Afrikamənşəli Sent Martin xalqı BMT dən müstəqillik hüququna dəstək istəyir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Biz, - Sent-Martində yaşayan afrikamənşəli insanlar, - tariximiz və mədəniyyətimiz baxımından bir xalqıq, lakin Fransa və Niderlandla ortaq gələcəyi təsəvvür etməyə məcburuq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri “One St. Martin” assosiasiyasının sədri Rhoda Rebecca Arrindell BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun Nyu-York şəhərində yerləşən mənzil-qərargahında keçirdiyi “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O vurğulayıb ki, Sent-Martin xalqının fikrincə, müstəmləkəçiliyin davam etməsi beynəlxalq iqtisadi əməkdaşlığın zəif inkişafına gətirib çıxarır, həmçinin sosial, mədəni və iqtisadi tərəqqiyə mane olur.
“Müstəmləkə quruluşlarının miras qoyduğu hüquqi, siyasi və maliyyə balanssızlıqlar xalqımızı asılı vəziyyətdə saxlayır, seçilmiş liderlər isə Sent-Martin xalqının siyasi, sosial və iqtisadi problemlərinə qarşı çıxış etmək imkanından məhrumdurlar. Bütün azadlıqsevər insanlardan xahiş edirik ki, müstəqilliyimizi bərpa etməklə azadlığımızı tamamlamaq kimi ayrılmaz hüququmuzun həyata keçirilməsində BMT-nin vədinə sadiq qalsınlar. Qərb və Avropa müstəmləkə quruluşlarını dəstəkləməklə, hərbi mövcudluğu saxlayaraq və dəniz məkanımıza nəzarət etməklə, üstünlüyünü davam etdirdikcə dünya sülhü, sadəcə, illüziya olaraq qalacaq”, - deyə assosiasiya sədri əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York


