Icma.az
close
up
RU
Antiutopiya Tel­man Oru­cov yazır

Antiutopiya Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Telman ORUCOV

Yaxın dostum, ölkəmizdə uzun müddət davam edən bayramları səyahətdə, xarici ölkələrdə keçirməyi sevir və yüksək maaşından pul yığaraq, onu həmin səfərlərə xərcləyir. O, yaşı keçməsinə baxmayaraq, hələ  evlənməmişdir, bizdən fərqli olaraq ailə qayğısı çəkmir, yalnız daim gələcək yeni səyahət marşrutlarını düşünür, imkanı müqabilində onları reallaşdırmağa çalışır.

Novruz və Ramazan bayramları ilə əlaqədar olan bir dekadalıq istirahət günlərini iri və çox varlı ölkəyə olan ilk səfərində keçirmişdi. Birinci dəfə qədəm basdığı bu torpaq, orada yaşayanların rəngarəngliyini və müxtəlif təbəqələr arasındakı fərqlərin bəzən ziddiyyətə çevrildiyini müşahidə etdikdə, bu, onu xeyli təəccübləndirmişdi. Səyahət sahəsində yaxşı təcrübəyə və həm də az-çox biliklərə malik olan bu adam olduqca varlı bu yeni ölkədə adamların tam firavan yaşamalarına ümid edirdi. Lakin gördükləri, müşahidə etdikləri onu öz rəyini dəyişdirməyə məcbur etmişdi. Burada dərinin rənginə görə adamlar bərabər sayılsalar da, qanun da bunu diktə edir, əsas əhalini təmsil edən, əcdadları Avropadan gəlmiş ağlar və qaradərililər arasında bir-birini qəbul etməmək kimi fərqli münasibət bəslənməsi hələ də aradan qalxmamışdır. Ağ adamlar şəhərdə əks irqin nümayəndələri yaşayan rayonlara getməyə qorxur, çünki orada olanlara narkoman, cinayətkar damğası vurmaqla, bu ittiham əsassız da deyildir, onların da arzulamadığı qonaqlara kəskin cavab verəcəklərindən ehtiyat edirlər. Bu ölkədə yaşamaq da o qədər asan deyildir. Bizdəkindən fərqli olaraq nisbətən bahalıqdır, yaşayış xərclərini ödəməkdən ötəri çox işləmək, tər tökmək lazımdır. Bu imkanlılar ölkəsi heç də hamıya uğur qazandırmır, çox varlı ailələrlə yanaşı, yoxsul həyat keçirənlər də az deyildir. Sənaye müəssisələrinin müflis olması bəzi şəhərlərin sakinlərini öz doğma yurdlarınını tərk etməyə məcbur etmişdir.

Dostum bunları xırda problem, zamanın öhdəsindən gələcəyi bir məsələ kimi qiymətləndirirdi. Ona görə əsas məsələ, dövlətin yeni siyasi vektoru seçməsi, bu yolla dünyanı çalxalamağa çalışmasıdır. Hakimiyyətə seçki yolu ilə yeni gələn ambisiyalarında, iddialarında hədd tanımır və qəribə görünsə də, onun tam fərqli görünən mövqeyinin bu cəhətləri seçkiqabağı kampaniya zamanı ona yaxşı köməklik göstərmişdi. O, vəd etmişdi ki, uzun müddət bürokratiyanın səyləri hesabına paytaxtda əmələ gələn bataqlığı qurudacaqdır. Digər tərəfdən onu bir məşhur vadidə məkan salmış milyarderlər müdafiə etmişdilər və o da minnətdarlıq əlaməti olaraq bir neçə milyarderi öz administrasiyasının tərkibinə gətirmişdir.

Dostum onu da əlavə etdi ki, səfər etməmişdən əvvəl həmin ölkəni böyük mütəfəkkir Tomas Morun öz "Utopiya" əsərində təsvir etdiyi xoşbəxtlik məkanına  bənzədirdi. Həmin utopik şəhər əslində qeyri-real, əfsanəvi, tam fantastik olmaqla, onun sakinləri nisbətən az işləsələr də, çox və məzmunlu istirahət edirdilər. Həm də firavan və rahat yaşayırdılar. Bu gözəl yaşayış məntəqəsi ümumi cəhətlərinə görə utopik sosialist Tommazo Kampnellanın, küçələri monumental heykəllərlə bəzədilmiş "Günəş şəhəri"ndən də üstün idi. Bəziləri utopik ölkəni Platonun təsvir etdiyi, lakin dəniz suları tərəfindən məhv edilən Atlantidaya bənzədirdi, digərləri isə onda b.e.ə. VI əsrin sonunda salınmış Babil şəhərinin cizgilərini axtarırdı. Haraya bənzədilməsindən asılı olmayaraq, utopiya öz qaydaları, adamların həyat tərzi ilə, həm də insanların arzuladığı ideal mənzərəni əks etdirdiyinə görə oxucuları özünə cəlb edirdi. Kinofilmlərin aldadıcı təbliğatına uyaraq, mən getdiyim ölkəni də utopiyanın son nümunəsi hesab edirdim və çox təəssüf ki, fikrimin əsasən yanlış olduğu qənaətinə gəldim. Utopik həyat landşaftını görmək istəyim puç oldu, əvəzində antiutopiyanı andıran təzadlı bir cəmiyyətlə tanış oldum.

Ölkənin yeni rəhbəri keçmişi bütünlüklə inkar etməklə, bu dekorasiya ilə bəzədilmiş fonda öz şəxsiyyətini şişirtməklə, xalqı əslində iki hissəyə, bununla razılaşaraq vəcdə gələnlərə, mənfi münasibətini gizlətməyərək, razılaşmayanlara bölməyə müvəffəq olmuşdur. Bu ölkə hələ bir əsr yarımdan da çox əvvəl quldarlıq probleminin həllini tapa  bilmədiyinə görə qanlı müharibədə iki cəbhəyə bölünərək, bir-birini məhv etmək işinə girişmişdi. Gələcəyin parlaq ümidləri keçmişin iyrənc qaranlığına üstün gələ bilmiş, birincilərin qələbəsi ilə ölkənin bölünməsi təhlükəsi də aradan qaldırılmışdı. Ölkədə quldarlıq da bütünlüklə ləğv edilmişdi.

Müasir ölkə isə yeni liderin səyi nəticəsində, onu daha da böyük etmək istəyi kimi cazibədar vəd verməsi ilə qövsi-quzeh effekti yaratsa da, əhali arasında əslində gələcək sarsıntıların yaranmasına yol açmışdır. Axı bu məqsəd naminə hərəkətə gətirilən vasitələr vətəndaşların az qala yarısının düşüncəsində şübhə toxumunu səpməsi ilə bədbinlik əhval-ruhiyyəsi əmələ gətirir. Başlanğıcda  atılan qorxulu addımlar dünyadakı kövrək tarazlığın pozulması ilə də yeni problemlərin və arzuolunmayan qarşıdurmanın meydana gəlməsinə səbəb ola bilər. Xarici ölkələrlə ticarətdəki disbalansı məhv etmək üçün o, idxal edilən malların gömrük rüsumunu yüksəltmək yolunu tutmuşdur. Ölkə olduqca böyükdür, onun idxal-ixrac əməliyyatlarının həcmi də bir neçə trilyon dollarla ölçülür. Ona görə də bu siyasətin problemsiz ötüşəcəyinə ümid azdır. İdxal olunan malların tarif dərəcəsinin artırılması birja indeksinə təsir göstərməklə yanaşı, nəticə etibarı ilə pərakəndə satış qiymətlərinin yüksəlməsinə və heç şübhəsiz, əhalinin narazılığına səbəb olacaqdır. Dövlətin kredit siyasəti də, xüsusən ipoteka kreditində ondan istifadə edənlərin ziyanına yönəldilmiş  metamorfozaya uğrayacaqdır. Bu isə əsas kütlənin etirazının genişlənməsinə və böyüməsinə səbəb olacaqdır.

Fond birjaları indeksinin kəskin düşməsi dünyanın böyük ölkələrinin hamısında baş vermişdir. Və bunu qlobal qasırğya bənzədirlər. Bu düşünülməmiş tədbir, tarif dərəcələrinin böyüdülməsi ideyasının müəllifinin kompotentliyinə şübhə yaradır. Çünki bu əməliyyatın ziyanı birinci növbədə onun öz ölkəsinə dəyəcəkdir, o, bütün digər dövlətlərin iqtisadi meydandakı əks-hücumuna məruz qalacaqdır. Hansısa kompaniyaya dövlət protektsionizmi tətbiq edildikdə, bu, əcnəbi rəqib şirkətlərə ziyan vurmaq məqsədini güdür. İqtisadi münasibətlərin və əməkdaşlığın pozulması isə, hamar yoldan çıxmaqla, daha ciddi zərəri onu həyata keçirən böyük ölkəyə ünvanlayır. Büdcə defisitini ləğv etmək məqsədi altında, iqtisadi münasibətlərdəki anlaşmazlıqları mexaniki yolla həll etməyi Qordi düyününü açmaq igidliyi kimi təsəvvür etmək, dünyabaxışdakı qüsurdan irəli gəlir. O, qazancı naminə yalnız bir lələyini itirəcəyini  düşündüyü halda, qanadından ağır yara aldığı qənaətinə gələcəkdir.

Dövlət başçısı reallığı düzgün qiymətləndirmək əvəzinə, onu dəyişdirmək üçün inqilabi yol tutmağa üstünlük verir. Ancaq onu nəzərə almır ki, öz ölkəsi iqtisadi cəhətdən nə qədər güclü olsa da, qlobal dünyanın bir, həm də böyük hissəsidir. Xarici siyasətdəki düşünülməmiş, səhvlərə aparan siyasət birinci növbədə öz ölkəsi üçün mənfi rol oynayaraq, ona ziyan vurmamış ötüşməyəcəkdir. Digər dövlətlərin əks reaksiyaları onu, gözləmədiyi ağır çətinliklər qarşısına qoyacaqdır. Hələ Napoleon Çin adlanan şirin oyanması perspektivini qeyd etdiyi halda, belə bir gur inkişaf edən ölkəni sıxışdırmaq, qiymətlər buxovu ilə ona zərər toxundurmaq heç də cavabsız qalmayacaqdır. Necə deyərlər, daş atmaqla müşayiət olunan həmləyə, yəqin ki, qonşu xalqın tarixi silahı olan katana kimi iti qılıncla cavab veriləcəkdir.

Bəzi adamlar şirin xəyalların təsiri altında onun əsirliyinə düşdükdə, arzular qanadında uçmağa başlayır, reallığa məhəl qoymadan paralel dünyada yaşamağa üstünlük verir. Yeni lider öz ölkəsinin ərazi cəhətdən dünyada tutduğu yerlə razılaşmadığından, bütün vasitələrdən istifadə etməklə, onu xeyli böyütmək istəyir. Bu məqsədlə dünyada ərazisinə görə ikinci yerdə olan qonşu ölkənin və ən böyük buzluq adanı ölkəsinin ərazisinə birləşdirmək istəyir. Beləliklə, onun dövləti yeni nəhəng imperiyaya çevrilib, ərazicə özünə bərabər olanı tanımayacaqdır. Bunlar onun arzusudur. Lakin bu layihənin həyata keçməsi dünyanın xeyli hissəsinin müqaviməti ilə qarşılaşa bilər. Hərbi cəhətdən də ölkə hamıdan güclüdür. Lakin çox sayda ölkələrdə nüvə silahının olmasına görə, cavab verənlərin səyi güman edilən həddi aşsa, Üçüncü Dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Xəyal hədd tanımayanda, xoşbəxtlik əvəzinə böyük bədbəxtliyin meydana gəlməsinə səbəb olur.

 Özünün ərazi iddialarına haqq qazandırmaq üçün bir iri dövlətin öz  kiçik və zəif qonşusuna təcavüzünü də müxtəlif uydurmalar yolu ilə. bunun haqq işi olduğunu qeyd edir. Hətta böyük tapşırığı yerinə yetiməli olan onun bir emissarı sülh barışığının bağlanmasına can atmaq əvəzinə, işğala məruz qalmış dövlətin beş vilayətinin əhalisinin milli tərkibinə görə aqressiya törədən dövlətin tabeliyinə keçməsini qanunauyğun bir hal hesab etdiyini bildirmişdi. Görünür, aqressor onu da öz şefi kimi, səfehliyin əlaməti şəklində aldatmağı bacarmışdı. Yəqin ki, bu məmur həmin səbəbi əsas götürən Hitlerin "anşlyus" adı altında Avstriyanı anneksiya etməsi faktından bixəbər imiş.

Təcavüzkara rəğbət bəsləmək, özünün bu iddialı siyasətinin gələcəkdə bənzər cığıra qədəm qoymasına haqq qazandırmaq üçün guya mənəvi inam yaradır.

Dostum dedi ki, o, firavan həyat yaşayan bir ölkəni görəcəyini düşünürdü, lakin son siyasət zəminində, dövlətin dünyadakı tarazlığı pozması cəhdi, mənim zənnimcə, öz ayağına güllə atmaq təsiri bağışlayır. Bu ölkə XX əsrdə dünyanı lərzəyə salan iki böyük miqyaslı müharibədə təcavüzə qarşı çıxış etməklə, haqqın qələbəsinin qazanılmasına köməklik göstərmişdir. İndi isə təcavüzkarı müdafiə etmək və həm də özünü belə hərəkətə hazırlamaq kimi qorxulu bir siyasətə imza atır. Nəhəng olmaq dünyaya öz iradəsini təlqin etmək deyildir, bu, cəngəllikdə hakim kəsilən qanundur. Dünyanı yenidən cəngəlliyə çevirmək isə özlüyündə ağılsız bir işdir.

Dostum öz danışdığı əhvalatlara heç də sevinmirdi. Həmin dövlətin siyasətindəki qəribə dəyişikliklərin mənfi çalarlarına kədərli hisslərlə yanaşırdı. Axı dünyada hansısa ədalətsizlik baş verəndə, bu ölkənin hərbi dəstəyi ilə tiranlar cəzalandırılmış, bütün xalqa qarşı yönəldilmiş haqsızlıqlara son qoyulmuşdur. Əlbəttə, onun həyata keçirdiyi kəskin tədbirlərə münasibət heç də birmənalı deyildir, haqsızlığı müdafiə edənlər də vardır. Lakin bir fövqəldövlət kimi beynəlxalq siyasətdə onun haqqı bərpa etmək sahəsindəki fəaliyyətinin böyük əksəriyyət düzgün qiymətləndirir və müdafiə edir.

Sonda dostum öz söylədiklərini yekunlaşdırdıqda, hər ikimiz xalqımızın həmin dövlətin düzgün siyasət yürütdüyünə olan inamını qeyd etdik. Düzdür, uzun müddət ölkəmizin ərazisinin işğalına göz yumulsa da, son fazada, müharibə yolu ilə dövlətimizin ərazi suverenliyi bərpa edildikdə, biz, işğalçıya əvvəlki tək rəğbətlə yanaşılmasını müşahidə etmədik. Haqq işimizə, ədalətin zəfərinə heç kəs mane olmadı. İşğalçı isə gözləmədiyi halda, himayədarlarının qayğısından əsasən məhrum oldu. Buna görə də biz həmin iri dövlətə minnətdarlıq nəzərləri ilə baxırıq və şübhə etmirik ki, dolaşıq təyinatlı tədbirlər dilə gətirilsə də, həyata keçirilməyəcək, bununla da dünya yeni geniş miqyaslı müharibə təhlükəsindən xilas olacaqdır.

P.S. Dostumun proqnozları artıqlaması ilə doğru çıxdı, bir həftə əvvəl olduğu ölkəni etiraz dalğası bürüdü. Ölkənin hər yerində mitinqlərdə prezidentə impiçment və onunla həm prezidentlik edən ən varlı milyarderin hökumətdən qovulması barədə tələblər səsləndi. Prezidentə qarşı mitinqlər həmçinin qonşu ölkədə və Avropada da keçirildi. İlk dəfədir ki, uğursuz siyasətə dünyanın əksər guşələrində kəskin etiraz səslənir. Yalnız radikal dəyişikliklər layihəsindən imtina edilməsi nisbi sabitliyin bərpasını mümkün edə bilər. Bu böyük ölkə inqilab xarakterli vəziyyətlərlə üzləşməməlidir.

Adətən qarşıdurmanın nəticəsi sərt mövqeyi ilə seçilən fanatiklərdən asılıdır, siyasi maşın səhvə yol verdikdə, onlar bundan yaxşı istifadə edirlər. 1991-ci ilin avqustunda Moskvada QK ÇP mitinqçilərə qarşı şəhərin küçələrinə tank çıxardıqda, bir neçə ay sonra isə Xocalı faciəsinin gizlədilməsinə görə etirazçıların çıxışına prezidentliyi yenicə ələ keçirən Mütəllibov lovğalanıb hədə ilə cavab verdiyinə görə dərhal onlar iflasa uğradılar. Haqqında söhbət gedən ölkədə fanatiklər dəstəsi prezidenti müdafiə edir. Orada  qarşıdurmanın böyüməsi və ciddi şəkil alması böyük təhlükə mənbəyi olduğuna görə, belə vəziyyətin yaranmasını biz istəməzdik.

 06.04.2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see132

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see127

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see122

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see120

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see120

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see118

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see117

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see114

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see114

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see112

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see112

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see112

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see111

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see111

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see111

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri