Icma.az
close
up
RU
525ci qəzet Dünyanın yaşıllıq həsrəti Xalq yazıçısı Anar yazır

525ci qəzet Dünyanın yaşıllıq həsrəti Xalq yazıçısı Anar yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət "Yaşılım, yaşılım, hara gedirsən" adlı şeirlər toplusu nəşr etdirib. Topluda "Kitabi-Dədə Qorqud"dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr yer alıb.

Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba "Dünyanın yaşıllıq həsrəti" adlı ön söz yazıb. "Regional Hüquqi və İqtisadi  Maarifləndirmə" İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir.

Xalq yazıçısı Anarın kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.

Bakıda iqlim problemlərinə həsr olunmuş xalqlararası tədbir ərəfəsində belə bir kitabın çıxması yerinə düşür. Rəşad Məcidin təşəbbüsü ilə nəşr olunan bu kitab təbiətə həsr olunmuş şeirlər toplusudur.

Bütün sənət növlərindən təbiətə ən yaxın olan rəssamlıq və poeziyadır. Dağların və meşələrin, dənizlərin və göllərin, çayların və dərələrin təsviri olmasaydı, rəssamlığımız və söz sənətimiz nə qədər kasıb olardı. Eyni zamanda yağlı, ya sulu boyalarla çəkilmiş mənzərələr, ilin rəngini dəyişən fəsilləri, güllərin, çiçəklərin rayihəsi ən incə, ecazkar şeir diliylə vəsf edilməsəydi, insanlar bu gözəllikləri bu qədər dərindən duya bilərmiydilər?

Kitabın adı unudulmaz şairimiz Eldar Baxışın misralarındandır: "YAŞILIM, YAŞILIM, HARA GEDİRSƏN?"

Alimlər dəqiq müəyyənləşdirmişlər ki, haçansa yer üzünün ən böyük səhrası Saxara - yaşıl ormanlardan ibarət imiş. Bu gün dünya həyəcan təbili çalır: Amandır, iqlim dəyişir.

Afrikanın göbəyinə qar yağır, cənub ölkələrinin sakinləri yayda isti dənizdə çimmək üçün şimala üz tuturlar. Dənizlər (Xəzər, Aral), göllər (Urmiya) Qurunun qabağından qaçır, geri çəkilir, get-gedə daralır. Bəlkə bir gün Bakıdan Narginə piyada getməli oldular. Kürreyi-ərzin ciyərləri Braziliyanın Amazon cəngəllikləri Səhrayi-kəbirəmi çevriləcək?

Kosmonavtlar "göyün yeddinci qatından" planetimizə baxanda onu mavi rəngdə görürlər. Bu, təbiidir, kürəmizin dörddə üçünü okeanlar, dənizlər tutur. Amma axı yer üzündə narın qumlu sarı səhralar, zirvələri bəyaz qarla örtülmüş dağlar, yam-yaşıl meşələr, bağlar, tarlalar da var... Nədən tör-töküntülər okeanda balıqlara qənim kəsiləndə, nüvə artıqları çayları zəhərləyəndə, gözəl qərənfillərin əndazəsiz çoxluğu (və ifrat gəlir mənbəyi olması), Abşeron torpağının dadını qaçıranda - üzümün, tutun, əncirin, tərəvəzin təmi dəyişəndə Göy Qurşağının bütün rənglərindən daha çox sarının, qırmızının yox, yaşılın həsrətini çəkirik?

"Yaşılım, yaşılım, hara gedirsən?"

Hara qeyb olursan dünyanın yaşıl libası? Nədən təbiətin qorunması üçün ayaqlananlar məhz yaşıl rəngi rəmz seçdilər. Dünyanın bir çox ölkələrində "Yaşıllar partiyaları" meydana çıxdı və söz sahibi oldular.

Yaşıl həm də İslamın rəngidir. Hər bir böyük dində sağlam meyllərlə bərabər, ifrat xurafat da yer alır. Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin məhz belə xurafatı nəzərdə tutaraq "Yaşıl gecə" romanını qələmə almışdı. Rəşad Nuri Stalin rejimiylə tanış olsaydı, yəqin ki, "Qırmızı gecə" əsərini yaradardı (Daha doğrusu, "Krasnaya ploşad", "Krasnaya armiya" dilimizə "Qızıl meydan", "Qızıl ordu" kimi çevrildiyi üçün belə bir yazılmamış roman da "Qızıl gecə" adlana bilərdi).

Amma deyəsən, mətləbdən uzaq düşdüm. Xalqımızın Yaşıla meyli İslamdan çox-çox qabaqlardan yaranıb.

Səməni saxla məni

İldə göyərdərəm səni.

Fikrimcə, bu sadədən sadə "məni-səni" qafiyəli misralarda çox ciddi ekoloji problem əks olunub.

Səməni yaşıllığın, cücərib boy verən bərəkətin, ağappaq qış yuxusundan sonra bahar oyanışının, həyatın dirçəlməsinin rəmzidir. Bütün bunlar insanı saxlamağa, qorumağa, yaşatmağa qadirdilər.

Amma Mən - insan da sənin qayğını çəkməliyəm, vaxtı gələndə göyərtməliyəm. İnsanla təbiətin sazişi bax bu sadəlövh beytdə dəqiq ifadə olunub.

Ədəbiyyatımızın Ana "Kitabi-Dədə Qorqud" oğuznamələri narın təbiət təsviriylə başlayır:

Salqum-salqum dan yelləri əsdiyində,

Saqqalı bozac turağay sayrıdıqda

Ağla qaralı seçilən çağda

Köysü gözəl qaya dağlara gün dəyəndə

Ala sabah Dirsə xan qalxıbanı yerindən uru durub,

Qırx igidin boynuna alıb

Bayandır xanın söhbətinə gəlirdi.

"Kitabi-Dədə Qorqud"da qadın gözəlliyini təbiətlə bağlayan ecazkar təşbehlər var:

qar üzərinə qan dammış kimi al yanaqlım

qoşa badam sığmayan dar ağızlım

İnsan taleyinin, insan qismətinin təbiətlə bağlamağın bariz örnəkləri xalq şeirimizdə, bayatılarımızda saysız-hesabsızdır.

Bu dağlar ulu dağlar

Çeşməli sulu dağlar

Burda bir qərib ölüb

Göy kişnər, bulud ağlar.

Təşbehin əzəmətinə heyran qalmamaq olmur,

Su axdı, su dayandı

Süsənbər suda yandı

Dərdimi suya dedim

Alışdı su da yandı.

Yaxud ən modern şeiri kölgədə qoya bilən ifadə:

Əzizim, bəxtiyarım

Bəxtimin təxti yarım

ÜZÜNDƏ GÖZ İZİ VAR

Sənə kim baxdı yarım.

Dirili Qurbaninin bənövşəyə həsr etdiyi qoşması bu bəndlə bitir:

Qurbanı der: könlüm bundan sayrıdı,

Nə etmişəm yarım məndən ayrıdı?

AYRILIQMI ÇƏKMİŞ BOYNU ƏYRİDİ,

Heç yerdə görmədim düz bənövşəni.

Elə bil Qurbaninin bu qoşmasına Qaracaoğlan cavab verir, bənövşənin boynunun əyri olmasının səbəbini açır.

Bitirsən güllərin xari içində

Qorxuram üzünə batar, bənövşə

Yavrum, neçin boynun əyri tutarsan

Sənin dərdin məndən betər bənövşə.

Qədrini bilməyənlər alır əlinə

Onun üçün əyri bitər bənövşə.

Yeri gəlmişkən bu kitabın tərtibçiləri çox düzgün olaraq Azərbaycan şairləriylə bərabər, topluya ənənəvi şəkildə ancaq Türkiyə sənətkarları sayılan yaradıcıları da daxil ediblər. Bizim Füzulisiz Türkiyə ədəbiyyatı kəm olursa, Yunis İmrəsiz də Azərbaycan şeiri bütöv görünməz.

Əgər Azərbaycanın və Anadolunun Orta əsr divan ədəbiyyatı ərəb-fars kəlmələri, izafetləriylə yaxındırsa, el şairlərinin, ozanların, aşıqların misraları cüzi fərqlərlə eyni dilin örnəkləridir. "Çərşənbə günündə çeşmə başında" "alagöz xanıma gözü düşən" Aşıq Ələsgərin qoşmaları, gəraylıları, təcnisləriylə türkiyəli Aşıq Veysəlin yaratdıqları dil baxımından çoxmu fərqlidirlər?

Yenə məktub aldım gül üzlü yardan

Gözlətmə yolları, gəl deyə yazmış

Sirvələn köyündən, bizim diyardan

Dağlar mor bənövşə, gül-deyə yazmış.

Bəşərəkdə lalə sümbül yürüdü,

Güldədəni çayır-çəmən bürüdü

Qaradaşda qar qalmadı, əridi,

Axar gözüm yaşı sel - deyə yazmış.

Əylənmə qürbətdə yayla zamanı

Mevlanı sevərsən ağlatma məni

Bənək-bənək məktubdadır nişanı

Göz yaşım məktubda pul - deyə yazmış.

Anadoluya aid yer adlarından başqa, Aşıq Veysəlin bu qoşmasını həm də Azərbaycan şeiri saymağa nə əngəl ola bilər? Dağların, çöllərin, çiçəklərin, otların ətri gələn bu qoşmada yalnız bir sözü izah etmək lazımdır, çünki bu söz şeirin bəlkə də ən təsirli təşbehidir. "Pul" Türkiyə türkcəsində "poçt markası" deməkdir. Aşıqın aldığı məktubda poçt markası sevgilisinin bir damla göz yaşıdır.

Aşıq Veysəldən söz düşmüşkən torpağa müraciətlə yazılmış ən gözəl şeirlərdən biri də onun qoşmasıdır:

Dost-dost deyə neçəsinə sarıldım

Mənim sadiq dostum qara torpaqdır

Beyhudə dolandım, boşa yoruldum

Mənim sadiq dostum qara torpaqdır.

Qarnın yardım, qazma ilən, bel ilən

Üzün yırtdım dırnağınan, əlinən

Yenə məni qarşıladı gül ilən

Mənim sadiq yarım qara torpaqdır.

Amma onu da unutmayaq ki, torpaq, təbiət insanın sadiq dostu, hayanı da ola bilər, düşməni, qənimi də.

Bütöv şəhərləri yerlə-yeksan edən vulkanların odu-alovu torpağın təkindən püskürür. Kəndləri, obaları yuyub aparan sellər dağlardan axıb gəlir. Şahə qalxmış dalğaları insan məskənlərinin üstünə yürüdən tufanlar, fırtınalar, sunamilər, tornadolar dənizlərdən quruya hücum çəkir. Qurular da dənizləri, günahsız gölləri qurutmaqla "qisas alırlar". Uduzan yenə də insan olur. Amma axı insanın özünün öz əliylə, əməliylə, zəkasıyla, axtarışları və tapıntılarıyla yaratdığı bəlalar da var.

Bu kitabda toplanan şeirlərin böyük qismi dağlara həsr olunub. Dağlardan sonra şairlərin təbini ən çox coşduran yağışlardır (Kitaba elə mənim də "yağışlı şeirim" daxil olunub).

Amma bu kitaba daxil edilməmiş bir şeir də var. Bu şeir böyük Nazım Hikmətin bəşəriyyətə xəbərdarlığıdır.

Əcaibləşdi havalar

Gah gün çıxır, gah yağış yağır, gah qar,

Atom sınaqlarındandır deyirlər

Stransium doxsan yağır ətə, südə,

Ümidə, hürriyyətə

Qapısını çaldığımız böyük həsrətə

Öz-özümüzlə yarışdayıq gülüm

Ya ölü ulduzlara həyat aparacayıq

Ya yerimizə enəcək ölüm.

Bu gün insanlığın, planetimizin həyatına son qoyacaq nüvə savaşının qara kabusu dünyanın başının üstünü aldığı çağda gözümüzü, qəlbimizi, yaddaşımızı sığallayıb oxşayan yaşıllığa və bu yaşıllığın şeir misralarında vəsfinə daha çox ehtiyacımız var. Bu kitab da həmin ehtiyacdan yaranıb - insanları təbiətin, həyatın, gözəlliyin qədrini bilməyə çağırır. Yaşıllığı haraylayır.

29-30 sentyabr 2024

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri