Icma.az
close
up
RU
525ci qəzet ƏLVİDA DEYƏ BİLMƏYƏN SƏYYAH Rafael Hüseynov yazır

525ci qəzet ƏLVİDA DEYƏ BİLMƏYƏN SƏYYAH Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Səyyahların ən məşhuru Sindibad oldu. "Min bir gecə" nağılları onu dünyadakı səyyahların ən məşhuruna çevirdi. Amma ömürlərinə dalınarsa, keçdikləri uzun yollar qədəm-qədəm izlənərsə, bəlkə də sərgüzəştləri nağıl Sindibadınkından qat-qat çox olan neçə-neçə səyyahla rastlaşarsan. Əslində nağılların öz şirin diliylə əfsanələşdirdiyi dəniz səyyahı Sindibad da heç uydurma-filan deyil. Rəvayət edilir ki, qədim Çində, Min Çjen Xe dövründə ləqəbi Sanbao - "Üç Xəzinə" olan səyyah, doğrudan da, varmış.

İllər öncə Azərbaycan sənətkarı Rizvan Sədirxanov bəstələdiyi "Səyyah Sindibad" rok-operasının lap başlanğıcında bir müqəddimə kimi səslənəcək mahnının sözlərini yazmağı məndən xahiş etmişdi.

Sindibad, digər səyyahlar öz yerində, amma bu nəğmə əslində elə Hacı Zeynalabdin Şirvaniyə də birbaşa aiddir.

Hər bir gedilən yolun əvvəli var, sonu var.

Nə yol bitər, nə arzu, nə qədər canda can var.

Suallarla doludur hələ seçmədiyin yol,

Səni hey cəzb eləyər hələ keçmədiyin yol.

Hər yolun arxasında min suala cavab var.

Ömür boyunca bitməz nə suallar, nə yollar.

Yollar eniş-yoxuşlu, sən yolların yorğunu,

Sınağı çox olsa da, sən yolların vurğunu.

Fəlsəfi baxımdan yanaşılırsa, sonralar xüsusi bir cərəyan kimi işarələnərək maarifçilik adlandırılmış axın hər dövrdə olub. Hacı Zeynalabdin Şirvani də gördüyü işlər, yaratdığı əsərlər və şəxsiyyəti ilə zəmanəsinin böyük maarifçisi sayılmağa layiqdir.

Səyyah Hacı Zeynalabdin Şirvani ilə dəfələrlə həmsöhbət olmuş, onu yaxından tanımış təzkirəçi Rzaqulu xan Hidayət o böyük kişinin bir məziyyətindən də bəhs edirdi. Yazırdı ki, Hacı Zeynalabdin Şirvani son dərəcə qonaqpərvər bir insan idi. Qapısını kim açsa, nəyi varsa süfrəsinə düzərdi.

Təzkirələrindən, bizə yadigar qalan əsərlərindən də göründüyü kimi, son dərəcə doğruçu bir insan, tarixi həqiqətləri yazılarında dəqiq əks etdirən mötəbər qələm sahibi olan Rzaqulu xan Hidayətin Hacı Zeynalabdin Şirvani haqqındakı bu sözlərinə də inanmaq gərəkdir. Çünki Hacı Zeynalabdin Şirvanini görməsək də, əsərlərini oxuyuruq. Onun səxavəti, ürəyiaçıqlığı, biliklərini, illər boyu içərisində topladıqlarını səxavətlə insanlara bağışlamağa hazır olması əsərlərindən görünməkdədir.

Dahi Nizami Gəncəvi özündən sonra beş məsnəvi yadigar qoyub getdi. Onun dünyadan köçməsindən bir müddət sonra təzkirəçilər, ədəbiyyatşünaslar o beş məsnəvini bir sözlə qovuşdurdular - əvvəlcə "pənc gənc", daha sonra bir az da yığcamlaşdıraraq "Xəmsə" dedilər - "Beşlik".

XIII əsrdən etibarən sıra-sıra bu cür beşliklər, xəmsələr yarandı. Ancaq ədəbiyyat, elm tariximizi araşdıranda buna şahid kəsilirik ki, yalnız məhəbbət məzmunlu məsnəvilərdən ibarət xəmsələr yaranmayıb. Başqa məzmunlu beşliklər də var və o cür beşliklərdən, həmin rəmzi xəmsələrdən biri də elə Hacı Zeynalabdin Şirvaniyə məxsusdur.

Hacı Zeynalabdin Şirvaninin üç məşhur əsəri: "Riyaz üs-siyahə", "Hədaiq üs-siyahə", "Bustan us-siyahə"nin adındakı  "riyaz" da, "hədiqə" də, "bustan" da "bağ", "bağça" deməkdir. Hacı Zeynalabdin Şirvani hər üç səyahətnaməsinin ünvanına bu "bağ, bağça" sözünü təsadüfən çıxarmayıb. O, həqiqətən, hər üç əsərində güllü-çiçəkli bir bağ yaradıb. Səhifələri açırsan, əlvan bir aləmə düşürsən, onun keçib-getdiyi ölkələri sən də görmüş, tanımış olursan. Ancaq Hacı Zeynalabdin Şirvaninin dördüncü əsəri də vardı - "Kəşf ül-məarif".

Bu kitab fəlsəfədən, hikmətdən, təsəvvüfün tarixindən və böyük şəxsiyyətlərindən bəhs edən əsərdir. Ancaq Hacı Zeynalabdin Şirvani həmin əsəri də özünəməxsus bir səyahətnamə adlandırır. Yazır ki, bu əsərimdə mən oxucumu böyük elm aləminə səfərlərə, səyahətlərə aparıram.

Hacı Zeynalabdin Şirvaninin beşinci əsəri də yadigar qalıb. Onun "Divan"ı, şeirlərinin toplusu.

"Təmkin" təxəllüsü ilə şeirlər yazan Hacı Zeynalabdin Şirvaninin ədəbiyyata, şeirə sevgisi, həm də bu sahədə səriştələri o qədər çoxdur ki, hər üç səyahətnaməsində dönə-dönə ədəbi qaynaqlara müraciət edir. Sıra-sıra öz şeirlərindən də örnəklər verir, başqa şairlərin də yazdığı məzmunlara uyğun olan misralarını iqtibas gətirir.

Təkcə "Riyaz üs-siyahə"nin birinci cildində 60 şairdən seçmələr vardır. Ancaq "Divan"ı Hacı Zeynalabdin Şirvaninin ruh dünyasının ifadəsidir. Bu əsərini də Hacı Zeynalabdin Şirvani Təmkin bir başqa səyahətnamə sayır - özünün ruh dünyasına olan səfərlər kimi təqdim edir. Ancaq bu böyük səyyahın, bu böyük alimin, bu özünəməxsus yaradıcılıq dəsti-xətti olan şairin irsinə biz nə dərəcədə sahibik?

Hələ XX əsrin 50-ci illərində Hacı Zeynalabdin Şirvani irsini öyrənmək, xalqa təqdim etmək, onun şəxsiyyətini insanlarımıza daha yaxşı tanıtmaq səmtində cəhdlər olmuşdu. Ədəbiyyatşünaslar F.Seyidov və R.Babaxanov ayrıca kitabça qələmə almışdılar. Coğrafiyaşünas Nurəddin Kərəmov araşdırmalar aparmış, bir-iki kitab ortaya qoymuşdu. Ancaq Hacı Zeynalabdin Şirvaninin şəxsiyyəti və irsini onun layiq olduğu yüksək elmi səviyyədə araşdırmaq, elmə və insanlara çatdırmaq yolunda unudulmaz alimimiz Ağamir Quliyevin müstəsna əməyi var. Böyük işlər görən o təvazökar, o iddiasız alim Hacı Zeynalabdin Şirvaninin irsini elminki eləmək səmtində ən çox xidməti olan insandır.

Xatırlayıram, 1975-ci ilin fevralı idi. Moskvada böyük şərqşünas alim Yevgeni Eduardoviç Bertelsin xatirəsinə həsr olunmuş konfrans keçirilirdi. Mən tələbə idim. Amma həmin konfransa məruzə ilə qatılmışdım. O elmi məclisdə oçağkı Sovet İttifaqının ən məşhur şərqşünas alimləri iştirak edirdi. Azərbaycandan başda akademik Əbdülkərim Əlizadə olmaqla bir dəstə alim gəlmişdi. Ağamir Quliyev də onların arasında idi. Ağamir Quliyev 1970-ci illərin ortalarında məşhur Şərq yazılı abidələri silsiləsindən Hacı Zeynalabdin Şirvaninin üç cilddə "Riyazü-s-siyahə"sini nəşr etdirmiş, geniş müqəddimə yazmışdı. Və həmin kitablar silsiləsi yalnız Sovet İttifaqında deyil, xarici ölkələrdə də böyük əks-səda oyatmışdı.

Bu, Hacı Zeynalabdin Şirvaninin indiyəcən layiqli elmi səviyyədə ortaya çıxarılmış tək əsəridir. Ancaq onun digər əsərləri də - "Hədaiqü-s-siyahə" də, "Bustanu-s-siyahə" də gərək nəşr oluna. Nəşr olunmaq azdır, gərək Azərbaycan dilinə mükəmməl şəkildə şərhlərlə tərcümə edilə, gərək onun "Divan"ı da Azərbaycan oxucusuna həm sətri, həm poetik tərcümədə təqdim oluna. Ancaq bunu kim edəcək? Gərək mütəxəssislər yetişdirilə. O zaman ki Ağamir Quliyev kimi fədakar alim bu işlə məşğul idi, müxtəlif ölkələrdə olan əlyazmaları əldə etmək son dərəcə çətin idi. Özü mənə söyləmişdi ki, "Riyaz üs-siyahə"nin, "Bustan us-siyahə"nin Böyük Britaniya kitabxanalarında saxlanılan əlyazmalarının mikrofilmlərini almaq üçün neçə aylar boyu əziyyət çəkib. "Kəşf ül-məarif"in onun axtarıb ortaya çıxardığı əlyazması Berlində idi. Çalışırdı ki, onun da mikrofilmini əldə etsin. Bu gün bu işləri görmək, ən müxtəlif uzaqlarda olan qaynaqları əldə etmək xeyli asandır. Qalır bilikli, təcrübəli, əlyazmalarla işləmək səriştəsi olan inadkar alimlərin zəhmətə qatlaşması və o əsərləri araşdırmağa, tərcümə etməyə başlaması. Hələ Hacı Zeynalabdin Şirvani kimi nəhəngimizi yaxşı tanımırıq. O, hələ tam bizimki deyil. O zaman sonacan bizimki, bugününkü və sabahınkı olacaq ki, onun millətimizə, dünyaya yadigar qoyub getdiyi beşliyə daxil hər bir əsəri yenidən nəşr edək, çevirək, təhlillərlə insanlarımıza çatdıraq ki, hər kəs onu yaxın məsafədən görə bilsin. Azərbaycan və dünya qarşısında Hacı Zeynalabdin Şirvaninin o beşliyə daxil olan əsərlərinin hamısının yenidən nəşri ilə sanki bir pəncərə açılacaq və həmin pəncərədən böyük insanın, böyük səyyahın, böyük alimin surəti bizə daha aydın görünəcək.

Hacı Zeynalabdin Şirvaniyə qədər də sıra-sıra səyahətnamələr, səfərnamələr qələmə alınmışdı. Ancaq onun səfərnamələri, onun səyahətnamələri tamamilə seçilir. O, yalnız bir coğrafiyaşünas kimi yazmır, həm də bir tarixçi kimi yazır, həm də bir insanşünas kimi yazır, həm də bir təbiətşünas kimi yazır. Gəzib dolaşdığı çox yerlərdən biri də doğma vətəni Azərbaycan idi. Azərbaycanı da elə təsvir edib ki, hətta azərbaycanlılar özləri həmin səhifələri vərəqlədikcə yurdlarını tamam ayrı bir cilvədə görürlər. Azərbaycanı, yurdunu Hacı Zeynalabdin Şirvani üç hissəyə bölürdü. Kürdən şimala olan torpaqlar Şirvan, Kürlə Araz arasındakı hissə Aran, Arazdan cənuba doğru - ta Savalan dağlarına qədər uzanan ərazi isə Muğan.

Hacı Zeynalabdin Şirvani yazırdı ki, "Aran" türk dilində isti yer deməkdir. "Muğan"la bağlı sıra-sıra rəvayətləri cəmləyərək bunu da yazırdı ki, bu yerlərin adı Muğan adlı bir şəxsin adından götürülüb. 

Bu yerdə Muğanla bağlı son dərəcə maraqlı bir məlumatı çatdırır. Yazır ki, burada yerli camaatın "öldürən" adlandırdığı bir ot bitir. Nabələd heyvan o otu yeyincə zəhərlənib ölür.

Nəyə görə nabələd heyvan? Hacı Zeynalabdin Şirvani bu qeydləri yaza-yaza ona işarə edirdi ki, heyvanlara heç də şüursuz, ağılsız məxluqat kimi baxmayın. Yerli heyvanları vadar eləsən də, yaza qədər lap yamyaşıl olsa belə, həmin otlara toxunmur. Nəyə görə yaza qədər? Sən demə, həmin otların zəhərliliyi yaz gəlincə azalır, aradan gedirmiş. Yenidən payız yetişəndən sonra bərpa olurmuş. Yerli heyvanlar da bunu bilirmiş. Amma kənardan gələn hansısa heyvan görür yamyaşıl otdur, yeyirmiş və dərhal da keçinirmiş.

Hacı Zeynalabdin Şirvaninin səyahətnamələrinə üzdən xırda görünən saysız-hesabsız belə bilgilər səpələnib və o qiymətli kitabları oxuduqca yalnız yeri-yurdu yaxşı tanımırsan, həm də təbiətin dili haqqında çox bilgilər qazanırsan.

Hacı Zeynalabdin Şirvani qələminin bir gücü də ondadır ki, hansı eldən, hansı şəhərdən, hansı kənddən bəhs edirsə, məhəbbətlə danışır. Ancaq müqayisə edəndə onu da görürsən ki, Azərbaycan haqqında yazdıqlarında həm dərinəgetmə, həm də sevgi bir ayrı səviyyədədir.

Təbrizə gəlib çıxmışdı. Bu qədim şəhəri qarış-qarış gəzirdi və onun haqqında xüsusi bir heyranlıqla bəhs edirdi. O, Təbrizi "nigaristan" - "gözəllər yurdu" adlandırırdı və Təbriz haqqında "Nigaristan" adlı bir əlyazmanı da əslində oxumuşdu. O kitabda - "Nigaristan"da Təbrizin tarixi ilə bağlı maraqlı bir məqam diqqətini çəkmişdi və həmin məlumatı da köçürmüşdü öz əsərinə. Sən demə, XIV yüzildə Sultan Üveys zamanında Təbrizə növbəti dəfə vəba xəstəliyi gəlibmiş. Amma hər dəfəkindən daha şiddətli. O qədər şiddətli ki, o xəstəlik həmin dövrdə üç yüz min insan həyatını aparır. Ancaq "Nigaristan" adlı mənbədən aldığı bu kədərli məlumatın digər tərəfi Hacı Zeynalabdin Şirvani üçün daha cazibəli görünmüşdü. Yazır ki, üç yüz min adam həyatını itirsə də, şəhərin əhalisi o qədər çox idi ki, bu qədər itkidən sonra da boşluq hiss olunmadı.

Hacı Zeynalabdin Şirvani Təbrizin başı üzərindən gəlib keçmiş zəlzələlərdən də bəhs edir. 857-ci ildə baş verən tərpəniş Təbrizin altını üstünə çevirir. Ancaq asta-asta şəhər bərpa olur, dirçəlir. Ardınca 1041-ci ilin müdhiş zəlzələsi gəlir. O müdhiş, dağıdıcı zəlzələ ki, haqqında salnamələrdə, tarixi qaynaqlarda, ədəbi mənbələrdə, o sıradan Qətran Təbrizinin şeirlərində kədərli bilgilər var.

Hacı Zeynalabdin Şirvani o mənbələrin hamısını oxumuşdu. Ancaq indi Təbrizdə insanların arasında gəzərək ağsaqqalların yaddaşında qalan rəvayətləri də toplayır. O rəvayətlərlə bu tarixi soraqları qovuşduraraq Təbrizin keçmişi haqqında bilikləri bir az da dərinləşdirir, bir az da genişləndirir.

Hər yerdə olduğu kimi, burada da, burada isə hər yerdə olduğundan daha artıq ağıllı insanlarla ünsiyyətə can atır və xeyli dostlar tapır. Onlardan biri sonra haqqında sayğı ilə, məhəbbətlə bəhs edəcəyi Mirzə Əbülqasım idi. Təbrizdə tanış olduğu, elminə, dərinliyinə heyran qaldığı Mirzə Əbülqasımla tezliklə aralarında dostluq münasibətləri yaranmışdı. Mirzə Əbülqasım İsfahanda, Kərbəlada mükəmməl təhsil görmüş bir adam idi. Ancaq bütün bunlardan savayı onda bir müdriklik varmış ki, o müdriklik hər söhbətində duyulurmuş. Bu, Hacı Zeynalabdin Şirvanini daha artıq valeh edirmiş. Hacı Zeynalabdin Şirvani ikilikdə söhbətdə Mirzə Əbülqasım Şirvaninin ona söylədiyi hikmətləri zərbülməsəl kimi kitabında yazır ki, gələcəkdə insanlar bunları öyrənsinlər, içərilərinə hopdursunlar. Özü böyük alim olan Mirzə Əbülqasım deyirmiş ki, alim gərək təkəbbürdən, lovğalıqdan, pulgirlikdən uzaq ola, padşahlar əlində alətə çevrilməyə. Mirzə Əbülqasım söyləyirmiş ki, böyük bilik sahibi olmaq azdır, gərək insanın mənəviyyatı da dürüst ola. Çünki nakəs əlində elm sərxoş əlində qılınca bərabərdir. Mirzə Əbülqasım söyləyirmiş ki, alimin gərək savadı mükəmməl ola, dərin ola. Natamam həkim can alırsa, çiy həkim də mərifətin bəlasıdır.

Mirzə Əbülqasım danışırdı, ağzından dürr tökülürdü, Hacı Zeynalabdin Şirvani onları bircə-bircə yazırdı ki, bu fikir dürləri itib getməsin - dünya fanidir, hamı, o sıradan Mirzə Əbülqasım da gedəcək, qoy bu müdrik sözlər qalsın.

Mirzə Əbülqasım da gedib, Hacı Zeynalabdin Şirvani də yoxdur, amma kitab qalıb. O sözlər diridir və həmin kəlamlar bu gün də, gələcəkdə də nəsihət olaraq qalacaq.

Mirzə Əbülqasım deyirdi ki, alimin gərək sözü ilə əməli tən gələ. Sözü ilə əməli tən gəlməyən alim alim-i biəməldir.

Beləcə, Hacı Zeynalabdin Şirvani yalnız coğrafiyaşünaslıq əsərləri yazmırdı, yalnız tarix əsərləri yazmırdı, insanlar üçün dərsliklər yaradırdı. Yaradırdı ki, bu kitabları oxuyaraq siz həm dünyanı, içərisində yaşadığınız mühiti yaxşı biləsiniz, həm də insan olasınız, kamil insan olasınız və o, eşitdiyi, oxuduğu, ən müxtəlif qaynaqlarda rast gəldiyi hikmətli rəvayətləri nə şəkildəsə bəhs elədiyi mətləblərlə bağlayırdı.

Söz gəlib çıxmışdı İsgəndərin - o məşhur Aleksandr Makedonskinin üzərinə. Onun gəlib keçdiyi yerlərdən bəhs edirdi. Amma İsgəndər haqqında oxuduğu ibrətli bir əhvalatı da kitabına daxil edirdi ki, bu da insanlara yadigar qalsın.

Hacı Zeynalabdin Şirvani, yəqin ki, indi ortada olmayan, ovaxtkı hansısa qaynaqdan köçürdüyü bir söyləməni öz kitabında səby edir ki, bizə və bizdən sonrakılara da ibrət olsun. Əhvalat belədir: Aleksandr Makedonski - İsgəndər haqqında bir nəfər dəyərli kitab yazıbmış. Sərkərdə İsgəndər kitabı oxuyur, çox xoşuna gəlir. Görür ki, burada onun əsl surəti var. Həyatı, keçdiyi yol, mübarizələri, zəfərləri. Xəzinədarı çağırır, deyir ki, buna iki yüz min misqal qızıl verin. İki yüz min misqalın özü elə ayrıca xəzinəyə bərabər sərvətmiş. Ətrafındakılar, saray adamları Aleksandr Makedonskiyə məsləhət verməyə çalışırlar ki, bu qərarından çəkinsin. Axı bir kitab nədir ki, ondan ötrü siz iki yüz min misqal hədiyyə verirsiniz? İsgəndər deyir ki, yox, mən bilirəm nə edirəm. Deyir, təsəvvür edin ki, siz xəstələnmisiniz, ağır bir dərdə düçar olmusunuz və axtarırsınız, bir həkim gəzirsiniz ki, sizi bu mərəzdən xilas edə bilsin. Sizi bu ağrıdan, xəstəliklərdən xilas edən, ömrünüzü bir qədər uzadan həkimə nəyiniz varsa verməyə hazır olacaqsınız. Bu adam isə mənim haqqımda kitab yazıb. Elə bir kitab ki, o kitab mənə əbədi ömür verəcək. Əbədi ömür müqabilində iki yüz min misqal qızıl nə deməkdir ki?!

Əsərlərinin səhifələrini yalnız tarixi, coğrafi bilgilərlə deyil, belə hikmətlərlə dolduran Hacı Zeynalabdin Şirvani elə kitablar yazıb ki, onları heç vaxt bir dəfə oxumaqla oxudum deyə bilməyəcəksən. Dönə-dönə onlara qayıtmalı olacaqsan. Dönə-dönə qayıtdıqca da o xəzinələrdən yeni-yeni incilər tapacaqsan.

Hacı Zeynalabdin Şirvani gəlib çıxmışdı Osmanlı səltənətinə. Qarış-qarış gəzirdi. Osmanlının özünün çox səyyahları olmuşdu. Ən azı Övliya Çələbi kimi bir nəhəngi vardı. Övliya Çələbi də o yerləri qarış-qarış gəzib, gördüklərini yazıb. Bəlkə bir çox təfərrüatları Hacı Zeynalabdin Şirvanidən də yaxşı yazıb. Çünki işin içərisində idi. Hacı Zeynalabdin Şirvani gəlib keçib getmişdi, o isə burada yaşayırdı. Ancaq Hacı Zeynalabdin Şirvaninin yazdıqlarında insan nəfəsi var axı. O, oturub-durduğu insanları, onlarla mükalimələrini, onların düşüncələrinin işığını, duyğularının hərarətini də gətirir səhifələrinə. Ona görə də Hacı Zeynalabdin Şirvaninin yazdıqları Övliya Çələbinin də, digər səyyahların da yazdıqlarından çox fərqlənir.

Gəlib çatır özünün Ənguriyə dediyi Ankara şəhərinə. Oranı təsvir edir. İnsanlarından bəhs edir. O şəhərdən keçir digər şəhərlərə, digər qəsəbələrə, digər köylərə, gəlib bir yerə çatır ki, onu məclisə dəvət edirlər. Məclis maraqlı keçsin deyə o yerin çox məşhur bir adamı - Dədə Mahmudu da yığnağa dəvət edirlər. Arada Dədə Mahmuda sual verirlər ki, keçmişdə neyrəng elmi vardı, o yenə qalırmı? "Neyrəng" illüziya deməkdir, yəni sehr elmi. İnsanları hipnoz, təlqin edərək onların gözləri önündə müxtəlif mənzərələri canlı kimi yaradırlarmış. Dədə Mahmud qayıdır ki, o elmlər ki keçmişdə olub, yenə var. Məşhur sözdür ki, var olan yox olmaz, yox olan var olmaz. Qayçı istəyir, gətirirlər. Kağızdan bir adam şəkli kəsir, bir də qılınc. Qoyur ortaya. Birdən hamının gözü qabağında onun kağızdan kəsdiyi adam da, qılınc da hərəkətə gəlir. O adam o qılıncı götürərək sağa-sola hərəkət eləməyə başlayır və insanların bir neçəsində vahimə əmələ gəlir, qaçışırlar. Hacı Zeynalabdin Şirvani ki belə mənzərələri az görməmişdi, səyahətləri əsnasında bu neyrəng elminin daşıyıcıları olan insanlarla da rastlaşmışdı. Ona görə sakitcə oturmuşdu. Müdrik Dədə Mahmud qayıdır ki, bax, bu da bir hikmətdir. Dünyanı ki gəzib görüb, sakitcə oturub. Amma dünyanın həqiqətlərindən bixəbər olanlar vahiməyə düşərək qaçırlar.

Hacı Zeynalabdin Şirvani bu məclisdən ayrılacaq, onu yeni məclislər gözləyəcək. Çünki o, yollarda idi. Yollarsa yeni-yeni məntəqələr, yeni-yeni insanlar, yeni-yeni görüşlər demək idi. Osmanlı səltənətinin şeyxülislamı Məhəmməd Dürrizadə ilə tanış olur. Məhəmməd Dürrizadə aqil bir insan idi. Ancaq Hacı Zeynalabdin Şirvani ilə tanış olunca görür ki, qarşısında dayanan da aqillər aqilidir. Ona görə də başlayır ürəyini boşaltmağa. İstanbulda baş vermiş görüşdə Məhəmməd Dürrizadənin ağıl, düşüncə haqqında söylədiklərinin hamısını Hacı Zeynalabdin Şirvani kitabına salıb. O kitabdakılar da bu gün bizim malımızdır, sərvətimizdir. Məhəmməd Dürrizadə deyirmiş ki, insanın bəzəyi ağıldır. Ağlınsa bircə yolu var, o da həqiqət. İnsan ağıl vasitəsilə yaxşını yamandan ayırır. Ağıl mülkünə sahib olan insan dünyanı da yaxşı görür. Ağıl sahibi olan insan özünü çox bəlalardan qoruyar. Bir-birindən ləzzət alaraq keçirdikləri günlərdən birində tezliklə Hacı Zeynalabdin Şirvaninin Osmanlı səltənətini tərk edəcəyini bilən Məhəmməd Dürrizadə ona deyir ki, mən sənin haqqında söyləmişəm, sultan da görüşmək arzusundadır. Hacı Zeynalabdin Şirvani isə yalnız burada yox, olduğu hər məmləkətdə hökm sahiblərindən uzaq olmağa çalışırdı. Onun can atdığı şairlər idi, alimlər idi, mərifət yiyələri idi. Ancaq Məhəmməd Dürrizadəyə böyük hörməti vardı. Onun sözünü də sındırmaq istəmir. Soruşur ki, bu, məcburidir, yoxsa könüllüdür. Məhəmməd Dürrizadə də qayıdır ki, könüllü olmağına könüllüdür. Amma sultan da sultandır, sultana söyləmişəm, yaxşı olardı ki, gedəsiniz.

Və İstanbulda gəlirlər Sultan Mahmudun sarayına. Görüş çox gözəl keçir. Çünki Hacı Zeynalabdin Şirvani ki o zəkanın sahibi idi, onu bəyənməmək mümkün deyildi. Və nəhayət, görüş başa çatanda hökmdar üz tutur Hacı Zeynalabdin Şirvaniyə, deyir ki, siz dərin bir adamsınız, müdrik bir insansınız, müəyyən mənada elə müqəddəs bir şəxsiyyətsiniz. Ona görə də istərdim ki, məmləkətimin, səltənətimin həyatının bundan sonra da uğurlu olması üçün sizin dilinizdən dualar eşidim. Hacı Zeynalabdin Şirvani qayıdır ki, qədim bilik sahibləri söyləmişlər ki, hökmdarın bir günlük ədaləti bir möminin 60 illik ibadətindən daha üstündür. Odur ki, sizin mənim dualarıma ehtiyacınız yoxdur. Siz özünüz elə ədalətinizlə dua qaynağına çevrilə bilərsiniz.

Yollar onu çəkirdi. İstanbuldan ayrılır, üz tutur Kütahiyəyə, oradan da gəlib yetişir Bursaya. Bursadan da bir neçə şəhər aşaraq gəlib yetişir müqəddəs yerə - Konya şəhərinə. Konya şəhərində ürəyində əhdi vardı. İlk növbədə Cəlaləddin Ruminin məqbərəsinə üz tutur, ziyarət edir. Bu şəhərdə Rəhmətəli adlı məşhur bir şairlə tanış olur və Rəhmətəli ilə tanışlığı onun yaradacağı daha bir əsər üçün təmələ çevrilir. Rəhmətəli Hacı Zeynalabdin Şirvani ilə təmasda olan hər kəs kimi, elə ilk görüşlərdəncə onun sehrinə, cazibəsinə tutulur və Konyadan ayrılmasından az əvvəl Hacı Zeynalabdin Şirvaniyə Bəhaəddin Vəlinin "Məqalat" kitabını hədiyyə edir. O kitabın içərisində həmin çağın bir çox hadisələrinin təsviri vardı və Hacı Zeynalabdin Şirvani özü yazacaq ki, mən "Məqalat"da Cəlaləddin Ruminin səkkiz müridi haqqında, onların tərcüme-yi halı, fəaliyyətləri ilə əlaqədar xeyli bilgilər əldə elədim. Hacı Zeynalabdin Şirvani şair Rəhmətəlinin ona verdiyi bu hədiyyədən sonra yaxşı bildiyi "Məsnəvi"ni - Cəlaləddin Ruminin o mənəviyyat kitabını bir daha vərəqləyir. Mövlananın məşhur "Mənəviyyat məsnəvisi" bu misralarla başlanırdı:

Dinlə neydən kim, hekayət söyləyir,

Ayrılıqlardan şikayət eyləyir.

Ta qamışlıqdan məni qırmış adam

Naləmə ağlar, tapa bilməz aram.

Bir daha əvvəldən-sonacan "Məsnəvi"ni diqqətlə oxuyur, Cəlaləddin Ruminin böyüklüyünə heyran qalır. Şəms Təbrizinin həyatını, yaradıcılığını burada - Konyada olduğu müddətdə bir az da dərindən araşdırır. Şəms Təbrizinin şairlik istedadı haqqında çox yüksək fikirlər söyləyir və sonra Cəlaləddin Rumi haqqında yazacağı əsərdə Şəms Təbrizidən də bəhs edəcək, Şəmsin guya təbrizli yox, başqa bir yerdən olmasını təəssübkeşliklə, bir azərbaycanlı olaraq dərhal rədd edəcək, bunu isbatlayan dəlilləri gətirdikdən sonra əlavə edəcək ki, bahar haradadırsa, elə bahardır. Şəms elə bir günəşdir ki, Azərbaycandan saçıb və harada olsa, onun o Azərbaycan işığı, onun nuru görünəcəkdir.

İllər ötüncə İrana qayıtdıqdan sonra bir dəfə Şirazda, bir dəfə Kirmanda evinin yağmalanması, bir çox əlyazmalarının itib-batması Hacı Zeynalabdin Şirvaninin doğurduqlarının müəyyən hissəsinin günümüzə qədər gəlib çatmasının qarşısını alıb. Amma yaxşı ki, onun bir sıra yazdıqları da elə zamanında özü sağkən köçürülmüşdü, yayılmışdı, o sıradan onun Cəlaləddin Rumi haqqında yazdıqları da. 1895-ci ildə artıq çoxdan idi ki, Hacı Zeynalabdin Şirvani həyatda yox idi. Amma 1895-ci ildə Hindistanın Bombey şəhərində "Nasiri" mətbəəsində Mövlana Cəlaləddin Ruminin məsnəvisi daşbasma üsulu ilə nəşr edilir və bu nəşrin bir özəlliyi də ondan ibarətdir ki, əvvəlində Hacı Zeynalabdin Şirvaninin yazdığı müqəddimə gəlir.

Həmin müqəddiməsə Hacı Zeynalabdin Şirvanidən yalnız bir səyyah, bir alim, bir tarixçi, bir şair kimi deyil, həm də bir ədəbiyyatşünas kimi bəhs etməyə əsas verir. Çünki kiçik olmayan həmin müqəddimədə bir tərəfdən Hacı Zeynalabdin Şirvani Cəlaləddin Ruminin yaşadığı mühiti, onun ətrafında toplaşmış insanları, onun təbliğ etdiyi cərəyanı olduğu kimi canlandıra bilib, digər tərəfdən bu müqəddimədə Cəlaləddin Ruminin hər kəsə yaxın görünə biləcək doğma bir surəti var. "Məsnəvi"nin sətirlər altında gizlənən bir çox hikmətlərini açmaq da o gözəl müqəddimənin bir başqa üstünlüyüdür.

Hacı Zeynalabdin Şirvanidən bizə yadigar qalan əsərlərin hər biri daim yanan, sönməyən və heç vaxt da sönməyəcək ocaqlar kimidir. Elə ocaqlar ki, biz və bütün gələcək nəsillər həmin ocaqların hərarətini, işığını hər an duyacaq və 1826-cı ildə Hacı Zeynalabdin Şirvani özü sönməyən belə ocaqlardan birinin qarşısında dayanmışdı, heyrət içərisində idi və o təəssüratlarını sonra kitabında qeyd eləyəcək.

1826-cı ildə artıq 20 il idi ki, Bakı Rusiya imperatorluğuna ilhaq edilmişdi. Hacı Zeynalabdin Şirvani, özünün yazdığı kimi, Bakı limanından üç verst şərqdə olan Suraxanıya gəlib çatmışdı. Suraxanıdasa onu heyrətə salan, cəzb eləyən ilk növbədə Atəşgah idi.  Yazırdı ki, buralar möcüzəli yerlərdir, insanlar torpağı qazırlar, ora alov yaxınlaşdırırlar, dərhal həmin yer bir ocağa çevrilir. Yazır ki, buranı müqəddəs bilirlər. Bura atəşpərəstlərin - gəbrlərin ziyarət yeridir. Uzaq Hindistandan daim bura kahinlər ibadətə gəlirlər və həmin kahinlərin neçəsi burada ocağın keşiyini çəkir.

Hindistandan gəlib Suraxanıdakı Atəşgahın keşiyini çəkən, ibadətini davam etdirən hindlilərin olmasını Hacı Zeynalabdin Şirvanidən əvvəl də yazıblar və hər səyyah da o kahinlərin hətta neçəsinin burada daimi ibadətdə olduğunu xatırladıb. 1746-cı ildə səyyah C.Qanvey yazırdı ki, Suraxanıda Atəşgahda Hindistandan gəlmiş əlli kahin var. İllər ötdükcə bunların sayı azalıb. 1883-cü ildə axırıncı hindli oradaymış. Ancaq Hacı Zeynalabdin Şirvani buralara təşrif gətirəndə, yəni 1826-cı ildə Suraxanıda Atəşgahdakı ocağın keşiyində Hindistandan gəlmiş bir neçə nəfər varmış.

Və Hacı Zeynalabdin Şirvani buralarla bağlı rəmzi məna daşıyan bir təfərrüatı da səyahətnaməsinə daxil edib. İnanclı insanlar, sən demə, buradan odu başqa bir məkana daşımağın üsulunu da tapıblarmış. Hacı Zeynalabdin Şirvani yazır ki, buradan odu başqa yerə aparmaqçün insanlar bir çuxur qazırlar və ora bir saxsı boru daxil edirlər, həmin saxsı borunun üstünə isə tuluq keçirirlər. Yerdən çıxan qaz o boru vasitəsilə həmin tuluğa daxil olur. Sonra tuluğun ağzını bərk-bərk bağlayıb, istədikləri məkana aparırlar. Başqa bir məkanda o tuluğun içərisinə yenə saxsı boru salırlar və saxsı borunun yuxarısına alovu yaxınlaşdırınca yanmağa başlayır.

Beləcə, Azərbaycan torpağının, Suraxanının alovu, atəşi başqa bir istənilən uzaq məkana aparılanda da yanmağa davam edirmiş və Hacı Zeynalabdin Şirvaninin gözü ilə gördüyü, təsvir elədiyi bu mənzərə son dərəcə rəmzi təsir bağışlayır.

Dünyanın harasında olursan-ol, aç o kitabları, hansı zamanda yaşayırsan-yaşa, Hacı Zeynalabdinin kitablarını açınca səninlə müasirin kimi danışmağa başlayır və qədimdə bir məkandan başqa yerə aparılınca da yanmaqda davam edən alov kimi bu kitablar işığını, hərarətini ötürməkdən dayanmır.

Atəşgahdakı həmin ocaqların bir yerdən başqa yerə köçürülməsini Hacı Zeynalabdin Şirvani öz gözü ilə görmüşdü. Böyük alimin özünün çatdığı kitab-ocaqların yanmaqda, işıq saçmaqda davam etməsinə isə şahid ondan sonrakı zamanlarda yaşayan nəsil-nəsil insanlardır. Hindistandan Azərbaycana - atəşpərəstliyin Məkkəsinə gələnlərlə bağlı sözün davamı olaraq bu faktı da xatırlamağın yeri var ki, bu da Hacı Zeynalabdin Şirvaninin ədəbi qəhrəmana çevrilməsi ilə bağlıdır.

1960-cı illərdə Gənc Tamaşaçılar Teatrının hazırladığı və mütəmadi göstərdiyi, Qeybulla Rəsulovun müəllifi  olduğu "Əlvida, Hindistan" pyesi vardı. 1962-ci ildə yazılmış bu əsər 1963-cü il martın 2-də rejissor Zəfər Nemətovun quruluşunda ilk dəfə oynanmışdı və o dövrdə teatrşünas Cabir Səfərovun, şairlər Adil Babayev və Hikmət Ziyanın dərc edilən məqalələri də təsdiqləyir ki, rəğbətlə qarşılanmışdı. Yusif Vəliyev, Hüseynağa Sadıqov, Məmmədağa Dadaşov, Firdovsi Nayibov və digər tanınmış aktyorların qatıldığı bu tamaşa Hacı Zeynalabdin Şirvaninin Hindistanda başından keçən sərgüzəştlərə həsr edilmişdi və baş qəhrəmanın surətini əvəzliliklə Süleyman Ələsgərovla Osman Hacıbəyov yaradırdılar. Pyes hələ Azərbaycanda az adamın tanıdığı böyük səyyahı idealları, mübarizələri, əsərləri və nəciblikləri ilə xalqa səhnədən təqdim etməklə gününə görə unudulmuş Hacı Zeynalabdin Şirvanini hamınınkı etmək səmtində əhəmiyyətli iş gördü. Orası da var ki, teatr bu əsəri yalnız Bakıda göstərmir, Azərbaycan rayonlarına olan qastrol səfərlərində də nümayiş etdirirdi. Şagirdlər, gənclərlə yanaşı yaşlıların da bu maraqlı pyesə həvəslə baxmalarını elə Kürdəmir rayonundakı bir neçə yüz tamaşaçı tutan yay kinoteatrının səhnəsində "Əlvida, Hindistan"ı seyr etdiyim öz məktəb illərimdən xatırlayıram. Başqa sözlə, ədəbi qəhrəmana çevrilməsi qısa bir zamanda Hacı Zeynalabdin Şirvanini onlarca elmi əsərin edə biləcəyindən daha artıq tanıtmış,  kütləviləşdirmiş, sevdirmişdi.

Musiqisini Şəfiqə Axundovanın bəstələdiyi və içərisindən xəfif hind dalğası keçən, cəlbediciliyi daha da artıran təsirli nəğmələrin müşayiəti ilə davam edən tamaşanın son səhnəsində bu əsrarəngiz yurddan ayrılaraq növbəti səyahətinə hazırlaşan Hacı Zeynalabdin özü ilə xilaskarı olduğu bir cavan hindlini də götürür. Gənc yol yoldaşına üz tutaraq: "Biz səninlə uzaq səfərə gedirik, Ramo, - deyir. - Qoy bu uzun yollar səni qorxutmasın. Bir zaman gələcək, torpağından didərgin və dərbədər düşdüyüm Azərbaycan elləri öz sərgərdan oğlu ilə fəxr edəcək. Zeynalabdin Şirvani bizimdir, bizim diyarda doğulub söyləyəcək. İndi isə öz yurdunla vidalaş, qardaşım, əlvida de.  Əlvida, Hindistan! Əlvida, ey ürəyində Vətən yarası, kürəyində ingilis damğası gəzdirən qoca fil!"

Azərbaycan yazıçısının əsərində səyyah Hacı Zeynalabdin Şirvani Hindistandan ayrılanda bu füsunkar diyara "əlvida" söyləyirdi. Əlbəttə, hər insan təxmin edə bilir ki, gəldiyi hansısa yurda bir də dönə biləcəkmi, ya buralardan əbədilik ayrılır. Ona görə də xudahafizləşəndə ya "hələlik" deyir, ya da biryolluq vidalaşır. Ancaq Hacı Zeynalabdin Şirvani getdiyi heç bir məmləkətdən daha heç vaxt ayrılmadı. Lap dilindən yüz yol "Əlvida!" kəlməsi qopsa da!

Bir daha ayrıldığı yurdlara dönməsə də, dəftərlərindəki qeydləri və yaddaşındakı xatirələri ilə həmin yerlər onunla həmişəlik qaldılar, hər dəfə qələm götürüb səyahətnamələrinin yeni səhifələrini yazmağa başlayanda unudulmaz ellər köhnə macəraları və insanları ilə yorulmaz səyyahın könlündə yenidən canlandılar. Həmişə onunla olana müdrik səyyah necə "Əlvida!" söyləyəydi.

18 dekabr 2024

seeBaxış sayı:86
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri