Icma.az
close
up
RU
Açılmayan çətir Samirə Əşrəfin hekayəsi

Açılmayan çətir Samirə Əşrəfin hekayəsi

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Samirə Əşrəfin Əhməd Şmit adına “Yeni nəsil tərcüməçi” müsabiqəsində ikinci yerə layiq görülmüş "Açılmayan çətir" hekayəsini təqdim edir.

Günlərlə davam edən yuxusuzluq məni o qədər əldən salmışdı ki, guppultu ilə döşəmənin üstünə yıxılan atamın səsinə, bacımın qara-qışqırığına belə ayıla bilmirdim. Anamın ayaq səsləri eşidildi. Eyəsən bu gecədə yuxulamaq mənə qismət olmayacaqdı. Yuxudan oyanıb özümü divara, qapıya çırpa-çırpa atamın otağına keçdim. Yazıq anam həmişəki kimi onu döşəmədən qaldırmağa çətinlik çəkirdi. Anamla köməkləşib atamı birtəhər çarpayısına uzatdıq. Anam məni gözləyirmiş kimi dərhal otaqdan çıxdı. Atamın uç ildən bəri süzülüb solan söyüşləri başlanmışdı. Artıq bu qışqırıqlar, söyüşlər mənim üçün o qədər adiləşmişdi ki, elə bil heç nə eşitmirdim. Atama yaxınlaşıb çırmanıb yuxarıya qədər qalxmış köynəyini çəkib qarnının üstünü örtdüm, ağzından köpüklənib sinəsinə axan suyu təmizlədim. Əllərimdən yapışıb bərk-bərk tutdu. Tezliklə hamını söyə-söyə yuxuya getdi. Atam tam yuxuya gedəndən sonra bacım qapını aralayıb otağa girdi, yavaşca mənim əlimi atamın əlindən aralamaq istədi. Atam o dəqiqə tərpəndi, göz qapaqları səyridi. Onun ayılacağından qorxub bacımı kənara itələdim. O donquldanmağa başladı:

- Belə özünə öyrəşdirirsən, sən işdə, növbədə olanda, az qalır evi basımıza uçursun.

Sonra kinli-kinli atama baxıb - axır yatışın olsun - deyib otaqdan çıxdı.

Atamın üzünün rəngi ağarmış, ovurdları içəri batmış, gözlərinin ətrafındakı, alnındakı qırışlar daha da çoxalıb dərinləşmişdi. Xəstəliyinin bütün əzabları simasına sirayət eləmişdi.

Atam ixtisasca kardioloq idi. Əvvəllər təcili yardımda, sonralar isə özəl klinikaların birində isləmişdi. Hər şey atamdan yaşca çox balaca əmimin evlənməsindən sonra başlandı. Atamgil iki qardaş idilər. Onlar balaca olanda valideynlərini itirmişdilər. Əmimi atam böyütmüş, oxutmuşdu. Əmim isə nədənsə yaşamaq üçün Moskvanı özünə məkan seçmişdi. Üç il bundan öncə atam onu yaxın qohumlarımızdan birinin qızı ilə nişanlayıb, toylarını etdi. Toydan sonra əmim qaçaraq Moskvaya qayıtdı. Biz onu heç cür geri qaytara bilmirdik. Hər dəfə nə vaxt gəlirsən soruşanda cürbəcür bəhanələr gətirərdi. Beləcə, beş aydan sonra atam onun qayıtmayacağını görüb Moskvaya getməli oldu. O gedən günün səhəri əmim zəng vurub atamın insult keçirdiyini xəbər verdi. Biz bu hadisənin məğzini sonralar öyrəndik.

Moskvaya soyuq qış günlərinin birində qəfil çatan atam əmimdən xəbərsiz yaşadığı evə gedir. Qapını qucağında üç, dörd yaşında sarı oğlan uşağı tutmuş rus qadın açır. Atam əvvəlcə səhv gəldiyini düşünüb, geri qayıtmaq istəyir. Bu zaman həyat yoldaşının arxasından əmim boylanır. Atam biləndə ki, qardaşı uzun illərdi rus qadınla evlidir, üstəlik onların uşağı da var. Əsəbiləşib geri qayıdır. Küçəyə çıxan kimi o, başını tutub asfaltın üstünə yıxılır. Anam bir neçə günə özünü atama çatıdrıb onu xəstəxanada müalicə etdirməyi bacarmışdı.

Bakıya qayıdandan sonra bir neçə il heç nə olmamış kim sappasağlam gəzib dolaşdı. İkinci dəfə insult keçirəndə isə həmişəlik yatağa düşdü. Danışıb gəzə bilməməsi, qəbul etdiyi dərmanların çoxluğu əsəblərini bir az da pozdu. Günlərimiz atamın söyüşləri, bacımın çığırtıları ilə ötüb keçirdi. Mən və anam bu vəziyyətə öyrəşmişdik. Öyrəşməyən bacım və qonşularımız idi. Günlər keçir, onun vəziyyəti daha da pisləşirdi. Evimizdə salamat qab-qaşıq, gözə dəyəsi əşya qalmamışdı. Atam hamısını sındırıb, dağıtmışdı. Dəfələrlə bacımla, anamla əlbəyaxa olub onları boğmağa çalışmışdı. Nəhayət günlərin birində qonşularımızın şikayəti, həkimlərin təkidi ilə atamı ruhi xəstəxanaya apardılar.

O gündən evimizdə çox şey dəyişməyə başladı. Anam ilk günlər sıxıntılı, fikirli dolaşsa da sonralar pis günlərini unutmağa çalışdı. O, tez bir zamanda uşaq baxçasında tərbiyəçi işləməyə başladı. Atamın otağını təmir elətdirib, içinə təzə əşyalar aldı. İndi illərlə qapımızı açmayan qohum, qonşularımız tez-tez bizə qonaq gəlirdilər. Bacım rəfiqələri ilə şəhərə gəzməyə gedir, saatlarla evdə tapılmırdı.
Aradan beş aydan çox vaxt keçdi. Bacım imkanlı bir oğlanla nişanlandı. Anam və bacım səylərini birləşdirib atamı oğlan evindən gizlədirdi. Bacım təzə qohumlarına atamın ağır xəstə olduğunu və yanına heç kəsin buraxılmadığını demişdi. Bir gün bacıma nişanlısından heç nəyi gizlətməməsini onun xəstəliyi barədə hər şeyi açıb nişanlısına deməsini təklif etdim. Sözlərim onu o qədər əsəbləşdirdi ki, halı xarab oldu, bir neçə gün özünə gələ bilmədi. Anam isə dayanmadan məni qarama deyinirdi:

- O, yazıqdan nə istəyirsən, niyə imkan vermirsən xoşbəxt olsun?
Bacımın narahatlığından özüm də pis olub, peşmançılıq hissi duyurdum.

O, keçmişindən qorxurdu, həm də lap çox. Sanki atam bacımın keçmişindən qoparılıb onun arxasınca atılan böyük bir daş parçası idi. O, həmin daş parçasının gec-tez möhkəm zərbə ilə başına dəyib onu yerə yıxacağını hiss edirdi. Bunun üçün də bacım tez bir zamanda qara daşlı keçmişindən, keçmişinin izləri olan evimizdən və bizdən yaxasını qurtarmağa calışırdı. Ancaq o bir şeyi unudurdu ki, keçmiş heç vaxt insanı tərk etmir. Çünki keçmiş gələcəyə bağlıdır. Dünyanın harasına gedirsən get, fərqi yoxdur, keçmişin ən vəfalı köməkçiləri olan xatirələr, yaşantılar, mütləq sənin qarşına çıxıb gözlərini qırpmadan sənə baxacaq. Nə qədər qəribə səslənsə də keçmiş gözqamaşdıracaq qədər bəyaz olan parıltılı, atlas qadın libasının arxasından uzanan ətəyə bənzəyir. Libas hara gedirsə getsin, ətək də onun arxasınca sürünüb gedir. Atlas daima gözqamaşdırıcı parıltısı və tərtəmiz bəyazlığı ilə insanların gözünü qamaşdırır. Ətək isə əksinə daim nəzərə çarpmadan sürünür, toz-torpağa bulaşıb, ayaq altında qalır. Lakin bəzən də atlanıb önə keçir və sanki deyir, mənə yaxşı-yaxşı baxın, mən keçmişəm, unudub həyatınızdan qoparıb, atmaq istədiyiniz keçmiş.

Keçmiş daim gələcəkdən yapışıb ona yük olur, sürünməkdən toz qoxuyur. Çox vaxt keçmiş xoşbəxt, toy-düyünlü günlərdən, sevimli, məsum səkillərdən, isti ana qucağından ibarət xatirələri ilə öyünür. Vaxtsız, acımasız ölümlərlə, nakam məhəbbətlərlə, nisgilli ayrılıqlarla, dolu olan dərdlər yığınına da nəzər salmır.

Atamın səhhəti ilə bağlı heç bir irəliləyiş olmadı. Əksinə səhhəti get-gedə pisləşdi. O qədər arıqlamışdı ki, bircə gözlərinə baxanda bilmək olurdu ki, bu həmin adamdı. Günlərlə çörək yemir, bir qaşıq suyu belə çətinliklə içirdi. Bacımın toyuna iki gün qalmışdı. Anamla bacım evdə yox idilər. Dərsdən gəlib təzəcə yuxuya getmişdim ki, telefonun cingiltili səsinə oyandım. Dəstəyi qaldıranda atamı müalicə edən həkim atamın vəziyyətinin pisləşdiyini, ailəmizdən kiminsə xəstəxanaya gəlməsini dedi. Ağlıma pis fikirlər gəlsə də, həkimin təmkinli danışığı məni fikrimdən yayındırdı. Tələsik ayaqqabılarımı geyinib xəstəxanaya getdim. Atamın çarpayısı boş idi. Məni zəif işıqlı dəhlizin qurtaracağındakı soyuq, divarları sovet dovründən rənglənmiş bir otağa apardılar. Dəmir çarpayının üstünə onun cansız bədənini uzatmışdılar. Atamın üstünə örtülmüş mələfəni qaldırdım. Tam qapanmayan göz qapaqlarının arasından qonur rəngli gözləri işıldayırdı. Sifətində dərindən ah çəkib rahatlaşmış insanlara xas ifadə əmələ gəlmişdi. Daha o yox idi, canı bu dünyanın bütün iztirablarından, dərdlərindən, xəstəliklərindən həmişəlik qurtulmuşdu.

Evimizə çatanda gecə saat on bir idi. Qapını üzümə anam açdı . Onun qollarına necə düşdüyümü xatırlamıram. Ayılandan sonra hönkürtü ilə ağlayıb atamın öldüyünü onlara dedim. Anamın gözlərində bir damla yaş parladı və tezcə də yox oldu. Bacım soyuqqanlı halda mənə baxırdı. Sonra o, heç nə olmayıbmış kimi ayağa qalxıb yarımçıq qoyduğu işini davam etdirdi. Anamın gözü yol cəkirdi. Sükutu mən pozdum:

- Sabah gedib atamın meyitini xəstəxanadan götürməliyik.

Bacım bu sözü gözləyirmiş kimi mənə baxıb ilan kimi fısıldadı:

- Sabah olmaz! Toydan sonra nə istəsəniz edərsiniz, ancaq toya qədər olmaz.

Esitdiklərimə inanmadım:

- Sən nə danışırsan?

O mənə yaxınlaşıb əsəbiliklə gözlərini bərəltdi:

-Qoymaram ki, ata-bala mənim toyumu məhv edəsiniz! Eşidirsən? Elə bu dəqiqə özümü öldürərəm, pəncərədən ataram.

Onun bu sözləri sanki bayaqdan yatmış olan anamı yuxudan ayıltdı. O, qorxa-qorxa ayağa qalxıb bacımı məndən aralaşdırdı. Sual və ümid dolu baxışlarım anamın üzünə dikildi. Anam mənim qəlbimdən keçənləri duydu:

- Sabah gedib baş həkimlə danışıb, bir az hörmət edərəm iki gün orda saxlayarlar, toydan sonra gətirib dəfn edərik.

Anam yenə nə isə danışırdı, mən isə heç nə eşitmirdim. Ona cavab vermək istəsəm də, bacarmırdım. Başım fırlanır, ürəyim bərk bulanırdı. Özümü birtəhər vanna otağına çatdırıb qapını arxadan bağladım. Gecə saat 2-də onlar yatandan sonra əşyalarımı götürüb ömrümün iyirmi ilini keçirdiyim evdən həmişəlik ayrıldım.

Atamın məzarı üstünə gəlib çatanda yağış çisələyirdi. Yarım saat bundan öncə atamın dərman qoxuyan cansız bədənini gətirib bu soyuq torpağa tapşırmışdılar.

Məzarlıqdan çıxıb dayanacağa gedəndə yağış gücləndi. Hamı tələsik addımlarla qaçıb yağışdan daldalanmağa çalışırdı. Mən isə əlimdəki çətiri açmadan ağlaya-ağlaya gedirdim. Göz yaşlarım yağışa qarışmışdı. Ətrafdan keçənlər təəccüblə mənə və əlimdə tutmuş olduğum bağlı çətirə baxırdılar.

Fironun qızıl bilərziyi oğurlandı "Adile" filmi bu tarixdə yayımlanacaq “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see339

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see282

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see277

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see181

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see175

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Novxanıda hotel yanır

19 May 2026 19:10see166

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see150

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri