Icma.az
close
up
RU
525ci qəzet Səsi simfoniyaya çevirməyi bacaran şair

525ci qəzet Səsi simfoniyaya çevirməyi bacaran şair

Icma.az bildirir, 525.az portalına istinadən.

Səyavuş Sərxanlı (1943-2005) 23 oktyabr 1969-cu il tarixdə mənə hədiyyə elədiyi “Qayıt” (1968) adlı ilk kitabının avtoqrafında yazırdı: “Ömür ən qısa, ən ani bir səsdir! Bu səsi haraya, simfoniyaya çevirməyə bacaran Sənə - ən xoş arzularla”. Əslində bu sözü istedadlı şairin, bənzərsiz publisistin, tərcüməçinin özünə də aid etmək olar. Ona görə ki, Səyavuş əli qələm tutan gündən ömrünün sonu­na qədər həyatın səslərini haraya, simfoniyaya çevirməyə çalışan, özündən sonra zəngin ədəbi irs qoyub gedən bir qələm sahibidir.

Şəmkir rayonunun Morul kəndində dünyaya göz açan, orta məktəbi qızıl medalla, universitetin jurnalistika fakül­təsini əla qiymətlərlə başa vuran Səyavuş Sərxanlı ilə “Ulduz” jurnalının redaksiyasında tanış olmuşdum. O vaxt bütün yaradıcı gənclər çap olunmaq arzusu ilə redaksiyaya gəlib gedirdilər. Hamı çap oluna bilməsə də, yaradıcı insanlarla – Məmməd Arazla, Tofiq Bayramla, İsi Məlikzadə ilə, jurnalın baş redaktoru Cabir Novruzla söhbətlər bizə əhəmiyyətli dərəcədə öz təsirini göstərməkdə idi. Bilirdik ki, Səyavuş Sərxanlıya şəxsi tanışlığımızdan 5-6 il əvvəl, daha dəqiq desək, 1961-ci ildə Nəbi Xəzri uğurlu yol yazıbmış, onun iki şeirini kiçik təqdimat yazısı ilə birlikdə “Azərbaycan gəncləri” qəzetində çap etdiribmiş. Səyavuş o vaxt şeirləri çap olunmayan yox, tez-tez çap olunan gənc qələm sahiblərinin sırasında idi. Hətta “Gənclik” nəşriyyatında onun “Qayıt” adlı kitabı da nəşr olunmuşdu. O vaxt biz tələbələr qərara gəldik ki, qaldığımız tələbə yataqxanasında Səyavuş Sərxanlıyla bir görüş keçirək. Həmin görüş elə mənə avtoqraf yazdığı gündə baş tutdu. Tofiq Bayram, eləcə də biz cavanlar çıxış elədik. Sonra sözü Səyavuşa verdilər. O danışdı, “Yenə sizi gördüm” şeirini oxudu:

Gün çıxır -

Dumanla qalxır savaşa,

Dağların kürkünü istiləndirir.

Dağlar qocalar tək verib baş-başa

Sanki qəlyanını tüstüləndirir.

Burdan ordu keçib, burdan cəng keçib,

Ümmanla göz yaşı töküb dərələr.

Elə bil dağlardan bir nəhəng keçib -

Ayağı altında çöküb dərələr.

...Şəlalə atlı tək çəkər yüyəni,

Təpələr - bir yorğun piyada kimi.

Dağlar təbiətin sağlıq deyəni,

Qaldırır Günəşi piyalə kimi...

Şeir oxunduqca təbiətin gözəl mənzərələrinin detallı təsviri doğma torpaqdan aralanıb yataqxana küncünə sığınan kənd uşaqlarını həyəcanlandırırdı. Şairin bənzətmələri filologiya fakültəsində oxuyan tələbələrin daha çox xoşuna gəlirdi...

Sonra “Yarpaqlar tökülür” şeiri səsləndi:

Səfər paltarını geydi son bahar,

Yolları, izləri bəzədi meşə.

Maral buynuzuna döndü ağaclar,

Maral sürüsünə bənzədi meşə.

Budaqlar qüssəyə, çənə büründü,

Yarpaqlar dəydikcə qanad yerinə.

Tənha yuvalar da nöqtəyə döndü

Quşların sonuncu nəğmələrinə.

Şeir davam elədikcə obrazlı misralar, bənzətmələr dinləyiciləri əfsunlayırdı: “Bir ana durna tək çırpınan qovaq, Dəyişir qocalmış lələklərini”; “Budaqlar çırpdıqca yarpaqlarını, Arxlar yarpaqladı budaqlar kimi”; “Tökülür üstümə yarpaq leysanı, Duyğu leysanısa qəlbimə yağır”...

Səyavuş Sərxanlının peyzaj lirikasına ustadı Nəbi Xəzrinin təbiət şeirlərinin təsiri duyulsa da, əslində Səyavuş bənzərsiz şair idı. Ona görə ki, həmişə öz gördüklərini, duyduqlarını yazırdı...

Sonralar Səyavuşun bir-birinin ardınca kitabları çap olunmağa başladı. “Dünya sevənlərindir” (“Gənclik”, 1971),“Anamın səsi gəlir” (“Gənclik”, 1978),“Mənim nərgizli dünyam” (”Gənclik”, 1980), “Duz-çörək” (“Yazıçı”, 1986) adlı şeir kitablarında onun qələmindən süzülən rəngarəng mövzulu poetik nümunələr toplandı.

“Yazıçı” nəşriyyatı onun “Yormaz bu yollar məni”, “Yaxın, uzaq ellərdə” və s. adlı publisistika kitablarını çap eləyib. 2003-cü ildə “Yeni nəsil” nəşriyyatında nəşr edilən “Məni soruşan olsa” kitabında isə seçmə şeirləri ilə bərabər müəllifin məqalələri, esseləri toplanıb. Müxtəlif janrlı bütün əsərlərin hamısında “səsi haraya, simfoniyaya çevirməyə çalışan” Səyavuşun daxili dünyası, həyata, insanlara, hadisələrə münasibəti bu və ya digər dərəcədə öz əksini tapıb.

Obrazlı deyim tərzi, hadisələrə, mənzərələrə, insan hisslərinə, düşüncələrinə poetik don biçmə məharəti Səyavuş Sərxanlının bütün şeirləri üçün xas olan aparıcı cəhətdir. Hələ 1979-cu ildə yazılan “Bakı-Moskva reysi” adlı şeirdəki bu misralar şairin məramı, arzusu, istəyi haqqında az söz demir:

Bayram tonqalıdı sinəmin içi,

Yanır pərvanələr şəfəqlərində.

Fikrim Bakını da adlayıb keçib,

Çırpınır Təbrizin üfüqlərində.

Ey ürək, deyirəm sökülsün yaxan,

Sənə kim dedi ki, rahat ol, uyu?

Görsənə, gözümdən gözünə axan

Arazın suyudur, Arazın suyu.

Ümidlər, inamlar verir səs-səsə,

Bayram tonqalları tutur cahanı.

Dünya paytaxtından baxıram ərzə,

Mən bütöv görürəm Azərbaycanı.

S.Sərxanlı nədən yazırsa yazsın, onun şeirlərinin hamı­sın­da öz bədii portretinin səciyyəvi cizgilərini tapmaq elə də çətin deyil. Bu baxımdan “Ağrı” şeiri daha çox diqqəti cəlb edir. Öz ad günündə düşüncələrə dalan, keçdiyi ömür yolunu saf-çürük edən, atasını xatırlayan şair o günlərə xatirə prizmasından baxır, dəyər verir, özünü yol qırağındakı tozlu daşa, yuvası dağılan qərib quşa bənzədir. “Yerin, göyün susması”, “ölümün arabir kəndə baş çəkməsi” metaforik ifadələri, “payız yarpağı tək ürəyim əsir” təşbehi, “fağır duman”, “farağat atəş”, “ufuldayan günəş”, “tövşüyən çay”, “qərib axşam” epitetləri portreti canlandıran vasitəyə çevrilir.

Səyavuşu yaxından tanıyan qələm dostları təkcə onun boy-buxununu, mərdi-mərdanə sifətini, açıq alnını, arxaya daranan saçlarını, təmiz, səliqəli geyimini yox, həm də onun hərəkətlərini, mimikasını, təbəssümünü yaxşı xatırlayırlar. Şaqraq gülüş Səyavuşun portretinin ən əsas cizgisi idi desəm, onu yaxından tanıyanlar fikrimi təsdiqləyərlər. Şairin “Güləyən adam” şeirində onun öz bədii portretinin mükəmməlliyi göz önündə dayanır. Özü də bu portret statik deyil, hərəkətlidir, canlıdır. Şeiri oxuyanda elə bil dostlarla zarafatlaşanda şaqqanaq çəkib gülən Səyavuşun özünü görürəm:

Gülə bilir, qoy o gülsün,

Ayrı şeydir gülə bilmək istedadı.

Qoy o gülsün, o güləndə

nağıllaşır ömrün dadı...

Şeiri oxuduqca bütün “zülmlərin, zalımların”, “vaxtsız gələn ölümlərin”, “ütüklərin, sümsüklərin”  acığına şaq­qanaq çəkib gülən, “ayqır kimi kişnəyən”, gülə-gülə hönkürən lirik qəhrəmanın bədii obrazı canlanır göz önündə.

Səyavuş Sərxanlının şeirlərində payız, ağac, yarpaq, gül-çiçək, kəpənək obrazlaşır, şairin ədəbi məramının ifadəçisinə çevrilir. “Mənim nərgizli dünyam”, “Toxumlar torpağı dimdikləyirlər”, “Kəpənək günü”, “Yağışlar, ağaclar” və s. bu kimi şeirlərdə təsvirlər canlıdır, hərarətlidir. İtaliyaya səfər zamanı yazılan “Rafaello Karra” adlı əsəri heyrətamiz mahnını dinləyəndə həyəcanlanan şairin – lirik qəhrəmanın düşüncələrini, həyəcanlarını əks etdirmək baxımından maraq doğurur:

Dərd çəkməyə bəs etməzmi bir bənövşə?

Dünya durur, məhəbbət də hələ durur.

Qızıl-qızıl alovlardan yanan meşə

Dilim-dilim həsrətlərdi elə durur.

Bir durnanın lələyindən qopan şölə

Bir şairin naləsiydi, dindi getdi.

Bir qayanın sinəsində bitən lalə

Bir yaddaşın çırağıydı, söndü getdi.

“Tənha gəmi”, “Qoca tramvay” və s. bu kimi şeirlərdə adi predmet bədii obraza çevrilir.

S,Sərxanlının mövzusundan asılı olmayaraq bütün şeirlərinin lirik qəhrəmanı həssas, kövrək, vətənpərvər, öz uşaqlığına, keçmişinə, valideynlərinə, ailəsinə, övladlarına, dostlarına bağlı bir insandır. Bu, onun şeirlərindəki  təsvir olunan hadisəyə münasibətində də açıq-aydın görünmək­dədir.

S.Sərxanlının şeir, sənət haqqında düşüncələri də diqqəti cəlb edir, onun sənətə estetik münasibətini, ədəbi zövqünü müəyyən etmək baxımından maraq doğurur. “Vurğun Moskvada” adlı şeirində kürsüdə çıxış edən Səməd Vurğunun barmaqlarını tüfəng lüləsinə bənzədən S.Sərxanlı yazır:

İnsanlar içində şair bir ada,

O, gəzən, yeriyən torpaq kimidir.

Şair ürəyindən qopan hər səda

Səngərdə ucalan bayraq kimidir.

O, yer günəşidir, yanar, közərər,

Atəşə qonşu ol, desinlər varsan.

Şairə toxunma, toxunsan əgər,

Sən öz tarixini yaralayarsan.

Torpaq da öyünər bu təmiz adla,

Şairsiz bir elin yediyi qəmdir.

Xalq uçar tarixə qoşa qanadla,

Biri süngüdürsə, biri qələmdir.

Şeirin son misralarında Səməd Vurğunun qalxıb-enən yumruğunu mərmiyə, kənarda yanıb tüstülənən “Kazbek”i isə döyüşdə vurulan top lüləsinə bənzədən Səyavuş Sərxanlı portreti səciyyəvi cizgilərlə tamamlayır.

Şairin şeirlərinin janrı da ənənəyə söykənir. Onun baya­tı, gəraylı, qoşma formalı şeirləri az deyil. Hətta poema adlandırdığı “Analı dağlar” əsərinin əksər bölmələri bayatı, gəraylı, qoşma formasındadır. Onlar poemanın hissələri olsalar belə, hər biri ayrıca bir şeirdi...

Yeri gəlmişkən onu da deyək ki, S.Sərxanlının yaradı­cılığında poema da əsas janrlardan biri hesab oluna bilər. Onun “Sahilsiz gün”, “Üzü bəri baxan dağlar”, “Atlant”, “Bir görüşün çiçəkləri” adlı poemaları da daxil edilib kitablarına. “Sahilsiz gün” əsərinin mərkəzində Puşkinlə Dantesin duel səhnəsinin təsviri əsas olsa da, müəllifin bu hadislər fonunda şair, şeir, sənət, insanlıq, sevgi, namus, mərdlik, kişilik və sair bu kimi əxlaqi məsələlərə poetik münasibəti əsərin bədii dəyərini xeylı dərəcədə artıran vasitəyə çevrilir. Özünü sinəsinə məktub qoyub asan Dantesin qızınının sözləri şair ölümsüzlüyünün bədii sözlə ifadəsinə xidmət edir:

Sinəsində kağız var,

Bircə barmaqdı o da.

Puşkinimin qatili

Atam imiş... Əlvida!

Senator çökdü birdən,

Od bürüdü canını.

Düz iyirmi il əvvəl

Şeirə atılan güllə

Tapdı öz ünvanını.

“Bir görüşüm çiçəkləri” poemasının proloqu, epiloqu olsa belə, iyirmi bir hissədən ibarət olan “fəsil”lərin hər biri ayrıca bir şeirdi. Elə bil ki, əsər poema yox, şeirlər silsiləsidir. Bu sözü elə Səyavuşun həcmcə digərlərindən fərqli olan “Üzü bəri baxan dağlar” əsərinə da aid eləyə bilərik. Bölmələrdən əlavə, əsas hadisəyə yardımçı olan beş haşiyədən istifadə, hər haşiyənin özünün belə bir neçə hissədən ibarət olması diqqəti cəlb edir. Bu baxımdan “Üzü bəri baxan dağlar”ı şərti olaraq haşiyələr poeması da adlandırmaq olar. Məzmunca bir-birini tamamlayan ayrı-ayrı şeirlərin, haşiyələrin hər biri müstəqil bədii parçadır.

S.Sərxanlı bədii təsvir və ifadə vasitələrindən gen-bol istifadə edən şairlərimizdəndi. Onun demək olar ki, bütün şeir və poemalarında poetik missiyalı epitetlərdən, metafora­lardan, təşbehlərdən, bədii suallardan, anafora və epiforadan gen-bol istifadə olunub. Bütün bunlar həm fikrin obrazlı şəkildə ifadəsinə, həm də bədii dəyərin artırılmasına xidmət edir.

“Dalğa gəlir kişnəyərək ağ yalmanlı bir at kimi” (“Dənizə gedən yol”); “Tüstülər də minib qar xizəkləri Çıxıblar baharın axtarışına”, “Üşüyən fikirlər dolur başıma” (“Fikirli qış, nağıllı qar”); “Üfüqdə zərli bir kəpənək kimi Səhər qanadını gərib durmuşdu” (“Kəpənək günü”); “Yetim qalan gitara sancılmışdı bu yasın qara gəlmiş döşünə durna lələyi kimi” (“Fəxri qarovulda nəğmələr”); “Gülüş qanadında uçur evimiz” (“Sonbeşik qadını”); “Gecə-gündüz qar yağır, ay çıxıb göydən baxır”, “Ağ maral gözü kimi açıldı ağ bir səhər”, “Tabut şamları kimi yanır ağcaqayınlar”, “Ulduzlar tökülürdü çöldə göz yaşı kimi” (“Sahilsiz gün”); “Göylərin güləyən gözü günəşsə, Yerlərin ağlayan gözüdü ana”, “Səpər sovqatını bağça-bağ kimi, Günəşdi evlərin yaxasında o. Qocalıb əssə də bir yarpaq kimi Dağdı dünyamızın arxasında o” (“Ana”); “Dünya üfüq boyu, ekvator boyu, Əməllər yol boyu çiçəkləyirdi. Başını göylərin dizinə qoyub, Atalar – heykəllər çiçəkləyirdi” (“Qılınc işığı, söz yaraşığı); “Öz ağ xalatında gur işıq kimi Ölümün gözünü qamaşdırır o”, “Həyatdan məzara gedən yolların Cilovu həkimin əllərindədı”, “Qəbristan yolları bir tabut kimi Yüklənir həkimin çiyinlərinə" (“Həkim haqqında düşüncələr”); “Çaylar bulaqların əlindən tutub, Aparır okean dərsi keçməyə” (“Şeir sorağında yandı ömür-gün”); “Əyri qılınc kimi ana torpağa Araz Savalanın əlindən düşüb” (“Torpaq axtarıram”) və sair bu kimi misralar, poetik missiyalı sətirlər şeirlərin, poemaların bədii dəyərini artırır. Bədii mənalandırma bacarığı şairi ümumi sözlərlə təsvirdən, nəzmçilikdən uzaqlaşdırır, həm şeirlərin məna dəyərini, həm mənzərələrin, portretlərin görümlülüyünü, ifadəliliyini, həm də bədii sənətkarlıq elementlərini artıran vasitəyə çevrilir.

S.Sərxanlı ixtisasca jurnalistdir, ömrünün böyük bir hissəsi mətbuatda keçmişdir. Öz peşəsinə dərin rəğbətinin olması onun “Jurnalist” adlı şeirində öz poetık əksini tapmışdır.

Keçər yüz obanı, gəzər yüz eli,

Bir xeyir xəbər tək o hər yerdədir.

Narahat qəlbinin döyüntüləri

Səslərə dönübdür, qəzetlərdədir.

Bu misralarla başlayan şeir bu bəndlə bitirdi. Şair jurnalist haqqında düşüncələrini belə tamamlayırdı:

Yaşayır, çırpınır min-min diləklə,

Deməyin yanğısı bircə anlıqdır.

Bu böyük günlərdə böyük ürəklə

Duymaq da, yazmaq da qəhrəmanlıqdır.

Jurnalist Səyavuş Sərxanlının narahat qəlbinin döyün­tüləri bir qədər ayrı biçimdə onun bənzərsiz, şairanə publisist yazılarına hopmuşdur. Şair Səyavuş Sərxanlı öz istedadlı qələm dostları ilə eyni cərgədə dayansa da, publisist Səyavuş Sərxanlı çox öndə idi, bəlkə də şəriksiz birinci idi. Jurnalist Səyavuşla şair Səyavuşun qaynayıb-qarışması, “yoğrulub təzədən yapılması”, “sintezi” publisist Səyavuşun ədəbi uğurlarının rəhninə çevrilmişdi.

Çoxşaxəli yaradıcılıq yolu keçən S.Sərxanlı həm də məhsuldar bir tərcüməçi kimi fəaliyyət göstərirdi. O, Zəki Nurinin “Qovaqlı sahillər”, Muetdin Çarinovun “Dağlı sevgisi”, “Ömrün şirin günləri” (şeirlər və poema), A.Aripovun “Bir cüt qara göz” (şeirlər və poema) kitablarını, Nodar Dumbadze. “Əbədiyyət qanunu” romanını ustalıqla dilimizə tərcümə eləmişdi.

Ümid edirik ki, Səyavuş Sərxanlının yaradıcıq yolu gələcəkdə ayrı-ayrı tədqiqat işlərinin predmetinə çevriləcək, onun əsərlərinin elmi məziyyətləri zəngin ədəbi faktlar, poetik nümunələr əsasında üzə çıxarılacaqdır.

Yaradıcı insanın uğuru, şan-şöhrəti üçün təkcə istedad kifayət eləmir, bəxt, tale, “naxışı gətirmək” də öz işini görür. Səyavuş Sərxanlı yaşıdlarının çoxundan istedadlı olsa da, onun ədəbi prosesdə yavaş-yavaş arxa plana keçməsi, fəxri adlar, mükafatlar veriləndə yada düşməməsi, dünyasını dəyişəndən sonra xatırlanmaması, unudulması da elə bil ki, tale-qismət işidi. Ancaq Səyavuş unudulası qələm sahibi deyildi axı... Əslində bu məqaləni yazmağım da həmin düşüncədən qaynaqlanır...

Sidq ürəklə arzulayıram ki, “səsi haraya, simfoniyaya çevirməyi bacaran” “nərgizli dünyanın şairi”nin – Səyavuş Sərxanlının ruhu şad olsun!

Rafiq Yusifoğlu,

Şair, əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

07-09.11.2024

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see140

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see132

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see130

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see123

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see114

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see111

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri