6 il öncəki peyvəndlər hamını öldürəcəkmi: Professor Rəşad Mahmudovun yazısı
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tibb elmləri doktoru, professor və millət vəkili Rəşad Mahmudov son dövrlərdə yenidən gündəmə gələn peyvənd müzakirələri fonunda diqqətçəkən və elmi əsaslara söykənən geniş bir yazı qələmə alıb. Xüsusilə COVID-19 peyvəndləri ətrafında yayılan narahatlıqlar, ürək fəsadları ilə bağlı iddialar və cəmiyyətdə formalaşan tərəddüdlər onun analizinin əsas mövzusudur.
Turkustan.az professorun peyvəndlərlə bağlı hazırladığı həmin yazını təqdim edir.
"Peyvəndlərlə bağlı tərəddüd və suallar təkcə COVID-19 dövrünə aid deyil. Tarix boyu bəşəriyyətin üzləşdiyi böyük epidemiyalar və pandemiyalar zamanı (çiçək, poliomielit, qızılca) və digər ağır yoluxucu xəstəliklər dövründə də peyvənd və müalicə üsullarına qarşı şübhələr olub. Bu, cəmiyyətin yeni tibbi yanaşmalara verdiyi təbii reaksiyadır. İnsan sağlamlığı ilə bağlı qərarlarda ehtiyatlı olmaq istəyir və bu başadüşüləndir.
Amma tarix göstərir ki, milyonlarla insanın həyatını xilas edən əsas amil elmi yanaşma, profilaktika və peyvənd proqramları olub. Bu sahədə çalışan alimlərin və həkimlərin adı bu gün də hörmətlə çəkilir. Emosional etirazlar isə zaman keçdikcə arxa planda qalır, nəticəni isə faktlar müəyyən edir.
COVID-19 dövründə müzakirə olunan əsas tibbi mövzulardan biri də peyvənddən sonra nadir hallarda müşahidə olunan miokardit və perikardit hallarıdır. Mən bir ürək həkimi kimi bu məsələyə həm klinik, həm də elmi prizmadən yanaşıram. Bəli, beynəlxalq ədəbiyyatda xüsusilə gənc yaş qrupunda peyvənddən sonra nadir miokardit və perikardit halları təsvir olunub. Lakin bu hallar çox aşağı tezlikdə rast gəlinir, əksərən yüngül klinik gedişli olur və düzgün izləmə və müalicə ilə tam bərpa ilə nəticələnir.
Digər tərəfdən isə klinik praktikada gördüyümüz daha mühüm reallıq var: COVID infeksiyasının özü ürək əzələsinə zədələnmə, ritm pozuntuları, miokardit və hətta ürək çatışmazlığına qədər gedə bilən fəsadlar törədə bilir və bu risk peyvənddən sonrakı risklə müqayisədə qat-qat yüksəkdir. Yəni risk qiymətləndirməsi aparılarkən yalnız peyvənddən sonrakı nadir hallar deyil, xəstəliyin özünün yaratdığı daha böyük təhlükə də nəzərə alınmalıdır.
Bu gün üstünlüyümüz ondadır ki, böyük populyasiyalar üzrə real məlumat bazaları mövcuddur və milyonlarla insan üzərində toplanan nəticələri analiz etmək mümkündür. Bu geniş datalar COVID-19 peyvəndləri ilə gənclərdə davamlı ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləmir. Təhlükəsizlik göstəriciləri isə davamlı monitorinq altındadır.
Mən hesab edirəm ki, peyvənd tərəddüdü olan insanlara qarşı sərt mövqe yox, açıq dialoq lazımdır. Narahatlıqları dinləmək, sualları cavablandırmaq və qərarı elmi sübutlara əsasən birlikdə vermək ən doğru yoldur. Səhiyyədə əsas prinsip qorxu deyil, məlumatlı seçim olmalıdır".
Rəşad Mahmudov
Tibb elmləri doktoru
/musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 Fevral 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















