90 yaşlı institut
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dilqəm TAĞIYEV
Akademik, Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialinin tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasinda yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur (1935-1937). 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil olunanda Kimya İnstitutu Geologiya-Kimya Elmləri bölməsinin tərkibinə verilmişdir. Müxtəlif illərdə İnstituta professor Məmmədəmin Əfəndi (1937-1941), professor Şıxbala Əliyev (1941-1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943-1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949-1967), Azərbaycan EA-nın həqiqi üzvü İzzət Orucova (1967-1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971-1983) rəhbərlik etmiş, 1983-1985-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmiş, 1985-ci ildən 2002-ci ilə qədər institutun direktoru AMEA-nın həqiqi üzvü Ramiz Rizayev olmuşdur.
1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu adlandırılmış və elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradılmışdır. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu İnstituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi. 1975-2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur.
1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta Azərbaycan EA-nın həqiqi üzvü, professor Murtuza Nağıyevin adı verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Bu mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəklində öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması idi. Elmi mərkəzə müxtəlif illərdə akademiklərdən Toğrul Şahtaxtinski, Məhərrəm Məmmədyarov, müxbir üzvlərdən Telman Qurbanov, Əli Nuriyev və başqaları rəhbərlik etmişlər. Sonralar Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə AMEA-nın Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaraıldı. Təşkilatın elmi-texniki fəaliyyətinin əsas istiqamətlərini mineral və təbii xammalın emalı, sənayedə istifadə üçün yeni növ maddə və materialların alınma texnologiyalarının işlənməsi, istehsalı təşkil ediləcək proseslərin layihə-konstruktor və normativ texniki sənədlərinin hazırlanması, yeni texnoloji proseslərin təcrübi və təcrübi-sənaye miqyasında istehsala tətbiqi təşkil edirdi.
2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır. Onun vəfatından sonra İnstitutun direktoru 2014-cü ilədək akademik Ağadadaş Əliyev olmuşdur, 2014-cü ildən akademik Dilqəm Tağıyev İnstituta rəhbərlik edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən İnstitutunun adı dəyişdirilərək akademik Murtuza Nağıyev adına AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır.
Kimya İnstitutu fəaliyyətinin ilk dövrlərində (1935-1941) xalq təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən motor yanacağı, kataliz, Respublikanın mineral xammal ehtiyatlarından istifadə problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Lakin İkinci Dünya müharibəsinin başlaması ilə İnstitut ön və arxa cəbhənin tələblərinə uyğun tədqiqatlarla, 50-ə yaxın mövzu və tapşırıqlarla məşğul olmağa başladı. !941-1943-cü illərdə 8 iş tətbiq edildi və daha 12 iş tətbiq üçün qəbul edildi. Tətbiq olunan işlərdən Daşkəsən filizindən xüsusi təyinatlı polad istehsalı üçün təmiz kobalt oksidin alınmasını, sulfat turşusu almaq üçün işlənmiş kataliz kütləsindən vanadiumun regenerasiyasını, neft emalı tullantılarından izolyasiya və digər xüsusi təyinatlı boyaların, mühafizə edici rəngləyicilərin alınmasını qeyd etmək olar.
1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Kimya İnstitutu yeni problemlərlə, o cümlədən, krekinq üçün yeni katalizatorların, sintetik kauçuk üçün monomerlərin, plastifikatorların, detergentlərin, bioloji fəal birləşmələrin, maye şüşənin, gil-buruq məhlullarının, buruq sularından yod və bromun alınması məsələləri ilə məşğul olmağa başlamışdı. Artıq 1950-1955-ci illərdə Kimya İnstitutu Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən birinə çevrildi.
Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyevin rəhbərliyi ilə mineral suların, endogen süxurların, neft yataqlarında lay sularının radioaktivliyi və geokimyası, mineral xammalın texnologiyası sahəsində tədqiqatlar nəticəsində neft-su-süxur üçlü heterogen sistemlərdə mikroelementlərin paylanması tədqiq edilərək, onların miqrasiyası, səpələnməsi və toplanmasının qanunauyğunluqları müəyyən edilmişdi.
Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədovun struktur kimya sahəsində fundamental tədqiqatları və kalsium silikatlarının quruluşunun tədqiqi, sementin bərkimə mexanizminin nəzəri əsaslarını verməklə dünya tədqiqatçılarını maraqlandıran fundamental məsələləri həll etmiş, mineralların quruluşunda böyük kationların aparıcı rolu haqqında konsepsiyanı əsaslandrmış, bağlayıcılığın kristallokimyəvi nəzəriyyəsinin əsasını qoymuşdur. Kristallokimya elminə "quruluş vahidi" anlayışını daxil etmiş, ona yeni tərif verərək qeyri-üzvi maddələrin məqsədli sintezində bu anlayışın aparcı ideya olacağını qeyd etmişdir.
1959-cü ildə Elmlər Akademiyasında aparılan islahatlarla əlaqədar neft kimya profilli üç laboratoriya Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutuna verildi, Kimya İnstitutunda isə üç yeni laboratoriya: korroziya, mineral xammalın texnologiyası, nadir və yarımkeçirici elementlərin kimyası laboratoriyaları təşkil edildi.
Korroziya sahəsində ilk tədqiqatlar hələ müharibə illərində Azərbaycan EA-nın müxbir üzvü Vsevolod Neqreyevin rəhbərliyi ilə başlamışdı. Neft-mədən avadanlığının korroziyadan mühafizəsi, metal qurğuların dəniz suyunda korroziyasına qarşı effektiv üsulların işlənilməsi, polad konstruksiyaların qaz-kondensat quyularında hidrogen-sulfid korroziyasını azaltmaq məqsədilə effektiv ingibitorların tətbiqi böyük iqtisadi səmərə vermiş və bu işlər 1962-ci ildə Lenin mükafatına layiq görülmüşdü.
Akademik Həbibulla Şahtaxtinskinin rəhbərliyi ilə başlanan Respublikada mineral xammalın (alunit, Daşkəsən dəmir, Filizçay polimetal filizləri və s.) kompleks emalı sahəsində geniş tədqiqatlar nəticəsində mövcud texnoloji proseslərin təkmilləşdirilməsi ilə yanaşı, yeni texnoloji proseslər işlənilmişdir. Daşkəsən dəmir filizini və titan maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə poladəritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, xrom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılması texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır.
1965-ci ildə təşkil olunmuş Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və ilk direktoru olan akademik Murtuza Nağıyevin kimya texnologiyası sahəsində fundamental tədqiqatları nəticəsində kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi yaradılmış kimya kombinatlarının layihələşdirilməsinin nəzəri əsaslandırılmasına xidmət edən qlobal optimallaşdırma üsulu işlənib hazırlanmış, kimya texnologiyasına yeni prinsip - ümumi superoptimallaşdırma prinsipi daxil edilmiş, mürəkkəb texnoloji sistemlər üçün üç mərhələli: dekompozision-qlobal, regional və lokal optimallaşdırma üsulu yaradılmış və sənayedə tətbiq olunmuşdur. !969-cu ildə akademik Murtuza Nağıyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Akademik Toğrul Şahtaxtinskinin tədqiqatları əsasən katalitik proseslərin kinetika və mexanizminin tədqiqinə, texnoloji proseslər üçün prinsipcə yeni konstruksiyaların, elektrokimyəvi yanma kamerasının, səthi aerasiya olunan qaz-maye reaktorunun, fazalararası kütlə mübadiləsini intensivləşdirən ilgəg tipli reaktorun yaradılmasına və tətbiqinə həsr olunmuşdur.
Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarovun rəhbərliyi altında alümosilikat əsaslı krekinq katalizatorlarının, adsorbentlərin hazırlanma üsulları təkmilləşdirilmiş, onların fiziki-kimyəvi xassələri tədqiq edilmiş, təbii seolitlərin və gillərin adsorbsiya, ionmübadilə və katalitik xassələri öyrənilərək maye və qaz karbohidrogenlərinin, tullantı sularının zəhərli üzvi birləşmələrdən təmizlənməsində tətbiq olunmuşdur.
Azərbaycan EA-nın müxbir üzvü Paşa Rüstəmovun rəhbərlik etdiyi laboratoriya SSRİ-də yarımkeçirici ferromaqnit materiallar üzrə aparıcı təşkilat sayılırdı. İlk dəfə sintez olunan nadir və nadir-torpaq metallarının xalkogenidləri termo- və foto çeviricilərin, rentgen və fotorezistorların hazırlanmasında istifadə olunurdu. Xalkogenid şüşələr əsasında hazırlanmış fotohəssas materiallar "Virikon" tipli elektron borucuqların hazırlanmasında istifadə edilmiş və 1980-ci ildə Moskva Olimpiya oyunlarında "Filips" firmasının boruqlarını müvəffəqiyyətlə əvəz etmişdi.
Akademik Ramiz Rizayevin tədqiqatları aromatik nitrillərin yeni, səmərəli, praktiki olaraq tullantısız alınma prosesləri üçün oksidləşdirici ammonoliz prosesini yaratmağa imkan vermişdir. Bu üsul texnoloji əlverişli şəraitlərdə aromatik mono və dinitrillərin istehsalında perspektivli olduğundan SSRİ-də ilk olaraq benzonitrilin, ftalonitrilin və tereftalonitrilin alınması üçün kompleks quraşdırılmışdır.

Akademik Tofik Nağıyev atmosfer azotunun hidrogen-peroksidlə fiksasiyasını ilk dəfə həyata keçirmışdir. Aparılmış kvant-kimyəvi və eksperimental tədqiqatlar nəticəsində davamlı HOO-N=N-OOH intermediatının mövcudluğu təsdiq edilmişdir ("Nağıyev effekti"). Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və dehidrogenləşmə, epoksidləşmə, atmosfer azotunun fiksasiyası və təbii qazın oksidləşməsi reaksiyaları tədqiq edilmişdir. Monooksigenaz, peroksidaz və katalaz reaksiyalar misalında imitasion kataliz inkişaf etdirilmiş və yeni biomimetik sensorlar işlənib hazırlanmışdır.
Akademik Ağadadaş Əliyev qeyri-stasionar katalitik proseslərin modelləşdirilməsi və optimallaşdırılması prinsiplərini işlənilmiş və bunların əsasında parafin və olefin karbohid-rogenlərinin dehidrogenləşməsi proseslərinin intensivləşdirilməsi üçün tövsiyələr vermişdir. Reaktor-regenerator blokunda dövr edən qaynar laylı katalizatorun iştirakı ilə gedən prosesin riyazi modelinin tərtib edilməsinin ümumi prinsipləri işləyib hazırlamışdır.
Akademik Ayaz Əfəndiyev yüksək elektroaktivliyə malik sorbent və katalizatorlar kimi istifadə edilən polimer kompleks əmələgətiricilərin yeni yaranma prinsipini müəyyən etmişdir. Prinsip polimer kompozisiyaların yaddaşa malik olmasına əsaslanır və makromolekulların aktiv mərkəzlərinin sorbsiya olunacaq metala və ya kataliz olunacaq substrata nəzərən uyğunlaşmasından və yaranmış optimal strukturun molekullararası tikilmə vasitəsilə bərkidilməsindən ibarətdir.
Akademik Dilqəm Tağıyevin seolit katalizi sahəsində tədqiqatları sayəsində bir sıra yeni və maraqlı nəticələr alınmış, alkilnaftenlərin yeni çevrilmə reaksiyaları müəyyən edilmiş, tərkibində qiymətli metallar saxlamayan katalizatorların mühüm sənaye proseslərində tətbiqinin mümkünlüyü göstərilmiş, metal kompleks katalizatorların bərk qeyri-üzvi daşıyıcı üzərində immobilizasiyası üçün yeni üsul işlənmiş, müxtəlif proseslər üçün hazırladığı katalizatorlar Moskva, Ufa və Sumqayıt şəhərlərində təcrübə-sənaye zavodunda və istehsalat birliyində sınaqdan keçirilmişdir.
Akademik Əjdər Məcidovun koordinasion birləşmələr kimyası sahəsində tədqiqatları nəticəsində koordinasion birləşmələr sahəsində polidental hidrazon liqandları əsasında effektiv funqisidlər və xərçəng əleyhinə aktiv olan yeni preparatlar sintez edilmişdir. Benzidinin törəmələri əsasında üzvi batareyalar üçün elektrod materialı olan keçid metallarının yeni kompleksləri sintez olunmuşdur.
Azərbaycan MEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modellərini təklif etmişdir. Qeyri-Nyuton neftlərinin axınının hidrodinamikası əsasında bir çox mövcud modeli vahid tənlikdə birləşdirməyə imkan verən ümumiləşdirilmiş yeni reoloji tənlik almış, tətbiqi reologiyanın bəzi problemlərini həll etmişdir.
Azərbaycan MEA-nın müxbir üzvü Məhəmməd Babanlının rəhbərliyi ilə üçlü qeyri-üzvi sistemlərdə topoloji izolyator xassəli yeni laylı xalkogenid və xalkohalogenid fazaları aşkar edilərək onların mükəmməl monokristalları yetişdirilmiş, göstərilmişdir ki, ağır p2- və p3- elementlərinin laylı quruluşlu tellurid və selenidləri terahers tezlikli detektorlarda sahə-effekt tranzistorları kimi, onların monokristallik laylarının nanopulcuqlarından yığılmış nanoantennalar isə skanedici sınaq qurğularında tətbiq oluna bilərlər.
Son 10 ildə (2015-2024) İnstitutda elmi-tədqiqat işləri bir neçə prioritet istiqamət üzrə aparılmışdır:
Yüksək texnologiyalar üçün yeni 2D və 3D Dirak materiallarının, maqnit xassəli topoloji izolyatorların, molekulyar naqil və maqnetiklərin, nanokompozitlərin alınması və tədqiqi.
Üzvi və qeyri-üzvi birləşmələrin çevrilmələri üçün katalizatorların hazırlanması, kimyəvi proseslərin modelləşdirilməsi və optimallaşdırılması.
Günəş enerjesinin çeviricisi kimi yeni nəsil elektrod materiallarının, korroziyaya davamlı və yaddaş effektli nanoquruluşlu örtüklərin alınması.
Dərman maddələrinin immobilizasiyası və nəzarətli ayrılması üçün nanogellər əsaslı nanobiokompozitlərin alınması.
Respublikanın mineral sərvətlərinin emalı, ətraf mühitin qorunması üçün ekoloji təhlükəsiz texnoloji proseslərin yaradılması.
Aparılan fundamental və tədbiqi tədqiqat işləri nəticəsində İnstitutda bir sıra mühüm nəticələr əldə edilmişdir:
- ilk dəfə ağır p-metalların telluridləri əsasında antiferromaqnit xassəli topoloji izolyatorlar Beynəlxalq əməkdaşlıq çərçivəsində sintez edilmiş və müxtəlif ölkələrin elmi mərkəzlərində tədqiq edilmişdir (nüfuzlu "Nature" jurnalında məqalə çap olunmuşdur).
- iri həcmli "Transport phenomena in dispersed Media" monoqrafiyası çox nüfuzlu akademik nəşriyyat olan "Teylor & Franciz Qroup" şirkətində (London, Nyu-York, 2019) nəşr olunmuş və neftin nəqli, emalı ilə əlaqədar bir çox problemlərin analizinə və həllinə həsr olunmuşdur.
- xərçəng xəstəlikləri əleyhinə istifadə olunan antibiotiklərin fizioloji təsir müddətini artırmaq, toksikliyini azaltmaq və nəzarətli ayrılmasını təmin etmək məqsədilə onların immobilizə olunması üçün nanogellər əsasında bir sıra vacib tələblərə cavab verən nanobiokompozitlərin alınma üsulu təklif edilmişdir.
- nanoelektronika üçün perspektivli material olan molekulyar naqil xassəsi göstərən metal-strinq komplekslər arasında uzunluğu ən çox olan və xətti zəncir molekulunda bir-birilə birləşmiş 11 nikel atomu olan birləşmə sintez edilmişdir.
- Avropa Birliyinin HORİZON 2020 layihəsində İnstitut 8 ölkədən olan Beynəlxalq qrupun tərkibində ümumi dəyəri 6,5 mln avro olan qrant müsabiqəsinin qalibi olmuşdur ("Methane oxidative conversion and hydroformylation to propylene", 814557 №-li C123). İnstituta ayrılan məbləğ 304 min avro olan qrantın məqsədi təbii qazdan propilenin (SOCAR POLİMER zavodu üçün əsas xammal) alınma texnologiyasının yaradılmasıdır.
- nano quruluşlu karbon nitridin tərkibində metal olmadan hidrogen molekulunu aktivləşdirmək xassəsi aşkar edilmişdir. Ənənəvi hidrogenləşmə katalizatorlarından fərqli olaraq tərkibində metal saxlamayan qrafen əsaslı katalizatorun işlənib hazırlanması stirol sənayesində ziyanlı əlavə məhsul olan fenilasetilenin yüksək çıxım və selektivliklə son məhsula çevirməyə imkan verir.
- qeyri-Nyuton neftlərində nizamsız strukturların əmələ gəlməsinə səbəb olan hissəciklərin hidrodinamik qarşılıqlı təsiri, diffuziya kütləsi və istilik ötürülməsi, məsaməli mühitdə qeyri-nyuton neftlərinin hidravlik diffuziya və qeyri-xətti filtrasiyası tənliyinin analitik həlli verilmiş, məsaməli mühitlərdə hidravlik diffuziya və keçiricilik əmsallarının qiymətləndirilməsi üçün yeni ifadələr alınmışdır,
- elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli, daxilində n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe heterokeçidləri yaradılmışdır.
Tətbiq hədəfli tədqiqatların əsas nəticələri:
- neft avadanlıqlarında istifadəsi nəzərdə tutulan korroziyaya davamlı Pb-Sb-Te nazik təbəqələr alınmış və müəyyən edilmişdir ki, onlar neft avadanlıqlarının polad materiallarının ömrünü 5-6 dəfə artırır.
- filiz emalı tullantı sularından 90-95%-lə Cu2+ və Zn2+ ionlarının çıxarılması üçün modifikasiya olunmuş bentonit filtri hazırlanmış və İran İslam Respublikasının Gilan Almas şirkətində sənaye miqyasında sınaqdan keçirilmişdir.
- EP-300 qurğusunda (Sumqayıt şəhəri) etilen istehsalının yan məhsulu olan ağır qatranın emalı nəticəsində yüksək təmizliyi olan (98,5%) naftalinin alınma prosesi işlənilmişdir.
- krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsinin yeni metodu (optimal uzlaşdırılmış material və istilik axınlarının təyini) işlənib hazırlanmışdır.
- Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi tədqiqat işləri nəticəsində hidrotexniki qurğuların su mühitində korroziya sürətləri təyin olunmuş, onlar üçün korroziyaya qarşı katod mühafizəsi üsulu təklif edilmişdir.
- bəzi d- və f- elementlərin əsasında alınmış nanoquruluşlu kompozitlərin neftin reoloji xassələrinə təsiri araşdırılmış, nefthasiledici quyulardan və neft yığım məntəqəsindən götürülmüş ağır neft nümunələri üzərində aparılan sınaqlar nəticəsində neftin kinematik özlülüyün 65-70%, qatranın miqdarının isə 50% aşağı düşdüyü sübut edilmişdir.
- alunit filizini yandırmadan qələvidə aşınma yolu ilə emal etməklə, kənardan heç bir reaktiv almadan elektrodializ üsulundan istifadə edərək alüminium oksid, qələvi, sulfat turşusu, natrium-kalium sulfat gübrələri, vanadium və qalliumun alınmasının optimal şəraiti tapılmışdır.
- istilik sistemləri və metal səthlərini pas/duz çöküntülərindən təmizləmək üçün tərkib (SAD) təklif edilmiş, onun əsasında biznes plan hazırlanmış və Yüksək Texnologiyalar parkına təqdim edilmişdir.
- təbii xammaldan və məişət tullantılarından alınan kompleks üzvi gübrə Respublikanın pambıqçılıq üzrə fermer təsərrüfatlarında sınaqdan keçirilərək yüksək nəticələr göstərmişdir.
Aparılan tədqiqatların nəticələri 8500-dən artıq məqalədə, 600 müəlliflik şəhadətnaməsində, 150-ə yaxın Respublika patentində, 190-dan çox monoqrafiya, kitab və dərslikdə öz əksini tapmışdır.
Təkcə 2015-2024-cü illərdə 1650 məqalə (onlardan 1000-dən çoxu "Scopus" və "Web of Science" bazalarında indeksləşən jurnallarda), 90 kitab, monoqrafiya və dərslik çap edilmiş, onlara 15000-ə yaxın istinadlar edilmiş, 93 Tespublika və Avrasiya patenti alınmış, ümumi dəyəri 4,0 mln AZN olan 34 qrant layihəsi (20-si Beynəlxalq olmaqla) yerinə yetirilmiş, 0,5 mln AZN həcmində təsərrüfat müqavilələri üzrə işlər görülmüşdür. İnstitut 2023 və 2024-cü illərdə Beynəlxalq SCİmago reytinq cədvəlində yer alan 9000-dən çox elmi qurumlar (universitetlər, institutlar, milli və özəl laboratoriyalar) arasında Azərbaycandan olan 8 elmi təşkilatdan biri olmuşdur.
İnstitutda aparılmış elmi-tədqiqatların nəticələri dövlət səviyyəsində qiymətləndirilmiş və ayrı-ayrı illərdə institut əməkdaşlarından 1 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 1 nəfər Lenin mükafatına, 5 nəfər Azərbaycanın Dövlət Mükafatına, 1 nəfər "Oktyabr İnqilabı", 3 nəfər "Qırmızı Əmək Bayrağı", 5 nəfər "Şərəf Nişanı", 1 nəfər "Şərəf" və 5 nəfər "Şöhrət" ordenlərinə, bir çoxları da "Əməkdar elm xadimi", "Əməkdar müəllim" fəxri adlarına, "Əməkdə fərqləndiyinə görə", "Tərəqqi", "Azərbaycan Xalq Cumhürriyətinin 100 illiyi (1919-2019)" və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medallarına və digər mükafatlara layiq görülmüşlər.
İnstitutun Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Belçika, Niderland, Tayvan, Türkiyə, Bolqarstan və s. ölkələrin elmi-tədqiqat mərkəzləri və universitetləri ilə elmi əməkdaşlığı davam edir. 2024-cü ildə İnstitutun ev sahibliyi etdiyi 15 ölkə alimlərinin iştirakı ilə "Enerjinin saxlanması və çevrilməsi üçün materiallar" üzrə VIII Beynəlxalq simpozium yüksək səviyyədə təşkil olunmuşdur. Əməkdaşlarımız və gənc tədqiqatçılarımız müxtəlif ölkələrdə keçirilən Beynəlxalq konfrans və simpoziumlatrda fəal iştirak edirlər.
Respublikanın iqtisadi inkişafında qeyri-neft sektorunun mühüm rolunu nəzərə alaraq İnstitut 2026-2030-cu illərdə elmi fəaliyyətini aşağıda göstərilən prioritet istiqamətlərdə davam etdirməyi planlaşdırır:
- qeyri-üzvi materialşünaslıq və mineral xammalın emalı üçün yaşıl texnologiyalar;
- yaddaş effektinə malik metal-polimerlər, qrafen analoqları, karbon nanoborular əsasında nanokatalizatorlar və bir karbonlu birləşmələrin çevrilmələri;
- Günəş enerjesinin çeviricisi kimi korroziyaya davamlı yeni nəsil elektrod materiallarının, və yaddaş effektli nanoörtüklərin alınması;
- fizioloji fəal koordinasion birləşmələr, nanobiokompozitlər və enterosorbentlər.


