Icma.az
close
up
RU
ABŞ İran danışıqlara başlayır: hansı gözləntilər var?

ABŞ İran danışıqlara başlayır: hansı gözləntilər var?

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ ilə İran arasında gərginlik xeyli müddətdir ki, davam edir. Hətta ekspertlər bu gərginliyin müharibəyə çevrilmə ehtimalını da istisna etmirlər. Prezident Donald Trampın onun dönəmində müharibələrin olmayacağı barədə bəyanatları İranla müharibə ehtimalını azaltsa da, tam aradan qaldırmayıb. Çünki Ağ Ev rəhbəri hədələrini davam etdirir və martın sonunda bəyan edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, ABŞ İrana zərbə endirəcək.

Bir neçə gün əvvəl bəlli oldu ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndə heyətləri bir araya gələcək.

Prezident Donald Tramp ABŞ və İranın Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlamağa hazır olduqlarını açıqlasa da, İranın xarici işlər naziri Abbas Əraqçi nümayəndə heyətlərinin Omanın vasitəçiliyi ilə görüşəcəklərini bildirib. İran diplomatiyasının rəhbəri deyib ki, Tehran ABŞ-nin təzyiqindən qaçmaq üçün danışıqları vasitəçilərlə aparmaq variantını seçib və Omandakı görüşdən sonra formatı dəyişdirməyi planlaşdırmır.

Qeyd edək ki, görüşdə Omanın xarici işlər naziri Bədr əl-Busaid vasitəçi qismində çıxış edəcək.

Danışıqlarda Ağ Evin nümayəndə heyətinə prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uittarker, İran təmsilçilərinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.

İran son həftələr ərzində Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar tələbinə müqavimət göstərib.

Tramp "NBC News" telekanalına müsahibəsində deyib: "Əgər razılıq əldə olunmasa, bombardman olacaq. Bu, onların heç vaxt görmədiyi bir bombalama kampaniyası olacaq".

ABŞ və İran Co Baydenin prezidentliyi dövründə dolayı danışıqlar aparıblar, lakin bu danışıqlarda irəliləyiş əldə olunmayıb. İki ölkə arasında məlum olan sonuncu birbaşa danışıqlar ABŞ prezidenti Barak Obamanın dövründə baş tutub. Obama Trampın sonradan imtina etdiyi 2015-ci il beynəlxalq nüvə sazişinə vasitəçilik edib.

Xatırladaq ki, 2015-ci il iyulun 14-də altı beynəlxalq vasitəçi və İran nüvə sazişi üzrə razılığa gəlib və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Plana əsasən, BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən daha əvvəl İrana tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılıb. Bu razılaşmanın yerinə yetirilməsi o zaman ABŞ prezidenti olan Donald Trampın 2018-ci ildə birtərəfli çıxmasından sonra mümkün olmamışdı.

2017-ci ildən 2021-ci ilə qədər prezident kimi ilk müddətində Tramp ABŞ-ı sanksiyaların yüngülləşdirilməsi müqabilində İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış və İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyan sazişdən çıxmışdı. Tramp, həmçinin ABŞ-nin hərtərəfli sanksiyalarını bərpa edib.

Hazırda Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı hədələri İsrailin HƏMAS və Livan Hizbullahına qarşı müharibələri, koalisiyanın Yəmənə raket zərbələri endirməsi və Suriyada rəhbərlik dəyişikliyindən sonra bölgədə onsuz da gərgin vəziyyəti alovlandırıb. Bölgədəki hərbi varlığını artıran Tramp silahlı münaqişəyə girməkdənsə, İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə üstünlük verəcəyini bildirib.

Martın 7-də o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə görüş təklifi ilə mesaj göndərdiyini açıqlayıb. Martın 30-da İran prezidenti Məsud Pezeşkian Tehranın ABŞ-la birbaşa danışıqlar təklifini rədd etdiyini bildirib. Bu, Trampın müraciətinə ilk rəsmi reaksiya olub. O, iki tərəf arasında birbaşa danışıqların mümkünlüyü rədd etsə də, vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu və heç vaxt danışıqlardan yayınmadığını vurğulayıb. İran prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər İran və ABŞ arasında etimadın bərpası ilə bağlı problemlərə gətirib çıxarıb, danışıqların taleyini Vaşinqtonun davranışı müəyyənləşdirir.

İsrailin Baş naziri Netanyahu ilə görüşdə İranla danışıqların gözlənildiyini açıqlayan Tramp yenidən Tehranı təhdid edib. Tramp bazar ertəsi Oval kabinetdə deyib: "İranın nüvə silahı ola bilməz və danışıqlar uğursuz olarsa, mən əslində İran üçün çox pis gün olacağını düşünürəm".

Həm ABŞ, həm də İranla yaxşı münasibətlər saxlayan Oman uzun müddətdir ki, Tehran və Vaşinqton arasında kommunikasiya kanalı olub. İran hökumətinə bağlı "Nournews" qəzeti Trampın birbaşa görüş barədə açıqlamasını "daxili və beynəlxalq ictimai rəyə təsir etmək məqsədi daşıyan psixoloji əməliyyatın" bir hissəsi kimi qiymətləndirib.

Netanyahu Vaşinqtonda deyib ki, diplomatiya Liviyada olduğu kimi, Tehranın nüvə silahı əldə etməsinə tam mane ola bilsə, bu, yaxşı olardı.

Qərb ölkələri İranı uranı yüksək səviyyədə zənginləşdirməklə nüvə silahı hazırlamaq üçün gizli planlarda ittiham edir. Tehran nüvə proqramının tamamilə dinc məqsədlər üçün olduğunu deyir.

"Reuters" agentliyi İran hökumətindəki mənbələrə istinadən xəbər verir ki, Tehran iki ay ərzində tezliklə yeni nüvə sazişinin imzalanmasına ümid edir, çünki İran hakimiyyəti danışıqların çox uzanacağı təqdirdə İsrailin hava hücumlarından ehtiyat edir.

Müasir İranın Öyrənilməsi Mərkəzinin direktoru, politoloq Rəcəb Səfərov hesab edir ki, uzun müddətdir iki ölkə arasında dialoqun olmaması səbəbindən tərəflər hələ ki, birbaşa danışıqlara başlamağa hazır deyil.

Onun sözlərinə görə, həm Vaşinqton, həm də Tehran etimadın qurulması üçün şərait yaratmalıdırlar, amma ilkin mərhələdə vasitəçilər olmadan buna nail olmaq çətindir: "ABŞ və İran nümayəndələrinin yaxın gələcəkdə hər hansı razılığa gələ biləcəkləri ehtimalı azdır. Ölkələr arasında münasibətlərin düşmənçilikdən normal vəziyyətə keçməsi üçün çox vaxt tələb olunur. Hər halda, danışıqlara hazır olmaq artıq müsbət nəticədir".

Martın əvvəlində Trampın İran tərəfinə məktub göndərməsindən sonra ABŞ-İran münasibətləri ciddi şəkildə pisləşib. Vaşinqton Tehrana nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib və əks halda hərbi əməliyyatların başlanacağı ilə hədələyib. Xarici media yazır ki, Tehran Türkiyə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn səlahiyyətlilərinə ABŞ-nin İrana potensial hücumuna hər hansı dəstəyin, o cümlədən hava məkanını ABŞ Hərbi Hava Qüvvələrinə açmağın İran tərəfindən düşmənçilik hərəkəti kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq göndərib.

Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin eksperti Yuri Lyamin isə hesab edir ki, İranın hərbi strategiyası müdafiə xarakteri daşıyır - təhlükə yaranarsa, o, operativ-taktiki raketlərinin əhatə dairəsi Yaxın Şərqdəki Amerika hədəflərini vura bilər. Onun sözlərinə görə, Tehranın bu silahların istehsalı və müdafiəsini təmin etmək üçün kifayət qədər imkanları var. Ekspert əlavə edib ki, İran Fars körfəzini bütün Qərb gəmiləri üçün bağlaya bilər. Nəhayət, İranın da Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq ehtimalı var. Amerikalılar sentrifuqaların bəzilərini sıradan çıxarsalar belə, qalanları nüvə bombası istehsal etmək üçün kifayət edəcək.

MAQATE-nin son hesabatlarına görə, hazırda İranda 60%-ə qədər zənginləşdirilmiş 274 kq uran var ki, bu da asanlıqla 90%-ə qədər zənginləşdirilə bilər. Bu, bir neçə nüvə yükü yaratmaq üçün kifayətdir.

Lyamin İran və ABŞ arasında ciddi hərbi münaqişələrin başlayacağına şübhə edir: "Bir tərəfdən amerikalıların Yaxın Şərqdə ciddi münaqişə üçün kifayət qədər gücü yoxdur, digər tərəfdən isə ABŞ-la silahlı münaqişə İran və bütün region üçün fəlakətli nəticələrə gətirib çıxaracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri