Icma.az
close
up
RU
525ci qəzet Cinayət və cəza Tel­man Oru­cov yazır

525ci qəzet Cinayət və cəza Tel­man Oru­cov yazır

Telman ORUCOV

(Əvvəli ötən çərşənbə sayımızda)


Müasir həbsxanalarda da qəddarlar, Balanda kimi iyrənc nəzarətçilər heç də yoxa çıxmamışlar. Bəziləri dustağın qohumlarına gəlir mənbəyi kimi baxır, görüşə görə onlardan rüşvət alırlar. Dustağa evdən gətirilən xörəyə də "şirə məxsus pay" kimi şərik çıxırlar. Onlar "Balanda" əhvalatından nəticə çıxarsalar, dustaqların nifrətinə sahib olmalarını dayandırarlar. 

Lakin nəzarətçiləri bütünlüklə qaralamaq da düzgün deyildir, insafsızlıqdır. Həbsxana rəisləri və nəzarətçiləri arasında əsl humanistlər, filantroplar heç də az deyildir və onlar hörmətə layiqdirlər. 

Tanınmış yazıçı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən SSRİ rəhbəri N.S.Xruşşova göndərdiyi məktubda donuz və eşşək şəkilləri çəkmiş, altında müvafiq olaraq Xruşşov və Mikoyan sözlərini yazmışdı. Bir müddət sonra DTK işçiləri universitetə gəlib, onu auditoriyadan götürüb aparmışdılar. Onlar qrafologiya metodundan istifadə edərək, məktubun müəllifini üzə çıxarmışdılar. Buna təəccüblənmək lazım deyildir. Rumıniya diktatoru Nikolae Çauşesku özü haqqında yazılmış məktubun müəllifini tapmaq üçün, ölkədən az deyil, min yazı maşınkasını yığdırmışdı.

Məhkəmə tələbəni 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Dustaqlara qohumları xörək, ərzaq gətirdikləri halda, bu kasıb tələbənin uzaq rayonda yaşayan valideynləri bir dəfə də olsun onu görməyə gəlməmişdilər. Dustaqxana rəisi olan Muradəliyev soyadlı nəcib adamın nəzərindən bu yayınmamışdı, ona görə də evdən özünə gətirdiyi xörəklə birlikdə tələbə dustağın da payını nəzərə alır və onu öz kabinetində yeməyə məcbur edirdi. Sonralar tələbə dustaq həbsdən azad olunub, universitetə bərpa edildi, romanlar çap etdirməklə yazıçıya çevrildi. Lakin o, heç vaxt həbsxana rəisinin ona qayğıda ifadə olunan yüksək alicənablığını yaddan çıxarmırdı, onu dərin ehtiramla xatırlayırdı. 

Dustaqxanalar son vaxtlarda həm də qəribə dini təhsil ocağına çevrilmələri ilə də öyünə bilərlər, bu məcburi həyat universitetləri auditoriyası özgə təyinatlı məkanından xeyli sayda dindar məzun buraxır. Cəzaya məhkum edilmiş bəzi din xadimləri, dustaqların bekarçılıqdan yaranan depressiyasına son qoymaq üçün, onları namaz qılmağa, bəzi Quran ayələrini əzbərləməyə öyrədirlər. Dustaq edilmiş bir siyasi xadim onunla bir kamerada dözülməz sıxlıqda yaşayan şəhər məscidlərindən birinin axundu Hacı Əbdülün bu sahədəki fəaliyyətini çox tərifləyirdi. Kameradakı dustaqlar növbə ilə az müddətdə yatırmışlar, bu şərait də onları daha artıq əzirmiş. Bunu hiss edən axund onların dini təhsili ilə məşğul olmağa başlamış, yaranan ümidsizlikdən onları xilas etməyi bacarmışdı. Bunu söyləyən adam da, həmin axund da indi həyatda yoxdur. Lakin dustaqxanadakı müsbət həmrəylik ruhunu ifadə edən bu əhvalat dillərdə dolaşmaqda davam edir. 

Cəzalar törədilən cinayətə cavab kimi təqdim edilir və onun məqsədlərindən biri cinayətlərin sayının mümkün qədər azaldılmasıdır. Həm də potensial caniləri xəbərdar etməkdir ki, onlar cəzadan yayına bilməyəcəklər. 

Məhkəmələr də səhvə yol verdikdə, adamların həyatına, xoşbəxtliyinə zərbə vurur. Əvvəllər əslində saxta olan ağır cəzalar hətta onların həyatına son qoyurdu. ABŞ-da məhkum edilənlərin bir neçə il sonra təqsirkar olmadığı aşkar edilir və onlar dustaqlıqdan azad edilirlər. Lakin elektrik stulunda səhv nəticəsində canlarını tapşıranları artıq yenidən həyata qaytarmaq mümkün olmur. Məhkəmənin, daha doğrusu, jürinin, hakimin səhvi günahsız insanın cəzalanmasına səbəb olduğu kimi, əsl təqsirkarın da cəzadan yayınmasına yol açır. 

Qanunlar cinayətkarlığa qarşı mübarizədə 

Cinayət qanunçuluğu da bu xəstəliyə qarşı mübarizədə mühüm rol oynayır. Qanunverici orqan da qanunların hazırlanmasında və qəbul edilməsində yüksək məsuliyyət daşıyır. Mahiyyətə sahib olmamaqla, qanun öz yol göstərməsi ilə məhkəmə səhvlərinə şərait yaratmamalıdır. Qanun bütün cəmiyyət üzvləri, hamı üçün eyni təsir gücünə və tətbiq edilmə imkanına malik olmalıdır.

Qanunlar dövrün tələbinə uyğun olmaqla yanaşı, həm də onlar, uzun müddət fəaliyyət göstərmələri üçün strateji təfəkkürə arxalanmalıdır. Qanun heç də qaralama yazı deyildir ki, onu istənilən vaxt düzəlişə məruz qoyasan. Qanun dövlət siyasətinin vacib hissəsi olduğundan, onun meydana gəlməsinə mühüm qayğı bəslənməlidir. Qanunlar gələcəyə istiqamətlənmiş bu günün ümdə tələblərini və müsbət qaydalarını əks etdirməlidir, geriliyin, anaxronizmin təsirinə heç cür yol verməməlidir. Xalqın öz keçmişinə, ənənələrinə hörmət bəsləməsi, onun həyatında yaşamaqda davam etsə də, qanuların mətnində özünə yer tapmamalıdır.

 Ənənələr, miflər qanun yaradıcılığında arxa plana keçməlidir. Mif bəzi canlılara da müqəddəslik verməklə, onlara xüsusi qayğı göstərir. Qədim Çində qurbağalar müqəddəs sayılırdı, qurbağanın quruldaması yağış yağacağından xəbər verirdi. Yağış isə əkinçi üçün ən qiymətli hədiyyə idi. Qurbağa az qala səma cisimlərinə bərabər sayılırdı. Müasir çinli üçün bu həşarata aludəçilik keçmişdə qalmışdır. Çinlilər bəlkə də yeganə xalqdır ki, əsrlər boyu dini ehkamları və baxışları inkar edərək, əxlaq normalarının kvintessensiyası saydıqları Konfutsi təlimini, onların daha canlı əvəzedicisi kimi qəbul etmişlər. Bu, həm də xalqın həyatına din bayrağı altında cəhalətin müdaxiləsinə yol verilməməsinə əsasən şərait yaratmışdır. Çin Xalq Respublikasının qanunları miflərin və dini baxışların təsirindən çox uzaqdır.

Bəzi xalqların mifləri cəmiyyət üzvlərinin davranışına mənfi təsir göstərməmiş qalmır. Mif adı altında həm də cəhalət böyük gücə yiyələnir. Qərbi Afrika ölkələrində ilan, miflər tərəfindən müqəddəslik qazandığına görə, onu öldürəni hökmən edam cəzası gözləyirdi. Zəhərli ilanın məhvi mükafat əvəzinə, insanın öldürülməsi ilə nəticələnirdi. Cinayətkar da cəmiyyət üçün ilana bənzər bir rol oynayır, onun orqanizmini zəhərləyir. Bəzi xalqlarda ilana xüsusi qayğı göstərildiyi kimi, caniyə də ifrat ədalətlilik göstərmək, bəzən onu cəzadan uzaqlaşdırmaq cəhdi yalnız böyük zərər vura bilər.

XXI əsr həyatda süni intellektin geniş yayılmasına yol açmaqla, dini ehkamların nisbi dominantlığına ağır zərbə vuracaqdır. İnsan özü hansısa yaradıcıya ehtiyac duymadan, istənilən canlı aləm nümunələrini yaratmağa özü qadir olacaqdır. Öz məchulluğu ilə böyük təsir gücünə malik olan Göylər də əvvəlki sitayiş cazibədarlığını xeyli dərəcədə itirməli olacaqdır.

Qanunun hərfinə və ruhuna əməl edilməsi ilə yanaşı, törədilən cinayətin baş verdiyi şərait, motivlər və cinayət etmiş adamın şəxsi keyfiyyətləri, onun psixiki durumu da öyrənilməklə, nəzərə alınmalıdır.  Axı bəzən cinayətin yaranmasında mühit də öz təsirini göstərməmiş qalmır. Cinayət heç də boşluqda baş vermir, onun əmələ gəlməsində başqa faktorlar da iştirak edir.

Qanun icra vasitəsi ilə öz gücünü və ədalətliliyini göstərir. Bu mühüm sənəd dövlətin adından elan edilir. Qədim Romanın böyük şairi Horatsi yazırdı ki, "Caelo tanantem credidimus Jovem Reqnare" - "Göydə ildırım çaxması, Yupiterin hökmranlığına bizi inandırır". Qanun icra edildikdə, heç də ildırımdan zəif səslənmir və dövlətin sarsılmaz iradəsindən xəbər verir. İldırım əgər Yupiteri yada salırdısa, qanun isə birbaşa dövlətin adından elan edilir. Dövlət isə yalnız xalqın səsinə əsaslanır. Yenə də Qədim Roma zərb-məsəli köməyə gəlir: "Vox populi - vox Dei" - "Xalqın səsi - Allahın səsidir".

Ona görə də qanunun düzgün icra edilməsindən də çox şey asılıdır. Musiqiçiyə yaxşı musiqi aləti lazım olduğu kimi, alət də yaxşı musiqiçi əlində daha təsirli səslənir. Yaxşı qanun pis icra edildikdə, öz məzmununu və mahiyyətini itirir, hərfini və ruhunu dəyişmiş olur. Qanunlar ədalət prinsipindən, obyektivlikdən uzaqlaşdıqda, hökmən qanunsuzluğa yol açır. Onun icrasından hansısa bir seqment deyil, bütöv cəmiyyət ziyan və əziyyət çəkir. Bunu nəzərə aldıqda, ədalət qanundan yuxarıda dayanır, çünki qanun qəbul edildikdə, hansısa bir dolayı məqsəd güdülməsinə yol verilməsi, onu hökmən gözdən salır.

Hakimlər hökmü qanuna əsaslanaraq çıxarırlar, onların səhv etməyə haqları yoxdur. Hökm istintaq materialına əsaslanır, lakin bu o demək deyildir ki, hakim müstəntiqin rəyini Quran ayəsi kimi qəbul etsin. Məhkəmənin hökm çıxarması mexaniki deyil, məhz yaradıcı işdir, hakim bunu bacarmalıdır. Hakimlər, yaxşı olar ki, qədim romalıların "Memento mori" maksimasını - "Ölümü yaddan çıxarma" prinsipini daim xatırlasınlar. Rəvayətə görə, hətta triumfda addımlayan Yuli Sezarın arxasında həmişə bir qul gedirdi və onun qulağına "Memento te esse mortalem" - "Yaddan çıxarma ki, sən ölərisən" deyirdi. Hakimlərə isə bu həqiqəti başqası deyil, özləri daim təkrar etməlidirlər. Bu xəbərdarlıq onları səhvlərdən hifz edə, həm də adamların taleyinə qanun çərçivəsində həssaslıqla yanaşmağa sövq edə bilər.

Cəza çəkənlərin ləyaqət hissi gözlənilməlidir

Cəza heç də sərtliyi ilə öyünməməlidir, onun qiyməti obyektivliyində və ədalətliliyində üzə çıxır. Azadlıqdan məhrum edilmə barədə hökm, cəza çəkənin və məhkum edilənin alçaldılmasına yol verməməlidir. Onun sərbəstliyinin məhdudlaşdırılması insan haqlarına hansısa bir şəkildə zərbə vurmamalıdır. Cinayət heç vaxt özünü əvvəllər törədilən kimi göstərmir, daim orijinallığı ilə seçilir. Axı tarixdə də heç bir hadisə mütləq dəqiqliklə təkrar olunmur. Ona görə də hakimlər Birləşmiş Ştatlardakı kimi keçmiş presedentlərə deyil, yalnız qanuna əsaslanmalıdır. Özündən razılıq, təcrübəsinə güvənmək hakimə yalnız pis xidmət göstərə bilər. Cinayətkara gəldikdə, o, çox vaxt cəsarətinə görə deyil, qorxaqlığına görə qanunu pozmaq yoluna düşür.

Dustağın ləyaqətinin tapdanmasına yol verilməsi insan haqlarının kobud surətdə pozulmasıdır. İttiham olunana və dustağa heç bir şəkildə işgəncə verilməməlidir. Dustağı hədələmək də yolverilməz bir qəbahət sayılmalıdır. Fransada II Dünya müharibəsi vaxtı Peten hökumətinin polisi, həbs edilmiş antifaşist qadının güllələnməkdən qorxduğunu hiss edib, ona demişdi ki, bizdə güllələnməkdən də betər daha dəhşətli cəza növləri vardır. Lakin polisin öz aqibəti də acınacaqlı oldu. Almanlar Fransadan qovulduğu kimi, onlarla əməkdaşlıq edən Vişi rejimi də məhv oldu. Xainlər, almanlara qulluq göstərənlər layiqli cəzalarını aldılar, lakin onlar yalnız qanun qarşısında cavab verməli oldular. Onlara qarşı başqa bir dəhşətli cəza növü tətbiq edilmədi.

Dustağın şəxsiyyətinə hörmət edilməməsi, həmin ölkədə insan haqlarının pozulmasının əyani göstəricisidir. İşgəncələrlə yanaşı, dustağın mənəvi dünyasına həmlə, İspaniyadakı biabırçı inkvizisiya ənənələrinin reinkarnasiyası sayıla bilər. Müasir cəmiyyətə inkvizisiya prinsiplərinin ayaq açması, dövlətin Əsas Qanununa - Konstitusiyaya məhəl qoyulmamasından xəbər verir. Konstitusiyaya xəyanət isə dövlətin dayaqlarının zəifləməsinin, eroziyaya uğramasının göstəricisidir.

Dustaqxanaya gəldikdə, onun nəzarətçiləri öz təlimatlarına ciddi surətdə riayət etməlidirlər, ona əməl edilməyəndə, nəzarətçi öz səlahiyyəti daxilindəki fəaliyyəti ilə məşğul olmaq əvəzinə, sui-istifadəyə yol verir və qanunu kobud surətdə pozmuş olur.

Dustaqxana cinayətkara təlqin etməlidir ki, o, yenidən normal vətəndaş kimi cəmiyyət sıralarında yaşamağa başlayacaqdır, azad insan kimi bütün hüquq və vəzifələrə sahib olacaqdır. Ona görə də əvvəlki törətdiyi əməldən peşman olmaqla yanaşı, özünü həbsdən sonrakı həyata hazırlamalıdır. Təəssüf ki, bir sıra hallarda dustaqxana islah əvəzinə, dustağa əlavə cinayət vərdişləri aşılamaqla məşğul olur. Belə dustaqxana dustağın mənəvi sağlamlığna nail olmur, əksinə, onu  başqa mənəvi xəstəliklərə sirayətləndirir. Cəmiyyət isə bundan yalnız ziyan çəkir.

Dustaq heç vaxt özünün də insan olduğunu unutmur və kəsmir. O, bəşər fərdinin ləyaqətlərini irs kimi qəbul etməlidir. Azadlıqdan məhrum olma operativ bir cəzadır və o, həyat şəraitinin kəsilməyən qaydada azalmasına səbəb olmamalıdır. Onun sərbəstliklərinin məhdudlaşdırılması, heç də malik olduğu insan haqlarına zərbə vurmamalıdır. Dustağın hansısa bir şəkildə alçaldılmasına, mənəvi və fiziki cəhətdən təhqir edilməsinə yol verilməməlidir. Dustağın ləyaqətinin tapdanması faktı, məhz insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.

(Ardı var)

seeBaxış sayı:79
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri