Icma.az
close
up
RU
Ağ xalat, boş diplom, dolu cib...

Ağ xalat, boş diplom, dolu cib...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bir gün güzgüyə baxırsınız və düşünürsünüz: “Bəlkə bir az düzəltmək lazımdır?”

Bu fikir ağlınıza gələn an siz artıq müştərisiniz. Sadəcə hələ bilmirsiniz ki, nəyin müştərisisiniz: tibbin, marketinqin, yoxsa ağ xalat geyinmiş təsadüfi bir cahil cəsarətinin. Bakıda estetik mərkəz açmaq üçün bəzən çox şey lazım olmur. Maraqlı beynəlmiləl ad, icarəyə götürülmüş yer, yumşaq işıq, Instagram səhifəsi və  bir neçə “əvvəl/sonra” şəkli. 

Sertifikat, lisenziya, tibbi təhsil — bunlar artıq detallardır. Amma bir şey mütləqdir: açılışa birmənalı bloggger çağırılmalıdır.
Protokol sadədir. 200-300 manatlıq razılaşma olur: “Kart atıram – məkanın yerini deyin”.

Danay xanım gəlir. Ağ pərdə fonunda dayanır, klinikanın loqosunu kadra salır, “burada özümü çox rahat hiss edirəm” deyir. Story çəkilir. 24 saatdan sonra yox olur.

Müştərilər isə qalır. Danay xanım sertifikat yoxlamır. Lisenziya soruşmur. “Həkim”in rezidentura keçib-keçmədiyini araşdırmır. Çünki onun işi bu deyil və açığı özünün də diplomu yoxdur.  Onun işi gülümsəməkdir. Klinika üçün o, tibbi rəy deyil, sosial totemdir. O gəldi, deməli buraya gəlmək olar. O gülümsədi, deməli burada heç nə olmaz.

300 manat xərcləndi, etimad qazanıldı. Lisenziyadan ucuz başa gəldi.

Əslində isə insan bədəninə müdaxilə etmək “kontent” deyil. Burada söhbət kirpik laminasiyasından, saç düzümündən, makiyajdan getmir. Söhbət iynədən, preparatdan, kəsikdən, toxumadan, sinirdən, infeksiyadan, allergik reaksiyadan, bəzən də ömürlük izdən gedir.

Yəni insan üzünə toxunan adam əvvəlcə insan bədəninin nə olduğunu bilməlidir. Bu, sivil dünyanın qəribə inadıdır.

Amma bəzi estetik mərkəzlər bu yolu daha yaradıcı keçirlər: keçmirlər.

“Dabandaşı” estetik mərkəzi (adlar şərtidir) bu baxımdan demək olar ki, simvolik addır. Orada uğur axtaranların qarşısına cərrahi müdaxilə, ağır xəsarət və cinayət işi çıxır. Mərkəzin içindəki “mütəxəssislərin” adları sanki satirik hekayədən düşüb: Müalicə Daşqıranova, Botoks Gəltapalov, Kollagen İnadov. Kağız üzərində yox, bazarın yaddaşında formalaşmış peşəkarlar.

Problem də elə buradadır. İnsanların üzünə, bədəninə, sağlamlığına toxunan şəxslərin bəzilərinin nə ali tibbi təhsili var, nə orta ixtisas təhsili, nə də həmin müdaxiləni etməyə hüququ. Amma ağ xalat var.

Ağ xalat isə bizim cəmiyyətdə bəzən diplomdan daha inandırıcı görünür.

Uşaqlığımızın “Sehirli xalat”ı adamı keçmişə, gələcəyə, kosmik səyahətlərə aparırdı. Bugünkü bəzi estetik mərkəzlərin “sehirli xalatı” isə daha praktik işləyir: diplomu gizlədir, lisenziyanın yoxluğunu örtür, adamı “mütəxəssis” kimi göstərir.

Filmdə xalat fantaziya idi. Burada isə fantaziyanın hesabını müştərinin üzü ödəyir.

“Birəbir” estetik mərkəzində də mənzərə oxşardır: tibbi təhsil yoxdur, lisenziya yoxdur, sertifikat yoxdur, amma vaxtı keçmiş preparatlar var. “Laserxana”də isə daha incə vəziyyət yaranır: diplom var, amma həmin diplom konkret müdaxiləni etməyə hüquq vermir.

Yəni adamın əlində kağız var. Sadəcə o kağız sizin üzünüzə iynə vurmaq üçün deyil.

Bütün bunlardan sonra müvafiq qurumların cavabı adətən çox tanış səslənir: “məsələ araşdırılır”'.

Azərbaycanda “məsələ araşdırılır” ifadəsi ayrıca inzibati janrdır. Bu cümlə həm cavabdır, həm cavabsızlıqdır, həm də vaxt udmaq üçün universal ağrıkəsicidir. 

Müddət yoxdur. Nəticə yoxdur. Sadəcə araşdırma var. Araşdırma o qədər davam edir ki, obyekt adını dəyişib yenidən açıla bilir. Ssenari təkrarlanır.

2024-cü ildə sosial şəbəkələrdə özünü estetik cərrah kimi təqdim edən onlarla şəxsin siyahısı paylaşılmışdı. İddia olunurdu ki, bəziləri rezidentura keçmədən, real ixtisaslaşma olmadan bu sahədə fəaliyyət göstərir. Biz isə oturub “məsələ araşdırılır” cavabının nə vaxt böyüyüb nəticəyə çevriləcəyini gözləyirdik.

Səhiyyə Nazirliyi iddiaları rədd etdi. Sonra plandankənar yoxlamalar aparıldı. Bəzi obyektlər bağlandı. Bir müddət keçdi. Bazar yenə öz yolunu tapdı.

Görünür araşdırmanın özü də kosmetik prosedurdan keçir: əvvəl şişir, sonra sakitləşir, axırda izsiz yox olur.

Çünki bizdə sistem çox vaxt belə işləyir: əvvəl problem böyüyür, sonra xəbər olur, sonra reaksiya verilir, sonra sükut başlayır, sonra həmin problem başqa adla qayıdır.

Yeni loqo. Yeni pərdə. Yeni səhifə. Yeni “açılış kampaniyası”.

Və köhnə risk.

Nəzarəti kimin etdiyini soruşsanız, cavab sadədir: Səhiyyə Nazirliyi. Amma məsələ təkcə kimin nəzarət etməsində deyil. Məsələ həmin nəzarətin görünməsində, nəticə verməsində, çəkindirməsində və təkrarı dayandırmasındadır.

Dövlət nəzarəti yalnız yoxlama aktı deyil. Dövlət nəzarəti cəmiyyətə verilən hissdir. İnsan bilməlidir ki, onun sağlamlığı Instagram reklamının, bloger story-sinin, “endirim yalnız bu gün” elanının ümidinə buraxılmayıb.

Hazırkı mənzərə isə üç şeydən ibarətdir: 300 manata “bütün üz” adlı kampaniyadan yararlanmaq  istəyən müştəri, “Dr.” yazmaq üçün diplom yox, izləyici sayı lazım olan bazar və icrası görünməyən qaydalar.

Bu üçlük birləşəndə tibb yox, tamaşa yaranır. Özü də tragikomediya.

Tamaşanın səhnəsi ağdır. Pərdələr ağdır. Xalat ağdır. Sadəcə məsuliyyət görünmür.

Burada formul sadədir: ağ xalat, boş diplom, dolu cib. Arada qalan isə insanın üzü, bədəni və sağlamlığıdır.

Ədalət naminə bunu da demək lazımdır: tibbi marketinq özü problem deyil. Yaxşı tibbi marketinq edən, bu işi peşəkar, savadlı və etik formada quran insanlar da var. Hətta bu sahədə işini çox yaxşı bacaran bir xanım tanıyıram, Cəmilə sözün yaxşı mənasında əjdahadır.
Problem marketinqdə deyil. Problem marketinqin diplomu əvəz etməsindədir. Reklam tibbi izahı tamamlamalıdır, onu gizlətməməlidir. Kamera həkimin peşəkarlığını göstərməlidir, peşəkarlığın yoxluğunu örtməməlidir.

Ən təhlükəli tərəf də budur: estetik xidmət uğursuz alınanda onu story kimi silmək olmur. Uğursuz prosedur 24 saatdan sonra yoxa çıxmır. Filtr dəyişməklə düzəlmir. “Əziz izləyicilər, texniki səbəbdən üzüm əvvəlki vəziyyətinə qayıtmır” deyə paylaşım etmək mümkün deyil.

Burada zərər realdır.

Bir qadının üzündəki iz realdır. Bir gəncin sağlamlığında yaranan fəsad realdır. Bir ailənin xəstəxana qapısında keçirdiyi narahatlıq realdır. Bir insanın güzgüyə əvvəlki kimi baxa bilməməsi realdır.

Real olmayan tək şey bəzən həmin proseduru edən adamın “həkim” statusudur.

Ona görə də məsələ təkcə qanun pozuntusu deyil. Məsələ etimadın oğurlanmasıdır.

İnsan ağ xalata inanır. Qapının üstündə “clinic” yazılıbsa, içəridə tibbin olduğunu düşünür. Masanın üstündə preparat varsa, onun təhlükəsiz olduğunu güman edir. Qarşısındakı şəxs özünü “doktor” kimi təqdim edirsə, bunun arxasında dövlətin, diplomun, ixtisasın dayandığını zənn edir.

Bəzən isə arxada yalnız ring light dayanır.

Bu yazı heç kimi estetik prosedurdan çəkindirmək üçün deyil. İnsan öz bədəni barədə qərar verməkdə azad və sərbəstdir. Gözəl görünmək istəyi də ayıb deyil, günah deyil, cinayət deyil. Problem gözəllik istəyində deyil. Problem bu istəyin savadsızlığın, nəzarətsizliyin və ucuz reklamın əlinə düşməsindədir.

Dünyanın pop kralı Maykl Ceksonun həyatı belə kiməsə dərs olmayıbsa, artıq deyiləcək söz az qalır. Söhbət sadəcə məşhur bir insanın dəyişən görünüşündən getmir. Söhbət insanın öz bədəni ilə münasibətinin necə zəif nöqtəyə çevrilməsindən və bazarın həmin zəifliyi necə xidmət kimi satmasından gedir.

Heç olmasa indi filmi də ekranlardadır. Əvvəl ona baxın. Sonra kosmetoloqa gedərsiniz.

Tibbi xidmət bazar deyil ki, “kim ucuz edir, ona gedim” məntiqi ilə seçilsin. İnsan bədəni endirim kuponu ilə sınaqdan keçiriləcək yer deyil.

Ona görə də hər kəsin bilməli olduğu sadə qaydalar var. Sertifikatı yoxlayın. Lisenziyanı soruşun. Həkimin ixtisasını tələb edin. Diplomun adını yox, həmin diplomun ona konkret nə etməyə icazə verdiyini öyrənin. Preparatın adını, mənşəyini, son istifadə tarixini soruşmaqdan çəkinməyin. Kabinetin gözəlliyinə yox, prosedurun hüquqi və tibbi əsasına baxın.

Əgər qarşınızdakı şəxs bu suallardan narahat olursa, deməli, siz daha çox narahat olmalısınız.

Çünki peşəkar həkim sualdan incimir. Peşəkar həkim izah edir. Savadsız adam isə adətən ya əsəbiləşir, ya da “hamı belə edir” deyir.
“Hamı belə edir” isə tibbdə arqument deyil. Fəlakətin kollektiv formasıdır.

Sonra nə olur?

Aşkarlanır. Pres-reliz verilir. Sükut düşür. Yeni ad açılır. Danay xanım növbəti açılışa dəvət alır. Dairə tamamlanır. Amma bu dairənin içində hər dəfə bir insan qalır. Bəzən üzündə şişlə, bəzən bədənində izlə, bəzən də illərlə çəkəcək peşmanlıqla.

Ona görə güzgüyə baxanda ilk sual “nəyi düzəldim?” olmamalıdır.

İlk sual bu olmalıdır: “Mən özümü kimə etibar edirəm?” Çünki sonradan yoxlamaq daha baha başa gəlir. Həm pul baxımından, həm sağlamlıq baxımından, həm də insanın öz üzünə əvvəlki kimi baxa bilməsi baxımından. Kiminsə bundan narahat olması mümkündür.

Amma narahatlıq yazıdan yox, güzgüdən başlamalıdır.

Yaqub Nəcəfli
Vəkillər Kollegiyasının üzvü,
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA) üzvü, "O.P. Jindal Global University"nin dosenti
Web: www.najafli.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see756

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see478

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see440

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see415

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see324

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see300

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see226

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see218

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see217

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see213

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see199

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see198

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see193

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see191

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see188

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see182

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see180

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see180

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see176

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri