525ci qəzet XX əsr Azərbaycan ədəbiyyatı tarixi: statikadan dinamikaya
Nizami TAĞISOY
Professor
[email protected]
Çağdaş ədəbiyyatşünaslıq elmimizdə özünəməxsus yer tutan filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, ardıcıl və bəhrəli elmi fəaliyyətilə yanaşı, müəllifi olduğu çoxsaylı dərs vəsaiti və dərsliklərə görə də geniş tanınır. Onun "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı 3 cildlik dərsliyi bu dövr ədəbiyyatımıza yeni praqmatik baxış sərgiləmək baxımından nəzərəçarpacaq dərəcədə ehtiyac duyulan mənbələrdəndir. Uzun zaman kəsiyində onunla bir yerdə çalışdığımızdan, Bədirxan Əhmədlinin tədqiqatçılıq və yaradıcılıq fəaliyyətindən yaxşı xəbərdaram. Ancaq burada onun yeni nəşr olunmuş üçcildlik dərsliyindən, bu dərsliyin əhəmiyyətindən söz açmaq fikrindəyəm.
B.Əhmədli hələ 2010-11-ci illərdə Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına 3 cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini gətirib. Ədalət naminə bildirək ki, bu dərslik müəllim, tələbə və tədqiqatçılar arasında böyük maraqla qarşılanıb. Hər bir cildi 500 nüsxədən ibarət bu dərslik nadir mənbəyə çevrilib. Universitet tələbələrinin XX əsr Azərbaycan ədəbiyyatını öyrənməyə olan ehtiyacını ödəmək baxımından bu nəşrin əhəmiyyəti son dərəcə yüksəkdir. Azərbaycan ədəbiyyatının XX əsr dövrü ən mürəkkəb və qarışıq mərhələ olduğundan, onun inkişaf xətlərini və doktrinasını, fəlsəfi-estetik yanaşma tərzini proletar ideologiyasının, avtoritar və totalitar baxış bucağı çevrələdiyindən əvvəlki dövrün konsepsiyasını özündə ehtiva edən dərsliklər XX əsr ədəbiyyatının mahiyyətini anlamaq baxımından çoxsaylı suallar ortaya çıxarırdı. Məhz buna görə də Bədirxan Əhmədlinin yuxarıda qeyd edilən illərdə çıxmış 3 cildlik dərsliyi özünün yeni yanaşmaları ilə seçilməkdə idi. Həmin üçcildliyin uğuru və ona olan tələbat müəllifin bu dərsliyin yenidən işlənilmiş ikinci nəşrini ortaya çıxarmasını şərtləndirib. 2024-cü ilin ortalarından üzü bu yana adı çəkilən mənbənin yenidən işlənilmiş və zənginləşdirilmiş nəşrinin Azərbaycan ədəbiyyatı və təhsil məkanına uğurla daxil olması olduqca gərəkli bir mərama xidmət etdi. Müqayisə üçün deyək ki, əgər 3 cildliyin ilk nəşrinin birinci cildi 480 səhifədən ibarət idisə, 2024-cü il nəşri 544 səhifədən, ikinci cildi müvafiq olaraq 436 səhifədən ibarət idisə, bu nəşri 584 səhifədən ibarətdir. Birinci cildin ikinci bölümündəki "Azərbaycan ədəbiyyatının romantizm mərhələsi və onun nümayəndələri" adlı hissədə olan Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əliabbas Müznib və Əlipaşa Səbur kimi müəlliflərə 2024-cü il nəşrində Səməd Mənsur və Əbdülxaliq Cənnəti barədə portret-oçerklər də əlavə edilib. Elmi-nəzəri, ictimai-estetik və fəlsəfi-sosioloji yöndən yenilənmə cildlərin digər səhifələrindədə səriştəli alim-pedaqoq işi özünü göstərir.
Bədirxan Əhmədlinin böyük zəhmət hesabına araya-ərsəyə gətirdiyi "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi bu gün özünün sırf tətbiqi əhəmiyyəti ilə də seçilməkdədir. Müəllifin bu işi məzmun və mahiyyətində daşıdığı zəruri faktoloji materiallardan istifadə etmək baxımından da hələ uzun müddət XX əsr Azərbaycan ədəbiyyatı həvəskarları və mütəxəssislərinin nəzər-diqqətində dayanacaq, haqqında çeşidli fikirlər söyləniləcək.
Bədirxan Əhmədlinin bakalavr və magistrlərə, ali məktəb auditoriyasında çalışanlara, tədqiqatçı və ədəbiyyatşünaslara təqdim etdiyi "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin əvvəlki bu səpkili nümunələrdən fərqli xüsusiyyətlərini əyani şəkildə göstərmək üçün onun bəzi tərəfləri ilə bağlı olan əsaslı qənaətlərimizi ədəbi-nəzəri ictimaiyyətlə bir qədər geniş şəkildə bölüşməyi də zəruri hesab edirik.
Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixi az qala bir əsr ərzində adekvat elmi üsullar, metodologiya və konsepsiyaya söykənmədən milli zəmindən daha uzaq olan Çar Rusiyasının, Sovet İmperiyasının direktivlərinin müəyyənləşdirdiyi istiqamət və rakuslardan öyrənilib, partiyalı ədəbiyyatın və ədəbiyyatşünaslığın çərçivələrinə, istiqamət perspektivlərinə uyğun olaraq nəzərdən keçirilib. Doğrudan da, sovet dövründə bütün tariximizin olduğu kimi ədəbiyyat tariximizin də müxtəlif mərhələlərini dərindən öyrənmək, bu və ya digər ədəbi simaların yaradıcılığı və şəxsiyyəti haqqında, dövrün özünün əyintiləri, ziqzaqları ilə bağlı obyektiv reallığı əks etdirən fikir söyləmək son dərəcə çətin idi. Bununla belə, sovet dövründə ədəbiyyat tariximizin müxtəlif mərhələlərini incələməyə səy göstərən dərs vəsaitləri və dərsliklər, məhdud sayda olsa da, mövcud idi. Lakin bunu da nəzərə alaq ki, o dövrdə ortaya çıxan dərs vəsaitləri və dərsliklər mütləq "Qlavlit"in "süzgəc"indən keçməli idi. Elə buna görə də obyektiv həqiqətləri özündə əks etdirən dərsliklərin meydana çıxmasını gözləmək də sadəlövhlük olardı. Çünki partiyasız ədəbiyyatın, üstəgəl, Qırmızı İmperiyanın özbaşınalığına eyham vurmaq istəyən əsərlərin meydana çıxması da reallıqdan kənarda idi. Bütün bunlar isə onu göstərir ki, bəhs etdiyimiz dövrdə (yəni XX əsrdə) ədəbiyyat tariximiz yalnız deformasiyaya məruz qalmış aynada əks olunmalıydı.
Bu gün təhsilin yeni çoxsəviyyəli strukturuna keçid alitəhsilli mütəxəssis hazırlığı sistemində dövlət standartlarının özünün belə kardinal müstəvidə dəyişməsini ortaya qoyur. Belə vəziyyət yeni təfəkkür tərzinə söykənən və onun əsasında hazırlanan dərs vəsaitləri və dərsliklərin ön mövqeyə çıxmasını zəruriləşdirir.
Professor Bədirxan Əhmədli elmi-tədqiqat işlərinə AMEA-nın Ədəbiyyat İnstitutunda başlayıb, ömrünün mühüm hissəsini bu elm ocağında keçirsə də, digər tərəfdən, o, həm də uzun illər ərzində Bakı Slavyan Universitetində və digər ali məktəblərdə tədqiqatçılıq bacarığını mühazirəçilik və praktiklik, yəni birbaşa tədris, təhsil və təlimlə bağlayıb. Yaxşı alim olmaq heç də yaxşı təhsil, tədris işçisi, pedaqoq olmaq demək deyil. Əgər bunlardan birincidə mənbə və materialları öyrənib səriştəli tədqiqatçı kimi yetişmək mümkündürsə, ikincidə pedaqoji takt, məntiq, vərdiş və bacarıqlara yiyələnmədən mühazirəçi-müəllim olmaq son dərəcə müşkül işə çevrilir. Bundan başqa, qeyd etdiyimiz bu iki keyfiyyətin uğurlu zəmində birləşməsi, həm də üçüncü - daha üstün keyfiyyətin ortaya çıxması olmadan, ali məktəb auditoriyasında metodik prinsip, üsul və priyomlara yiyələnmədən dərslik və dərs vəsaiti yazmağın mümkünsüzlüyü göz önünə gəlir. Belə bir şəraitdə elmi-nəzəri struktura, kamil məzmun bazasına söykənən, dövrün müxtəlif ideoloji-siyasi, mədəni-mənəvi, ədəbi-estetik problemlərini və kataklizmlərini mümkün qədər obyektiv əks etdirməyə çalışan dərsliklərin ortaya çıxmasına ehtiyac artır. Çünki uzun zaman kəsiyində ədəbiyyat və ədəbiyyatşünaslıq sosrealizm metodologiyası əsasında və yalnız onun estetik prinsipləri bazasında nəzərdən keçirilirdi. Sosrealizm bədii-estetik metod və fenomen kimi, artıq neçə illərdir, tarixin arxivinə atılıb. Hələ sovet dövrünün özündə onunla razılaşmayan, yaxud qəliblərinə uyğun gəlməyən ədəbi şəxsiyyətlərin yaradıcılığı adekvat ədəbi tənqid aynasında tədqiqatlardan kənarda qalıb və hələ bu günün özündə də qalmaqdadır. Buna görə yetişməkdə olan ədəbi-filoloji nəsil onlardan xəbərsiz qalmamalı, sovet dövrünün neqativ ictimai, sosial, iqtisadi, mədəni əyintiləri tədris prosesində obyektiv baxış bucağından tələbələrə çatdırılmalıdır.
Bu baxımdan, Bədirxan Əhmədlinin 2024-cü ilin ikinci yarısından geniş oxucu və tədqiqatçı auditoriyasına təqdim olunmuş "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi məhz sadaladığımız boşluqları doldurmağa mahiyyətincə, layiqincə xidmət etməkdədir. Bu cildlərdən hər biri "Giriş", müvafiq fəsil və bölmələr, ədəbiyyat siyahısından ibarətdir. Hər bir bölüm daxilində "İctimai həyat və ədəbi proses", "Poeziya", "Nəsr", "Dramaturgiya" və ədəbi şəxsiyyətlərin yaradıcılıq portretlərini əks etdirən materiallar təqdim olunur. Bölümlərdə təkrarlanan (dərslikdə bu təkrarlara ciddi ehtiyac duyulmaqdadır) ümumi başlıqlara baxmayaraq, onlardan hər birində spesifik olan, ictimai-sosial, mədəni-ədəbi həyatımıza neqativ möhür vuran problemlər yetərincə qabardılaraq tələbələrin və tədqiqatçıların diqqətinə çatdırılmaqdadır. Məsələn, 1920-ci illər ədəbiyyatı ümumi şəkildə "Proletar hegemoniyası dövrünün ədəbiyyatı", 1930-cu illər "siyasi-ictimai repressiyalar dövrünün ədəbiyyatı", "1940-50-ci illər sosrealizmin təşəkkülü və yeni meyllərin təzahürü", "Azərbaycan mühacirət ədəbiyyatı", "Cənubi Azərbaycan ədəbiyyatı" kimi başlıqlarda nəinki ədəbi-bədii fikrin aparıcı nümayəndələrinə, həm də tarixi-siyasi proseslərə yetərincə obyektiv münasibət sərgilənir.
Birinci bölümün "İctimai həyat və ədəbi proses" hissəsində müəllif tələbələrin diqqətini indiyə qədər dərsliklərimizdə səslənməsi və təsnifi məqbul hesab edilməyən məsələlər üzərində cəmləşdirir. Məsələn, "Milli təmayülçülük, vətənçilik, cümhuriyyətçiliyin beynəlmiləlçiliklə əvəzlənməsi, həqiqi istiqlalçılıqdan yalançı müstəqilliyə, senzuralı mətbuat və ədəbiyyat, köhnə tənqid, yeni təbliğ, ədəbiyyatda proletarlaşma", yenə də həmin bölümdə milli müəyyənlik duyğularının zəifləməsi, poeziyada yeni yabançı təfəkkür tərzinin formalaşması və sair, 1930-cu illərin ədəbi mənzərəsində ictimai-siyasi həyatda olduğu kimi ədəbi mühitdə də "kim kimi" məsələsi, sağ və sol təmayüllər, ədəbiyyat və repressiya, repressiya caynaqlarının ədəbi mühitə uzanması, repressiyanın xarakteri və strukturu, şüarçılığın tədricən poetik tərənnümlə əvəzlənməsi bu sıradadır. "Nəsrdə deklarativlik, plakatçılıq, sxematiklik, konfliktsizlik" nəzəriyyəsinin dramaturgiyanın inkişafını zəiflətməsi, Azərbaycan mühacirət ədəbiyyatının bədii düşüncəni zənginləşdirməsi və sair məsələlərlə yanaşı, həm də 1920-30-cu illər bədii nəsrində psixologizm elementləri və naturalizm problemləri kimi əvvəllər tədris proqramlarına daxil edilməmiş məsələlər, bədii nəsrin cəmiyyətin həyatına nüfuz etməsi, 40-50-ci illərdə mənzum və tarixi dram janrına müraciət, yaradıcı simalara, əsərlərə tarixi-xronoloji zaman kəsiyində yeni təfəkkür tərzinə uyğun münasibət ifadə olunması və sair məqamlar müəllifin problemi mahiyyətincə dərkindən xəbər verməkdədir. Odur ki, Bədirxan Əhmədlinin 2024-cü ildə təkrar nəşr etdirdiyi "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi müəllifin bu dövr ədəbiyyatına məhz elmi-nəzəri, pedaqoji-metodik kontekstdə doğru-dürüst mövqedən yanaşdığının bariz təzahürü kimi dəyərləndirilməlidir.