təcrübələri gətirmişdi. Gəlir və Azərbaycanda şəhər musiqisini, cazı yaradanlardan olur.
Məhz şəhər musiqisinin, cazın Azərbaycana gəlişi ilə elə bil Bakının da, musiqimizin də işığı, parlaqlığı artır.
O illərin kinoxronikalarındakı reklamların, işıq dirəklərinin, çıraqlarının sayı indikindən, təbii ki, qat-qat az olan Bakını seyr edin. Baxdıqca o illərdəki heyrətamiz işıq bolluğunun hər dəfə şahidi olacaqsınız. Hər halda mən belə görürəm, köhnə nəslin çox adamlarından eşitmişəm, əksəriyyəti belə düşünür və bunlar heç də yalnız xiffət, arxada qalmış o çağlardan ötrü qəribsəmə deyil. O illərin insanlarında sanki ümid də, sabahlara inam da, quruculuq həvəsi də, təşəbbüskarlıq da daha çoxmuş və şəhəri də, şəhərin adamlarını da bu ovqata kökləyən həm də musiqi imiş, həm də cazmış.
O illərin musiqisinin ən nurlu rəmzləri sırasında isə həmişə iki Tofiq seçilib, dünənlər xatırlandıqca da seçiləcək - Tofiq Quliyevlə Tofiq Əhmədov.
Onlar 1940-50-ci illərdə Bakıda caza, estrada musiqisinə can-qan verənlər olublar, Azərbaycan musiqisinin əlvan və zəngin xəritəsində şəhər musiqisi deyə biləcəyimiz bir xətti yaradaraq irəlilədiblər. Yeni zövqü və təzə mədəni təfəkkür tərzini şəkilləndiriblər, çağdaş musiqi qavrayışının yayıcıları olublar, bu sevimli dadı insanlarımıza aşılayıblar.
Bunları bilək, dəyərləndirək, unutmayaq. Bizə belə lətiflikləri bağışlamışların mədəniyyət tariximizdəki yeri müstəsnadır. Onların gəlişi ilə musiqimizin çöhrəsində ayrı bir nur görünməyə başlayıb və onlar özləri də elə həmin işığın rəmzinə çevriliblər. XX yüzilin ortalarında lentə alınmış, artıq yaşı yetmiş ətrafında olan kinokadrlarda qalan çalğıları, oxuları izlədikcə onlardakı köhnəlməzliyə, bugünlüyə mat qalmaya bilmirsən. Yüz və min dəfələrlə dinləyib tamaşa etsək də, doymuruq, bezmirik, hamısı yenə təravətlidir, təptəzədir. Onları dinləyirsən və istər-istəməz yenə gözlərinin qarşısında gəlib durur 1950-ci illərin xoşbəxt Bakısı, gözəl Bakısı, təbii yaraşığına kobud müdaxilələr edilməmiş Bakısı. Sovet İttifaqı da, Azərbaycan da, Bakı da müharibədən təzə çıxıb, insanlar yeni həyat başlayırlar. Qarşıda fərəhlər vəd edən gələcək sayrışır.
Tofiq Quliyevin, Tofiq Əhmədovun musiqisi elə həmin göyçəkləşən, köksü niyyətlər, diləklərlə dolu, gözləri sabaha dikili Bakının musiqisi idi. Bu musiqi ən şeyin yaxşı olacağına tərəddüdsüz ümid və əminliyin musiqisi idi.
Əslində Bakı cazı ilk dəfə 1931-ci ildə eşitmişdi. Boris Renskinin rəhbərlik etdiyi "Tea-caz" orkestri Bakıya qastrola gəlibmiş, o vaxtlar "Edison" adlanan kinoteatrda konsertlərini verirmiş. Düz 10 il sonra artıq Azərbaycanın öz dövlət cazı vardı. Tofiq Quliyev o çağlarda İncəsənət İşləri İdarəsinə rəhbərlik etmiş Məmmədsadıq Əfəndiyevin bilavasitə köməkləri ilə Azərbaycan cazı üçün ilk musiqi alətlərinin alınıb gətirilməsini həmişə xüsusi minnətdarlıqla xatırlayırdı. Bu, 1941-ci ilin martı idi. Artıq 1941-ci ilin avqust ayında "Kommunist" qəzeti xəbər verirdi ki, 25 nəfərdən ibarət Dövlət Caz Orkestri çıxışlar etməyə hazırdır, yaxın günlərdə Azərbaycan tamaşaçısı onların konsertini seyr edə biləcək.
Həqiqətən də, 1941-ci ilin sentyabrında Azərbaycanın ilk Dövlət Caz Orkestri birinci dəfə səhnəyə çıxır. Elə ilk gəlişindən də ürəkləri fəth edir. Həmin orkestrə Tofiq Quliyevlə Niyazi rəhbərlik edirdilər. Orkestrdə yaxın vaxtlaracan məşhur Eddi Roznerin Belarusiya Caz Orkestrində çalışmış, alt-saksofonçu Pərviz Rüstəmbəyov da vardı. 1941-ci ildə ilk dəfə rəsmən səhnəyə çıxmış Azərbaycan Dövlət Caz Orkestrinin sıralarında olmuş gənclərdən biri də Tofiq Əhmədov idi. Sonralar Azərbaycan musiqisindəki ən sanballı adlardan biri kimi şöhrətlənəcək, Sovet İttifaqından kənarda da tanınacaq ifaçı, bəstəkar Tofiq Əhmədov o zaman bu orkestrdə klarnet çalır, alt-saksofonda ifa edirdi.
Həmin cavanlar hamısı təxminən tay-tuş idilər. Aralarında nisbətən yaşlısı Tofiq Quliyev idi ki, 1917-ci ildə doğulmuşdu, Pərviz Rüstəmbəyov 1922-ci ildən idi, Tofiq Əhmədovsa 1924-cü il təvəllüdlü. Hamısını qovuşduran əsas cəhətsə caza bir könüldən min könülə vurğunluq idi.
Tofiq Quliyev də, Pərviz Rüstəmbəyov da, Tofiq Əhmədov da Azərbaycan caz musiqisinə və estradasına yeni dalğanı Moskvadan, Minskdən gətirmişdilər. Sovet İttifaqı sərhədləri qapalı, dünyaya açıq olmayan bir ölkə idi. Təbii ki, Azərbaycan kimi müttəfiq respublikalarda Mərkəzə nisbətən məhdudiyyətlər bir qədər də çox idi. Moskva Avropa, dünya mədəniyyətindən gələn dalğaların nisbətən daha tez çatdığı yer idi. Bu gənclərin də bəxti gətirmişdi ki, lap erkən yaşlarında Sovet İttifaqının böyük şəhərlərində olmuşdular, yeni abı-havanı mənimsəmişdilər, duyduqları, sevdikləri o cərəyanları da öz vətənlərinə çatdırmağa can atmışdılar.
Azərbaycan Televiziyası 1956-cı ildə yarandı. Elə dalğalarını yayınca da televiziya caz musiqisi kimi mədəni həyatımızda büsbütün yeni bir səhifə açdı, Azərbaycan Televiziyası da düşüncə gerçəkliyimizdə vaxtilə caz musiqisinin etdiyini etdi. Mən Azərbaycan Televiziyası və Radiosu ilə əməkdaşlıqlara tələbəlik illərimdən - 1970-ci illərdən başlamışam. Həmin 1970-ci illərin sonlarında Azərbaycan Radiosunda hazırladığım "Axşam görüşləri" verilişində Tofiq Əhmədovla söhbətlərim olub, onunla bağlı ayrıca veriliş də hazırlamışam. O, Televiziya-radio Verilişləri Komitəsinin işçilərindən biri idi, Estrada Simfonik Orkestrinə rəhbərlik edirdi, buna görə də başqa musiqiçilərimizə nisbətən özü də, kollektivi də həm radioda, həm televiziyada daha tez-tez çıxış edirdi. Söhbətlərimizdən birində Tofiq Əhmədov mənə Eddi Roznerdən danışmışdı. Özü trubaçalan olmuş məşhur cazmen Eddi Rozner 1930-40-50-ci illərdə yalnız Sovet İttifaqında deyil, dünyada məşhur olan caz musiqiçilərindən biri idi. Əslən yəhudi olan Eddi Rozner 1910-cu ildə polşalı mühacirlərin ailəsində, Berlində doğulmuşdu, ilk gəncliyindən "Ağ Lui Armstronq" ləqəbi qazanmışdı, Almaniyada faşistlər hakimiyyətə gələndə ailəlikcə Polşaya qaçmışdılar, sonra isə gəlib Belarusiyaya çıxmışdı. Qismət elə gətirmişdi ki, Eddi Roznerin Minskdə yaradıb rəhbərlik etdiyi caz orkestrində azərbaycanlı Pərviz Rüstəmbəyov da işləmişdi. 1940-cı illərin ikinci yarısında SSRİ-də caza qarşı "əcinnə ovu" başlananda "İzvestiya" qəzetində "üçüncü növ Qərb kabare musiqiçisi" adlandırılan Rozner 10 il cəza kəsilərək həbs edilmiş, Sibirə göndərilmişdi. Bu müdhiş dalğa o çağlarda Pərviz Rüstəmbəyovu da haqladı və 27 yaşında həyatını əlindən aldı. Ancaq 1950-ci illərin əvvəllərində digər bir Azərbaycan musiqiçisinin - Tofiq Əhmədovun da yolu artıq Xabarovsk cəhənnəmindən xilas olub gəlmiş Eddi Roznerlə kəsişdi, o daRoznerin əsl caz məktəbi sayılacaq orkestrində ifaçılığa başladı. Digər bir maraqlı cəhət, üst-üstə düşən ayrı bir maraqlı təfərrüat da var. Pərviz Rüstəmbəyov da yolunu bir klarnetçi kimi başlamış (yeniyetməlik illərinin fotosu da qalıb: əynində bəmbəyaz kostyum, klarnet çalır), ancaq çox keçmədən alt-saksofona bağlanmışdı. Tofiq Əhmədov da yolunu məhz klarnetçi kimi başlamışdı və mahir ifaçı kimi də qəbul edilirdi. Ancaq o da bir müddət sonra alt-saksofona keçdi (Hərçənd klarnetdən sonralar da ayrılmadı. Öz orkestrində əsasən alt-saksofonçu kimi çıxış edirdisə də, hərdən konsertlərdə klarneti ilə önə çıxır, solo parçaları ifa edirdi). Eddi Roznerin orkestrində də o, hərdən klarnet çalsa da, daha çox saksofonçular cərgəsində idi, hətta konsertmeyster idi.
Və 1970-ci illərin sonlarında Tofiq Əhmədov mənə Eddi Roznerin sənətinin ali səviyyəsinə məftunluqla xatirələrini danışırdı. Deyirdi ki, Rozner Pərviz haqqında ürək dolusu söz açır, onu çox tərifləyirdi, onun bir zamanlar Belarusiya cazındakı cavanlar arasında ən üstün olmasını təsdiqləyirdi.
Və Eddi Rozner Tofiq Əhmədova bunu da deyirmiş ki, hər səni görəndə Pərviz yadıma düşür, sanki sən Piranın (yaxınları Pərvizi elə qısaca "Pira" çağırırmışlar) ruhunun bizim orkestrə təzədən qayıtmasısan.
1950-ci illərin ortalarında Eddi Rozner bir ulduz idi. Onun ətrafında oçağkı Sovet İttifaqının ən istedadlı estradaçıları, cazçıları toplaşmışdı. Tofiq Əhmədov belə münbit bir caz mühitinin içərisində yetişmişdi.
Və o da özündən əvvəl Tofiq Quliyevin, Pərviz Rüstəmbəyovun böyük caz və estrada mühitindən Azərbaycan musiqisinə ən yaxşı olanları nəqletmə ənənəsini uğurla davam etdirdi.
Azərbaycan cazının özülünü qoymuş, milli çöhrəsini doğurmuş bu sənətkarların üstünlüyü ən əvvəl ondan ibarət idi ki, onlar çağdaş cazın ən mütərəqqi yeniliklərinə bələd idilər və bunları Azərbaycana gətirirdilər. Digər tərəfdən, onlar təpədən-dırnağa milli ruhlu musiqiçilər idilər və ona görə də dünya cazında öz bəlli siması və fəqli çalarları, seçkin ahəngi olan sırf Azərbaycan cazını yarada bildilər. Yəni elə bir istiqamət ki, həm dünya cazının ayrılmaz tərkib hissəsi idi, əsla əyalətçi təsir buraxmırdı, amma həm də öz dadı, səsləniş və çatdırılış üslubu ilə milli idi, Azərbaycanınkı olan cazdı.
Tək-tək istisnalar nəzərə alınmazsa, görkəmli caz ustalarının çoxunun bəxtinə gödək, həm də ağrıları az olmayan ömür düşüb. Tofiq Əhmədov da sən deyən çox yaşamayıb - 57 il. Ancaq ona Azərbaycan cazının ilk onillərinin parlaq simaları sırasından milli cazımıza ən uzun müddət xidmət etmək nəsib olub.
Böyük caz qapılarını Tofiq Əhmədovun üzünə açan tale hadisəsi 1953-cü ildə baş verdi. Eddi Rozner onu orkestrinə dəvət edəndə Tofiqin 29 yaşı vardı. Burda 4 il işləyir və bu illər sadəcə məşhur bir musiqiçinin qüvvətli orkestrində ifaçılıqla məşğul olmaq deyildi. Bu 4 il Tofiq Əhmədov üçün böyük bir akademiyanı keçməyə bərabər idi: bir-birindən istedadlı musiqiçilərlə təmasda olur, saysız qastrol səfərlərinə çıxır, dünya cazının Bakıya gəlib çatması çətin olan və xeyli zaman uman yeni dalğalarının axarında nəfəs alır, güclülər arasında eşidir, öyrənir, yetişir, canına hopdurduqları ilə daha artıq püxtələşir. Bu 4 illik Rozner məktəbindəki təcrübənin əks-sədası Tofiq Əhmədovun ömrünün sonrakı bütün illərindən gəlir.
Bakıya 1957-ci ildə qayıdır. Artıq o, 1953-cü ildə burdan gedən Tofiq deyildi. Yalnız ona görə yox ki, yaşının üstünə bir neçə il gəlmişdi. Geyim-kecimindən, davranışından, zövqlərindən tutmuş ifaçılığınadək o, nəzərəçarpacaq dərəcədə dəyişmişdi, yetkinləşmiş, zənginləşmişdi və yeni həvəslə, yeni ideyalarla doluydu.
Gəlir və tezliklə özünün yeni caz orkestrini yaradır. Doğrudur, o vaxt artıq "caz" xatalı sözə dönmüşdü və bu kəlməni mətbuatda, səhnələrdə işlətmək dəb deyildi, həmin dövrdə, bir qayda olaraq, SSRİ-də yeni təşkil edilən, ya əvvəldən var olan sırf caz, yaxud caz təmayüllü sənət birliklərinə daha təhlükəsiz səslənən "estrada orkestri" adı verirdilər. Tofiq Əhmədovun da - "Mı iz Baku" ("Biz Bakıdanıq") adlı sənət dəstəsi Azərbaycanın musiqi həyatına estrada orkestri kimi daxil olur. Tofiq Əhmədov həmin kollektivə 1957-ci ildən ta 1961-ci ilədək rəhbərlik edir. Bu balaca orkestr onunçün böyük sınaq meydanı, sonrakı daha ciddi nailiyyətlərə hazırlıq mərhələsi imiş.
1961-ci ildə artıq Azərbaycan estradasında yetərincə yüksək nüfuz sahibi olan Tofiq Əhmədovu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəvət edirlər.
1950-60-70-80-ci illərdə Azərbaycan efiri ədəbi-mədəni həyatımızın mərkəzlərindəndi. Televiziya və Radio Verilişləri Komitəsinin içərisində də qaynar musiqi həyatı yaşanırdı. Burda bir neçə orkestr, ansambl fəaliyyət göstərirdi. Azərbaycan incəsənətinin, musiqimiz və ədəbiyyatımızın ən qabaqcıl simalarının bir çoxunun yolu Televiziya və Radio Verilişləri Komitəsindən - o orkestrlərdən də keçirdi. Heyiflər ki, 2000-ci illərdə inadkar ardıcıllıqla bu yaşamalı ənənələrin bir çoxunun axırına çıxdılar. O dövrdə məhz Televiziya və Radio Verilişləri Komitəsinin bətnində sonralar Azərbaycan musiqisində ən üst qatda olacaq neçə böyük musiqiçi yetişmişdi.
1961-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsindəki Caz Simfonik Orkestrinin bədii rəhbərliyinə və baş dirijorluğuna başlayan Tofiq Əhmədov 1981-ci ilədək - ömrünün sonunacan o sənət birliyinə başçılıq etdi. O illərdə Azərbaycanın həm ən tanınmış, həm də yeni parlayan onlarca bəstəkarı bu orkestrin ifası üçün bir çox yeni əsərlərini yazdı. Səid Rüstəmovun, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Ramiz Mustafayevin, Xəyyam Mirzəzadənin, Oqtay Kazıminin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun, Emin Sabitoğlunun, eləcə dədaha cavan Ruhəngiz Qasımovanın, Cavanşir Quliyevin, Eldar Mansurovun və neçə-neçə başqalarının nə qədər bəstəsinin xalqa ilk təqdimini bu orkestr etdi. Həm də sevindirən, dinləyənləri də məmnun edib bəstəkarların da könlünə yağ kimi yayılan o idi ki, həmin əsərlərin hər biri yüksək ustalıqla, bəstəkarları tam yarıdan gözəllikdə ifa edilirdi.
Bəstəkarlar irəlicədən arxayın idilər ki, yazdıqları Tofiq Əhmədovun ixtiyarındadırsa, hər bəstəyə heç bir qısqanclıqsız öz əsəri kimi yanaşıb ürəyini qoyacaq.
Oçağkı Azərbaycan musiqisinin ən üstün, ən sevilən müğənnilərinin səsi davamlı olaraq bu orkestrdən gəlirdi - Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Mirzə Babayev, Elmira Rəhimova, Gülağa Məmmədov, Mobil Əhmədov, Flora Kərimova, Rauf Adıgözəlov, Natəvan Şeyxova, Akif İslamzadə, Züleyxa Mirismayılova, Eldar Axundov, Mübariz Tağıyev və neçə-neçə başqaları.
Tədricən Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestr də mötəbər məktəbə, ənənə yaradan musiqi ocağına dönmüşdü.
Bu orkestrin, həmin dövrdə Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyət göstərən digər musiqi kollektivlərinin başqa bir üstünlüyü isə ondan ibarət idi ki, məhz komitənin tərkibində olduğundan onların həm televiziya, həm radioyla konsertləri mütləq qaydada bəlli ardıcıllıqla verilirdi.
O dövrdə televiziya da bir, radio da tək idi, fonotekanın xəzinəsinə qatılacaq ifaların lentə alındığı yeganə məkan da Radionun Səsyazma Evi idi. Tofiq Əhmədovun orkestri Televiziya-Radio ailəsinin üzvü olduğundan başqa orkestr və ansambllara nisbətən, əlbəttə ki, onların yazılışları da müqayisəedilməz dərəcədə bol idi. Ona görə də həm bəstəkarlar, həm də müğənnilər bu orkestrlə mütəmadi əməkdaşlıqda maraqlı idilər. Tofiq Əhmədovsa musiqi mühitimizə ən bələdlərdən idi, onun təbəssümü əskik olmayan üzü də, sırasında onlarca oturuşmuş sənətkarı birləşdirən orkestri də ən yaxşıları çəkiliş studiyalarında, yazılış meydanında qarşılamağa həmişə hazır idi. Tofiq Əhmədov və orkestrinin 20 il ərzində yaratdığı sərvətin dəyəri onillər ötdükcə daha da artacaq, bu solmaz səslər həmişə millətlə qalacaq.
Sovet dövründə Azərbaycan mədəniyyət xadimlərinin ölkə xaricinə səfərlərinin məhdudluqları bəs deyincə idi. "Ölkə" deyirkən o zaman rəsmi siyasətin hökmü ilə, söz yox, Azərbaycan Respublikası deyil, Sovet İttifaqı düşünülürdü.
Müstəqil olmadığımız həmin əyyamlarda ədəbiyyatımızla mədəniyyətimiz bizlərçün bütün senzura qayçılarına rəğmən, hər halda özünütəsdiqin mümkün vasitəsi idi. Sənətkarlarımız xarici ölkələrdə sovet adamı kimi təqdim olunsalar da, oralarda xalqımızı, milli varlığımızı təmsil edirdilər, qapalılıq çağlarında bu vəsiləylə Azərbaycanı bir xalq olaraq, bir məmləkət olaraq dünyaya tanıdırdılar. Azərbaycan musiqiçilərinin hər birinin SSRİ-nin adından da olsa dünyanın ən müxtəlif ölkələrindəki çıxışları həm də Azərbaycanın səsi, ucalan boyu deməkdi.
Və Tofiq Əhmədovun da, onun rəhbərlik etdiyi orkestrin də bu yöndə unudulmamalı əvəzedilməz xidmətləri var.
1962-ci ildə orkestr musiqi tariximizdə əlamətdar səhifə kimi qalacaq ilk xarici qastrol səfərinə çıxır. Helsinkidə dünya gənclərinin də, dünya musiqi həyatının da vacib bir hadisəsi baş verirdi - Finlandiya paytaxtında VIII Ümumdünya Gənclər Festivalı keçirilirdi və Azərbaycandan gedən böyük nümayəndə heyətinin tərkibində Tofiq Əhmədovun rəhbərlik etdiyi caz orkestri də vardı. Caz orkestrinə özü ilə bircə müğənni götürməyə icazə verilmişdi - Müslüm Maqomayev. Bu səfər həm Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestrdəki gənc ifaçıları dünyaya tanıtdı, onların özünütəsdiqi üçün vacib bir imtahana çevrildi, digər tərəfdən də həmin festivalda Tofiq Əhmədovun musiqi komandasının müşayiəti ilə ifaları Müslüm Maqomayevi yeni sənət möcüzəsi kimi dünyaya açdı.
Bu, Müslüm Maqomayevin ilk böyük fəthi idi və 1962-ci ildə Helsinkidən - VIII Ümumdünya Festivalından o orkestr də, Müslüm Maqomayev də əsl qəhrəmanlar kimi qayıtdılar. Açılmış bu pəncərənin ən vacib faydalarından biri o idi ki, uğurlu çıxışların xəbəri artıq dünya və SSRİ boyu yayılmışdı, onları Sovet İttifaqından kənarlarda da dünya musiqisinin ən tələbkar çağırışlarına cavab verən ifaçılar kimi qəbul etmişdilər, Mərkəzin - Moskvanın da diqqətində artıq Tofiq Əhmədovun orkestrinin yeri vardı ki, bunları lazım gələndə üz ağarda biləcək kollektiv kimi xaricə göndərmək olar.
Tofiq Əhmədovun ən mühüm qabiliyyətlərindən biri onun seçmək istedadı, ətrafına qiymətli musiqiçiləri toplaya bilmək səriştəliliyi idi. Özü vergili sənətkar, qəlbi geniş insandı və istedadını hiss etdiklərinə də səxavətlə yol açırdı. Səbəbsiz deyil ki, olmuşların üstündən dörd onillik ötəndən sonra böyük Müslüm Maqomayev dünənlərə qayıdır, Helsinkidəki çıxışlarını yada salır və söyləyirdi ki, mənim o ilk böyük uğurumun əsas səbəbkarı elə Tofiq Əhmədov idi, o vaxt orda qazandığım hansı nailiyyət varsa, bu müvəffəqiyyətdə Tofiq Əhmədovla şərikik.
Tofiq Əhmədovun Dövlət Televiziya və Radio Verilişləri Komitəsindəki Caz Simfonik Orkestrinə rəhbərlik etdiyi dövrdə də, ondan bir qədər əvvəl başçısı olduğu kollektivlərdə də topladığı gənclərin hər biri həssaslıqla seçilib, həqiqi istedad olub və heç biri də Azərbaycan musiqisində iz qoymadan ötüb keçməyib. Onların tək-təklərinin deyil, hamısının adı səhnədə, ekranda olduqları çağlardan xeyli zaman keçəndən sonra da hər dəfə estradamızın, cazımızın tarixindən bəhs edilərkən fəxrlə çəkilir. Həm də bu tərkib yetərincə beynəlmiləl idi, çoxluğu özümüzünkülər təşkil etsələr də, aralarında yəhudilər, ruslar, digər millətlərdən olan bakılılar da vardı. Tofiq Əhmədovun orkestri mehriban ailə kimi idi və bu tərkibdə elə onun özü kimi alt-saksofonda ifa edən Ramiz Şirinov da vardı, tenor-saksofonçu Daniel Kaqner də (o, Tofiq Əhmədovla birlikdə, Pərviz Rüstəmbəyovla yanaşı, Azərbaycanın ilk Dövlət Caz Orkestrində də çalmışdı), bu orkestrdə alt çalanlar Tofiq Aslanov da, Məmməd Məmmədov da vardı, trubaçılar Mixail Avadyayev də, Əziz Ağayev də, bas-gitarada ifa edən David Koyfman da vardı, pianoçular Vaqif Mustafazadə də, Faiq Sücəddinov da, tenorlar Kamal Qasımov da, Yasəf Tağıyev də vardı, trambonçu Tahir İsayev də...
Onların hər biri ayrı-ayrılıqda çox parlaq, çox üstün idi və Tofiq Əhmədovun da qabilliyi bunda idi ki, təklikdə hər biri mahir olan o virtuozları vahid və güclü dəstəyə çevirməyi bacarmışdı.
Sonralar Azərbaycan musiqisinin ən sevimli hadisələrindən birinə çevriləcək "Qaya" da Tofiq Əhmədovun rəhbərlik etdiyi bu orkestrin içərisindən çıxdı.
Tofiq Əhmədovun orkestri 1960-70-ci illərdə bir-birindən gözəl silsilə mahnıların yaranmasına səbəb olmaqla yanaşı, o mahnıların təkrarsız ifaçıları - Flora Kərimovanı, İlhamə Quliyevanı, Akif İslamzadəni, Yalçın Rzazadəni Azərbaycan insanına bütün cazibədarlığı və imkan genişlikləri ilə təqdim etdi.
Başqa sözlə, Tofiq Əhmədovun rəhbərlik etdiyi bu kollektiv sadəcə bəyənimli bir musiqi birliyi olaraq qalmadı, Azərbaycan musiqisindəki bir çox yeniliklərin əsas ifadə meydanı vəzifəsini illərcə ləyaqətlə yerinə yetirdi.
Tofiq Əhmədovun sənət ömrünün daha bir yaddançıxmaz hekayəti də var. Bu da Azərbaycan musiqisinin fəxrlə anılmalı səhifələrindəndir. Sovet dövrünün məşhur obrazları cərgəsində o dönəmdə "Azadlıq adası" adlandırılan Kuba, onun kommunist lideri Fidel Kastro da vardı. Sovet mətbuatı, o sıradan Azərbaycan qəzet-jurnalları, radio-televiziyası da Kubadan, Fidel Kastrodan tez-tez bəhs edərdi.
1964-cü ildə Moskvada Kuba inqilabının 11-ci ildönümünü qeyd etməyə hazırlıq gedirmiş. Köhnə qəzetlər həmin bayramın Moskvada necə təntənə ilə keçməsinin ayrıntılarını bizə çatdırır. O dövrdə Kuba Respublikasının Sovet İttifaqındakı fövqəladə və səlahiyyətli səfiri olan Karlos Sançes Tofiq Əhmədovun orkestrinin ifasını dinləyib bəyənibmiş və dəvət edir ki, gəlib Moskvada Kuba inqilabı gününün qeydetmə mərasimində çıxış etsinlər.
Məmnuniyyətlə gəlirlər və Tofiq Əhmədov Kuba inqilabının 11-ci ildönümü münasibətilə verəcəkləri konsert üçün məxsusi repertuar düzəldibmiş.
Təbii ki, orkestrin ənənəvi üslubuna xas olan caz kompozisiyaları səslənəcəkdi. Ancaq Tofiq Əhmədov bu dəfə repertuarı sırf Latın Amerikası ölkələrinin caz kompozisiyaları üstündə qurubmuş.
Tədbirin rəsmi hissəsi bitir, konsert başlanır, Tofiq Əhmədovun orkestrinin çaldığı caz kompozisiyaları bir-birini əvəz edir və aydın məsələdir ki, o axşam dinləyənlərin arasında kubalılar çoxmuş, Moskvadakı Latın Amerikası ölkələrini təmsil edən diplomatik korpusun nümayəndələri də az deyilmiş. Dinləyirlər, çox xoşlarına gəlir, hətta səfir Karlos Sançesdən xəbər alanlar da olur ki, bu orkestri Kubadanmı gətirmisiniz? Cavab verir ki, yox, Kubadan gətirməmişik, Bakıdan dəvət etmişik, bunlar Azərbaycan musiqiçiləridir.
Və həmin uğurlu konsert səbəb olur ki, az sonra Tofiq Əhmədovun rəhbərlik etdiyi orkestri Kubaya qastrol səfərinə dəvət edirlər. Bu olur 1967-ci ildə. Yenə caz orkestri, həmişəki kimi, uğurla çıxış edir və həmin konsertlər silsiləsi bir maraqlı hadisəylə də yadda qalır.
Tofiq Əhmədov Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Caz Simfonik Orkestrinin həm bədii rəhbəri, həm də baş dirijoru idi. Yəni onun əsas fəaliyyəti quruculuqdan, təşkilatçılıqdan ibarət idi. Lakin o, həm də mahir ifaçı idi axı. Klarnet də, saksofon da onun sevgisi, həyatının ayrılmaz parçası idi. Onlardan ayrı qala bilərdimi?
Göz yaddaşınızda qalmamış olmaz, yəqin ki, Tofiq Əhmədovu həyatda görməmiş, ancaq elə ekrandan tanıyan gənc nəsil də həmin görüntüləri seyr edib - televiziyalarımızın nostaljisi tutanda bəzən əski ağ-qara musiqi xronikalarını göstərir, hər kadr insanı riqqətə gətirir: orkestr tutti çalır və birdən arxadan Tofiq Əhmədov saksofonu ilə irəli çıxır, ürəyə axan ifasını başlayır.
Elə Kubada da belə olmuşdu. Konferansye növbəti musiqi nömrəsini elan etmişdi, orkestr çalmağa başlamışdı və arada Tofiq Əhmədov çıxmışdı qabağa, Latın Amerikasında məşhur olan "Konformidat" kompozisiyasını ifa etmişdi. Təbii ki, Tofiq Əhmədovu, onun orkestrini dinləməyə toplaşan tamaşaçılar o günəcən də həmin kompozisiyanı kubalı başqa ifaçıların təqdimində dönə-dönə eşitmişdilər. Ancaq Tofiq Əhmədov çalır və dinləyənləri sehrləyir, ertəsi gün Kuba mətbuatı bu sehrləməni tarixləşdirərək yazır ki, Tofiq Əhmədovun bu çalğısı "Konformidat"ın indiyədək olan ifalarının ən yaxşısı idi.
Tofiq Əhmədov işləmək şövqü ilə daşan çalışqan insan idi. Gününün bəstəkarları, müğənniləri, şairləri ilə daimi ünsiyyətdə idi. Çünki məqsədi orkestrin repertuarını durmadan təzələmək idi. Səy edirdi ki, mütəmadi olaraq orkestrin təqdimi ilə yeni səslər eşidilsin, təzə nəğmələr səslənsin, günün nəbzindən tutan mahnılar efirə yol tapsın. Ayrı-ayrı bəstəkarlara sifariş də verirdi, özü də nəğmələr yazırdı. Tofiq Əhmədovun otuza yaxın mahnısı var ki, 1960-70-80-ci illərdə onların bir qismi yetərincə populyar idi. Tofiq Əhmədov çoxdandır ki, həyatda yoxdur - onu 1981-ci ilin martında itirmişik. Tofiq Əhmədovun orkestri də haçandır ki, həyatını başa vurub. Ancaq o nəğmələrin hamısı yaşayır. Bir çoxları artıq yeni nəsil ifaçıların repertuarında özünə yer almaqdadır.
Tofiq Əhmədov adaşı Tofiq Quliyev, müasirləri Rauf Hacıyev, Zakir Bağırov və digər bu qəbil sənətkarlarla yanaşı, Azərbaycan şəhər nəğmələrinin bəyənimli örnəklərini bəstələdi. Tofiq Əhmədovun qoşduğu mahnılardan biri "Nərgizlər açanda gəl" adlanır və o mahnını Şövkət Ələkbərova oxuyub. Təbii ki, Şövkət Ələkbərova nəğməni özünə xas məlahət və gözəlliklə canlandırıb. Sözlərinə qulaq asırsan, kənd həyatı ilə bağlıdır, ancaq melodiyasında, səslənişində kənd deyil, şəhər duyulur, dinlədikcə xəyal aynasında nərgizli düzlər yox, hay-küyüylə, gen küçələri ilə, işıqları ilə tanış və doğma Bakı görsənir. Şəhər əhvali-ruhiyyəsi Tofiq Əhmədovun özünün çalğılarında da, orkestrinin ifalarında da və bütün bəstələrində də qabarıq şəkildə görünməkdədir. Sıra-sıra mahnıları var: "Ləpələr", "Azərbaycanım mənim", "Nurlu illər", "Ana gözləri", "Canım Bakı", "Görən, nələr düşünürsən?", "Güldür məni", "Xoşbəxt qadın" - bir-birindən zərif, biri digərindən göyçək mahnılar. Onları görün kimlər oxuyub - Oqtay Ağayev, Flora Kərimova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Züleyxa Mirismayılova, Gülağa Məmmədov, Mirzə Babayev, Yalçın Rzazadə, Elmira Rəhimova, Reyhan Müslümova...
Bunlar Tofiq Əhmədovun öz çağının müğənniləri, birgə işlədiyi sənətkarlardır, amma eyni mahnıların Tofiq Əhmədov həyatdan gedəndən sonrakı ifaçıları da az deyil. Nəyin göstəricisidir? Demək, nəğmələr köhnəlmir, demək, nəğmələr yaşayır. Bu isə təkcə Tofiq Əhmədovun özünün ömrünü davam etdirməsi yox, həm də musiqimizə gətirdiyi ruhun, bizə yadigar qoyduğu dəst-xəttin yaşaması, sevilərək davam etməsidir. Görün 1980-ci illərdən sonra, başlanan əsrimizin əvvəllərindən bəri dünyanı çalxalayan, Kürəmizi təlatümə gətirən hansı hadisələr baş verib? Dünya başqalaşıb, insanlar dəyişib, zövqlər, baxışlar ayrıcürləşib. Ancaq dünya məhvərindən çıxmırsa, həyatın nizamı itmirsə, buna səbəb sağlam təməl dayaqlardır. Təməl dayaqlarsa mənəvi dünyamız, sözümüz, musiqimiz, sənətimiz, onların yeni zamanlara ötürdüyü enerjidir. Tofiq Əhmədov bu millətə irs yadigar qoyub gedənlərdən, o sarsılmaz dayaqları yaradanlardan olub. Onu tanıyanların hamısının yekdil rəyi, şərtləşiblərmiş kimi, hamısının bir ağızdan bölüşdüyü qənaətdir ki, Tofiq Əhmədov qəlbiaçıq, xeyirxah, xıltsız, səmimi insanmış.
Uzun olmayan ömrü boyunca yaratdığı sənət gözəllikləri öz yerində, həm də bacardığı qədər yaxşılıqlar edib, cavan musiqiçilərin qolundan yapışıb, yaradıcılıq irəliləyişlərində onlara arxa durub, imkanlarından, nüfuzundan istifadə edərək rəhbəri olduğu orkestrin ifaçılarının sənət qayğıları bir yana, bundan az əhəmiyyət kəsb etməyən ümdə məişət ehtiyaclarının da həllinə köməklərini əsirgəməyib. Bütün yaxşı əməllərinin, millətinə miras qoyduğu solmaz irsin müqabilində isə fədakar musiqiçi Tofiq Əhmədovun nəsibi və ən mühüm qazancı unudulmamaq haqqı, minnətdar dinləyicilərin sevgilərində daim anılmaq bəxtiyarlığıdır.
4 fevral 2025

