Icma.az
close
up
RU
525 ci qəzet Xatırlamağın və unutmağın səsi Ramil Əhməd yazır

525 ci qəzet Xatırlamağın və unutmağın səsi Ramil Əhməd yazır

Ramil ƏHMƏD

Öncədən anlaşaq: musiqişünas deyiləm. Olsaydım, heç şübhəsiz, son iki ildir, mütəmadi olaraq əsərlərini dinlədiyim dörd azərbaycanlı bəstəkardan - Türkər Qasımzadədən, Tahir İbişovdan, Ayaz Qəmbərlidən, Səid Qənidən və əlbəttə, həm onları, həm də onlarla eyni dalğadakı başqa yaradıcı insanları birləşdirən "Cadenza" orkestrindən yazardım. Əslində, bu yazını heç mən yazmalı deyildim. Sadəcə bu bəstəkarların işlərini daha yaxşı anlamaq üçün hazırda oxuya biləcəyim təhlili yazılarla qarşılaşmıram. Elə o anda özüm bir şeylər yazmaq istədim: anlayaraq yazmaq və yazaraq anlamaq üçün. Ey ucsuz-bucaqsız azlıq, ardımca, növbəti abzasa...

PROTOKOL

Getdiyimiz hər yerdə tez bitməsini istədiyimiz protokol çıxışlar olur. Mütləq kimsə deyir ki, birinci və ikinci sıranı boş buraxın. Bu da bizim yazının protokol hissəsidir. Tədbirlərdə hansısa rəsminin çıxışını "2x" sürətində dinləmək şansı verilməsə də, ədəbiyyatın demokratik quruluşunda sizin digər başlığa keçmək hüququnuz var. Dekabrın 30-da Muğam Mərkəzində keçirilən "Cadenza" orkestrinin "Kiçik Dəniz küçəsi #2" adlı konserti keçirildi. Ən yeni peşəkar musiqimizi dinləmək fürsəti yaradan orkestrin ilin sonuncu konsertinin repertuarı dörd bəstəkarın əsərlərindən ibarət idi. Bu dörd bəstəkarın yollarının ilk dəfə kəsişdiyi, tələbəlik həyatlarının, ilk gənclik illərinin keçdiyi önəmli məkanlardan olan "Kiçik dəniz" küçəsi birləşdirici, başlanğıc funksiyasını yerinə yetirir. Konsertin adında məkana vurğu varsa, proqrama daxil olan əsərlərin əsas motivi zaman, zaman içində geri dönüşlər, dəyişimlər ön plandadır. İfa olunan əsərlərin bəzisi bir neçə müddət öncə yazılsa da, əksəriyyəti yeni bəstələr idi. Bir çoxu ilk dəfə ifa olunurdu. İndi oxuduğunuz bu yazını il ərzində bir-birindən fərqli və yeni musiqi əsərlərini dinləməyimizə vəsilə olan "Cadenza"ya - bu əsərləri yaradanlara və bizə çatdıran ifaçılara təşəkkür məktubu kimi də qəbul etmək olar.

ZAMANDA RƏNGLİ SƏYAHƏT

...Ötüb keçən zaman, "keçmiş" dediyimiz yaşanmışlıq necə də rəngarəngdir, deyilmi?! Səid Qəninin "Adagio"sunu dinləyərkən gözümün önündə birsəhnə canlandı: bir adam yavaş-yavaş, ağır addımlarla keçmişə səyahət edir. Keçmişə nəzər salmaq həmişə kaleydoskop effekti yaradır. Ömür tale adlı toxucunun tez-tez dəyişən müxtəlif rəngli naxışlardan hördüyü bir xalçadır sanki. Kaleydoskopda bu çoxrəngli fiqur kombinasiyasını yaradan içində bir-birinə baxan aynalardır. Həyatda da elədir, günlərimiz, rutinlərimiz, vərdişlərimiz, davranış qəliblərimiz bir-birinə güzgülənir hərdən. Amma bu güzgüdəki yansıma da orijinaldır, təqlid deyil. Bəstəkarın əsərin bəzi məqamlarında notların bir-birinə baxan ayna effekti ilə istifadəsi çox zərif bir məqam kimi yaddaşımda qaldı.

"Adagio" keçmişə səyahətin bir xülasəsi idisə, onun ardınca səslənən "Epizod" ötən gündə baş vermiş bir anı dondurub onu ən mikro hissələrinə qədər bölüb xatırlama cəhdidir. Əsərin qoboy üçün yazılmış hissələri bir anlıq insana bu keçmişə səyahətin təkcə şüur qatında yox, həm də alt-şüurda baş verdiyini hiss elətdirir. Sona doğru qoboyun pianonun qulaqlarına sərt şəkildə bir şeylər deməsi isə sonuncu çağırış kimi, hansısa amansız, tükürpədici bir həqiqətin son dəfə dilə gətirilməsi kimi səsləndi...

İTMİŞ ZAMANIN SORAĞINDA

Unutduğunu sandığın bir anda qəfil yolunun kəsişdiyi kiçik bir küçə, bəlkə, tanış qoxu, bəlkə bir əşya heç nəyin hafizəndən silinmədiyini xatırladır. Bəzən sən özün də ömrünün xronologiyasını hansısa nəsnələrlə, əşyalarla ard-arda düzürsən. Evin çox da gözə batmayan bir hissəsində altşüur kimi bir qutuya qoyulduğu, zaman-zaman açıb baxdığın bu fotoşəkillər, başqaları üçün heç bir məna ifadə etməyən, artıq praktik istifadəyə yararsız hala düşmüş kiçicik əşyaya baxıb uzun bir ili, bir ömrün həyati yolayırıclarını xatırlaya bilirsən. Bunu bəlkə də bir şeir də misra edə bilərdim, amma bura yazıram: əşyalar zehnimizin içindəki xatirələr seyfinin açarıdır... Əllə tutulması mümkün olmayan keçmiş uzun müddət xəyali bir şəkildə insan zehnində yaşaya bilməz, onun maddələşməsi qaçılmazdır. Uşaqlarımıza qoyduğumuz nənə-baba adları, ağ-qara/rəngli fotoşəkillər, saralmış məktəb gündəlikləri, qol saatları, uşaqlıq köynəkləri və sair keçmişi maddələşdirməyin nişanələri, onları yaşatmaq cəhdləridir.

Bəstəkar Ayaz Qəmbərli itmiş zamanının ruhunu cisimləşdirməyin çoxlu yollarından birini seçir əvvəlcə: əşya. Ancaq tək bir əşya fonunda məhdudlaşdırmaq istəmir: əntiq əşyalar. Sonra bir nəfərin şəxsi tarixçəsi fonuna sığışdırmamaq üçün dərəcəni bir qədər də artırır: əntiq əşyalar dükanı."Akvarel" silsiləsindən yazılan bu əsər solo piano üçün nəzərdə tutulub. Bu cümləni elə-belə informasiya olsun deyə yazmadım. Belə bir əsərin məhz solo olaraq nəzərdə tutulması strukturu tamamlayır. Heç cür təsəvvür etmirəm ki, belə bir əsər ansamblla ifa olunsun. İtmiş zamanın sorağı kollektivləşə bilməz. Eyni anın şahidi olan adamların həmin keçmiş məqama dönməsi solodur, təkdir, bircədir. Ortaq yaşadığımız məqama eyni rakursdan baxmaq, ümumən eyni anın içində olub onu eyni şəkildə tükətmək psixoloji, emosional, bioloji olaraq mümkün görünmür.

"Əntiq əşyalar dükanında" əsəri plastik, tunc və ya daş yaddaşına keçmişi həkk etmiş şeylər vasitəsi ilə itmiş zamanı soraqlayır. Dəfələrlə fərqli registrlarda, fərqli notlarla, fərqli dinamika ilə təkrarlanan "mi, re#, do#, re#" motivi unutduğunu sandığın bir anın zehində anidən parıldaması effektinə ekvivalent kimi səslənir. Fərqli not təkrarlarına rəğmən, motiv eyni tempə, ritmə və interval ardıcıllığına sabitlənib. Bir növ xatırlama anı necə baş verirsə versin, əşyanı harada unutduğuna dair ehtimal kombinasiyaları olsa da, o, elə həmin unutduğun məkana sabitlənib. Unudulanlar, yaşananlar, zamanın içindəki məqamlar yerini dəyişmir. Biz hafizənin oyunları ilə onların yerini ya dəyişirik, ya dəyişik salırıq. Təkrarlanan "mi, re#, do#, re#" motivi hər yeri ələk-vələk edib tapmadığın əşyanın yerini bir an - aha!!! - yadına salmaq məqamını xatırladır. Son bir ümidlə bu dəfə digər çəkməcəni açmağa gedirsən; bütün diqqətini toplayıb qarşında özünü sənə xatırladan naməlum tanışın həmin gün dediyi sözü dəqiqləşdirməyə cəhd edirsən və birdən hər şey yada düşür, özü də bütün təfsilatı ilə, hekayəsi ilə birlikdə!

"Elementlərin müqaviməti"də zamanın içində bir başqa itmişliyi xatırladır. Bu dəfə gərgin, daha isterik şəkildə. Diqqətlə dinləyəndə əsərin ifa çətinliyini sezirsən. Bəstəkar avanqardın bütün imkanlarını, imkansızlığını yoxlamağa cəhd edir elə bil. Bununla da xatırlama deyilən mexanizmin müşküllüyünü düşündürür. Bəzən violinin, bəzən violonçelin, bəzən pianonun dağınıq, gərgin səsi ilə belə bir atmosfer yaranır: kimsə stəkanı yerə çırpdı; pəncərəyə daş atdı; kimsə bütün ürəyini boşaltdı ardından qapını möhkəmcə çırpdı... Və qapının bu əsəbi çırpılışı cümlənin sonuna nida kimi düşdü!

DİALOQ: ÖTƏN GÜNLƏRLƏ SÖHBƏT

Bir az uzaqdan başlayıram: incəsənətimizin bütün növlərinə modernlik musiqi və rəssamlığımızdan daxil olub. Bu iki sənətin zamana çevik adaptasiyası, dünya ilə səsləşməsi, ondakı dəyişimləri tez bir zamanda duymaq və sənətə yansıda bilmək digər sahələrə görə daha sürətlidir. Burada səsin və rəngin ümumbəşəri kodlarının, tərcüməyə ehtiyacının olmamasının da əhəmiyyətli rolu vardır. "Nə üçün mən, son iki ildir, müasir bəstəkarların əsərlərini dinləməyə gedirəm" deyə özümdən soruşsam, cavabım bəllidir: dialoq. Eyni havanı udduğumuz, eyni səmanı paylaşdığımız, eyni siyasi, sosial, iqtisadi reallığı paylaşdığımız mənimlə yaşıd olan yaradıcı adamların dünyanı notlarla, səslə necə anlamlandırdığını, ətraf aləmlə olan dialoqunu eşitmək istəyirəm. Uzun söhbətdir, ancaq bugün yaşadığımız durğun yaradıcı mühitin ən önəmli problemi dialoqun olmamasıdır. Bu səbəblədir ki, böyük əksəriyyətində iştirak etdiyim konsertlərdə bir-iki ədəbi simadan, iki-üç rəssamdan başqa heç kimi görmürəm. Eyni şey digər tərəfdə də baş verir, kitab təqdimatlarında, poeziya günlərində, rəsm sərgilərində də bir-iki digər sahələrlə məşğul olan yaradıcı simadan başqa heç kəsi görmək olmur. Yaradıcı şəxs üçün vacib elementlərdən olan içə qapanma dörd yanımızı əhatələyib - hamı öz içinə həm də şəxsi olaraq qapanıb. Rəssam rəssamla, şair şairlə, bəstəkar bəstəkarla çəkib öz sərhədlərini. Bütün bunları xatırlamağıma səbəb Türkər Qasımzadənin soprano və gitara üçün yazdığı "Adil Mirseyidin sözlərinə iki nəğmə" əsəri ilə səs və söz arasında dialoq qurmasıyla bağlıdır. Üç misradan ibarət olan birinci şeir və onun davamı hissiyyatını ötürən bir qısa şeir Mirseyidin nəğmə kimi yazdığı sətirlərdir. Şairə görə, bu şeirlərin öx daxili intonasiyası, nəğməsi heç şübhəsiz varıydı. Bu şeirləri oxuyurakən o səsi eşitmək də bəlkə də yalnız bir bəstəkar mütaliəsində mümkün ola bilərdi. Türkər Qasımzadənin bu əsərinin yaranmasında intiutiv olaraq duyuram ki, əsas misralar, məncə, budur:

"Sən harada olacaqsan

Ötən gün geri gəlsə?"

İstər dil, istərsə də mövzu baxımından modern şeirimizin imkanlarını genişləndirən, şeirində səs və rəng elementlərindən geniş şəkildə istifadə edən A.Mirseyidin ən imkansız olanı - zamanı geri qaytarsa belə qeyri-müəyyən bir boşluğa düşdüyü məqamın təsviridir bu. Ötüb keçən zamanın içindəki "onun"yenidən yerini təyin etmək istəyi və ya sadəcə düşüncəsi. Kimə ünvanlanıb bu sual? Kimdədir ən doğru cavabı? Cavab nədir? Dialoq kimi görünən bir monoloq var qarşımızda. Bu iki misra bir qeyri-mümkün dialoq qurma cəhdindən başqa bir şey deyil sanki. Türkər Qasımzadənin əsərində də duyduğum bu idi: cavabsızlıq. Əsərin strukturunda sanki "ötən günlər" Mirseyidin şeiridir, "sən" Qasımzadənin musiqisi, ya da tərsinə. Cavabını kimsənin bilmədiyi, bəlkə bilsə belə ifadə olunmazlığın qeyri-mümkünlüyünün sintezi. Gitaranın gövdəsinə toxunaraq alınan səs şeirdəki qaranlıqda vurnuxan quşların qanad çırpması, hansısa boşluqdan maddi bir şeyə toxunuşuna harmonik olsa da, ümumən bu iki əsər arasındakı dialoq ənənəvilikdən çox kənardır. Bəstəkar bir şeir və gitara üçün yazılmış musiqi dedikdə klassik bir yanaşma ilə ağlımıza gələn fikri alt-üst edir. Müşkül olan gerçəkləşib - ötən gün gəlib çıxıb indiyə, amma oradakı o sevilənin, o əzizi-mənin yerini müəyyən edə bilməmək alt-üst olmaq demək deyilmi? Mahiyyətcə mümkünsüz bir dialoq üzərində qurulmuş, öz içinə dərviş kimi qapanmış bir Mirseyid şeiri ilə ən yeni musiqinin bütün imkanları yoxlamaq ehtirası, o dərvişi çiləxanasından çıxarıb meqapolislə dialoqa çağıran Qasımzadənin yaratdığı əsər...

ZAMANI UNUTMAQ

Keçən zaman ərzində bəlkə yanlış, bəlkə doğru olaraq Tahir İbişovun əsərlərini belə qavradım: əsərlərinin görünən tərəfindən çox görünməyənləri var, dünyəvi olanla metafizik olanın ahəngini tapmaq, yaratmaq istəyi var. Heç şübhəsiz, bu, sadəcə bəstəkarın istəyi kimi də qalmır, reallaşmış nümunə kimi dinləyiciyə təqdim olunur. Əlbəttə, dinləyici bu əsərlərin musiqi tarixi üçün əhəmiyyətli ustalığı, yeniliyi, fərqliliyini bəlkə bir o qədər duymur. Məncə, bu, sonacan bilinəcək bir şey də deyil, ya da olmamalıdır. Bir yazar olaraq mənim üçün də çox kədərli olardı ki, yazdığım bir mətni bir şərhlə, bir rəylə tükətmək, tam qavramaq mümkün olsun. Tahir İbişovun da çox sevdiyi klassik şairimizin sözlərinə müraciətlə deyim ki, ciddi sənət gərək "şərhü bəyana sığmasın".

Konsertin sonunda bəstəkarın simli orkestr üçün yazdığı "Ur-fani" adlı əsər ifa olundu. Əslində, bununla da konsertin birinci əsərdən sonuncuya qədər bəlli bir daxili nizamı olduğu, əsərlərin sıralanmasında da kompozisiya qurma, konsertə yeni bir məna çaları əlavə edilmə istəyi olduğu duyulur. Əsərin ad seçimiylə bəstəkarın yaratdığı mənanı konkretləşdirmək çətin olsa da, sözün məna yaxınlığı ilə istiqaməti müəyyən etmək mümkündür. "Ur" sözünün lüğətdə (1)puç, batil; (2)eyib, ar; (3)lüt, çılpaq kimi mənaları var. "Fani" sözü isə əbədi olmayan, müvəqqəti, keçici məzmunu ilə sabitlənib. Konsert boyunca mənim şərhimcə, biz zaman içində yaddaşın, hisslərin, yaşanmışlığın dalğalanmasını dinlədik;

Səid Qəninin "Adagio" və "Epizod"u bizə ötüb keçən zamana müxtəlif rəngli kaledoskopdan baxırmış kimi baxmağı təklif etdi;

Ayaz Qəmbərli "Əntiq əşyalar dükanında" və "Elementlərin müqaviməti" ilə itmiş zamanı əşyalarla maddiləşdirib anlamağa səslədi və bu anlamağın iki halını göstərdi, birincidə bu itkini təmkinlə qəbullanmağı, ikincidə isə onunla üzləşməyin nevrotik halını;

Türkər Qasımzadə "Adil Mirseyidin sözlərinə iki nəğmə"si ilə şairin "Sən harada olacaqsan/ Ötən gün geri gəlsə?" misrasını mərkəzə alaraq əslində məsələ zamanın itkisi yox, o zamanın içində itirdiklərimizlə dialoq yaratmanın atmosferini qurdu, sən demə, ən mümkünsüz olan ötən günlərin geri qayıtmaq fürsətinin olmaması deyilmiş, onlar geri də qayıda bilərmiş, amma, ancaq, lakin, fəqət bu qayıdışdan sonra oradakı adamların, əşyaların, xatirələrin yerini müəyyənləşdirmək necə mümkün olacaq, kim biləcək bu bilməcənin cavabını? Üstəlik, burada dəyişən sadəcə arzulanan deyil, həm də arzulayandır;

Tahir İbişov "Noktürn" gecə musiqisi ilə əvvəlcə dinləyicisini psixoloji olaraq hazırladı, ya da hazır olub-olmadığını yoxlamaq istədi. "Ur-fani"si ilə bütün bu zaman içində gedib-gəlmələrin puçluğunu, zaman deyilən şeyin keçiciliyini vurğuladı. Hər şey dəyişimin bir parçasına çevrilməyə, dəyişimə məhkumdur. Unutmaq da, unudulmaq da qaçılmazdır. Bu əsər bəlkə, bizi unutmağa köklədi; bəlkə, istəməsək də, unudacağımızı dedi; bəlkə də, öz metafizik axtarışlarıyla gəlib çıxdığı bir həqiqəti dilləndirdi. Bəlkə, elə, bəlkə də, yox. Amma bəlkəsiz sözün bütün mənalarında unutmadan yenilənə bilmək mümkünmü?

2025-ci il boyu zamanı da, özümüzü də, elə bu yazını da unudub yenilənə bilməyimiz diləyi ilə!

seeBaxış sayı:61
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri