Icma.az
close
up
RU
Abşeronda özəl botanika bağı

Abşeronda özəl botanika bağı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu “yaşıl” ada “yaşıl” gələcəyə açılan pəncərədir

Abşeronda ilk dəfə yaradılan “Botanika, Floristika, Landşaft” Botanika Bağçası yaşıl sabahımıza, Azərbaycan botanika elminə özəl töhfədir. Bağçanın salınması regionun ekoloji inkişafı, biomüxtəlifliyin qorunması və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Burada yeni ideyalar gerçəkləşəcək, vacib addımlar atılacaq. Bura yalnız yaşıllıq məkanı deyil, həm də botanika, floristika, landşaft memarlığı sahəsində elmi tədqiqatların, maarifləndirmənin, praktik fəaliyyətin həyata keçiriləcəyi nümunəvi təcrübə mərkəzi olacaq.

Müsahiblərimiz layihənin ideya müəllifləri – biologiya elmləri doktoru, professor Həsən Babayev və kənd təsərrüfatı üzrə mütəxəssis, aqronom-iqtisadçı Natiq Allahverdiyevdir.

– Həsən müəllim, sualımı hər ikinizə ünvanlamaq istəyirəm. “Botanika, Floristika, Landşaft” adlı Botanika Bağçasının salınmasında əsas məqsəd nədir və bu layihənin həyata keçirilməsi ilə bağlı nə deyə bilərsiz?

– Layihənin ideya mərhələsində bizi ruhlandıran əsas amil dövlət başcısının ölkəmizdə ekoloji təhlükükəsizliyin təmin edilməsi, yaşıllıq zonalarının genişləndirilməsi və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi ardıcıl siyasət oldu. Xüsusilə respublikamızın beynəlxalq iqlim gündəliyində fəal iştirakı, ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslər və 2024-cü ildə Azərbaycanda keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində irəli sürülən çağırışlar bizim üçün motivasiya mənbəyinə çevrildi. Həmin sərəncamda göstərilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.

Natiq Allahverdiyev:

– Düşündük ki, bu layihə dövlətimizin ekoloji siyasətinə və ümummilli məqsədlərə töhfə verməyin ən yaxşı yollarından biridir. Çünki belə bir mərkəzin qapısını ictimaiyyətin üzünə açmaq təbiətə sevgini artıracaq, ekoloji maarifləndirməyə xidmət edəcək. Məqsədimiz yalnız gözəl yaşıllıq məkanı yaratmaq deyil, eyni zamanda, insanların bitki aləmini daha yaxından tanımasına, təbiətin qorunmasının vacibliyini dərk etməsinə və gənc nəslin ekoloji dəyərlər ruhunda formalaşmasına dəstək verməkdir.

İnanırıq ki, hər əkilən ağac, salınan yaşıllıq sahələri respublikamızın daha sağlam, gözəl və yaşıl gələcəyinə xidmət edəcək. Yaşıllığın qorunması və artırılması təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Məhz buna görə “Botanika, Floristika və Landşaft” Botanika Bağçası ekoloji maarifləndirmə, elmi tədqiqat üzrə təcrübi baza olacaq.

Həsən Babayev:

– Burada insanlar müxtəlif növ bitkiləri, ağacları tanıyacaq, məktəblilər və tələbələr, tədqiqatçılar praktik biliklər əldə edəcək, landşaft memarlığı və floristika sahəsində zamanın tələblərinə uyğun yeni ideyalar formalaşacaq. Eyni zamanda, şəhərin ekoloji tarazlığının qorunması diqqət mərkəzində olacaq.

– Bu layihənin həyata keçirilməsində çətinliklərlə qarşılaşdınızmı?

– Əlbəttə, həyat çətinliksiz ötüşmür. Müəyyən problemlər olsa da, işləmək ruhumuz hər şeyə qalib gəldi. Əsas məsələ düzgün bitki seçimi, infrastrukturun qurulması və uzunmüddətli qulluq sisteminin yaradılması idi. Zəhmətsevər komandamızın əməyi sayəsində bu mərhələləri uğurla başa vurduq.

– Aqronom kimi bu layihədə əsas fəaliyyətiniz nədən ibarətdir?

Natiq Allahverdiyev:

– Məqsədimiz Abşeron yarımadasının və Bakının iqliminə uyğun bitki növlərinin seçilməsi, onların sağlam inkişafının təmin edilməsi və botanika bağçasının uzunömürlü yaşıl məkana çevrilməsidir. Burada hər bitki elmi yanaşma əsasında becərilir. Yerli flora ilə yanaşı, dekorativ ağaclar, kollar, mövsümi güllər, həmişəyaşıl və respublikamızın bəzi bölgələrindən gətirilmiş dərman bitkiləri, ağaclar, eləcə də müxtəlif landşaft kompozisiyalarında istifadə olunan növləri seçmişik. Hədəfimiz estetik gözəllik yaratmaqla yanaşı, biomüxtəlifliyi qorumaqdır. Düzgün layihələndirilmiş yaşıllıq sahələri havanın keyfiyyətini yaxşılaşdırır, səs-küyü azaldır, insanların psixoloji rahatlığına müsbət təsir göstərir.

– Müxtəlif növ bitkilərin qorunması üçün hansı üsullardan istifadə olunacaq?

Natiq Allahverdiyev:

– Müasir suvarma sistemləri, torpağın münbitliyinin qorunması, müntəzəm aqrotexniki qulluq və bioloji mübarizə üsulları tətbiq ediləcək. Məqsəd müxtəlif növ bitkilərin sağlam və dayanıqlı inkişafını təmin etməkdir.

– Bitki müxtəlifliyinin qorunması çox vacibdir...

Həsən Babayev:

– Əlbəttə, hər bitki növü ekosistemin ayrılmaz hissəsidir. Biomüxtəliflik nə qədər zəngin olarsa, təbiətin iqlim dəyişikliklərinə qarşı davamlılığı da bir o qədər yüksək olar. Bu, həm də sabahkı və gələcək nəsillərə sağlam təbii irs ötürməkdir. Təbiət bizə miras deyil, ulularımızdan götürdüyümüz əmanətdir. Hər bir insan ağac əkməklə, yaşıllığı qorumaqla, suya və torpağa qayğı ilə yanaşmaqla ölkəmizin və dünyanın ekoloji gələcəyinə xidmət etmiş olar. Yaşıl gələcək hər bir vətəndaşın bugünkü məsuliyyətindən asılıdır.

– Ağac və kol növlərinin seçimi hansı meyarlarla müəyyən edilir?

Natiq Allahverdiyev:

– Seçim zamanı bitkinin iqlimə uyğunluğu, dekorativliyi, ekoloji faydası və uzunömürlülüyü nəzərə alınır. Məqsəd yalnız gözəl mənzərə yaratmaq deyil, eynilə sağlam ekosistem və təbiətə xidmət sivilizasiyasının təşkilində biliklərimizi artırmaq və formalaşdırmaqdır. Bundan əlavə, seçilən bitkilərin həmin ərazinin təbii şəraitinə uyğunlaşma qabiliyyəti və xəstəliklərə, zərərvericilərə, quraqlığa və şaxtaya davamlılığı qiymətləndirilir. Elmi əsaslara söykənən landşaft layihələri, yerli bitki növlərinin geniş tətbiqi və müasir texnologiyaların istifadəsi Vətənimizin yaşıl inkişafına ərməğan olacaq. Fikrimcə, bu istiqamətdə elmi potensial və cəmiyyət dövlətlə birgə çalışmalıdır.

– Son illər dünyada yaşıllaşdırma və biomüxtəlifliyin qorunması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. BMT-nin “Ekosistemlərin Bərpası Onilliyi” proqramı çərçivəsində botanika bağçasının salınmasının əhəmiyyəti barədə nə deyə bilərsiniz?

Həsən Babayev:

– BMT-nin bu təşəbbüsü dünyanın diqqətini ekosistemlərin bərpasına yönəldən və Yer üzünün insanlarını təbiəti qorumaq çağırışına həsr olunmuş mühüm proqramdır. Məqsəd təkcə meşələrin, yaşıllıq zonalarının salınması deyil, həm də torpaq, su, flora və faunanın bütöv şəkildə qorunmasıdır. Hər bir ölkə öz təbii sərvətlərini mühafizə etməklə qlobal ekoloji tarazlığın saxlanılmasına kömək edə bilər.

Botanika bağçalarının bu prosesdə rolu əvəzsizdir. Çünki bura nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin qorunduğu, elmi tədqiqatların aparıldığı və yeni yaşıllaşdırma layihələrinin hazırlandığı mərkəzdir. Burada yetişdirilən bitkilər gələcəkdə parkların, xiyabanların və digər yaşıllıq zonalarının salınmasında mühüm rol oynayacaq.

– Yeni yaşıllıq zonalarının və botanika bağçalarının yaradılmasında hansı prinsiplər əsas götürülür?

Natiq Allahverdiyev:

– Əsas prinsip hər bir ərazinin torpaq və iqlim xüsusiyyətlərinə uyğun bitkilərin seçilməsidir. Yerli növlərə üstünlük verilməsi onların daha davamlı inkişaf etməsinə, su ehtiyatlarından səmərəli istifadəyə və ekoloji tarazlığın qorunmasına kömək edir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi və quraqlıq yeni yanaşmalar tələb edir. Aqronomlar artıq daha dözümlü bitki növlərinin seçilməsinə və suya qənaət edən texnologiyaların tətbiqinə üstünlük verirlər. Düşünürəm ki, elmi əsaslara söykənən landşaft layihələri, yerli bitki növlərinin geniş tətbiqi və botanika bağçalarının salınması, müasir texnologiyaların istifadəsi respublikamızın yaşıl inkişafına düzgün istiqamət verəcək.

Həsən Babayev:

– “Botanika, Floristika, Landşaft” Botanika Bağçasında süni dağ çayı sistemi yaratmışıq. Məqsədimiz respublikanın müxtəlif bölgələrindən gətirdiyimiz meyvə ağaclarını və müalicəvi təsirə malik dərman bitkilərini mövcud iqlim şəraitinə uyğunlaşdırıb, onların sayını çoxaltmaqdır. Botanika bağçamızda arı ailəsi də yaşayır. Bitki və ağacların tozlanmasında arıçılığın əvəzsiz rolu var. Təbiətdə həyatın davamlılığını təmin edən ən mühüm canlılardan biri arılardır. Onların fəaliyyəti yalnız bal istehsalından ibarət deyil.

Arılar çiçəkdən–çiçəyə qonaraq nektar və tozcuq toplayır, bu zaman tozcuqların bitkilər arasında daşınmasını təmin edirlər. Belə bir təbii proses bitkilərin çoxalmasına, toxum və meyvə əmələ gəlməsinə şərait yaradır. Bütün bunları nəzərə alaraq, botanika bağçasında arıçılığın inkişafı üçün də ilkin addımlar atmışıq. Bu gün hər yeni arı qutusu minlərlə ağacın, kolun və çiçəyin məhsuldarlığına verilən dəstəkdir. Arıları qorumaq təbiəti qorumaq deməkdir. Çünki arıların qanad çırpıntısı yalnız çiçəkləri deyil, mübaliğəsiz desək, həyatın özünü də yaşadır.

Bütün bu sadaladığımız faktlar BMT-nin davamlı inkişaf, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi beynəlxalq təşəbbüslərin bəşəri məqsədləri ilə uyğunluq təşkil edir.

Natiq Allahverdiyev:

– Gördüyümüz işin mənəvi yükünü çox yaxşı dərk edirik. Çünki botanika bağçaları yaşıl gələcəyin, ekoloji mədəniyyətin mənəvi ünvanıdır. Saldığımız botanika bağçasının yaşıllaşdırma siyasətinə təsiri olduqca çoxdur. Bağçamızda iqlimə uyğun ağac, kol və dekorativ bitki növləri öyrənilir, onların şəhər və kənd landşaftında tətbiqi ilə bağlı elmi tövsiyələr hazırlanır. Nəticədə, salınan yaşıllıq zolaqları daha davamlı olur.

Su ehtiyatlarından səmərəli istifadə edilir, son nəticədə isə ekoloji tarazlığın qorunması bərpa olunur. Burada biz torpağın münbitliyinin qorunmasına xüsusi nəzarət edirik. Çünki torpaq təbiətin ən qiymətli resurslarından biridir və insan həyatının əsasını təşkil edir. Münbit torpaq bitkilərin normal böyüməsi, inkişafı və yüksək məhsul verməsi üçün əsas şərtdir. Gələcəkdə geniş ictimaiyyətə bununla bağlı məlumatların verilməsi üçün seminarlar təşkil etməyi planlaşdırırıq.

– Bitki müxtəlifliyinin qorunması nəyə görə strateji əhəmiyyət daşıyır?

Həsən Babayev:

– Biomüxtəliflik təbiətin sağlamlığının əsas göstəricisidir. Müxtəlif bitki növləri torpağın münbitliyini qoruyur, havanın keyfiyyətini yaxşılaşdırır, canlı aləmin davamlılığını təmin edir. Xüsusilə, iqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını almağa kömək edir. Bitki müxtəlifliyi nə qədər zəngin olarsa, ekosistemlər də bir o qədər dayanıqlı olar.

Ömrünü elmə həsr edən bioloq kimi deyə bilərəm ki, Bakı və Abşeronda botanika bağçalarının salınması ekosistemimizə mühüm töhfədir. Mən ictimaiyyəti, xüsusilə məktəbliləri, tələbələri, tədqiqatçıları, alimləri belə vacib marafonda iştirak etməyə çağırıram. Çünki bu gün dünyada iqlim dəyişikliyi və biomüxtəlifliyin azalması ən ciddi problemlərdən hesab olunur. Maarifləndirmə ən təsirli vasitədir.

Məktəblilərin və gənclərin botanika bağçalarına ekskursiyaları, ağacəkmə aksiyaları, ekoloji seminarlar və könüllülük proqramları ictimaiyyətin təbiətə sevgisini, ona bağlılığını artıracaq. Təbiətin varlığının əvəzsiz olduğunu dərk edən cəmiyyət onu qorumağın məsuliyyətini də öz üzərinə götürməlidir. Burada hər kəsdən vətəndaş məsuliyyəti və yanğısı hiss olunmalıdır.

Natiq Allahverdiyev:

– Unutmamalıyıq ki, təbiət həyatın mənbəyidir. Əkdiyimiz hər bir ağac, bitki növü və becərdiyimiz botanika bağçaları gələcəyimizə xidmətin layiqli göstəricisidir. “Yaşıl dünya” arzusu yalnız böyük layihələrdə deyil, hər bir vətəndaşın gündəlik davranışında gerçəkləşməlidir. Təbiəti qorumaq hər birimizin vətəndaşlıq borcu və gələcək nəsillər qarşısında mənəvi öhdəliyimizdir. “Botanika, Floristika, Landşaft” Botanika Bağçası belə bəşəri məramla uzun bir ekoloji yola çıxıb.

Kəmalə ABDİNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri