525ci qəzet Millət vəkili Günay Ağamalı: “...heç zaman namizədliyimi irəli sürməzdim”
Son ayını yaşadığımız 2024-cü il ölkəmiz üçün bir sıra vacib və əhəmiyyətli hadisələrlə yadda qaldı. Bu önəmli hadisələrdən biri də VII çağırış Milli Məclisə seçkilər idi. Bu seçkiləri namizədliyini ilk dəfə irəli sürən, ölkənin ali qanunvericilik orqanında ilk dəfə təmsil olunmaq hüququ qazananlar üçün isə daha əlamətdar hesab etmək olar. Bugünkü müsahibimiz də onlardan biridir. Həmsöhbətimiz Ana Vətən Partiyasının sədr müavini, partiyanın Qadınlar Şurasının sədri, “Buta” xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə elmləri doktoru, millət vəkili Günay Ağamalıdır.
- Günay xanım, qiyabi tanışlıqdan optimist insan təəssüratı yarada bilmisiniz...
- Ona görə ki, Azərbaycanın nailiyyətlərinə görə çox qürurluyam. Ölkəmin istər beynəlxalq arenada, istər öz daxilindəki uğurlarını görüb buna sevinməmək mümkün deyil. Düşünürəm ki, hər bir azərbaycanlı yüksələn nüfuzumuzla həm öyünür, həm də fəxr edir. Təbii ki, bu torpağın bir övladı olaraq, bu hisslər məndən də yan keçə bilməz.
- Sizin simanızda bir dilşünas-tərcüməçi, bir psixoloq, həm ictimai-siyasi xadim, həm də bir millət vəkili ilə qarşılıqlı söhbət edirəm. Bir dil mütəxəssisini cəlb edən psixologiyanın səbəbi mütləq var...
- Açıq deyəcəyəm, səbəb övladlarım olub. Psixologiya təhsilindən əvvəl mən Dillər Universitetində çalışırdım. O zaman onlar balaca idi. Uşaqları böyüdə-böyüdə məndə onların psixologiyasını öyrənmək marağı yarandı və bu sahəyə yönəldim. Təhsil aldığım vaxtda elə fəaliyyət sahəmi də dəyişdim. Dillər Universitetindən ayrılaraq uşaq bağçası sferasına yönəldim, çünki onların psixologiyası mənə daha maraqlı idi. Yəni uşaqlarım məni bir psixoloqa çevirməyi bacardı.
- Psixoloqun tərifini eşidək sizdən...
- Psixoloq insanları dinləyən, onların dərdinə şərik olan, əslində isə bu problemlərə istiqamət verməkdə çətinlik çəkən insandır. Hər kəs fərdi olaraq düşmüş olduğu vəziyyətdən özü çıxır. Bəzən eşidirik deyirlər ki, mən onun yerinə osaydım, belə etməzdim. Lakin əslində biz başqasının keçirdiyi hissləri yaşamadan heç vaxt bilmərik ki, həmin anda nə edərdik. Psixologiya çox məsuliyyətli və mürəkkəb sahədir. Bu sahəni seçərkən çox düşünüb-daşınmaq lazımdır. Əsas bilirsiniz nədir? Qarşındakını dinləmək bacarığı. Bunun üçün isə səbir, təmkin və iradə lazımdır. İnsanları dinləməyin özü böyük cəsarət tələb edir. Əsl psixoloq budur.
- Söhbətimizə bir ictimai-siyasi xadimlə davam edək. Bu fəaliyyət ya ailədən gələ bilər, ya da dövrün tələbi idi...
- Çox maraqlı sual oldu mənim üçün. Azərbaycanın müstəqillik illərində Ana Vətən Partiyasını yaradan, otuz il millət vəkili kimi parlamentdə xalqını təmsil edən Fəzail Ağamalının övladı olaraq, təbii ki, burada ailənin təsiri var. Lakin 18 yaşında bu partiyaya qoşulmağım, aktiv ictimai fəallığım, 2020-ci ildə partiyanın Qadınlar Şurasının sədri seçilməyim özümü sübutun nəticəsidir. Eyni zamanda sədrin humanitar və kommunikasiya məsələləri üzrə müşaviri təyin olundum. Ötən dörd il ərzində hər iki istiqamət üzrə gözəçarpacaq dərəcədə işlər görə bildik. Yəni həm ailənin, həm də düşünürəm ki, fəaliyyətimin də təsiri öz sözünü deyə bilib.
- Səmimi və açıq söhbətə zənnimcə, etirazınız olmaz...
- Əlbəttə, buyurun.
- İctimai-siyasi fəaliyyətiniz millət vəkilliyinə qədər gəlib çatdı. Yəqin özünüzə də məlumdur ki, bu, cəmiyyətdə birmənalı qarşılanmadı. Altı çağırış seçkilərdə iştirak edən AVP-nin sədri Fəzail Ağamalı namizədliyini vermədi. Lakin partiyanın verdiyi namizədlər siyahısında onun qızının adı oldu və nəticədə eyni seçki dairəsində səs çoxluğu qazandınız. Bu da cəmiyyətdə bir rezonansa səbəb oldu...
- Açıq və səmimi deyəcəyəm. Milli Məclisə seçkilərdə namizədliyin irəli sürülmə dönəmində partiyamızın sədri Fəzail Ağamalının səhhətində problemi vardı. Bu haqda o özü mətbuata da bildirdi. Bu səbəbdən o, namizədliyini irəli sürmədi. Bir partiya olaraq biz də öz namizədlərimizi verməli idik. Partiya üzvlərinin, İdarə Heyətinin qərarı ilə biz də on bir nəfərin namizədləyini verdik. Onların arasında mənim də adım oldu. Açıq etiraf edirəm, Fəzail müəllim seçkilərə qatılmış olsaydı, mən heç zaman namizədliyimi irəli sürməzdim.
- Uzun illərdir kənardan parlamentin işinə, fəaliyyətinə bələdsiniz. Lakin artıq özünüz bu parlamentin daxilindəsiniz və adınızın qarşısında “millət vəkili” titulu səslənir...
- Təbliğat-təşviqat zamanı mənim belə bir sloqanım olub: “Dövlətimizə, millətimizə sədaqətlə xidmət edək”. Millət vəkili qanunvericilik orqanında fəaliyyət göstərir və xalq tərəfindən seçilən bir nümayəndədir. Bu xalqdan biri olan millət vəkili onların səsi, sözü olmalıdır, qanunların işlənib hazırlanmasında fəal olmalı, təkliflərini irəli sürməlidir. Düşünürəm ki, otuz il ərzində bizim qanunvericilik bazamız mütəşəkkil şəkildə qurulub.
Əminəm ki, bundan sonra da Milli Məclis bu kimi qanunları qəbul etməklə dövlətimizə öz töhfələrini verə biləcək.
- Amma seçici səs verdiyi namizəddən heç də həmişə razı deyil...
- Burada fərqli səbəblər ola bilər...VII çağırış parlament seçkisi fərqli və özünəməxsus bir seçki olduğundan bu gün Milli Məclisin deputatı kimi çox qürurluyam. Bu, mənim ilk seçkimdir, hələ üç aydır ki, fəaliyyətə başlamışıq. Bu baxımdan seçici narazılığı mənə yaddır və çalışacağam ki, elə də qalsın. Parlamentin Ailə, qadın və uşaq, İctimai birliklər və dini qurumlar komitələrinin üzvüyəm. Millət vəkili olana qədər mən həssas bir fəaliyyət yolu keçmişəm. On dörd ilə yaxın Körpələr evi-uşaq bağçasının təsisçisi və rəhbəri olmuşam. Eyni zamanda “Buta” xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə dəstək İctimai Birliyinin sədriyəm. Belə uşaqlara dövlətimizin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmişə xüsusi diqqət və qayğısı olub. Biz də Qeyri-Hökumət Təşkilatı olaraq, hər zaman çalışmışıq ki, cəmiyyətimizin bu həssas təbəqəsinə elə həssascasına da yanaşıb dəstəyimizi göstərək. Bir çox layihələrlə bu istiqamətdə atdığımız imzalar bu gün də davam edir. Hər birimizin uşaqlıq, yeniyetməlik dövrü olub, artıq bir mütəxəssisə çevrildikcə anlayırsan ki, bu dönəmdə hər bir fərd diqqət və qayğı ilə əhatə olunmalıdır ki, cəmiyyətin gələcəyi sağlam düşüncəli nəslin əlində olsun.
- Sırada AVP-nin Qadınlar Şurasının sədri Günay Ağamalıdır. Konkret olaraq qadından danışaq...
- Qadın cəsarətli, hünərli, mühafizəkar, olduqca həssas və qayğıkeş varlıqdır. Qadına xas xüsusiyyətlər sadalandıqca bitən deyil. Azərbaycan qadınına verilən dəyər Ulu öndər hakimiyyətə gələndən sonra daha parlaq şəkildə təzahürünü tapdı. Məhz bundan sonra qadınların cəmiyyətdəki rolu, fəaliyyəti üzə çıxdı. İllər öncədən yürüdülən siyasət bu gün də ölkə başçısı tərəfindən uğurla davam edir. Bu gün dövlət strukturlarında səlahiyyətli vəzifələr daşıyan Azərbaycan qadını mədəniyyəti, humanistliyilə yanaşı, cəsarətini də göstərməyə qadirdir. Bu günün qadını cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir sahədə sözünü deməyi bacarır. Yəqin ki, xatırlayırsınız, ötən ilin dekabr ayında başlayan və 138 gün fasiləsiz davam edən ekofəalların etiraz aksiyasında nə qədər gənc qızlarımız, QHT-lərin nə qədər fəal qadınları iştirak etdilər. Bütün bunlar Azəərbaycan qadınlarına aiddir. Ümumiyyətlə türk qadınları tarixən cəsarəti, döyüşkən ruhu ilə yanaşı, həmişə cəfakeşliyi, ailəcanlığı ilə seçilib. Mənim nəzərimdə Azərbaycan qadını həmişə zirvədədir və daima orada da qalmasını arzu edərdim.
- Azərbaycan xalqının taleyindən ağrılı otuz il keçdi. Bu illər ərzində irəli getməyi bacarsaq da, başımızı dik tuta bilmirdik. Sonunda istəməsək də, müharibəyə qalxdıq, savaşdıq və bu millətə aid olanı geri ala bildik. Lakin dünya hələ də bizə qarşıdır...
- Azərbaycan üz-üzə qaldığı problemlə otuz il meydanda tək oldu. Heç bir dövlət, heç bir qüvvə ona nəinki kömək etdi, yanında belə olmadı. Lakin dövlət uzaqgörən və yürütdüyü peşəkar siyasətilə dünyaya özünü sübut edə bildi. Kimliyindən, peşəsindən, müxalifətdən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hamı ölkə başçısının yanında oldu və bu birlik elə qırılmaz zəncir yaratdı ki, onun bir halqası belə, zəif bənd olmadı. Məhz bu birlik, bu vəhdət bizi zəfərə doğru aparan qüvvə oldu. Biz 44 günlük müharibə ilə və daha sonra 23 saatlıq antiterror əməliyyatı ilə dünyaya həm kimliyimizi göstərdik, həm də sözümüzü dedik. Və sözsüz ki, bunu həzm edə bilməyənlər var və olacaq da. Heç uzağa getməyək, ötən ay beynəlxalq səviyyəli COP29 kimi mötəbər bir tədbir keçirildi. Biz bu tədbirə cəmi on bir ay ərzində hazırlaşdıq. COP29 davam edən ərəfələrdə müxtəlif Qərb dairələri, bizi sevməyənlər ev sahibliyi etdiyimiz tədbirə nə qədər ləkə vurmağa çalışdılar, böhtanlar atdılar, qarayaxmaqla məşğul oldular, təhdidlər etməyə can atdılar. Amma bacarmadılar, çünki Azərbaycan artıq qüdrətli dövlətdir. Bu gün Azərbaycan heç kəsə arxalanmadan istər Ermənistanla, istər onun havadarları ilə üz-üzədir və heç nədən çəkinmədiyini cəsarətlə bəyan edir. Bu cəsarətdən vahimələnən dünyanın hələ də bizə qarşı olması başadüşüləndir. Özləri də bilmədən bizi daha böyük uğurlar, qələbələr qazanmağımıza təkan verirlər. Bunun nəyi pisdir ki... Biz 44 günlük müharibədən söhbət açdıq, bu əsnada mən gənclərimiz haqqında fikirlərimi bildirmək istəyərdim...
- Əslində onlarla bağlı sualım vardı...
- Bizim gənclərimizdən narazılıq etməyə haqqımız yoxdur. Azərbaycan gənci nə anasını düşündü, nə ailəsini, nə doğulacaq körpəsini, nə də gəncliyini. Hər şeyi gözü önünə alaraq, Tanrının verdiyi canı Vətən yolunda qurban verdi. Yalnız adını eşitdiyi torpağı görübmü, orada gəzibmi, ya bir gün yaşayıbmı düşüncəsinin fərqinə belə, varmadan Ali Baş Komandanın bir çağırışı ilə müharibəyə getdi, şəhid, ya qazi olana qədər düşmənə dağ çəkdi və illərlə işğal altında olan əraziləri azad edə-edə orada Azərbaycan bayrağını ucaltdı, canı və qanı hesabına möhtəşəm bir tarix yazdı. Budur Azərbaycan gənci. Tez-tez gənclərlə görüşlərim olur. Bizim gənclərimiz çox istedadlı, qabiliyyətli və zəhmətkeşdirlər. Bu günün gənci ailədən heç nə tələb etmir, xərclərini özü qarşılamaq istəyir, həm təhsil alır, həm də işləyir. Düzdür, aralarında tənbəllər də var və biz onlara düzgün istiqamət verməyə borcluyuq. Texnologiya və informatika bolluğu olan bir dünyada yaşayırıq və çox istərdim ki, bütün gənclərimiz şüurlu və düzgün şəkildə dünyaya çıxa bilsinlər. Mən valideynlərə demək istərdim ki, qız övladlarını mütləq təhsilə yönəltsinlər. Azərbaycan gənci savadlıdır, ağıllıdır və gözəldir. Ən əsas onlara baxanda inanmaq olur ki, Azərbaycanın gələcəyi əmin əllərdədir, çünki ilk növbədə vətənpərvər bir nəsil yetişir. Onların hər birinin davranışında, hərəkətlərində, qarşılıqlı ünsiyyətdə Azərbaycana bağlılıq özünü mütləq büruzə verir.
- Sualsız və ürəyinizdən keçənlərdən danışın...
- Dörd il əvvələ qədər bizim Qarabağ ağrımız vardı. Hamı yorulmuşdu, usanmışdı, hardasa insanlarda inam itmişdi. Hər bayramda deyirdik ki, o gün olsun, bayram süfrələrimizi Qarabağda açaq, tonqallarımızı yandıraq. Sanki artıq bu yeksənəqlikdən insanlar yorulmuşdu. Amma nə oldu?
Birdən-birə hamımız olduq qarabağlı və qələbəmizi qazandıq. Bu gün isə hamımızın Qərbi azərbaycanlı olmaq zamanıdır. Hamımız ölkə rəhbərinin yürüdüyü yolla gedirik və inanıram ki, zamanında dədə-baba torpağından qovulanların, yurd həsrətilə dünyasını dəyişənlərin davamçılarının da yaxın gələcəkdə el-oba həsrətinə son qoyulacaq və hamımız əzəli, haqq torpaqlarımıza qovuşacağıq.
Tamilla M-ZADƏ