Icma.az
close
up
RU
525ci qəzet Boşananları bağışlamaq olarmı?! Şahanə Müşfiq yazır

525ci qəzet Boşananları bağışlamaq olarmı?! Şahanə Müşfiq yazır

Şahanə MÜŞFİQ

Hər zaman qəribə qərarları ilə seçilən Şimali Koreya lideri Kim Çen In bu dəfə də bir sıra yasaqlarla bağlı əmrlər imzalayıb. Onun budəfəki sərt göstərişlərinin ailə məsələlərinə də dəxli var. Xarici medianın verdiyi məlumata görə, Kim Çen In boşanan cütlüklərin "cinayətlərinin" ən yüksək qiymətini ödəmələri üçün əmək düşərgələrinə göndərilməsini əmr edib.

İqtisadi çətinliklər ailələrdə gərginliyi artırdığı üçün COVID-19 pandemiyası zamanı vəziyyət daha da pisləşmişdi. Günbəgün artan boşanmalar da heç şübhəsiz, cəmiyyətdə ailə dəyərlərini ciddi şəkildə zədələyir. Ölkədəki boşanma indi antisosial bir hərəkət sayılır və hər iki keçmiş həyat yoldaşının altı aya qədər əmək düşərgəsində qalması tələb olunur. Qadınlar üçün müddət uzadıla bilər ki, bu da gender bərabərsizliyini artırır. Əvvəllər yalnız boşanma təşəbbüskarı, hətta iş zorakılıq hallarına aid olsa belə, məsuliyyət daşıyırdı.

Cənubi Pyonqan əyalətində üç ay işlədiyini iddia edən boşanmış qadınların kişilərdən daha ağır cəzalara məhkum edildiyi bildirilib. Rayon əmək düşərgəsində təxminən 80 qadın və 40 kişi məhbus var. Təxminən 30 kişi və qadın boşanma əmrlərinə görə həbs edilib, qadınlar daha uzun müddətə cəza çəkirlər.

Hətta bu yaxınlarda Kimçonsuk dairəsinin məhkəməsi boşanma şəhadətnaməsi verdikdən sonra 12 nəfəri düşərgələrə göndərib. Ancaq görünür, ağır cəza və Koreya Fəhlə Partiyasından qovulma təhlükəsi ilə bağlı təhdidlər belə hələ öz işini görməyə kifayət etməyib. Çünki hələ də ölkədə boşanmalar nadir hala çevrilməyib.

lll

Bu məlumatdan yola çıxaraq, dünya tarixində boşanmalara sivilizasiyalar üzrə yanaşmaları araşdırdıq və məlum oldu ki, Şimali Koreya heç də buna qadağa qoyan ilk ölkə deyil.

Qadın hüquqlarına hörmət göstərməklə tanınan qədim misirlilərdə boşanma haqqı kişinin səlahiyyətində idi. Makedoniyalıların Misiri istilasından sonra hüquq sahəsində meydana gələn dəyişikliklər nəticəsində qadınlara da boşanma haqqı verilir ki, bu da onları yunan hüququna yaxınlaşdırır.

Çin hüququna görə, boşanma qarşılıqlı anlaşma və razılıqla ola bilərdi. Ailədə zina problemi yaşanmış olarsa, boşanma məcburidir.

Qədim Brehman hüququnda fərqli nikah şəkilləri vardı. Ər-arvad hər biri müəyyən səbəbdən boşanma tələb edə bilərdilər. Çünki onlar bərabər hüquqlu idilər. Pis, hiyləgər, sərt ürəkli bir qadını həmin an boşamaq mümkün idi.

Romada isə ailə birliyinin pozulması iki cür ola bilərdi:

Birincisi, tərəflərin özündən asılı olmayan səbəbdən nikahın pozulması. Məsələn: ölüm, əsir düşmək, vətəndaşlıq hüququnu itirmək və sair.

İkincisi isə, qadın və ya kişinin hər hansı birinin tələbi ilə nikahın pozulması. Lakin bu, müasir hüquqda olduğu kimi, məhkəmə ilə bağlı deyildi.

Romada manuslu və manussuz evlilik deyə anlayışlar vardı ki, onların boşanmaları da fərqli idi. Kişi hakimiyyəti ilə bağlı olan (manuslu) evlilik qızın satın alınıb kişi ilə bir il yaşadıqdan sonra evli sayılması idi. Burada boşanma ancaq kişinin istəyi ilə olurdu. Kişi hakimiyyəti ilə bağlı olmayan (manussuz) evlilikdə isə hər iki tərəfin arzusu ilə boşanmaq mümkün idi.

Romada getdikcə manussuz evlənməyə üstünlük verilirdi və bununla da boşanma halı getdikcə yayılırdı. Səbəbsiz boşanmalara mane olacaq hökmlər isə yox idi. Sonralar evlilərə müəyyən məcburiyyətlər qoyulsa da, bunun heç bir təsiri olmamışdı.

Xristianlıq boşanmanı qəti qadağan etmişdi, bu dinə görə, nikahda iki bədən bir və ayrılmaz sayılır, Allahın birləşdirdiyini ayırmaq isə haram hesab edilirdi. Bu prinsiplə uzun əsrlər katolik kilsələri boşanmanı qadağan edib.

Halbuki alman hüquqşünası öz əsərində çox haqlı olaraq demişdi: "Bir yerdə yaşamaqları mümkün olmayan ərlə arvad arasındakı evlilik sadəcə əzab və işgəncə olmaqla qalmaz, ruhi təkamülə də mane olar və böyük istedadları heçə endirər. Bu məcburi evlilik nə əxlaqa, nə mədəniyyətə, nə də sosial əlaqələrə ziyansız ötüşər. Bu cür sevgisiz ailələrdə ancaq problemli uşaqlar böyüyər. Əgər bu qanun davam edərsə, çıxılmaz qəfəsə bənzəyən evlilik insanları qorxudar və heç bir şüurlu insan bilə-bilə qəfəsə daxil olmaz".

Boşanmaq İslam dinində evlilik davam etməzsə, baş vurulan son çarədir. İslam barış dinidir. İslam dinində məcburiyyət yoxdur. Bu din "bədən həbs edilə bilər, amma ruh azaddır" - deyə buyurur.

Boşanmanın tarixindən də göründüyü kimi, bu kimi qadağalar heç də ilk deyil. Hətta 2019-cu ildə Hindistan parlamenti müsəlmanların "ani boşanma" təcrübəsini (üç dəfə "talaq") qadağan edən qanun qəbul edib.

Qanuna əsasən, bu əməl artıq cinayət tərkibli kimi müəyyən edilir və 3 il azadlıqdan məhrum edilməklə cəzalandırılır.

İslama görə, üç dəfə "talaq" deməklə kişi rəsmi prosedur olmadan öz həyat yoldaşı ilə nikahını poza bilər. Bu təcrübə 2017-ci ilin avqustunda Hindistanın Ali Məhkəməsinin qərarı ilə qanunsuz hesab olunub, lakin qadağa yalnız hökumətin fərmanı ilə nizamlanırdı. Qeyd olunur ki, müxalifət uzun müddət bu qanunun qəbul edilməsinin əleyhinə çıxıb.

Çox təəssüf ki, son illərdə ölkəmizdə də bu sahədə vəziyyət ürəkaçan deyil. Hər ilin statistikasına nəzər saldıqda, nikahların sayının azaldığı, boşanmaların isə ya artdığı, ya da ən yaxşı halda dəyişmədiyi görünür. Təbii ki, bunun da sosial-iqtisadi, psixoloji səbəbləri var. Bu gün Şimali Koreya nümunəsindən çıxış edərək mütəxəssislərdən məhz bunu soruşduq: "Son zamanlar dünyada boşanmaların sayı niyə artır və çarə, həqiqətən, boşanmanı qadağan etməkdirmir?"

Tanınmış psixoloq, Yaşam Psixoloji Təlim-Tədris mərkəzinin rəhbəri Könül Cəfərova deyir ki, boşanmalar bu gün bütün dünyada olduğu kimi, cəmiyyətimizin də ən yaralı, ən həssas mövzusudur: "Bu gün boşanmalar hədsiz dərəcədə çoxalıb. Danmaq olmaz ki, bəzən boşanmağın məcburiyyət, son çarə olduğu məqamlar da var. Amma bəzi insanlar da sırf öz azadlıqlarına görə, öz həyatlarını daha sərbəst yaşamaq istədikləri üçün bu addımı atırlar. Biz bunu praktiki olaraq ailə terapiyalarımız zamanı müraciət edən həm qadınlarda, həm də kişilərdə görürük. Ailədə hər hansı problemin həllini yalnız boşanmada görən cütlüklərimizin sayı-hesabı yoxdur. Təəssüf ki, bu, günbəgün azalmaq əvəzinə, artmaqdadır. Şimali Koreyada qoyulan bu qadağa kimi, boşanmalara qadağa qoyulması, ya da boşanmaq istəyən cütlüklərin böyük imtiyazlar ödəməsi kimi qanunlar bütün dünyada olduğu kimi, Azərbaycanda da bəlkə ailə institutunun dağılmamasına gətirib çıxara bilər. Bir tərəfdən mən boşanmaların səbəbini cütlüklərin bir-birini daha yaxşı tanımadan, psixoloji maska taxaraq, ən yaxşı cəhətlərini göstərərək evlənməsində görürəmsə, digər tərəfdən ailədəki anlaşılmazlıqlarda, 3-4-cü şəxslərin ailəyə müdaxiləsində, məişət zorakılığında, ünsiyyətsizlikdə görürəm. Bu gün sosial şəbəkələr həm həyatımızı asanlaşdıran, həm də darmadağın edən vasitədir. Əgər fikir versək, bu gün xəyanətlərin, boşanmaların, qadınların azad olmaq istəyinin, ailəsinə diqqət göstərməyib kənarda kimlərəsə pullar xərcləyən kişilərin sayı gündən günə artır. Burada sosial şəbəkələrin rolu heç də az deyil. Yəni bu gün boşanmalarda günah hər iki tərəfdə eyni dərəcədədir. Günahı olmayan yeganə varlıqlar uşaqlardır ki, bu zaman ən çox əziyyət çəkən də elə onlar olurlar. Əvvəllər insanlar problemi həll etməyə çalışırdılar. İndi isə o problemi oradaca qoyub, üzünü çevirib getməyi üstün tuturlar.

Statistik göstəricilərə görə, sevgi ilə ailə quran cütlüklər problemlərə müəyyən qədər dözüb, öhdəsindən gəlməyə çalışırlar. Amma ailə müdaxiləsi ilə, ananın tapdığı adamla evlənən insanlar isə dözmək istəmirlər, ilk fürsətdə getməyi seçirlər. Evliliyin yaş həddi olmur. İnsan evliliyə, başqa bir insanla bir evi paylaşmağa hazır olmalıdır.

Bəzi evliliklər var ki, orada tək çarə boşanmaqdır. Bəli, bu ailə dağılmağa məhkumdur. Ancaq bəzi ailələr də var ki, onlar qorunub-saxlanarsa, həqiqətən ailə ola bilərlər, neçə-neçə uşaqlar da ata-anasız qalmaz. Bu cür ailələrin sayı çoxdur. Bu mənzərənin yaranmasında hər birimizin rolu var. Biz boşanmağı deyil, onun çətinliyini, ailənin müqəddəsliyini, atadan, anadan ayrı yaşamağın uşaq psixologiyasında yaratdığı travmaları təbliğ etməli, anlatmalıyıq. Natamam ailələrdə sağlam şəxsiyyət yetişə bilməz".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Tural Hüseynzadənin sözlərinə görə, boşanmalar bu gün ümumbəşəri problemə çevrilib: "Dünyanın bir çox ölkələrində vətəndaş nikahı olmasına baxmayaraq, orada belə boşanmaların sayında artım var. Bizdə bu cür yanaşma yoxdur, amma birlikdə uzun illər yaşayan tərəflər də sonradan evlənməyə qərar versə belə, yenə boşanmaların sayında artım var. Boşanmalara qarşı dövlətin apardığı siyasət profilaktik və boşanmaların qarşısını almaq üçün çıxış yollarının tapılmasıdır. Boşanmaların səbəbi kimi bir çox iqtisadi amillər, kənar müdaxilələr, qarşılıqlı anlaşılmazlıq göstərilir. Amma səbəblərin doğurduğu nəticədən yola çıxıb problem həll etmək əvəzinə, səbəblərin başladığı hissədə məsələnin həllinə nail olub boşanmanın qarşısını almaq olar.

Bizim cəmiyyətimizdə qarşımıza çıxan ən böyük problem kənar müdaxilə kimi qiymətləndirilir. Bilirsiniz ki, Azərbaycanda təkcə iki gənc evlənmir, onların qohumları da bir ailə olur və cütlüklər evlənərkən məcburən qohumlarının münasibətlərini də tənzimləməlidirlər. Ona görə də kənar müdaxilə qaçınılmazdır.

Münasibətlərin tənzimlənməsində sərt qadağalar heç zaman çarə ola bilməz. Sizin də qeyd etdiyiniz nümunədəki kimi, boşanmanın qadağan edilməsi həll yolu deyil. Bu, birbaşa insan hüquqlarının pozulmasıdır. Necə ki, insan öz iradəsi, könüllü istəyi ilə sərbəst şəkildə nikaha daxil olmaq hüququna malikdirsə, nikahı pozmaq hüququna da malik olmalıdır.

Boşanmaların sayının azalması, qarşısını almaq üçün hansısa qaydaların sərtləşdirilməsi də çıxış yolu deyil. Ən yaxşısı maarifləndirmədir. İndiki dövrümüzdə insanlar ortaya çıxan problemlərin həllinə yönəlmək əvəzinə, onu bitirməyə yönəlirlər. Boşanmaq ilk çarə deyil, ən son variantdır. Ona görə də o problemləri həll etmək üçün gediləcək yolları müəyyənləşdirmək, çıxış yollarını tapmaq lazımdır. Biz Komitə olaraq gənc cütlüklərin, yeni ailələrin maarifləndirilməsi üçün davamlı olaraq müəyyən layihələr, tədbirlər həyata keçiririk. Çünki heç bir qadağa, heç bir qanunun sərt üzü bu məsələləri həll edə bilməz".

seeBaxış sayı:64
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri