ABŞ Qafqazda Rusiyaya sarsıdıcı zərbə vurdu: Kreml isə İrəvanı hədəfə alır, cəzanı Ermənistana kəsir
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Qafqazda uzun onilliklər boyu mövcud olmuş qüvvələr balansı artıq tədricən yenilənməyə başlayıb. Ona görə də, hazırda bu regionun necə bir yeni geopolitik dizayna uyğunlaşdırıla biləcəyi istər-istəməz böyük maraq doğurur. Bu baxımdan, Ermənistanın baş naziri Nikol Paşinyanın “TRIPP üzrə əsas məsələlər razılaşdırılıb” məzmunlu açıqlaması Cənubi Qafqazda gedən geopolitik transformasiya prosesinin artıq yeni mərhələyə keçdiyinə əminlik yaradır. Hər halda, ABŞ və Ermənistan arasında imzalanmış yeni birgə bəyanat rəsmi İrəvan tərəfindən “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsinin prinsipial çərçivəsinin formalaşması kimi təqdim olunur. Və bu yanaşma tərzi hazırda yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda, regiondakı güc balansı baxımından da kifayət qədər ciddi suallar doğurur.
Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarından belə anlaşılır ki, TRIPP artıq abstrakt geoiqtisadi ideya deyil, əksinə, icra mexanizmləri ilə bağlı ciddi əsaslara malik layihə mərhələsinə daxil olub. Belə ki, indiyə qədər imzalanmış sənədlərdə bu layihənin ümumi konturları, iştirakçı tərəflərin öhdəlikləri və icra mərhələləri müəyyən edilib. Və bu isə onu göstərir ki, ABŞ Cənubi Qafqazda sadəcə, vasitəçi rolunda qalmaq niyyətində deyil, daha dərin geoiqtisadi struktur iştirakına hazırlaşır.
Onu da qeyd etmək lazımdır ki, TRIPP-in əsas siyasi-iqtisadi fəlsəfəsi regional nəqliyyat-logistika xətlərinin açılması, iqtisadi inteqrasiya və təhlükəsizlik risklərinin azaldılması üzərində qurulub. Bu önəmli model rəsmi İrəvan üçün Rusiyadan strateji asılılığın tədricən azaldılması və Ermənistanın Qərb mərkəzli iqtisadi və siyasi sistemlərə inteqrasiyasının sürətləndirilməsi kimi iki əsas məqsədə xidmət edir. Eyni zamanda, baş nazir Nikol Paşinyan bu layihənin “böyük ehtimalla Azərbaycanın maraqlarına uyğun” olduğunu iddia etsə də, rəsmi Bakının hələlik mövqe bildirməyə tələsməməsi diqqət çəkir. Və rəsmi Bakının bu susqunluğu müəyyən mənada, təmkimli ehtiyatlılıq kimi də qiymətləndirilə bilər.
Məsələ ondadır ki, Azərbaycan üçün TRIPP-in real dəyəri daha çox bu layihənin dövlətin suverenlik prinsiplərinə zidd olmaması, regional nəqliyyat-logistika layihələrində balansı pozmaması, üçüncü ölkələrin təhlükəsizlik nəzarət mexanizmlərinə çevrilməməsi kimi və s. prinsipial şərtlərdən asılıdır. Əgər, TRIPP layihəsi Zəngəzur dəhlizi ətrafında əvvəlki mübahisəli formulaları yeni təqdimat altında gündəmə gətirərsə, rəsmi Bakının buna pozitiv yanaşma ehtimalı qətiyyən inanıdırıcı görünmür. Əksinə, layihə regional kommunikasiyaların qarşılıqlı razılaşma və beynəlxalq hüquq çərçivəsində açılmasını nəzərdə tutarsa, bu, Azərbaycan üçün əlavə sərfəli iqtisadi imkanlar da yarada bilər.
Maraqlıdır ki, TRİPP layihəsi üzərindən Cənubi Qafqazın yenidən dizayn olunması prosesi Kremldə olduqca ciddi narahatlıq doğurmağa başlayıb. Ona görə də, son vaxtlar Kreml bu məsələ ilə bağlı daha açıq mətnlə və təhdidkar məzmun daşıyan mesajlar verir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin açıqlaması da Kremlin ABŞ-ın iştirakı ilə reallaşdırılacaq TRIPP layihəsinə böyük narahatlıqla yanaşdığını göstərir. Çünki bu prosesdə Rusiya üçün əsas risk qaynağı rəsmi İrəvanın KTMT-da olduğu kimi, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində də fəaliyyətinin zəifləmə ehtimalı və Qərbin Ermənistana alternativ iqtisadi-hüquqi mexanizmlər təklif etməsidir.
Ona görə də, Rusiya səfirinin rəsmi İrəvana xitabən yükdaşımalarının Aİİ hüququ ilə tənzimlənməsinin vacibliyini vurğulaması qətiyyən təsadüfi deyil. Yəni, Kreml Ermənistana açıq şəkildə xəbərdarlıq mesajı verir. Kreml demək istəyir ki, əgər, Rusiyanın iştirakçı olmadığı TRIPP layihəsi Ermənistanın Aİİ öhdəlikləri ilə ziddiyyət təşkil edərsə, bu, ciddi siyasi və iqtisadi nəticələr doğura bilər. Və Rusiya bu mərhələdə açıq qarşıdurmadan yayınmağa çalışsa da, “məsləhətləşmələrə hazır olduğunu” bildirərək, ümumi geopolitik prosesə təsir imkanlarını saxlamağa cəhd göstərir.
Təbii ki, Paşinyan hakimiyyətinin Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində, devrilmək təhlükəsini nəzərə alaraq, Rusiya ilə ABŞ və Qərb arasında müəyyən qədər “balansı qoruma” oyununa cəhd etməsi Kremlə əlavə manevr imkanları da açır. Hər halda, xarici işlər naziri Ararat Mirzoyanın bu barədə son açıqlamaları Ermənistanın hələlik “körpüləri tamamilə yandırmaq” niyyətində olmadığını göstərir. Yəni, Ermənistan hələlik nə Rusiyadan qopur, nə də Aİİ-ni dərhal tərk edir. Ancaq erməni nazirin “gələcəkdə seçim zərurəti yaranarsa” ifadəsi, rəsmi İrəvanın artıq bu ehtimalı da ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.
Ona görə də hesab etmək olar ki, bu, Ermənistanın klassik balans siyasətindən tədricən strateji seçim mərhələsinə yaxınlaşdığını göstərən olduqca önəmli geopolitik siqnaldır. Bu baxımdan, TRIPP yalnız nəqliyyat və iqtisadi xarakterli layihə deyil. Yəni, bu geoiqtisadi layihə həm də Ermənistanın geopolitik orientasiyasını müəyyən edəcək olduqca ciddi test mexanizminə çevrilməyə başlamış kimi görünür.
Bütün bunları nəzərə aldıqda, TRIPP layihəsinin reallaşması Cənubi Qafqaza üç önəmli geopolitik ssenari üzrə yarana biləcək situsiaya vəd edir. Belə ki, birincisi, ABŞ-ın regionda geoiqtisadi faktorlar üzərindən mövcudluğunun təmin olunması, istər-istəməz Rusiyanın təsir imkanlarını ciddi şəkildə zəiflədəcək. İkincisi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin iqtisadi əsaslar üzərində möhkəmləndirilməsi regionda “münaqişədən post-münaqişə mərhələsinə keçidin önünü aça bilər. Nəhayət, Cənubi Qafqazda yeni geopolitik balans, yəni Türkiyə, ABŞ və Avropa Birliyinin təsirinin artmasına paralel olaraq, Rusiyanın regional mövqelərinin yenidən tənzimlənməsi qaçılmaz xarakter daşıyacaq.
Göründüyü kimi, TRIPP hələlik icra üzrə sənədləşmə mərhələsində olsa da, bu layihənin yaratdığı geopolitik rezonans, onun Cənubi Qafqaz üçün kifayət qədər qəliz geostrateji modifikasiyalı təşəbbüs olduğunu göstərir. Belə ki, bu layihə bir tərəfdən, Cənubi Qafqaza sülh və sabirlik vəd edir. Digər tərəfdənsə, TRİPP həm də regionda böyük güclər arasında yeni geopolitik rəqabət xəttini də formalaşdırır.
Bu baxımdan, ABŞ-ın Rusiyaya sarsıdıcı zərbəsi hesab edilən TRIPP layihəsinin Cənubi Qafqazda həm dayanıqlı əməkdaşlıq platformasına, həm də qlobal güclərin növbəti “geopolitik alət”inə çevrilmək ehtimalı mövcuddur. Bu ssenarilərdən hansının reallığa çevrilə biləcəyi ilə bağlı sualların cavabı isə indi yalnız Ağ Ev-İrəvan tandemi deyil, həm də rəsmi Bakı və Kremlin verəcəyi prinsipial qərarlardan asılı olacaq.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Yanvar 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















