Icma.az
close
up
RU
525 ci qəzet Yapon ədəbiyyatının sonuncu samurayı

525 ci qəzet Yapon ədəbiyyatının sonuncu samurayı

"İşıltılı çilçıraqlarla dolu böyük bir konqres salonunun tavanının arxasında da, siçan yuvasına bənzəyən daxma tavanının dalında da eyni ucsuz-bucaqsız ulduzlu səma var. Səfalət ilə tənhalıq, xoşbəxtlik ilə uğur bu ulduzlu səmanın altında tamamilə eyni şeydir".
Mişima Yukio

Əsl adı Kimitake Hiraoka olan Mişima Yukio XX əsr yapon ədəbiyyatının ən parlaq simalarından biri olmaqla yanaşı, dünya ədəbiyyatına da böyük təsir göstərib. Həyatı və yaradıcılığı dərin fəlsəfi, estetik və siyasi çalarlarla zəngin olan Mişima həm yazıçı, həm də ictimai fiqur kimi fərqli düşüncə tərzi, güclü yaradıcılığı və həyatının faciəvi sonu ilə yaddaşlara həkk olunub. Mişima Yukio 14 yanvar 1925-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində zadəgan ailəsində dünyaya gəlib. Mişimanın tərbiyəsilə 12 yaşına kimi nənəsi Natsuko məşğul olur, yazıçının şəxsi inkişafına və dünyagörüşünə güclü təsir göstərirdi. Natsuko şahzadə Arisuqava Taruhitonun evində böyümüş və aristokratik ambisiyalarını saxlamışdı. Nənəsi Mişimaya günəş işığına çıxmağa, idmanla məşğul olmağa və ya digər həmyaşıdları ilə oynamağa icazə vermirdi. Bəzi tədqiqatçılar Mişimanın ölümə olan heyranlığını Natsukonun təsiri ilə əlaqələndirirdilər. Mişima erkən yaşlarında zəif bədən quruluşuna malik olmasına baxmayaraq, intellektual zəkaya malik və çox istedadlı idi, yazı qabiliyyəti isə hələ məktəb illərindən etibarən özünü göstərməyə başlamışdı.

Mişima 1931-ci ildə Yaponiya aristokratiyası və yüksək rütbəli dövlət məmurlarının övladları üçün nəzərdə tutulmuş İmperator Sarayının Aristokrat Məktəbi olan Qakuşuin məktəbinə daxil olur. Hələ kiçik yaşlardan ədəbiyyata böyük maraq göstərən Mişima Qakuşuin məktəbində klassik yapon ədəbiyyatı ilə yanaşı, yunan mifologiyası, Reymon Radige, Oskar Uayld, Jan Kokto, Tomas Mann, Fridrix Nitsşe, Rayner Mariya Rilke kimi Avropa müəlliflərini heyranlıqla oxuyur və onlardan ilham alır. Artıq altıncı sinifdə oxuyan zaman Mişima məktəbin ədəbiyyat dərnəyinin redaksiya heyətinə qatılan ən gənc üzv olmuşdu. Gənc yazıçının Qakuşuin ədəbiyyat jurnalına ilk töhfələri əsasən hayku və vaka şeirlərindən ibarət olmuş, sonradan isə nəsrə diqqət yetirməyə başlamışdı. 1941-ci ildə, 16 yaşındaykən gənc yazıçının ilk "Çiçəklənən meşə" (Hanazakari no mori) adlı qısa hekayəsi müəllimi Fumio Şimizunun dəstəyilə "Bunqey bunka" ədəbiyyat jurnalında dərc olunur. "Mişima Yukio" ədəbi təxəllüsü də ona müəllimi və redaksiya üzvü Hasuda Zenmey tərəfindən yazıçının ailəsinin mümkün mənfi reaksiyalarının qarşısını almaq üçün verilir. "Mişima" dəmir yolu stansiyasının adı idi. F.Şimizu və H.Zenmey gənc yazıçıyla görüşmək üçün redaksiyaya gedərkən həmin stansiyadan keçmiş və Fuci dağının zirvəsində qarı (yuki) görmüşdülər. Beləliklə, "Çiçəklənən meşə" hekayəsinin müəllifi "Mişima Yukio" adı ilə ədəbiyyat aləminə, oxuculara təqdim olunur.

 Yazıçı kimi ilk addımlarını atan Mişima Yukio  üçün mentor rolunu oynayan Hasuda Zenmey jurnalın redaksiya qeydlərində Mişimanın istedadını yüksək qiymətləndirərək yazırdı: "Bu gənc yazıçı əbədi yapon tarixinin səmadan göndərilmiş övladıdır. O, bizdən çox gəncdir, lakin artıq tam formalaşmış bir yazıçı kimi ədəbiyyata qədəm qoyub".

1943-cü ildə Cənub-Şərqi Asiyada leytenant olaraq xidmətə çağırılan Hasuda vida zamanı Mişimaya deyirdi: "Yaponiyanın gələcəyini sənə həvalə edirəm". Həmin vida Mişimanın gələcək həyatına güclü təsir göstərir. Qeyd edək ki, Hasuda Zenmey 1945-ci ildə Yaponiyanın məğlubiyyətində imperatoru günahlandıran komandirini güllələyib öldürmüş, sonra isə özünü silahıyla vuraraq intihar etmişdi.

1944-cü ildə orta məktəbi sinif birincisi kimi bitirən Mişima atasının təkidilə ali təhsilini Tokio Universitetinin Hüquq fakültəsində alır. 1947-ci ildə məzun olduqdan sonra isə bir il Yaponiya Maliyyə Nazirliyində çalışır. Yazıçı ilk romanı olan "Oğrular" (Touzoku) əsərini universitetdə oxuduğu və nazirlikdə çalışdığı müddətdə qələmə almışdı. Mişima yenilikçi ədəbiyyat yanaşmalarını nümayiş etdirdiyi romanda cəmiyyət və fərdin əlaqələrini, dövrün dəyişən əxlaqi dəyərlərini və insanın öz yerini tapma mübarizəsini dərindən araşdırırdı. Mişima 1948-ci ildə nazirlikdəki işindən ayrılaraq tamamilə yaradıcılıqla məşğul olmağa başlayır. 1948-ci ildə nəşr olunmuş "Maskanın etirafları" (Kamen no kokuhaku) romanı ilə yapon ədəbi cəmiyyətində böyük şöhrət qazanır. Avtobioqrafik çalarlarla zəngin əsərdə fərdin cəmiyyətdəki rolu, insanın özünü qəbul etməsi və ya edə bilməməsi, mənəvi böhran kimi mövzulara toxunulur və yazıçının cəmiyyətdə öz yerini tapmaq üçün keçirdiyi daxili mübarizəsini əks etdirirdi. Mişima üçün yazıçılıq yalnız bir ifadə vasitəsi deyil, həm də özünü dərk etmə, mənəviyyatı sorğulama və insan ruhunun dərinliklərini araşdırmaq üçün bir alət idi.

Mişima Yukioya dünya şöhrəti qazandıran "Qızıl məbəd" (Kinkakuci, 1956) romanı olur. Əsər 1950-ci illərdə baş vermiş real hadisələrə əsaslanırdı. Romanın süjeti Yaponiyanın Kyoto şəhərində yerləşən məşhur Kinkakuci məbədinin bir rahib tərəfindən yandırılması ətrafında qurulub. Poetik üslubu və dramatik səhnələri ilə dünya ədəbiyyatında iz qoymuş Mişima tez-tez müraciət etdiyi şiddət, ehtiras, din və tarix kimi mövzuların bu romanda mükəmməl harmoniyasını nümayiş etdirir. Məbədin gözəlliyini vəsvəsə edən baş qəhrəman Mizoquçinin bu gözəlliyə sahib olmaq həvəsi onu dönüşü olmayan, dağıdıcı yola sürükləyir: "Tamamilə tək idim, Qızıl Məbəd hər tərəfdən mənim ətrafıma sarılmışdı. Kim kimə məxsus idi?! Mən Məbədə və ya o mənə? Bəlkə, biz ən nadir tarazlığa nail olmağı bacarmışdıq?! Məbəd mən oldu, mən isə Məbəd?" Mişimanın yaradıcılığına xas şəkildə gözəllik və ölüm anlayışlarının birliyi təsvir olunur, yazıçı gözəlliyi qavramağın yalnız ölüm vasitəsilə mümkün olduğuna inanır. Bu baxımdan, yazıçının "Maskanın etirafları" romanına epiqraf kimi Dostoyevskinin "Karamazov qardaşları" əsərindən verdiyi sitat çox diqqətəlayiqdir: "Gözəllik... dəhşətverici, qorxunc bir şeydir! Dəhşətverici, çünki o, tərifsiz bir şeydir, Tanrı bəzi bilməcələr ortaya atdığı üçün onu tərif etmək də mümkün deyil... Gözəlliyin sadəcə qorxunc olmaqla qalmayıb, eyni zamanda, sirlərlə dolu bir şey olması da qorxuncdur. Burada şeytan Tanrı ilə qarşı-qarşıya gəlir, döyüş meydanı isə insanların qəlbidir".

Yazıçı, şair, dramaturq, aktyor, model olan Mişima Yukio, eyni zamanda, ictimai fiqur, siyasi fəal idi. O, Yaponiyanın II Dünya müharibəsindəki məğlubiyyətindən sonra məcburən qəbul etdiyi konstitusiyanı və Amerikanın təsiri altında olan rejimi kəskin şəkildə tənqid edirdi. Mişima müharibədən sonrakı Yaponiyanın Qərb təsirləri altında öz ənənələrini itirdiyini düşünürdü. Bu səbəbdən, onun əsərlərində və ictimai çıxışlarında ənənəvi yapon dəyərlərini müdafiə etmək arzusu əsas yer tuturdu. 1968-ci ildə yaratdığı "Tatenokai" təşkilatı vasitəsilə gəncləri hərbi və mənəvi dəyərlərə yönəltməyə çalışırdı. Mişima real həyatında olduğu kimi, bədii yaradıcılığında da qatı milliyyətçi olaraq yapon milli dəyərlərinin itirilməsinə qarşı üsyan edirdi. 1968-ci ildə Nobel mükafatına namizəd olaraq göstərilən yazıçı əsərlərində müasir ədəbi üsullarla yapon ənənəvi elementlərini birləşdirir, intim və ölüm mövzusuna geniş yer verirdi. 1960-cı ildə qələmə aldığı "Patriotizm" adlı hekayəsində yazıçının milli düşüncələrinin ciddi şəkildə formalaşdığı meydana çıxırdı. Mişima yapon milli dəyərlərinin itirilməsinə, istehlakçılığa, amerikanizmə və Yaponiyanın getdikcə müasirləşən mədəniyyətinə, qlobalizmin qüvvələrinə qarşı üsyan edirdi. Mişima Yaponiyadakı iqtisadi rifahın yüksəlməsini yapon gəncləri üçün, getdikcə artan qloballaşmanı isə bütövlükdə yapon xalqı üçün təhlükəli hesab edirdi. BBC-yə verdiyi müsahibəsində qloballaşma əleyhinə samuray mədəniyyətini müdafiə edərək deyirdi: "Bizim qədim samuray mədəniyyətimiz var. Onlar ancaq şərəfləri üçün yaşayıblar və pul kimi dəyərlərə hər zaman yuxarıdan aşağı baxıblar. Mən samuray ruhuyla yaşamaq istəyirəm. Harakirinin özünü yaşatmaq istəmirəm, ancaq harakirinin yüksək üfüqləri ilə gənc nəslə stimul vermək istəyirəm. Bu stimulla mən şərəf duyğusunu, böyük məsuliyyət duyğusunu və şərəflə ölmək kimi ənənələri yaşatmaq istəyirəm. Mənim hədəfim budur".

1960-cı illərin sonlarına doğru Yaponiyada, demək olar ki, bütün universitetlərdə tələbə hərəkatları başlayırdı. Ali məktəblərin dörd bir yanına barrikadalar quran tələbələr idarəçilik sisteminin dəyişməyini istəyirdilər. "Bu gənc insanlar həm yalnız mənfəət güdən daxili siyasəti, həm də Amerikanı dəstəkləyən xarici siyasəti şiddətlə qınayırdılar. Bu vəziyyət ictimai sistemin təməlində bir yara kimi duran  qeyri-stabilliyi coşdurmuşdu" (Şuiçi Kato). Lakin hərbi qüvvələrin köməyi ilə cəmiyyətin ənənəvi quruluşuna qarşı mübarizə aparan tələbə qiyamları məğlubiyyətə uğradılmışdı. Bu hadisələr zamanı ən yadda qalan üsyanlardan biri yazıçı Mişima Yukio tərəfindən çevrilişə cəhd etmək olmuşdu. Dostları ilə birlikdə Özünümüdafiə Qüvvələri qərargahına daxil olan Mişima əsgərləri üsyana qaldırmaq və hökuməti devirmək istəyirdi. Lakin istəyinə nail ola bilmir, hadisələrin canlı şəkildə televiziyada yayımlandığı vaxtda intihar edəcəyini söyləyir və komandirin otağına dönərək harakiri tərzində intihar edir. 1970-ci ildə 45 yaşındakı Mişimanın məğlubiyyəti təmsil etdiyi cəmiyyətin məğlubiyyəti kimi qəbul olunurdu.

1988-ci ildə Mişima Yukionun xatirəsinə ədəbi mükafat yaradılır. Bu, Şinçou Ədəbiyyat və İncəsənətin İnkişafı Dərnəyi tərəfindən hər il "ədəbiyyatın gələcəyi üçün yeni zəmin yaradan" bir əsər üçün təqdim edilən mükafatdır. Mükafatın miqdarı bir milyon yen təşkil edir.

Yapon ədəbiyyatının ən unikal ədəbi simalarından olan Mişima Yukionun həyatı və yaradıcılığı ənənə ilə müasirliyin, gözəlliklə ölümün toqquşduğu bir dünya yaradır və oxucularını bu dünyanı araşdırmağa dəvət edir.

Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

seeBaxış sayı:49
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri