ABAD çı: Çalışıram ki, bütün mağazalarda hazırladığım məhsullardan olsun VİDEO
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 fevral, Göyçək Mahmudlu, Aytac Babayeva, Ələkbər Baxşıyev, Azər İbrahimov, AZƏRTAC
"ABAD"ın mənə açdığı yol öz yaratdığımdan daha üstün və genişdir.
Bunu AZƏRTAC-ın müxbirləri ilə söhbətində "ABAD"çı Laləbəyim Səmədova deyib.
Dörd ildir epoksid qətranından müxtəlif suvenirlər hazırlayan müsahibimiz "ABAD"la 2018-ci ildən əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, işi sosial şəbəkələrdə peşəkarlara baxa-baxa öyrənib, ən incə detallarına qədər mənimsəyib: “Ümumiyyətlə, məqsəd varsa, insan işləyə-işləyə öyrənə bilir. Təbii ki, alınmayan işlər də olur. Maraqlıdır ki, onların da alıcıları var. Çünki digər məhsullardan daha ucuz qiymətə satılır”.
"ABAD" çərçivəsində əcnəbilər də əl işlərimizi görürlər
Laləbəyim xanımın sözlərinə görə, iki il yarım əvvəl "ABAD"ın mütəxəssisləri onun əl işlərini bəyəniblər. Bununla da, əməkdaşlıq başlayıb. “Doğrusu, "ABAD" mənə yad deyildi. Çünki hələ bir neçə il əvvəl başqa sahə üzrə hazırladığım əl işlərimə görə "ABAD"la əməkdaşlıq edirdim. Epoksid qətranından hazırladığım əl işlərimə görə isə iki il yarımdır birlikdə işləyirik. Özümüzün əl işlərini satışa çıxarmaqla, "ABAD" vasitəsilə satışın aparılması arasında çox böyük fərq var. Belə ki, özümüz satış edəndə məhsullarımızı yalnız Azərbaycan vətəndaşları alırdılar. "ABAD" çərçivəsində isə əcnəbilər, turistlər də əl işlərimizi görür və alırlar. Həmçinin özüm satışla məşğul olanda məni kimsə tanımırdı, sadəcə məhsulu sifariş edirdilər. Kimsə mənim kimliyimdən və digər işlərimdən məlumatlı deyildi. Ancaq sosial şəbəkə üzərindən hazırladığım işləri görürdülər. Hazırda işlərim daha çox üzdədir, daha çox insan görür və daha çox əcnəbi alır. Yadımdadır, ilk əl işimdə cizgi filmi qəhrəmanının görüntüsü olan keks qabı hazırlamışdım. Sonra külqabı, domino ərsəyə gətirdim. İlk satdığım əl işi domino olub ki, onu da köhnə müştərilərimdən biri almışdı”, - deyə o vurğulayıb.
Ən çox saat hazırlamağı sevirəm
Müsahibimiz evində yaratdığı kiçik emalatxanasına keçib, bizə bir məhsulun hazırlanması qaydasını izah edib və prosesi göstərib. O deyib ki, hazırda həm sifarişlər üzərində çalışır, həm sərgilərə qatılır, həm də "ABAD" üzərindən məhsullarını satır: "Epoksid qətranı ilə hansısa məhsulun hazırlanması zərgər dəqiqliyi tələb edir. Həm məhlulların miqdarını, həm də temperaturu düzgün tənzimləmək vacibdir. Əks halda yaxşı məhsul alınmaz və itkiyə gedər. Məhlullar normal sürətdə çox qarışdırılmalıdır. Kənardan asan görünsə də bu, çox çətindir. Xırda işlər daha çox çətinlik törədir. Hazırlanmış məhsulun quruması vaxtı emalatxanada olarsansa, bu, ağciyərlərə ziyandır. Çünki quruma prosesi buxarlanma, isinmə getdikcə başlayır. Bir də cila prosesində böyük əl işlərində toz çox olur.
Məhsulların quruması da fərqlidir. Daha çox 24, 48, 72 saat ərzində quruma gedir. Qalın töküm olmayan məhsulların quruma prosesi daha tezdir. Hazırlanmış məhlulu maksimum 2-3 santimetr qalınlığında tökmək olar. Ondan artıq qalınlıqda tökdükdə qabarcıqlar üzə çıxa bilmir, içəridə əmələ gəlir ki, bu da yaxşı görünmür.
Ən çox saat hazırlamağı sevirəm. Ümumiyyətlə, böyük əl işləri daha rahatlıqla hazırlanır. Saat, domino kimi işlər bir həftə ərzində hazır olur. Müştərilərim əsasən qadınlardır. Onlar bəylər üçün hədiyyələr alırlar. Bəylər isə özləri və dostları üçün daha çox açar asqısı, xanımları üçün isə ürək dizaynı olan məhsullar sifariş edirlər".
"ABAD"da kiçik əşyalara tələbat çoxdur
Laləbəyim xanım söhbətində qeyd edib ki, "ABAD"da daha çox kiçik əşyalara, açarlıqlara tələbat çoxdur. Turistlər də açarlıqlara üstünlük verirlər. Bununla yanaşı, domino, külqabı, güzgü-daraqlar da diqqət mərkəzində olan məhsullardandır. Şahmatlar isə premium məhsul sayılır. Onların sifarişi az olur. "Mən hansı məhsulumun daha çox diqqət çəkdiyinə baxıb, ona uyğun əl işləri hazırlayıram. Bayramlar ərəfəsində turistlərin gəlişini nəzərə alıb, daha çox məhsul ərsəyə gətirirəm. Açarlıqları çox hazırlasam da, domino, şahmat, külqabı kimi məhsulların hər "ABAD" mağazasına iki ədəd düşməsini təmin edirəm. Çalışıram ki, bütün mağazalarda hazırladığım məhsullardan olsun. Həmin məhsullar satıldıqca oradan gəlir əldə edirəm. Qısacası, müxtəlif mağazalar, cürbəcür məhsullar və fərqli alıcılar... Hər alıcının seçimi ayrıdır, xüsusilə də ölkəmizə gələn turistlərin...", - deyə L.Səmədova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















