525 ci qəzet BİTMƏYƏN HÖKMDARLIQ Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
Bəhlul hər halda xoşbəxt idi ki, hansısa sözünü elə ağıllı kimi, hansısa köntöy deyişini özünü gicliyə qoyaraq dilə gətirirdi, öz ürəyi də yükdən qurtulurdı, adamlara da təsəlli olurdu. Vay o gündən ki, qəlbindəki sözü nə o, nə bu şəkildə deməyə imkanın olmaya, sən də hamı kimi çalınan tütəyə oynamaq məcburiyyətində qalasan.
Bəhlul tarixən yaşamış bir insan olmasaydı belə, yəqin ki, xalq arzusu Bəhlulu yaradacaqdı. Necə ki, ən müxtəlif xalqların dastanında, nağılında, rəvayətlərində belə surətlər var. Ancaq insanlar belə qəhrəmanların həmişə yalnız bir ədəbi surət olaraq deyil, elə gerçək mübarizlər kimi varlığını umur. Bəhlulsa olmuşdu, yaşamışdı, xalqın arzuladığı ölçülərə uyğun bir şəxsiyyət idi. Olanısa bir az da qabarıqlaşdırmaq və onu qonşu xalqlardan hər birinin özünə doğru çəkməsi anlaşılandır.
Qaynaqların sorağınca, "Bəhlul" qəhrəmanımızın adı deyil, təxəllüsüdür və çoxları onun əsl adından xəbərsizdir. Necə ki sadə insanlar, bu sahəyə yaxından aşina olmayanlar məşhur Şərq şairlərinin, o sıradan Azərbaycanın əski söz ustalarının da əksərini adı ilə yox, təxəllüsü ilə tanıyır.
Bəhlulun gerçək adı Vəhəb ibn Əmru olub.
"Bəhlul" sözü "üzüaçıq, "xoşsima", "zirək" anlamındadır. "Bəhlul" kəlməsi həm də məcaziləşərək farscada, elə türkcədə də "hazırcavab", "haqqı deyən" mənasında işlədilir. "Filankəs bəhlul adamdır" deyəndə istilah olaraq bu şəxsin danəndə, ya divanə deyil, məhz haqq tərəfdarı, söz altında qalmayan adam olması düşünülür.
Bəhlulun tarixi şəxsiyyət olmasının dəlilləri və təfərrüatları ilə bağlı fars və ərəbdilli məxəzlərdə rast gəlinən bilgilərin izlənilməsi bu qeyri-adi şəxsiyyətin surətinin ayrı-ayrı cizgilərini daha aydın təsəvvür etməyə imkan yaradır.
Bəhlulun İmam Sadiqin şagirdlərindən olduğu rəvayət edilir. İmam Sadiq, yəni on iki şiə imamının altıncısı olan Cəfər ibn Məhəmməd (hicri qəməri 83-148 - miladi: 702-765) şiələrə 34 il - hicri tarixlə 114-148-ci illərdə (miladi: 732-765) imamlıq etdi. Daha çox elmi fəaliyyətlə məşğul olduğu, ətrafındakı tələbə və rəvayətçilərinin miqdarının 4000 nəfərdən çox olduğu təsdiqlənir. Hicri 699-767-ci illər arası (miladi: 699-1366) Kufədə yaşamış, İslam hüququna - fiqhə aid dörd böyük məktəbdən biri sayılan hənəfi məktəbinin banisi, zəmanəsinin böyük alimi Əbu Hənifə Nüman bin Sabit İmam Sadiqi "müsəlmanlar arasında ən elmli şəxs" adlandırırdı.
Bəhlulun İmam Sadiqin şagirdi olması məsələsinin dəqiqləşdirilməsini hələ bir kənara qoyaraq bu məqamın üstündə dayanmağa dəyər ki, mənbələrdə Bəhlulun məhz belə nüfuzlu, həm də kamil alimin yetişdirməsi kimi qələmə verilməsi ilə onun mükəmməl təhsil görməsi qabardılır.
İmam Sadiq kufəli idi və onun minlərlə öyrəncisi arasında başqa şəhərlərdən və ölkələrdən gələnlər də az olmamışdı. Yəqin, Bəhlulun bəzən kufəli kimi təqdim olunması da onun təhsil aldığı yerlərdən birinin məhz həmin şəhər olmasıdır. Bəhlulun İslam hüququ sahəsində bilginliyinə işarə edən bir başqa ipucu da budur ki, ona vaxtilə təklif olunmuş yüksək vəzifələrdən biri də Bağdadın qazi ül-qüzzatı - baş qazisi kürsüsü imiş. Bəhlul dövründə bu, yetərincə yüksək hüquqi vəzifə idi. Xəlifə tərəfindən təyin edilən, şəriət qanunları əsasında ədaləti bərqərar edən baş hakim deməkdi, başqa sözlə, Bağdad məhkəməsinin sədri.
Mənbələrdə bu da göstərilir ki, Bəhlul tanıdığımız hərdən divanə, hərdən danəndə kimi məşhurlaşmazdan öncə əyan-əşraf zümrəsindən olan hörmətli bir şəxsmiş, ona dəfələrlə başqa yüksək vəzifələr də təklif edilibmiş.
Bəhlulu iqtidarın hansısa pilləsində görmək məramının səbəbləri müxtəlif ola bilər. Birincisi savadlı, mütəfəkkir, qətiyyətli, iradəli insandı, buna görə. İkincisi, söz yox, Xəlifə Harun ər-Rəşidlə yaxınlığının da burada təsiri varmış. Mənbələrə görə, o, Harun sarayına sərbəst giriş-çıxış ixtiyarı olan şəxsmiş. Həmdullah Mustoufi Qəzvininin hicri 730-cu ildə (miladi:1330) və mötəbər qaynaqlardan hesab edilən "Tarix-e qozide" ("Seçilmiş tarixçələr") əsərində Bəhlul Harunun əmisi oğlu imiş. Başqa bir rəvayətə görə isə, Bəhlul Harunun anabir qardaşıymış.
Harunla Bəhlulun qohumluq münasibətlərinin olması inamını qüvvətləndirən əsas cəhətlərdən biri də onun xəlifə ilə özünü ifrat ərköyün aparmasıdır. Bunca sərbəstlyi yalnız xəlifənin Bəhlulun ağlına, fərasətinə sonsuz ehtiramı, yaxud onu bir təlxək, başdanxarab kimi qəbul edərək "qoy nə danışır-danışsın, zərərsiz adamdır" qənaəti kimi yozmaq çətindir. Müxtəlif tarixi vəsiqələrin təsdiqincə, Harun həm də kifayət qədər emosional, özündən çıxanda hətta ən yaxın saydıqları ilə qəddar rəftar etməyə qadir adammış. Bərməkilərin aqibəti - bir xətasına görə öz süd qardaşını nəsillikcə məhv etmək barədə ani qərarı bu çılğınlığın aşkar göstəricisidir. Bəhlulasa səbirlə dözürmüş.
Görkəmli İran alimləri zümrəsindən olan Əbdülhüseyn Zərrinkub "İslamdan sonrakı İran tarixi" əsərində mənbələrin məlumatları əsasında hicri 188-ci ildə (miladi: 804), Harun ər-Rəşidin Kufə şəhərinə səfəri əsnasında Bəhlulun onu qarşılayaraq tövsiyələr verməsindən bəhs edir.
Bəhlul - Əlağa Ağayev
Xəlifə ilə yaxın münasibətləri, bağlılıqları isə olmayanın ona yaxınlaşa bilməsi belə sadəcə çətin deyil, mümkünsüz olardı.
Bəhlula ardıcıl olaraq vəzifələr təklif edilməsinin ayrı bir səbəbi də bu ola bilər ki, onun ağzını bu fəndlə yummağa cəhd edirmişlər. İstənilən vəzifə sənin sərbəstliyinin çərçivələrini daraldır axı! Bəhlulsa, belə anlaşılır ki, sadəcə azad ruhlu bir insan deyil, həm də müxalif düşüncəli, etirazçı təbiətə malik insanmış. Ona görə də illər öncə Bəhlul haqda ayrı-ayrı İran xalqları arasında dolaşan rəvayətləri toplayaraq Tehranda "Qesseha-ye Bəhlul-e aqil" - "Müdrik Bəhlulun hekayətləri" adlı kitabına yazdığı geniş müqəddimədə təzkirələrə əsaslanaraq ifadə etdiyi bu fikirlə razıyam ki, Bəhlul özünə eyni vaxtda həm səfeh və fəsih (aydın, səlis nitqli), həm laübalı və zəkalı adam olmaq obrazını məqsədli şəkildə, cürbəcür vəzifə təkliflərindən qurtularaq könlü istədiyi şəkildə davranmaq girəvəsi qazanmaqçün seçibmiş.
Bəhlulun, belə görünür ki, Haruna tam ərki çatırmış və xəlifə ilə münasibətlərinin istiliyi ona eyni anda iki missiyanı yerinə yetirmək macalı verirmiş.
Bir yandan ildırımötürənmiş, aşağıdan, xalqdan gələn sözü yuxarılara çatdırır, hansısa məsələlərin həllinə nail olurmuş və müəyyən fəsadlara da gətirib çıxara biləcək narazılıqların qarşısını alır, o narahat məqamlar şişməmişdən, alışmamışdan söndürürmüş, deməli, böyük ölçüdə elə Harunu da qoruyurmuş, digər tərəfdən də, xalqla hakimiyyətin körpüsüymüş, aşağıların yuxarılara gedib çatması müşkül olan səsini, dərdini ümvanına yetirə, bir qisminə əncam da çəkə bilirmiş. Əlbəttə, saysız Bəhlul rəvayətləri onu olduğundan da daha qadir, daha məğrur, daha ötkəm edib. Bu da təbiidir. Çünki xalqın onun dərdlərinə çarə edən, el içindən çıxaraq mizan-tərəzini ədalətlə tənzimləyən qisasçıya daim ehtiyacı olub. Rəvayətlərdəki Bəhlul bir növ Şərqin Robin Qududur. Xalqa Ağ Atlı Oğlan da gərəkdir. Ancaq o, nağıldır, Bəhlul isə gerçək. Nağıldakı qəhrəman əlacsızlıqdan Allaha dua edib yardımı ondan istəmək kimidir. Ancaq Qaçaq Nəbi, Qaçaq Kərəm artıq yerdəki xilaskarlardır ki, onlara daha gerçəkçi ümidlər bağlamaq olur. Bəhlulu da el-oba lap onun yaşadığı çağlar geridə qalandan sonra da elə sağ kimi həm də ona görə qavrayıb ki, o olmasa da, başqa bir Bəhlulun lap yaxında olmasını, baş qaldırmasını, dada çatmasını həmişə bütün varlığıyla istəyib.
...Onsuz da xalq arasında daim diri olan Bəhlulun Azərbaycanda yeni zaman içərisində bir təvəllüd tarixi də 1910-cu ilə təsadüf etdi. Bu, qocaman və qocalmaz mizah qəhrəmanının bir kitab səhifələrindən Azərbaycana əvvəlinci gəlişi, oxucularla ilk görüşü idi. 1910-cu ildə Əlabbas Müznib bir dəstə lətifəni toplayaraq Bakıda "Şeyx Bəhlul" adlı ayrıca kitabça nəşr etdirmişdi. Bəhlulun elə həmin çağlarda növbəti doğuşu 1913-cü ildə, yenə Bakıda baş verdi. Hüseyn Ərəblinskinin şagirdlərindən olan, 1906-cı ildən taleyini Azərbaycan səhnəsi ilə bağlamış aktyor Əhməd bəy Məlikov-Qəmərlinski (1880-1952) İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində ikipərdəli məzhəkəsini ayrıca kitabça halında buraxdırdı. Kitab elə əsərin qəhrəmanının adıyla ünvanlanmışdı və yüngülvari əlavəsi vardı: "Bəhlul Danəndə və yaxud kişinin sözü bir olar". Bəhlul Danəndənin el içində car olan lətifələri əsasında qələmə alınmış pyesdə yalnız həmin lətifələr hazır şəkildə iqtibas edilmir, həm də o lətifələrdəki ayrı-ayrı məzəli məqamlardan bəhrələnərək Bəhlulvari gülməli hadisələr nəql edilirdi.
Min ildən də qabaq Danəndə Bəhlul şahları, onların vecsiz məmurlarını cırnadırdısa, indi, XX yüzilin başlanğıcında Qəmərlinskinin qələmi ilə təzə həyat qazanaraq hətərən-pətərən cızmaqaralayan əldəqayırma şaircikləri bizləyirdi:
"Molla Cəbi: - Siz kimsiniz?
Şeyx Bəhlul: - Mən mənəm, siz kimsiniz?
Molla Cəbi: - Mən şairəm.
Şeyx Bəhlul: - Mən də mairəm.
Molla Cəbi: - Mair nədir?
Şeyx Bəhlul: - Bəs şair nədir?
Molla Cəbi: - Şair şeir deyir.
Şeyx Bəhlul: - Mair də meir deyir".
O kitabdan 2 il əvvəlsə Abdulla Şaiq "Bir saatlıq xəlifə" adlı pyes yazmışdı. Daha əvvəl yazılmış olsa da, Şaiqin əsərindən əvvəl Qəmərlinskinin kitabını xatırlatmağım səbəbsiz deyil. Əvvələn, Şaiqin yazdığı pyes elə həmin vaxt üzə çıxarılmamışdı və onun bu əsəri məhz 1911-də qələmə aldığını da sonralar biləcəyik. İkincisi də, hələ o əsərdə Bəhlul ayrıca surət kimi yox idi. Lakin Şaiq arxivini araşdırdıqca bəlli oldu ki, onun Bəhlula marağı köhnədən varmış, ötəri bir həvəs də deyilmiş. Çünki illər keçdikcə Abdulla Şaiq Bəhlul əyyamlarına aid yazısına dönə-dönə qayıtdı, hər dəfə mətni bir az da cilaladı, nəticədə bu pyes onun yaradıcılığındakı ən cazibəli əsərlərdən birinə çevrildi. Şaiqin növbəti əlgəzdirmələrindən sonra bir qədər də dolğunlaşmış və 1920-ci illərin lap əvvəllərində Tənqid-Təbliğ Teatrı tərəfindən tamaşaya qoyulanda da "Bir saatlıq xəlifə" hələ Bəhlulsuzdu. 1950-ci illərin başlanğıcında Şaiq pyesə yenidən qayıdır və onu əsaslı şəkildə işləyir. Bir çox şeirlər, mahnılar artırır, təzə surətlər gətirir və əlavə edilən obrazlardan biri də Bəhlul Danəndə idi. Bəhlul dönüb olur artıq adı da dəyişdirilərək "Bir saat xəlifəlik" olmuş pyesdə baş surət.
Şaiqin arxivində "Bir saatlıq xəlifə" və "Bir saat xəlifəlik" pyesinin müxtəlif illərdə qələmə alınmış 5 əlyazması var. Vərəqlədikcə onu da görürsən ki, Abdulla Şaiq bu əsəri yazarkən yalnız el rəvayətlərinə arxalanmayıb, müxtəlif tarixi mənbələri də qaldırıb, həm məxəzləri, həm tarixçi alimlərin araşdırmalarını mütaliə edib, alimanə yanaşaraq salnamələrdə hər rastına çıxan məlumatları deyil, onların ən ağlabatanlarını istifadə edib.
Əsərin təməlində dayanan bu xətdir ki, Harun ər-Rəşid öz şakərincə günlərin birində yenə təğyir-i libas olur, onu ətrafdakıların tanımayacağı bir geyimdə camaat arasına çıxır. Şəhəri gəzib-dolaşarkən təsadüfən bir cavan oğlanla tuş düşür. Əbül-Həsən ibn Səid adlı həmin gənc yeni tanış olduğu bu adama ürəyindəki arzusunu açıb söyləyir ki, kaş mənə haçansa qismət olaydı, heç olmasa bircə saat xəlifəyə dönüb hökmranlıq taxtında oturaydım. Elə həmin görüşün ertəsi Harun ər-Rəşid rastlaşdığı cavanın bu arzusunu həyata keçirməkçün addımlar atır.
1958-ci il iyun ayının 7-də Azərbaycan səhnəsi Zəfər Nemətovun parlaq rejissorluğu ilə gözəl bir tamaşanı qazanır. İlk dəfə idi ki, Azərbaycan insanı yüzillər boyu haqqında eşitdiyi Bəhlul Danəndəni bütün məziyyətləri ilə, repertuarda daimi yer tutacaq iri səhnə əsərində, artıq "canlı" olaraq görürdü. Ona görə Şaiqin Bəhlulunu Azərbaycanın birinci dəfə bu biçimdə gördüyünü vurğulayırıq ki, həmin pyes yalnız paytaxtda nümayiş etdirilmirdi, respublika boyu səfərə çıxmışdı, Bəhlul Danəndə qarğı atını rayon səhnələrində də çapırdı, məzəli, müdrik sözlərini söyləyib daha çox ürəklərə girirdi. Pyesdə onun dilindən bu nəğmə də səslənirdi:
Bizim ədalət ordusu, əxlaq, səadət ordusu,
Zalımlara cəza verən hünər, cəsarət ordusu,
Elmi, alimləri sevən bilik, məhəbbət ordusu,
Vəhşiliyə nifrət edir bu insaniyyət ordusu.
Abdulla Şaiqin cildlərini açsanız, "Bir saat xəlifəlik" pyesinin orada əksini tapmış mətnində indi söylədiyim nəğmənin misralarını görməyəcəksiniz. Bu sətirləri mən Abdulla Şaiqin əlyazmasından - onun arxivindən oxumuşam. Həmin bənd vaxtilə pyesin teatra təqdim olunan mətninə artırılıbmış, tamaşa gedişində də bu nəğmə səslənirmiş, özüm də eşitmişəm.
Bəhlulun da, yan-yörəsindəkilərin də səsləri və o yapışıqlı, təsirli səslərə qovuşan zərbülməsəlləşmiş ifadələri indi də qulağımdadır. Yox, Bəhlul Danəndə kimi mən zaman içərisində səyahət edənlərdən deyiləm ki, gah IX-X, gah XV yüzillərdə, gah da XIX-XX əsrlərdə olaraq onu dinləmiş olum. Gerçəkdən eşitdiyim və unuda bilmədiyim səsləri deyirəm, xüsusən də o səslər arasındakı birini - Harun ər-Rəşidin səsini. 1960-cı illərin ortaları idi, məktəbli idim, ibtidai sinifdə oxuyurdum və ənənəvi olaraq yay aylarında, teatr mövsümü tamamlanınca rayonlara qastrol səfərlərinə çıxan Gənc Tamaşaçılar Teatrı Kürdəmir rayonuna gəlmişdi və burada bir neşə gün qaldılar. Kürdəmirdə yay klubunun səhnəsində xeyli tamaşalar verdilər və göstərdikləri əsərlərdən biri də Abdulla Şaiqin "Bir saat xəlifəlik" pyesi idi. Bəhlul Danəndəni də ilk dəfə yaxından onda gördüm.
Bəhlul - Əlağa Ağayev idi. O, qarğı atını çapırdı, məzəli səhnələr cərəyan edirdi və mən də, yaşıdlarım da, elə böyüklər də heyranlıqla baxırdıq. Amma yadımda o nüfuzedici səs həmişəlik qaldı. Çox illər sonra tanış olacağım və Azərbaycan teatr tarixinin bütün dövrlərinin ən üstün sənətkarlarından biri kimi dəyərləndirdiyim Yusif Vəliyevin səsi. Səhnədə var-gəl edən Harun ər-Rəşidin qatranlı, zəhmli, hökmlü səsi gəlirdi. "Bərməkilər nəslini qətlə yetirmək haqqında əmr verərkən bunları yaddan çıxarmışam. Görünür, bunlar nəsillərinin intiqamını almaq üçün mənə qəsd etməyə hazırlaşırlar" - bu, Yusif Vəliyevin səsi idi. Xəlifə Harun ər-Rəşidə çevrilmiş böyük aktyor Yusif Vəliyevin həmin səsi əslində sizin hər birinizin hafizəsində artıq başqa bir məqamda qalmaqdadır. "Nəsimi" filmində Teymurlənglə məğrur şair qarşı-qarşıya dayanıb, Yusif Vəliyev Teymurləngdir. Cəmi bir neçə dəqiqə ərzində görünür və keçir. Amma o duruş, o əzəmət, səsdəki o təlqinedici güc səndə elə təəssürat yaradır ki, sanki Teymurləngə həsr edilmiş bütöv bir filmə baxmısan. Teymurləngin əsl surətini o səslə artıq dolğunluğu ilə hiss edirsən.
Və Harun ər-Rəşidi ilk dəfə səhnədə görəndə məhz Yusif Vəliyevin səsi məni birbaşa hadisələrin baş verdiyi dövrün qoynuna - Bəhlul Danəndə əyyamlarına aparmışdı, nağılvari aləmin sakininə çevrilmişdim.
Bu maraqlı pyesin Şaiq arxivində qalan nüsxələri və müxtəlif onillərə aid həmin əlyazmalar üzərindəki işləmələr yazıçının əsərlə mütəmadi bağlılığını göstərirsə də, mətnlə əlaqədar görülmüş işlərin tam mənzərəsini büruzə vermir. Həmin qeydlərə baxdıqca anlayıram ki, dövrlə bağlı, xilafətin həyatı ilə əlaqədar, onların Azərbaycanla münasibətləri haqqında Şaiq pyesdə əks etdirdiklərindən lap çox bilirmiş, lazım gələrsə pyesə bir, ya iki pərdə də artırmaq, tamaşaçını "daha sonra nə olacaq" intizarı ilə təsirində saxlayacaq macəralı lövhələr əlavə etmək imkanındaymış. Şaiqin ərəb əlifbasında, səliqəli xətti ilə üzvü olduğu SSRİ Ali Sovetinin deputatlarına verilən dəftərçənin bircə vərəqində əks olunan mənbələrdən konspektləşdirmələri bu ehtimala söykək dura bilər: "Harun Reydə anadan olmuş (Rey indiki Tehranın orta əsrlərdəki adıdır - R.H.), 22 yaşında xilafətə çatmışdı. Fəzl ibn Yəhya Bərməki Harundan 7 gün əvvəl anadan olmuşdu. Fəzlin anası Haruna süd vermiş. Fəzl Haruna beyət etməyənlərin hamısını ona beyət etməyə razı salmışdı. Harunun oğlanları Məhəmməd Əmin və Abdullah Məmun idi ki, əmlakını onlara vəsiyyət etmişdi. Oğlanlarına mehriban yaşamağı, müharibə etməməyi, qan tökməkdən çəkinməyi tapşırmışdı. Harunun Qasım adlı bir oğlu da vardı. Əbdülməlik ibn Haşimi Qasımı saxlayır və mühafizə edirdi. Eşidəndə ki Harun Əmin və Məmunu vəliəhd etdi və onlara vilayətlər verdi, xəlifəyə məktub yazdı. Rica etdi ki, Qasım da sənin oğlundur, onu da öz ənamından binəsib etmə. Əbdülməlikin məktubunu aldıqdan sonra Harun bəzi cəzirə və vilayətləri Qasım üçün ayıraraq ona "Mötəsəmən" ləqəbi verdi.
Harun Bəhlulun camaat arasında olmasını, əhalinin vəziyyəti və rəftarından yaxşı xəbərdar olduğunu bildiyindən və heç bir sözü də gizlətmədən açıq, riyasız söylədiyindən onu özünə çox yaxın buraxmışdı və dediklərinə qulaq asırdı. Bəhlulun məcazi danışdığını bildiyindən onun hətta başqalarına mənasız kimi gələn söhbətlərinə diqqət edərmiş.
Rəşidin Əbbasə adlı bir gözəl bacısı da vardı. Bir zaman Harun ər-Rəşidin qadını Zibeydə idi".
Həmin Zibeydənin türk olduğu, şeirlər də yazdığı qaynaqlarda zikr edilməkdədir və Salman Mümtazın tərtib etdiyi orta əsrlərdə yaşamış qadın şairlər sırasında onun da adı keçir.
...Hakimiyyətlər, taxt-tac gəldi-gedərdir. Amma bəhlulluq - söz, düşüncə yaşarıdır. Bəhlul lətifələri sırasında beləsi də var ki, Harun ər-Rəşid bir gün ondan xəbər alır: "Deyirlər ki, məclislərdə məni sən həmişə zülmkar bir xəlifə kimi qələmə verirsən?" Bəhlul dərhal etiraz edir ki, yalan sözdür, ya xəlifə, özünüz bilirsiniz ki, mən həmişə elə söz danışıram ya qəribə olsun, ya da təzə. Heç kəsin eşitmədiyi, bilmədiyi söz olsun. Sizin zülmkar olduğunuz hamının bildiyi, danışdığı köhnə və məlum bir şeydir. Burada təzə nə var ki, mən də danışam. Harun ər-Rəşid hirslənir ki, yenə mənimlə dil-dil ötürsən. Görünür, canına yazığın gəlmir. Bunun axırını mən yaxşı görmürəm. Yoxsa sən mənimlə xilafət davası çəkirsən?
Bəhlul gülümsəyir: "Əsla! Mənə "dəli" desələr də, hələ o qədər divanələşməmişəm bu fikrə düşəm, Allah eləməsin, yazıq deyiləm?"
Harun ər-Rəşid təəccüblənir: "Elə niyə?" Bəhlul qayıdır ki, mən indiyəcən iki xəlifə yola salmışam. İnşallah, bundan sonra, yəqin, iki-üç xəlifənin də gedişinə şahid olaram. Ancaq o rəhmətlik xəlifələrin heç biri Bəhlulun ölümünü görməyib.
Bu Bəhlul sözü dodaq qaçıran bir lətifənin qanadında əsrlər adlayaraq bizə çatıb və o lətifə əslində Bəhlulun özünün söylədiyindən də artıq bir həqiqəti çatdırır - Bəhlulun ölümünü görmək nəinki xəlifələrə, xilafət zamanlarından indiyədək ötən əsrlər ərzində də kimsəyə qismət deyilmiş...
..."Türk ədəbiyyatı ensiklopediyası" Behlül-i Dana (Bilgin Bəhlul) deyə təqdim etdiyi bu düşüncə dahisinin "kufəli bir sufi olduğunu", ömrünün böyük bir hissəsini Harun ər-Rəşid dönəmində Bağdadda keçirdiyini bildirir və ardınca da gözlənilmədən XVI-XVII yüzillərdə yaşamış olması ehtimalını ortaya qoyur.
Ən azı elə Fəriddədin Əttarın, Yunis İmrənin, Mövlana Cəlaləddin Ruminin, Sədi Şirazinin Bəhlulun adını çəkməsi onun XIII yüzildən xeyli əvvəllər yaşadığını nişan verməkdədir, hələ digər tutarlı sübutları bir qırağa qoyuruq.
Orta çağda Şərq şəhərlərində Abbasilər dövründə belə bir vəzifə varmış - möhtəsib. Bu vəzifəni daşıyan məmur əhalinin din və əxlaq işlərinə nəzarət edərmiş. Bir növ o dövrün insan haqları üzrə müvəkkili - ombudsmanı. Elə bu gün də bir para Şərq ölkələrində insan haqları üzrə müvəkkili həmin qədim deyimi bərpa edərək "möhtəsib" adlandırırlar. Fəlsəfəsinə dalınarsa, elə Bəhlul Danəndə kimi şəxsiyyətlərin dünyaya gəlişindəki məna rəsmən etibar edilmədən, Pərvərdigarın iradəsi ilə bu vəzifəni daşımaqdır. Bu vəzifə Bəhlulun da alın yazısı idi. Həm də bu görəv Bəhlul Danəndə xislətinə o qədər yaraşır ki, lətifələrdən biri xəlifənin əli ilə onu həmin vəzifəyə gətirir.
Xəlifə Bəhlula tapşırır ki, sənə bugündən bu məsul vəzifəni verirəm, hər gün bazara baş çəkərsən, qayda-qanun yaradarsan, qoymazsan kimsə bir başqasını aldatsın, çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Bəhlul bazara gəlcəyin bunu sezir ki, qəssab üç girvənkə ət istəyən uşağı çəkidə aldadaraq yarım girvənkəni kəsdi. Uşaq heç nə hiss eləmədən əti götürüb gedir, elə bu arada tindən bir ac köpək çıxaraq qəssabın piştaxtasına yaxınlaşır, bir budu qaparaq götürülür. Qəssab ha yüyürür, itə necə çatasıdır ki!
Bəhlul bunu görüncə dinməz-söyləməz qayıdıb gəlir evinə, daha bazara işə çıxmır. Xəlifəyə xəbər çatdırırlar ki, bəs sən Bəhlula etimad göstərib o cür yüksək vəzifə verdin, o isə etinasızlıq göstərir, neçə gündür heç işə çıxmır, evində oturub. Harun buyurur ki, təcili onu hüzuruma gətirin. Hökmlə dillənir ki, axı sənə vəzifə verdim, iş tapşırdım, niyə saymazlıq edirsən, hökmü yerinə yetirmirsən?
Bəhlul çiynini çəkir ki, "başın haqqı, getməyinə getdim, gördüm orda mənə ehtiyac yoxdur. Elə mənsiz də orda qayda-qanun yaradan, haqqı pozulanın haqqını qaytaran var".
Hardasan, ay Bəhlul?!
Hardadır o it?..
Bu bayatını XX yüzilin Bəhlul Danəndələrindən biri - unudulmaz Xudu Məmmədov yazıb. Özü haqqında yazıb. Həm də Bəhlul Danəndə haqqında yazıb.
Söyüdə barsız demə,
Hər təkə yarsız demə.
Kədər acı güldürər,
Gülənə arsız demə.
Böyük dərdlərə gülməyi bacaran bütün qəmli arsızlar haqqında yazıb...
...Bir neçə il öncə Türkiyədə Bəhlul Danəndə haqqında bir roman yazılıb. Hayrettin İvginin "Dəli görünüşlü ağıllı Bəhlul Danəndə" əsəri.
Gərək bizdə də Bəhlul surəti ədəbiyyatda yerini tapa. Vaxtilə Nurəddin Seyidovun tərtibində Bəhlul Danəndə lətifələri dəfələrlə nəşr edilib. İndi isə bütün bəlli Bəhlul lətifələrini bir kitaba yığıb buraxmaq olar. Amma bilmirəm nəyə görəsə haçandır Bəhlulu yada salmırıq. Məgər elə ağıllanmışıq ki, ona daha ehtiyacımız qalmayıb?
...Yenə söz içində söz gizli, söz içində mətləb örtülü daha bir Bəhlul lətifəsi. Günlərin birində rastlaşırlar. O tərəfdən hökmdar gəlirmiş, bu tərəfdən tövşüyə-tövşüyə Bəhlul. Hökmdar soruşur ki, "Bəhlul, xeyir ola, hardan gəlirsən?" Deyir: "Cəhənnəmdən". Gülür hökmdar, deyir: "Cəhənnəmdə nə edirdin?" Cavabı Bəhlulun əvvəlki sözündən də "gülməli" olur: "Getmişdim od dalınca, köz lazım idi, ocaq qalayacam". Hökmdar rişxəndlə dillənir: "Baxıram əliboşsan, deyəsən, od verməyiblər sənə". Deyir: "Yox, vermədilər, dedilər, od yoxdur". Hökmdar qayıdır ki, necə yəni od yoxdur? Axı məlumdur ki, cəhənnəmdə qır qazanları qaynayır, sağ-sol hər yan atəşdir..." Bəhlul razılaşmır: "Yox, orda mənə dedilər ki, cəhənnəmdə od olmur. Cəhənnəmə odu hər kəs gələndə özü ilə gətirir".
Budur Bəhlul! Budur Bəhlul sözünün nüvəsindəki həqiqət.
...Bəhlulla bağlı hansısa əhvalatlar, onun hansısa lətifələri bu danəndə insanı qəlbinə yaxın tutan xalqların hansındasa var, hansındasa yoxdur. Amma Bəhlul Danəndənin qarşısına toz-torpaq topalarını düzərək onları müdrik sözlər kimi satması haqqındakı lətifə Bəhlulu sevən xalqların, Bəhlulu özününkü bilən ellərin təqribən hamısında təkrarlanır. Məhz bu təkrarlanma da məndə belə düşüncə yaradıb ki, bu hadisə elə həqiqətən baş verib.
Günlərin birində görürlər ki, Bəhlul Danəndə əyləşib yol qırağında. Qarşısında üç topa toz. "Satıram" deyir və həm də çox baha qiymət qoyub. Bir nəfər çox təəccüblənir, maraqlanır, yaxınlaşıb soruşur: "Bu nədi belə od qiymətinə satırsan?" Deyir: "Bunlar hikmətli sözlərdir, satıram". Maraq götürür bu adamı. Deyilən məbləği çıxarıb verir: "Neynək, alıram, ver birini".
- Götür, bu topa oldu sənin.
- Yaxşı, nə deməkdir bu?
- O deməkdir ki, kül olsun o adamın başına, hər gün bir nəfərin öldüyünü görə-görə özünün də bir gün öləcəyini düşünmür, bəd əməlindən, rəzalətindən əl götürmür.
- Yaxşı, ver o biri topanı da.
- Bu kül də olsun o adamın başına ki, dünyadan gedənlərin özüylə heç nə aparmadığını görə-görə, bilə-bilə yenə gözü dünya malından doymur.
Həmin adam fikirləşir ki, almağına almışam, qoy üçüncüsünü də götürüm, yenə əlini atır cibinə, çıxarır pulunu verir, deyir: "Aç söylə görək bunun mənası nədir". Bəhlul qayıdır: "Bu kül də o adamın başına olsun ki, topladığı hansısa mal, dövlət, sərvət əlindən çıxanda başlayır zarımağa. Halbuki o malı, dövləti, sərvəti təzədən geri qaytara bilər, təzədən toplaya bilər. Amma o adam fərqində olmur ki, onun üstündə daha çox əsməli olduğu, qədrini daha artıq bilməli olduğu ayrı bir vacib sərvəti var. Ömrün bihudə yerə sərf etdiyi günləri".
Bu lətifəni hər dəfə xəyalımdan keçirəndə sanki canlı Bəhlulu görürəm. Yol kənarında əyləşib, qarşısında toz-torpaq topaları və yorğun, qəmli gözləri ilə keçib-gedənlərə bic-bic baxır.
Və o lətifə dolayısınca çox zaman bunu da düşünürəm ki, daha məntiqli olmazdımı ki, o toz-torpaq topaları əvəzində kağız burumları düzülmüş olaydı. Üstündə Bəhlulun satdığı həmin müdrik deyişlərin yazıldığı vərəqparələr. Ancaq dərhal bunu da düşünürəm - Bəhlul pəncərəni hər halda bizdən daha geniş açırdı, həqiqətlərin təkini bizdən daha dəqiq görürdü ki, kağız yox, məhz torpaq düzmüşdü qarşısına. Torpağı söz adı ilə satırdı. Çünki Bəhlulun nəzərində söz diri idi, torpağa bağlı canlı bir varlıq idi, insan kimi, ağac kimi, çiçək kimi torpağa bağlı varlıq.
Və insan kimi, ağac kimi, çiçək kimi, söz də Bəhlulun nəzərində torpaqdan güc alırmış, torpağın üstündə dikəlirmiş, günlərin birində yenə torpağa qovuşurmuş, yenə sabahların hansındasa torpaqdan təzədən güc alaraq torpaq üzərində dikəlirmiş.
Bəhlulun bütün sözləri, ondan yadigar qalan hikmətlərin hamısı belədir və onların köhnəlməzliyinin, həmişə təzə qalmasının gizlinci də məhz burdadır. Bəhlul hikmətlərinin hər biri torpaqdan qüvvət alan ağac, çiçək kimidir. Hər yaz gələndə təzədən puçur-puçur tumurcuqlayan ağac kimi, hər bahar gələndə təzədən qönçə-qönçə açılan çiçək kimi. Ona görə də Bəhlul sözü nə qədər ki ağaclar tumurcuqlayır, nə qədər ki çiçəklər açılır, nə qədər ki insan var, həmişə təravətli olacaq, təzə olacaq, köhnəlməz olacaq.
...Günlərin birində Bəhlulun evini yağmalayıblarmış. Baxırlar ki, evinin oğurlanmasından xəbər tutunca Bəhlul çıxdı küçəyə, başladı yüyürməyə. Amma oğru gedən tərəfə deyil, ayrı bir səmtə qaçır. Qışqırışırlar ki, Bəhlul, neynirsən? Oğru tamam ayrı bir tərəfə qaçdı, sən başqa səmtə yüyürürsən. Deyir, yox, mən elə lazım olan tərəfə qaçıram, yolum qəbiristanlığadır. Onsuz da geci-tezi var, hara getsə, qayıdıb ora gələcək.
Qəbiristanlıq, sükut evi, gec-tez hər kəsə nəsib olacaq bu son mənzil Bəhlul Danəndənin neçə-neçə lətifəsindən keçir və hərəsində də bir hikmət.
Harun ər-Rəşid yol keçirmiş. Yan-yörəsindəkilər nişan verirlər ki, baxın, Bəhlul orda, məzarların arasında yatır. Deyir, gedin onu oyadın, çağırın gəlsin bura. Bəhlulu qaldırırlar, başlayır deyinməyə ki, məni niyə yuxumdan oyatdınız, gül kimi yuxu görürdüm, yuxuda padşah olmuşdum, çıxmışdım taxta. Yuxudan oyatdınız, o cürə yuxum yarımçıq qaldı.
Deyinə-deyinə gəlib çatır Harun ər-Rəşidin yanına. Xəlifə soruşur ki, ay Bəhlul, burda neynirsən, sən oturub-durmağa adam tapmamısan ki, gəlib qəbirlərin arasına girmisən?
Cavab verir ki, elə oturub-durmalı ən yaxşı adamlar hamısı burdadır. O biri adamlarla oturub-durursan, sonra dalınca danışırlar, qeybət edirlər. Burda mənim dalımca danışacaq, qeybət edəcək bircə adam yoxdur.
Xəlifə canıyananlıqla deyir ki, axı bura vahiməli yerdir, qorxarsan.
Bəhlul razılaşmır: "Əksinə, ən vahiməsiz, ən qorxu-hürküsüz yer elə buradır. Qəbiristanlıqdakılardan mənə ömründə ziyan gəlməz. Zərər gəlsə-gəlsə, elə diri adamlardan gələr. Özü də gül kimi yuxu görürdüm, adamların gəlib yarımçıq qoydu. Yuxuda padşah olmuşdum, taxtda oturmuşdum. Xəlifə istehza ilə: "Yuxudur da, nə olsun oyadanda, yuxudakı padşahlığın nə səmərəsi", - deyir.
Bəhlul yenə razılaşmır: "Yox, baxma! Mənim yuxudakı padşahlığım sənin xəlifəliyindən də üstündür.
- Nə təhər üstün ola bilər axı?
- Əvvəl-axır hamı öləcək. İndi sən xəlifəsən, oturmusan taxtda. Hamı sənin əmrinə müntəzir. Amma gün gələcək, başını qoyacaqsan, ayrılacaqsan bu dünyadan. Daha həmin yuxudan heç vaxt oyana bilməyəcəksən. Mən yuxuda padşah idim, sizinkilər oyatdı. Hərçənd padşahlığım əlimdən getdi, amma həyatım ki qaldı. Sənsə ölüm yuxusundan heç vaxt oyana bilməyəcəksən. Xəlifəliyin də, hökmdarlığın da o gedən gedəcək. İndi təsəvvür elə, müqayisə elə. Sənin hökmdarlığın üstündür, yoxsa mənim hökmdarlığım?
Haqlı idi Bəhlul. Onun hökmdarlığı bütün başqa hökmdarlıqlardan həmişə üstün olacaq. Çünki Bəhlulun hökmdarlığı düşüncənin hökmdarlığı idi, zəkanın hökmdarlığı idi. Bitməyən hakimiyyət! Bəhlulun hökmdarlığı sözün hökmdarlığıdır. Elə hökmdarlıq ki, heç vaxt sonu olmur!
27 yanvar 2025