Icma.az
close
up
RU
525ci qəzet Zəfər... Maya İmran yazır

525ci qəzet Zəfər... Maya İmran yazır

Maya İmran

Zəfər üçün canını qurban vermiş şəhidlərimizin ruhuna ithaf olunur...

Anası həmişə onun haqqında danışanda gözlərinin içində ulduz parlayır. Deyir ki, “Tanrı onu mənə möcüzə göndərib”.

10 ildən sonra doğulmuş bu balaca oğlanın yolunda bütün qohum-əqrəba qurban demişdi, bilən, başıçıxan hərə bir üsul məsləhət görmüşdü. Biri demişdi “Ulğun ocağı niyət elə, uşaq olacaq”, biri “kəndin ən kəmağıllı adamı Zamana nəzir söylə” dedi, nənə demişdi “balamın balası olsun, onu sürünə-sürünə qarşılayacam...”

Bir sözlə, onun gəlişini hər kəs günbəgün gözləyirdi. Evliliklərinin on illiyinə - toy günlərinə gəlin hamiləlik xəbərini ərinə hədiyyə etmişdi. Səhər sübhdən oyanmış, qapı-bacanı ehmallı süpürmüş, nahar üçün böyük qazanda yemək bişirdikdən sonra, axşam ikilikdə çayla içməyə kiçik bir keks də hazırlamışdı. Gecə düşüb, hərə öz otağına çəkilincə, qaynana-qaynata “qapı-bacanı bağladınızmı?” deyib evin möhkəm mühafizəsinə əmin olduqdan sonra, evə sakitlik çökəndə gəlin otaqlarında zəif işığı yandıraraq, ərinin gözlərinin içinə baxıb, kövrəlmişdi. Əri “Yenə anam nə isə deyib uşaqla bağlı? Nə olub, de, ürəyimi partlatma. Sənə axı min dəfə demişəm ki, bir ömür uşağımız olmasa da, yenə mən səndən ayrı yaşamayacam. Niyə hər dəfə hər sözə kövrəlib, mənim də ürəyimi parça-parça edirsən? Biz Allahdan daha çox bilirik? Allah belə məsləhət görürsə, nə edə bilərik? Məgər, hər kəsin uşağı olmalıdır? Kövrəlmə, başımın tacı...”

Əvəzində isə qadın sevinə-sevinə ərinin boynuna sarılıb “Sus, icazə ver ağlayım, ilk dəfədir ki, sevincdən ağlayıram. Ata olacaqsan” demişdi. Ər də sevincindən qışqırmaq istəsə də, səsini güclə sıxıb saxlamış, əvəzinə həyat yoldaşını qucağına alıb öpə-öpə fırlatmışdı.

“Gözlə, bunu keksin üzərinə şam qoyub üfürərək qeyd edək.”- dedi, qadın.

- Hələ keks də bişirmisən?

- Elə-belə balaca bir keksdi... Qoy şirinliklə dadaq bu xəbərin ardını.

- Sən çox yaxşı ana olacaqsan, Xalidə.

- Sən də mükəmməl ata olacaqsan, əminəm.

O gecə ər-arvadın ən işıqlı gecəsi olmuşdu. Ən qaranlıq arzuları nura boyanmışdı. Səhər açılınca oğul xəbəri anasına demiş, nənə də öz aləmində babanı muştuluqlamışdı.

-A kişi, ta gəlinə heş zad demə, ayıbdı, utanar. Eləcə sənə dedim ki, ürəyin rahat olsun.

Hamiləliyi də göz dəyər deyib, 6-7 ay gizli saxlamışdı ailə. Nənə deyirdi ki, “Belə şeyi söyləmək olmaz, hərədə bir nəfs var. Sağ-salamat doğular, sonra sevinə-sevinə car çəkərsiniz.”

İlin 11-ci ayına qədər gəlini əl üstündə saxladılar ki, “amandı, uşağa nəsə olar, yavaş qalx, asta otur”.

Kəndin həkimi cəmi 2 kq doğulan körpənin yaşama şansının az olduğunu demişdi. 10 ilin həsrət ağrısını da, doğuş sancısını, doğum ağrısını da unudan ana göz yaşları içərisində növbəti dəfə Allaha əl açmışdı: “Ay Allah, daha səndən diləməyə də utanıram. Bəlkə də on ildir, səni yoruram dualarımla. Bəlkə də bezdin məndən. Amma səndən başqa əl açacağım kimim var ki..? Bu qüdrətin sahibi sənsən, mən başqa kimdən istəyim? Balamı mənə bağışla... Yalvarıram sənə, Rəbbim...”

Bu duanın gücü ilə körpə ölüm üzərində zəfər çalmışdı. Elə anası ona Zəfər adını vermişdi. “Nəslin davamçısı babanın adını daşımalıdır” ənənəsi Zəfərin gəlişi ilə pozulmuşdur. Baba da xəbər tutandan bir neçə il gəlini dindirmədi. Arabir oğluna da sakit-sakit qəzəblənirdi: “Sənin sözün ötkəm deyil. Necə yəni, adı xəstəxanada qoyub?! Bu evin böyüyü yoxdur?!”

İllər ötdükcə körpənin şirinliyi babanın bütün incikliyini yuyub aparmışdı. Baba Zəfərə elə bağlanmışdı ki, bəzən bir tikə yemək yesin deyə uşaq kimi iməkləyirdi Zəfərin arxasınca. Hər kəs bir yana, Zəfər bir yana idi baba üçün. Axtaran Zəfəri babasının yanında tapırdı. Zəfərə də el-oba Baba deyirdi. Rəsmi sənədlərini görən olmasa, hər kəs düşünərdi ki, uşağın adı elə Babadır. Babanın incikliyi həm də bu mənada çoxdan sevincə çevrilmişdi. Belə şirin-şəkər nəvə üçün gəlini bağışlamışdı.

Zəfər babasının yanında böyüyürdü. Olar-olmazları babasından öyrənir, bilmədiyini ondan soruşur, bildiyini onunla dəqiqləşdirirdi. “Baba maşallah ağsaqqal kimi müdrikdir” cümləsi Zəfəri ifadə edən ən məşhur fikirə çevrilmişdi. Babası da bu iltifatla qürrələnirdi. Zəfər kənd məktəbinin ən nümunəvi şagirdi, dəfələrlə rayon üzrə olimpiada birincisi olmuşdu. Riyaziyyatı güclü bilir, məntiqi onu heç zaman yanıltmırdı. Taxta tapsa heykəl yonur, gil tapsa dülgərlik edir, əlinə keçən kitabı oxuyur, eşitdiyində məna axtarır, hər şeyi sual verir, öyrənir, öyrəndiyini də heç zaman unutmurdu. Sanki, uşaq 10 ildən sonra ailəyə möcüzə göndərilmişdi. Yolunu azan həmyaşıdlarının anası Zəfərin yanına gəlir, “sən yaxşısan, Zəfər, yaşıdsınız, bəlkə sənin sözünü eşidər” deyib imdad diləyirdilər. Nənə də hər dəfəsində qapının örtən kimi “kamalına qurban olum, qoy nənə başına duz fırlasın” deyib nəvəsini kəndin “göz-nəfsindən qoruyurdu”.

Rəsm müəllimi deyirdi ki, “Zəfər sənin təxəyyülün güclüdü, təsəvvüründə canlandırdığını belə gözəl təsvir edən ikinci şagirdə rast gəlməmişəm. Sən hazırlaş, Rəssamlıq Akademiyasına qəbul ol”. Riyaziyyat müəllimi deyirdi ki, “Zəfər, vaxtını xərcləmə. Sən doğuluşdan riyaziyyatçısan.” Tarix müəllimi deyirdi ki, sənin nadir beynin var. Tarixi prosesləri mükəmməl analiz edə bilirsən. Sən gələcəyini bu yöndə planla. Hərbi hazırlıq dərsində də verilən tapşırıqlar hamıdan birinci Zəfər icra edirdi. Arif müəllim hər dəfəsində Zəfəri sıranın qarşısına çıxarıb, “Baxın, gələcəyin generalını indidən tanıyın” deyib, kürəyinə vururdu. Zəfər də edilən təriflərdən qətiyyən öyünməzdi. Sanki, yaradılışı belə idi, Tanrı onu sevərək yaratmış, ətrafından fərqləndirəcək nur, mükəmməllik, zəka bəxş etmişdi ona. Üzündə hər zaman xəfif təbəssüm, əməlində xeyirxahlıq, dilində xoş söz olardı. Anası Xalidə arabir onu dinməzcə seyr edər, sonra da bərk-bərk qucaqlayıb, “səni 10 il gözləməyə dəyərmiş, Zəfərim. Lap gərəksə, 100 il də!”

Yaşı artdıqca o daha yaraşıqlı, boy-buxunlu olurdu. Üzündə seyrək tüklər çıxır, qalınlaşan telləri geniş alnına xüsusi yaraşıq verirdi. Onun varlığı sıradan bir ailənin sonsuz sevinci, gələcəyi, nənənin, babanın, atanın, ananın yaşam səbəbi olmuşdu. Bəzən babası yarı zarafat, yarı gerçək “Baba, anan mənim adımı sənə yaraşdırmadı, amma oğluna da mənim adımı qoymasan, qurtarmışam a səninlə”.

- Baba, narahat olma, oğlumunun birinə sənin adını qoyacam.

- Nənən qurban, nənəni də yadından çıxartma ha, bəs evimizdə balaca bir Züleyxa olmasın?

- Olsun, nənə, o da olsun.

- Atanın balası, mən də öz adımda bir nəvə istəyirəm ha, ağlında olsun.

- Xalidə də qəşəng addır, hə anan qurban ?

Sonra ürəkdən gülüş səsləri tamamlayardı söhbəti. Ən çox da baba gülərdi Zəfərin boynuna qoyulan “tapşırıqlara”. Söhbət boyu Zəfərin utancaqlıqdan qızaran yanaqları, eyni zamanda, heç kəsin qəlbinə dəyməməsi ona sevgidolu ləzzət yaşadırdı. Hər dəfəsində ürəyində özü-özünü təsdiq edirdi: “Nəvədən şirin heç nə yoxmuş!”

Baba böyüdü, peşə seçmək məqamına gələndə nə babasının istədiyi kimi diş həkimi olmaq istədi, nə nənəsinin istədiyi kimi can həkimi. Heç anasını dinləyib polis də olmadı. Atasının da bu sözünü bu mövzuda yerə salmış oldu. Dedi, mən əvvəlcə tarixçi olacam, davamını isə hüquq sahəsində oxuyacam. Amma əvvəlcə tarixi dərindən öyrənməyim vacibdir. Babası dedi:

- Ay bala, nə var tarixdə bilmədiyin. Dədəni, nənəni, soy-kökünü, dinini- millətini tanıdın bəsindi də..

- Baba, tarix təkcə kəndimiz, nəslimiz, ya da oxuduğum kitab deyil. Yeni tarix lazımdı bizə, yeni tarix. Oxuduğum bu tarixlər sıxır məni.

Surxayzadə Zəfər Şəmsi oğlu, BDU, Tarix fakültəsi, əyani, Dövlət sifarişli

Ali məktəbə daxil olma xəbərini öyrənəndə yanında heç kim yox idi. Yumruğunu sevincdən havaya çırpmış, sonra “babaaa, bacardım!” deyib çaparaq evə girmişdi. Qarşısına anası çıxdığından sevincinin ilk “zərbəsi”ni onu qucağına alıb fırlamaqla dəf etmişdi. Bu yaşına qədər Zəfəri sevincindən atılıb-düşən halda görən olmamışdı. Babası gözlərindən öpmüşdü, nənəsi isə yenə başına duz fırlayıb ocağa atmışdı. Atası gizlincə sevinc göz yaşlarını silib, “sağ ol, oğul balam!” demişdi. 

Beləcə, ailənin dörd illik tələbə həyatı başlamışdı. Evdə hər kəsin sözü-söhbəti “Zəfərin universiteti”, “Zəfərin pencəyi”, “Zəfərin yeməyi”, “Zəfərin imtahanı”ndan ibarət idi. Rayondan Bakıya dörd il Zəfərin sevdiyi yeməklərdən azuqə göndərildi. Hər ayın öncədən təyin olunmuş gününə bir-iki gün qalmış nənə ərinmədən təndir qalayır, çörək yapır, süddən qatıq hazırlayır, ana Zəfərin sevdiyi keksi hazırlayır, yarpaq dolması bükür, ata kəndin ən yaxşı qəssabından ət alır, baba kəndin kitabxanasından Zəfərin tapşırdığı ən qədim tarix kitablarını siyahı ilə qutuya yığıb bağlayırdı. Bir sözlə, ailənin həyat marağı Zəfərin bu qayğıları ilə rənglənmişdi.

Bayram tətillərində Zəfər kəndə gələndə isə, təkcə ailənin yox, kəndin günlük marağı, mövzusu Zəfərdən, Zəfərin Bakıda gördüklərindən, öyrəndiklərindən ibarət olurdu. Küçənin cavanları Zəfərin başına toplaşar, hərəsi bir yandan sual yağdırardı. Zəfər isə bezmədən, təbəssümlə, bir az da həyəcanlı səs tonu ilə gördüklərini onlar üçün təsvir edərdi. Söhbətin sonuna qədər hər birinin gözləri təəccübdən böyüyərdi.

- Sən fəxrimizsən, Baba!

- Hə, vallah!

- Orda yəqin sənə Baba demirlər, eləmi?

- Yox, orda Zəfər deyir hamı.

- Get, dincəl, Zəfər. Yorğun olarsan. Bizə baxma e sən, biz beynimizi gücə salmırıq. Elə düşündüyümüz mal-qoyundu. Sənin beynin tarix daşıyır, asan deyil.

- Sağ olun, qardaşlar. Var olun hamınız! Gedəndə sağollaşacam sizinlə. Özünüzdən muğayət olun.

Dörd il boyunda bu görüşlər, bu sağollaşmalar ənənəyə çevrilmişdi. Bəzən söhbət çox uzun olanda anası Zəfəri dostları ilə birlikdə evə- çaya dəvət edirdi. Onlar çay süfrəsində uzun-uzun danışıb-gülüb, dağılışardılar.

Zəfərin körpəlikdən mətin xarakterli olması böyüdükcə güclü iradəyə, iddiaya çevrilmişdi. Dediyini mütləq edər, nəyi etməli olduğunu yaxşı bilərdi. Universiteti bitirməyinə bir il qalmış təhsilinin davamını hüquq sahəsində və xarici universitetlərdən birində alacağını qərarlaşdırdı. Bunu ailəsinə bildirdi. Hər zaman olduğu kimi, Zəfərin bu qərarı da çox hörmət və məhəbbətlə qarşılandı. Ailəsi onun ağlına bələd idi. Bilirdilər ki, Zəfər pis işin ardınca düşməz, heç bir qərarı boşuna verməz.

Nənə yenə dodağının altında nəsə pıçıldayaraq, ocağa bir ovuc duz atdı...

Arabir Zəfər zarafatla “ay nənə, dünyada duz qıtlığı yaşanır, səbəbi səndən biləcəklər, bəsdi” deyib gülürdü.

- Sən heç kimə deməsən, bilməzlər...

Artıq Zəfərin magistratura təhsili üçün sənəd göndərdiyi bir neçə universitetdən müsbət cavab gəlmişdi, qalmışdı onun özünün seçim etməsi. Bu dəfə baba, nənə, ata-ana məsələyə ancaq duaçı idilər. Arabir də deyirdilər ki, “Zəfər, sən ən düzünü bilirsən. Bizim məsləhətimizə ehtiyac yoxdur. Hansı yaxşıdır, onu seç”.

Zəfər isə hərbi xidməti seçmişdi...

Universiteti bitirdikdən beş ay sonra hərbi xidmətə yola düşdü. Doğum gününə bircə həftə qalmış- noyabrın 1-də onun əsgər adı şərəfinə həyətlərində böyük məclis quruldu. Babası Zəfər üçün bəslənmiş dananı kəsdirdi, qazanlar yan-yana düzüldü, cəmdəklər asıldı, Zəfərin ad-sanına bir kəndin camaatı həyətə toplaşdı. Babası, atası kəndin hörmətli adamlardan olsalar da, həmin gün həyətə toplaşanlar sırf Zəfərin öz adına gələnlər, onu sevib hörmət edənlər idi. Hər gələn də eyni fikiri söyləyirdi:

-Zəfər, sən əsl oğulsan! Vətənə sənin kimi oğullardan çox lazımdır!

O da gah qızarır, gah utanır, əlini sinənisə qoyub hər kəsə minnətdarlıq bildirirdi.

Qazanlar boşaldı, süfrə başındakı seyrəldi, hava qaraldıqca həyət tamamilə boşalırdı. Zəfər həyətin qapısını qıfıllayıb evə daxil olanda anası divanda oturub sakit-sakit ağlayırdı.

- Ahaa, anama ağlamağa bəhanə tapıldı. Nolub, ay ana? Niyə ağlayırsan? Sevinmirsən ki, oğlun böyüyüb əsgər olur?

- Sevinirəm, anan qurban. Amma anayam da, darıxacam axı.

- Darıxmaq olmaz. Möhkəm olmaq lazımdı. Elə bil ki, yenə oxumağa getmişəm daa. İndi daha vacib olanları...

- Ağıllı balam, gözəl balam...

Zəfər qulluq etdiyi hərbi hissə Füzulidə yerləşirdi. Həftədə bir dəfə evlərinə zəng vurur, babası ilə söhbətə başlayıb, növbə ilə danışaraq anasında bitirirdi. Artıq telefon görüşlərində ailə üzvləri hərəsi öz növbəsini bilirdi. Nənəsinin “yemək yaxşıdırmı? Ürəyin hansı yeməyi istəyir?”, anasının “Əynin qalındımı? Orda hava çox soyuqdur?” sualları ənənəviləşmişdi. Zəfər bütün nigaran suallara eyni cavabı verirdi:

- Narahat olmayın. Mən sarıdan rahat olun.

Ana ilə nənə səbirsizləşdiyini səsli şəkildə biruzə versələr də, baba ilə ata Zəfər üçün darıxdıqlarını sakit halda yaşayırdılar. Səbirləri lap tükənmişdi. Yerli-yersiz əsəbiləşir, hər xırda şeyə saatlarla deyinirdilər. Evə anlaşılmaz bir gərginlik çökmüşdü. Hər kəs də səbəbin Zəfər olduğunu dilə gətirməyə ehtiyat edirdi. Gün saya-saya on ayı geridə qoymuşdular. Böyük günə təxminən 2 ay qalmışdı. Ölkədə vəziyyət stabil deyildi. Baba hər gün eynəyini taxıb, asta-asta qəzeti hecalayır, ata axşamlar “Xəbərlər” proqramının bir saniyəsini də ötürmədən, diqqətlə qulaq asırdı. Hər xırda təlaş onlara ümidsizlik gətirir, ölkədə hökm sürən siyasi vəziyyət evi dərin hüznə qərq edirdi. Bu, ən pis halda Zəfərin növbəti zənginə qədər davam edirdi. Zəng gələn kimi gülüş səsləri, əzizləmələr, oxşamalar evin divarlarını rəngləyirdi, sanki. Ailənin ruh halı, mənəvi vəziyyəti Zəfərin zəngindən iplə asılmışdı.

General-mayor Polad Həşimovun şəhid olması babanın içində basdırmağa çalışdığı müharibə qorxusunun üzərinə benzin tökmüşdü ,elə bil. Qulağı səsdə idi. Heç kimə danışmağa ürək eləmir, dilinə gətirməyə belə qorxurdu. Amma müharibənin baş verəcəyini o, sadəcə, həyat təcrübəsinə əsasən hiss edirdi. Hava barıt qoxuyurdu...

Sonra da düşünürdü ki, “Zəfərin qayıtmağına bir şey qalmayıb. Amma məgər Zəfərdən başqa balaları gözləyən yoxdurmu? Onlar üçün də gün sayan yoxdurmu? Var, əlbət! Ona görə bütün balalar üçün sülh olsun”.

Bu bir babanın diləyi idi...

27 sentyabr, 2020- ci il... Həftənin bazar günü.

Baba son günlər həmişəkindən daha narahat olduğundan səhərlər də televizoru açır, xəbərləri dinləyirdi. Bu səhər isə eşitdiyi xəbərlər qorxularından bəhs edirdi- müharibə başlayıb.

Eynəkli bir xanım ciddi və ötkəm halda deyir:

- Bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun  döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı elan olunub.

Baba ehtiyatla yerindən qalxıb, mətbəxə keçdi. Təzyiq dərmanının birini içib, suyu aramla qurtumladı. Eşitdiklərini anlamışdı, amma qəbullana bilmirdi. Zəfər gözününü önünə gəldi - indi nə edir, necədir? Nəfəsi tıxandı, sanki. Köynəyinin bir düyməsini açıb, pəncərənin kənarına söykəndi. Səhərin təmiz havasından ciyərlərinə çəkdi. Bu da kömək olmadı. Narahat halda boğazına ovuşdurmağa başladı.

Tənbəl xoruz ürəkdən banladı. Qoyunlar mələşdi. Kəndin yuxusu dağıldı. Babanın ürəyindən dəli bir darıxmaq keçdi - şiddətli halda Zəfəri görmək istədi. Bir anda 10 aydır köksünü sıxıb bəslədiyi təmkini yoxa çıxdı, içindən uşaq kimi ağlamaq gəldi. Çiyinlərini silkələyərək, səssiz, mətbəxin bir küncündə ağlamağa başladı.

Bu, onun bəd xəbərə ilkin reaksiyası idi, sadəcə. Əlbəttə, Zəfərin zəkasına, tədbirli oğlan olmasına əmindir, arxayındır. Və onun gəlişinə cəmi iki ay qalıb.

Baba gözlərini silib, küçəyə çıxdı. Torpaq yolda toz-dumana qarışmışdı, hər qapıdan bir sürü qoyun üzü örüşə irəliləyirdi. Kənd adamları günün ilk “xəbər müdabiləsi”ni elə darvazanın qabağında, ilk qarşılaşdığı qonşusu ilə edirdi. Bu gün kəndin ümumi mənzərəsi solğun, fikirli idi- müharibə başlamışdı.

Əsgər yola salmış evlərin, sanki, qapısı, darvazası da qəmlənmişdi. Hər kəs dinməzcə soraqlaşır, Babaya ürək edib yaxınlaşa bilən bir-iki qonşu da eyni sualı verdi:

-Baba nə danışır? Nə deyir?

Baba isə əvəzində gözlərini yerə dikib, məyusca deyirdi:

-Bir neçə gündür danışmamışıq. Zəng etsə, bilərdik necədir vəziyyət...

Babanın dərin hüznünə günorta saatlarında Zəfərdən gələn zəng son qoydu.

- Səsin gəlsin, ay oğul. Bizi niyə nigaran qoyursan? Öldük ki burda.

- Niyə, ay baba? Niyə ölürsünüz?! Biz ölmürük, öldürürük. Qəti ümidsizliyə qapanmayın, hər şey yaxşı olacaq! Məndən də qəti nigaran olmayın! Mən Zəfərəm! Mən irəli addımladıqca Zəfər daşıyıram özümlə! Şuşaya qədər aparacam bu Zəfəri! Zəfər təkcə sizin idi, indi qoy bütün Azərbaycanın olsun! Yaxşımı?

- Baba səninlə qürur duyur, oğul balam. Qoy nənən də eşitsin səsini.

- Nənən qurban dilinə, alim balam! Canın ağrımır ki, ürəyinə qurban?

- Yox, nənə, heç yerim də ağrıyıb eləmir. Əksinə, heç bu qədər xoşbəxt olmamışdım. Xəritə var əlimdə, oxuyurdum ha Bakıda dörd il, qalaq-qalaq kitablar göndərirdi ha babam, bax o yerlərin xəritəsi var əlimdə. Ağac-ağac, tikan-tikan öyrənirik gedəcəyimiz yolları. O kitablara gedirik, nənə. O tarixə gedirik, götürüb gətirməyə, bizə qaytarmağa.

- Nə gözəl danışır alim balam. Nənən sənə qurban, özünü soyuğa vermə. Yeməyini yaxşı ye. Yaxşımı, gözümün işığı? Yerini atana deyərsən, təndir çörəyi də bişirim göndərim sizə, yeyin. Başqa nə istəyir ürəyiniz?

- Heç nə, nənə. Narahat olma, gəlib evdə yeyərəm təndir çörəyini isti-isti. İndi sağollaşmalıyam sizinlə. Əsgər yoldaşlarım məndən telefon gözləyirlər. Onlar da danışsınlar evləri ilə.

- Qoy bircə kəlimə anan da danışsın, sənsiz yaman darıxıb.

- Anan qurban, Zəfərim. Çox darıxmışam sənin üçün. Səsinə qurban.

- Ana, kövrəlmə, nolar. Vallah yaxşıyam. Özünüzü möhkəm tutun. Faciə deyil, müharibədir. Çoxdan olacaq bir iş bizə tapşırılıb. Biz tarix yazacağıq, bu bizim üçün xoşbəxtlikdir,ana. Mən tarixçiyəm və elə bil ki, oxuduqlarımı təcrübədə icra edirəm. Bu, mənim üçün ən real və öyrədici təcrübədir. Bəs mən niyə o qədər oxuyurdum? Niyə vərəq-vərəq tarix öyrənirdim, əgər bunu yaşamaq mənə qorxulu gələcəkdirsə...? Müharibə görmüş tarixçi olmaq, birbaşa tarix elmləri üzrə alim olmaq deməkdir (gülür) Vallah! Üzülməyin mənə görə. Yaxşı, ana. Öpürəm hamınızı, bağrıma basıram. Yenə danışarıq, qismət olsa.

Zəng kəsildi...

Bu, Zəfərin müharibə müddətində evləri ilə ilk zəngi idi. İkinci zəngi isə oktyabrın 18-i – anasının doğum günündə olmuşdu. Salamdan öncə “Ana, ad günün münasibətilə Xudafərində bayrağımızı dalğalandırdıq! Təbrik edirəm səni də, bizi də! Müstəqillik sözü oktyabrın bu gününə heç bu qədər yaraşmamışdı, eləmi?” demiş, sonra ona dönə-dönə sevdiyini söyləmiş, sonda isə “Atamgilə, babaya-nənəyə çoxlu salam söylə məndən, vaxt azdı, telefonu qaytarmalıyam, danışa bilməyəcəm, amma imkan düşdükcə yenə zəng edəcəm. Sizi sevirəm, ana. Çox sevirəm sizi!” deyərək, zəngi bitirmişdi.

Növbəti zəngə qədər ailə intizardan taqətsiz hala düşmüşdü. Noyabrın 1-də bu həsrətə son qoyulmuşdu, Zəfərdən gələn zəng sevinc qışqırıqlarına, nənənin hönkürtü ilə ağlamasına, ananın ürək dərmanı içməsinə, babanın həyəcandan dilinin söz tutmamasına səbəb olmuşdu.

-Ana qurban, bizi öldürmək istəyirsən? Bəs bilmirsən ki, nəfəsimiz sənə bağlıdır?

- Bilirəm, ana, bilirəm. Amma biz döyüşdəyik. Burda hər kəs öz evindəkiləri düşünsə, torpağı kim düşünəcək? Döyüşdə olan hər kəs bir şeyi düşünür- irəli getməliyik, bizim olanı bizə qaytarmalıyıq. Siz hər saniyə qəlbimdəsiniz, amma gərək Zəfərə çatana qədər məni üzrlü sayasınız. Evdə çoxlu danışaram sizinlə bu günlərin əvəzinə. Daha bir şey qalmayıb. Lap yaxınlığındayıq Zəfərin.

-Dilinə qurban, kamallı balam. Özünü qoru, yaxşımı, Zəfər? Bu gün əsgərliyə getdiyin gündən bir il ötür. Bəs deyirdilər ali məktəb oxuyub gedənlər bir ilə qayıdır?

-Tarixçilər yox, ana. Tarixçilər Zəfər tarixini yazmamış geri dönmür.

-Ürəyimə od ələmə, bala.

-Sən bu sözlərə görə ancaq qürrələnə bilərsən, anam. Elə də olacaq. Mən həmişə çalışmışam ki, siz mənimlə öyünəsiniz. Mənə görə heç zaman utanmayasınız. Bu dəfə də istəyim odur. Çoxunu əldə etmişik. Lap yaxındayıq. Şuşanı da görüm gəlim. İşi yarımçıq qoymaq olmaz. Sonra gəlib sənin bişirdiyin yarpaq dolmasından yeyəcəm doyunca, nənəmin isti təndir çörəyindən, bir dənə də həmişəki keksdən bişirərsən, bu dəfə Zəfərin şərəfinə şam üfürərik. Mütləq ki ad günü olmalıdır? Qalibiyyətin doğulmasını qeyd edərik birlikdə.

- Anan həlim qəlbinə qurban, Zəfərim! Səni verənə şükür. Allahım qorusun səni, oğlum!

- Sizi öpürəm, qucaqlayıram, anam. Məndən nigaran qalmayın. Özünüzə yaxşı baxın.

Baba yavaşca özünə gəlib, danışığın bitməsinə saniyələr qalmış kənardan qışqırdı “Səni qucaqlamamış ölmək istəmirəm, Baba!”

- Ay baba, nə ölmək?! Gözlə hələ, qəşəng günlər qabaqdadı. Di sağollaşaq, telefonu yanımdakılara da verməliyəm. Allaha əmanət olun.

Zəngin ardından yenə evə dözülməz sakitlik, qəmqinlik hakim kəsildi. Hərə öz yatağına girib gecənin gəlişini gözləməyə başladı. Zülmətin sakitliyi ailənin hər bir üzvünün beynini atəşli, toplu-tanklı fikirlərə qərq edirdi. Gecə, evdəki ab-hava nə qədər sakit idisə, o qədər hüznlü, qorxu içində idi. Son zamanlar günlərin belə bitməsi və sabahın eyni vəziyyətdə açılması vərdişə çevrilmişdi.

“Rəşadətli ordumuz daha bir neçə kəndimizi Cəbrayıl rayonunun Mirək, Kavdar kəndlərini, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndlərini, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad ediblər.”- televizor ekranından sevinclə baxan diktor azad olunmuş əraziləri sadaladıqca, baba təkrar-təkrar deyirdi:

- Qoluna-qüvvətinə qurban, Baba! Tarixçi balam! Alim balam!

Noyabrın ilk ongünlüyü ailə üçün lap dözülməz, dayanılmaz olmuşdu. Zəfərdən zəng gəlməyən hər gün evdəki vəziyyət daha da pisləşir, qəmginləşirdi. Ara-sıra yaxın qonşu, qohum-əqraba çay içməyi bəhanə edərək Zəfərgilə gəlir, ailənin əhval-ruhiyəsinə rəng qatmağa, onların qaraya bürünmüş fikirlərini qovmağa çalışırdılar. Hər kəsin bacardığı şəkildə, ifadə edə bildiyi tərzdə ürək-dirək verir, dəstək olurdu. Təbii ki, bu, nə Xalidənin partlayan bağrına sakitlik verir, nə babanın sönmüş gözlərinə işıq, nə Şəmsiyə təskinlik olurdu, nə nənəyə dinclik. Sonda qəmgin “sağ olun, Allah var eləsin hamınızı” alqışı ilə yola salınırdı çağırılmamış qonaqlar...

Noyabrın 8-i babanı səhər yuxusundan pəncərəni döyəcləyən yağış oyatdı. Yuxuya gedə bilməsinə özü də təəccüb etdi. Görünür, günlərin yorğunluğu və məyusluğu gözlərinə ağırlıq edib, qapatmışdı onları, sadəcə. Hər gözübağlı insan yatmış sayılmaz ki... Bəzən göz yaşlarının gözdən çıxa bilməməsi üçündür gözyummalar...

Baba pərdəni kənara itələyib, payızın ürəksıxan havasına boylandı. “Hava da qaradı, heç olmasa, bu gün üstünə bir də qara xəbər göndərmə kəndə, İlahi! Kənd zülmətə dönər, kor qalarıq. Ya da bu gün də məni nəvəm yaşında uşaqların ölümü ilə utandırma, ay Allah. Öldür məni, xilas olum yaşamaq xəcalətindən...”

Tanrıya xahişini “yollayıb”, ehtiyatla divanda əyləşir. Televizoru açıb, səsini eşidə biləcəyi qədər tənzimləyir.

“Biz Haqq yolunda qalib gələcəyimizə inanırdıq! Lap başından inanırdıq ki, biz qalib gələcəyik! Və budur! O gün gəlib çatdı! Azərbaycan əsgəri Şuşadadır!”- aparıcı oğlan əlini alnına qoyaraq, hərbi salam görkəmində “Salam, Əsgər! Var ol, Azərbaycan əsgəri! Səni Şuşada xoş gördük!” deyərək, nitqini qəhərdən çətinliklə xilas etdi.

Baba “Zəfər, Şuşadadır, Şəmsi, eşidirsən?” deyə, qışqırdı!

- Şəmsi otaqdan köynəyini döymələyə-düymələyə iri addımlarla televizorun qarşısına qədər gəldi, “eləmi deyir?” deyə, diqqətlə ekrana zilləndi.

- Həə, eşitmədin? Deyir, əsgərlərimiz Şuşadadır!

- Demişdi da, Zəfər. Demişdi, az qalıb. Halal olsun kişinin oğlanlarına. Dedilər də, elədilər də.

Atanın televizor qarşısında itixarlı duruşu özlüyündə “Şuşanı alan oğulun atasıyam” fikrini ifadə edirdi. Atasından utanıb, Zəfərlə öyündüyünü həmin an dilinə gətirməsə də, ürəyi sinəsi boyda çırpınırdı fərəhindən.

Babanın köhnə telefonun zəif zəng səsi televizorun yüksək tonunun arasında itib-batmışdı. Diktor nitqinə ara verincə, zəngin səsi aydın eşidildi.

- Gör hardan gəlir telefonun səsi, hara qoymuşam heç yadımda deyil, baba dedi.

- Elə yatağının yanındadır, deyəsən. Gözlə görüm.

Şəmsi telefona çatınca zəng kəsildi. Kiçik telefonun solğun, yaşıl ekranında “buraxılmış zəng” başlığı ilə bir nömrə göründü. Şəmsi elə o dəqiqə geri zəng etdi.

- Zəfər yığıb səni, ata. Ta bilmir ki, Şuşada olduğunu bilirik. İndi deyəcək ki, “sizə dedimmi az qalıb?!”

- Salam. Surxayzadə Zəfər Şəmsi oğlu?

- Bəli, atasıyam Zəfərin. Buyurun.

- Oğlunuz Şuşanın azad olunması uğrunda şəhid olub. Başınız sağ olsun!...Aloo. Qardaş, eşidirsiniz məni?

Şəmsi aldığı xəbərdən sarsılmış, ən çox da yandan “Zəfərdirmi zəng edən?” deyən atasına nə cavab verəcəyini bilmirdi. Əlini alnına qoyub, diziüstə yerə çökdü. Astaca:

- Hə, ata, Zəfərdir. Zəfər bayramımızı təbrik edir, dedi.

- Baban ölsün sənin adına, bəs nə vaxt gəlirsən?

Baba yerindən qalxmadan, arxayınlıqla, Zəfər qazanmış xalqın qayğısız nümayəndəsi kimi söhbət edirdi, sanki.

-Gələcək, ata. Elə indilərdə gələcək...

Şəmsi telefonu söndürdü. Başını yumruqlamağa, yumruğunu dişləri arasında didişdirməyə başladı. Səssiz fəryadı “qulaq batırırdı”.

-Züleyxa, oyanmısan? Dur görək e, Zəfər gəlir! Bə demirdin o gələndə qabağına oynaya-oynaya çıxacam?!

Baba divanda eyni arxayınlıqla əyləşmiş, ayların yorğunluğunu çıxarır, həsrətdən tükənmiş bədənini tamamilə sərbəst buraxmışdı.

Xalidə özünü arxa otaqdan divana çatdırdı.

- Ata, nə danışırsınız? Özü dedi? Lap elə bu gün gəlir?

- Həə, Şəmsiyə dedi indicə. Bu gün gəlir də. Ta dediyini elədi kişinin oğlu, gəlməlidir də. Biz də özümüzü öldürürük burda, elə bil, Zəfəri tanımırıq. O uşaq nə deyirsə, onu edir. Özü də bilir ki, düz edir.

- Gələn yollarına qurban olsun mən anası. Şükür sənə, İlahi ! Çox şükür bu günə! Ay Allah, elə bilirdim bu günü yaşamayacam! Şükür sənə, ay Tanrı!

- Niyə yaşamırıq ki?! Budur ey, yaşayırıq!

Züleyxa islanmış halda içəri girdi. Yağış onu təpədən-dırnağa qədər suya batırmışdı.

- Elə soyuq var, elə soyuq var! Allah Arifənin bundan sonrakı həyatını da buza döndərdi. Yazıq qız, güclə boya-başa çatdırdı Səlimi. Nə faciədir, İlahi!

- Səlim? Şəhiddir?

- Həə, bəs hardaydım? Yazıq qız nə dinir, nə ağlayır. Elə bil başına hava gəlib. Cənazə gəlincə, o da ölüb qurtarar. Kənd yığılıb həyətinə, o gözünü bir nöqtəyə zilləyib, dinməz-söyləməz dayanıb. Ana ölə, bu günü görməyə, İlahi. Nə dəhşətdir bu! Hava da elə bil yetimin qəsdinə durub. Allahın yazığı gəlsin torpaq üstə yatanlara! Nənən qurban, Zəfər! Görən nə yeyib, nə içib?  

Xalidə sevincək halda dilləndi:

- Zəfər yoldadı, gəlir!

- Sən Allah? Özü zəng eləyib dedi? Nənən qurban gəlişinə, ay bala!

Şəmsi səsini udmuşdu, nəfəs aldığı belə duyulmurdu. Ya da nəfəs aldığı üçün utanırdı. Ailənin Zəfər bayramını qaraya çevirmək istəmirdi. Özünün qaraya dönən dünyasını isə gizlətməyə gücü, taqəti yox idi. Sanki, bütün əzələləri boşalmış, bədəni keyimiş, gözləri yavaş-yavaş qaranlıqlaşırdı. Otaqdan gələn sevincdolu səslər qırıq-qırıq eşidilməyə başlayırdı...Özü də bilmədən ölümə təslim olurdu...

Nənə yağışa məhəl qoymadan təndiri qalamağa başladı. Axı Zəfərin gəlişi üçün söz vermişdi.

Xalidə üç yumurta sındırdı, üzərinə şəkər tozu töküb, həvəslə qarışdırmağa başladı. Zəfərin sevdiyi keksi zəfər günü münasibətilə ona hədiyyə edəcəkdi, söz vermişdi. Axı həm də bu gün onun doğum günüdür!

- Deyir ki, “ana, şam da üfürərik, Zəfər gününü qeyd edərik, təkcə ad günündə şam üfürməzlər ki..” Ana qurban, Zəfər! Gör necə oldusa, Zəfər günün balamın doğum günü ilə eyni tarixə düşdü! Möcüzə balam, gəlişinə qurban olum!

Təndir çırthaçırt yanır, nənə həmişəkindən daha şövqlə çörək yapırdı təndirə. Qollarına qüvvət gəlmişdi, sanki. Yarpaq dolmasının qoxusu həyətə yayılmışdı. Keks həmişəkindən daha çox qabarıb.

-Əlim də sevinir, dilim də sevinir, gözüm də sevinir balamın gəlişinə!

Xalidə iş görə-görə ayların susqunluğunu ruhundan silkələyib, yerə tökürdü.

Darvazanı kimsə yumruqladı...

- Şəmsi əmi, Zəfər gəldi!

Kimsə var gücü ilə çığırdı.

Xalidə həyətə yüyürdü...

Ölüm soxulurdu bu həyətə...

Gələn bayraq boyda Zəfər idi... Zəfəri gətirmişdi. Həmişəki kimi, dediyini etmişdi.

Yağış daha gur yağmağa başlamışdı Xalidənin saçlarına.

- Gəlişinə qurban, Zəfər!!! Zəfər bayramın mübarək, Zəfərim! Doğum günün mübarək, Tarixim- Zəfərim!

Uclarından yaş süzülən saçlarını yolaraq, səmaya bağırırdı Xalidə...

Səsinə Arifə səksəndi..

seeBaxış sayı:93
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri