Icma.az
close
up
RU
Ağalar Qut: “Axundov, Mirzə Cəlil xətti yanlış xətdir Müsahibə

Ağalar Qut: “Axundov, Mirzə Cəlil xətti yanlış xətdir Müsahibə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Orxan Həsəninin filosof Ağalar Qutla müsahibəsini təqdim edir.
Ağalar Qutun əlində açıq-qəhvəyi bir daş görürəm. Müsahibəmizə bu daşdan başlamaq olar.
- Nə maraqlı daşınız var?
- Sahilinə getdiyim çaylardan daş götürmək şakərim var. Salyanda, Kür çayının sahilində böyümüşəm. Bir dəfə Almaniyada yaşayan dostlarımdan biri dedi ki, Salyana gedirəm, sənin üçün oradan nə gətirim? Dedim ki, mənə çay daşı gətir. Qəribədir ki, dostum mənə cavab vermədi. Daşı da gətirmədi. Elə bildi, zarafat edirəm. Halbuki, çox darıxmışdım.
Nə üçünsə məndə daşlara qarşı sirli, mistik bir hiss var. Lev Qumilyov deyir ki, qədim türklər öz svilizasiyalarını çadırdan, yurddan düzəltdilər və buna görə onlardan maddi-mədəni abidə qalmadı. Yalnız Orxon-Yenisey daşdan hazırlanmışdı deyə gəlib günümüzə çıxdı. Bəlkə də, daşı abidə kimi saxlamaq ağıllarına gəlməmişdi.
Bunu Həkəri çayından oğurlayıb gətirmişəm. Bu daşdan istilik alıram. Ola bilsin, istiliyin səbəbi cibimdə qalıb qızmasıdır. Bilmirəm... Bu daş altı tərəfi üstə otura bilir. Vətəndən özümlə daş aparıram. Elə bil ki, vətənlə mənim arama bir tel çəkilir.

- Vətəni özünlə aparmaq.
- Bəli. Məsələn, buradan qida aparırsan, yeyirsən, bitir. Çiçək aparırsan, quruyur. Ancaq daş... Özümlə əl yeri, tutacaq bir şey aparmaqdı niyyətim.
- Həkəri çayı demişkən, redaksiyamıza Qarabağdan gəlirsiniz. Səhv etmirəmsə, Qarabağa birinci səfərinizdir.
- Ora gedəndə məndə daha çox kədər var idi. O torpaqların hər qarışına şəhidlərimizin qanı tökülüb. Xocalıda qətlə yetirilmiş insanları xatırladım. Bu, çətin idi. Təbii ki, fəxr hissim var. Gedirik, baxırıq, könlümüz açılır, başımız dikdir, amma mənə daha çox kədər, gecikmişlik hissi hakimdir. O torpaqlarda onlarla təklənmiş, köməksiz insanlarımız öldürüldü. İndi ora gedəndə necə sevinə bilərəm?
Yox, sevinci dərindən hiss edə bilmirəm. Bəlkə də, növbəti gəlişlərimdə başqa cür olacaq. Şuşa fərqli təsir bağışladı. Bu şəhərin mistikası hədsiz maraqlı idi. Mən daşlara əlimi sürtürdüm. (Kövrəlir)
- Qayalardakı güllə izləri...
- Bəli. Dediyim kimi, mən Hərkəri çayından bir daş götürdüm. Çox maraqlı hisdir. Özümlə aparacağam.

- Uzun müddətdir Almaniyada yaşayırsınız. Oradan baxanda Azərbaycan necə görünür?
- Mən tələbəlik illərimdə Türkiyədə yaşamışam. Ancaq yaşım, ölkənin kulturası və xüsusiylə, kompakt yaşadığımız azərbaycanlı tələbələrlə əlaqədar qürbəti hiss eləməmişəm. Bir halda ki, deyirlər divarın dalı da qürbətdir, indi Almaniyada bu qürbəti çox dərindən duyuram. Ən əsası, ana dilinə görə. Ana dilindən uzaq qalmağın ciddi travmatik təsirləri var. Mənim kimi təfəkkür işi ilə məşğul olan insan üçün ana dili çox vacib məsələdir. Daim daxilimdə öz-özümlə danışan adamam. Almaniyada isə başqa bir dil ilə hörülmüşəm. O vaxta qədər ki, siz bir dili yaxşı bilmirsiniz, o zaman siz o dilə kənardan baxırsınız, ancaq o dili anlamağa başlayanda, dilin içində olursunuz. İndi mən alman dilinin tam içində olsam da, öz içimdə ayrı bir dil gəzdirirəm. Bunlar mənim üçün ciddi bir travma yaradır.

- İndi Avropada sağ meyillər güclənir. Qürbət hissinizin kəskinləşməsinə bunun təsiri varmı?
- Əlbəttə, indi Almaniyada irqçi, rasist partiya parlamentin dörddə birini götürüb və proqnozlar belədir ki, növbəti seçkilərdə daha böyük faiz götürə, təkbaşına hökümət formalaşdıra bilər. Alman xalqının zehnində gəlmələr bizim üçün problem yaradır təsəvvürü var, ancaq gəlmələrə qarşı total bir nifrət görmürəm. Onlar bəzən məhəbbət də göstərə bilirlər. Dürüst və yardımsevər insanlar çoxdur. Hər halda, mən alman cəmiyyətinin gəlmərə qarşı demonizasiyasını görməmişəm.
- Azərbaycanda yaşayanda akademik mühitdə fəaliyyət göstərirdiniz. İndi Almaniyada bu sahədə çalışırsınız. İki ölkə, eyni peşə. Hansı kəskin fərqləri müşahidə etmisiniz?
- Almaniyada akademik fəaliyyət Azərbaycandakından çox fərqlənir. Elmin dili və elmi metodoloji üslub eyni olsa da, Almaniyadakı elmin bürokratik tənzimlənməsi buradakından yerlə göy qədər uzaqdır. Əvvəla, alman univeristetləri müəllimlərə akademik azadlıq verir. Bu çox vacibdir. Lakin o azadlığın yaxşı nümunələr ortaya qoyduğuna şübhələrim var. O mənada ki, yazılan məqalələrin böyük hissəsi sözçülükdən ibarətdir. Etiraf etməliyik ki, indi alman fəlsəfəsində nə Hegel var, nə də Kant. İndi elə adamlar yoxdur. Onların yerini sözçülük tutub. Mənim üçün müqayisə eləmək çox çətindir.
Azərbaycandakı vəziyyət elədir ki, elmə böyük resuslar qoyulmayıb. Klassik əsərlər bizim dildə yoxdur. Terminoloji dilin tərcüməsi olmadan həmin əsərləri dilimizə qazandıra bilmərik. Dayanıb on il fəlsəfə kadrları yetişdirmək lazımdır ki, nəticə özünü on ildən sonra göstərsin. Belə olan halda mən necə müqayisə edə bilərəm?

Bununla belə fəlsəfi eşq gənclər arasında var. Onları görürəm. Alman cəmiyyətində fəlsəfə ancaq univeristetlərə tapşırılıb. Bu işi univeristetlər görür. Məsələn, tutaq ki, Karl Marksla bağlı seminar təşkil olunmalıdır. Bir fəlsəfə professoru seminarı təşkil edir. Qulaq asan beş nəfər var, ya yoxdur. Ancaq bununla belə onlar Qərbi təmsil edirlər və buna görə səsləri eşidilir.
Ancaq Azərbaycanda bir professorun səsi Qərbdə eşidilmir. Səbəbi elmi səviyyəsizlik deyil, siyasətdir. Alman elmində ciddi bir siyasət hökm sürür.
Dilçilərinin hər biri irqçi bölgülərdən xəbərdardırlar. Siz Almaniyada Kür çayının və ya Qafqaz dağ adının türk materialları ilə izah edə bilməzsiniz. Buna imkan verməzlər. Çünki etsəniz, belə məlum olacaq ki, adları verən etnosun türklər olduğunu iddia edirsiniz. Onlara görə coğrafiyadakı adlar ya ermənicə olmalıdır, ya da farsca. Ki, Hind-Avropa dillərinə daxil olsun, arian olsun.
Alman mediası 44 günlük Vətən müharibəsi zamanında bizə qarşı dəhşətli qarayaxma kompaniyası yaratmışdı. İddia edirdilər ki, haqq savaşımız, əslində, genosiddir. Məsələn, Azərbaycanın xəritəsini qara, Ermənistanı mavi çəkirdilər. Bununla təlqin edirdilər ki, Azərbaycan qapqaradır. Onda mən həyat yoldaşımla məqalə yazdım və onu almanların özlərinin 100-200 əvvəl çəkdikləri xəritələr ilə birlikdə göndərdim həmin media orqanlarına. Onların heç biri bizim məqaləmizi nəşr etmədi, heç cavab da yazmadılar. Yalnız biri cavablamışdı ki, xəbərimiz var.
Siyasi konyuktura ilə fikirləşən təkcə alman mediası deyil, eyni zamanda bu alman elmində də müşahidə olunur. Biz çox saf, sadəlövh fikirləşirik; elmi obyektivlik, Avropa dəyərləri... bunlar illuziyadır.
Ancaq deyə bilmərəm ki, bu, yalnız almanlara xasdır. Bəlkə də, ingilis, ispan və fransızlarda da belədir.

- Bir zamanlar Azərbaycanda gedən mədəni proseslərin mərkəzində idiniz. Hətta sizi o mədəni proseslərin katalizatorlarından biri də hesab eləmək olar.
- Bəxtim gətirdi ki, 20 yaşımda məqalə nəşr etdirməmişəm. Bu yaş çox risklidir. Gənclik çılğınlığı ilə nəsə yaza bilərsən, sonra peşman olarsan. İlk yazılarımı nəşr etdirəndə 30-35 yaşlarım var idi. Fərqli bir nəfəslə yazırdım. Qəribədir ki, özün başa düşmürsən. Filosofun elə bir barometri yoxdur ki, baxsın, görsün fəlsəfə tarixində o haradadır, yeri nədir, hansı dərinliyə enib və hansı ucalığa qalxıb. Kənardan adama çox fikir deyilə bilər, o kənardan gələndir. “Alma” qəzetində yazırdım və yazılarım gənclərin xoşuna gəlirdi. O zamanlar Xəzər Univeristetində dərs deyirdim. Artıq “müdrik” yaşlarım idi, çılğın deyildim. Buna baxmayaraq, indiki ağlımla oxuyanda görürəm ki, o yazılar elə çılğın imiş. Görünür, gənclərin xoşuna gələn bu imiş. Mənimsə niyyətim fəlsəfə idi. Mentaliteti, dini və s. fəlsəfi ərazilərə gətirib dəyərləndirmək istəyirdim. Daha sonra Azad Fikir Univeristetində və digər açıq seminarlarda başa düşürdüm ki, gənclər üçün sevimli olmuşam. Bununla belə mənim öz suallarım var idi və o suallar başqa formada hələ də davam edir.
Azərbaycandan gedəndən sonra bu yolu davam etdirmək istəmədim. Fikirləşdim ki, ölkədən getmək mənə tərki-dünaylıq şansı verir. Lovğalanmaq kimi çıxmasın, Azərbaycandakı çox dəvətlərə yox demişəm. Yəni, əslində, qopmaq, öz qınıma çəkilmək idi niyyətim. Bir sözlə, dincəlmək. Bu dövr ərzində başa düşürdüm ki, hər şeydən uzaq qalmaq olar, amma daim işləməliyəm. İndi mənim dərc olunmamış üç cildim var. Onlar nəşri gözləyir.

- Qəribədir ki, həmin dövrdə bu yolu bir çox qələm adamı seçdi. Rafiq Tağının qətlinin buna təsiri var idimi?
- Dövr indi dəyişib. O söhbətlərə yenidən qayıtmaq istəməzdim. Mütəfəkkir vətəndə gərək özünü sürgündə hiss eləməsin. Demirəm ki, o dövrdə tənha idim. Bir nöqtə gəlir ki, sən özünü tapa bilmirsən. Bayaq taksidə gələndə maraqlı bir ifadə eşitdim. Deyir, qonağa get demirlər, döşəyi altından çəkirlər.
İndi böyük eşqlə yenidən vətənə qayıtmaq istəyirəm və bunu gizlətmirəm. Vətənə necə qayıtmaq? Əlbəttə, oradakı sabit həyatım, işim-gücüm var, ancaq çox istərdim vətənə də nəsə verim. Kosmosa atılmış yiyəsiz peyk kimi hərlənməyim. Burada fəlsəfə məktəbi, fəlsəfə akademiyası, heç olmasa fəlsəfə kafedrası qurmaq... nəsə eləmək. Cəmiyyətdən nəsə almaq və cəmiyyətə nəsə vermək istəyirəm. Bu dəfəki gəlişimin əsas axtarışlarından biri budur. Əgər belə bir dəvət olsa, sözüm eşidilsə, böyük məmnuniyyətlə razılaşardım. Sadəcə bir saatlıq dərs də olar, amma daha böyük layihələrə də, məsələn, fəlsəfə məktəbi qurmağa da hazıram. Əlbəttə, ideoloji təbliğat yox, mən filosof kimi danışmaq istəyirəm. Heç olmasa onlayn formada.
- Əvvəlki yazılarınızda bir neçə dəfə Azərbaycan cəmiyyətinin elmə qapalı cəmiyyət olduğunu vurğulamısınız. Faktiki Azərbaycan elmində Sovet ənənələri hələ də davam edir. Belə bir şəraitdə fəaliyyətinizi nə qədər real hesab edirsiniz?
- Türkiyədə Hacettepe Univeristetində Fəlsəfə fakültəsində təhsil almışam. Maarifçi, yəni rasionalist bir təhsilin məhsuluyam. Bu, yumşaq desək, fəlsəfədə indi ürəyimcə olmayan bir istiqamət vermişdi mənə. Təəssüflənirəm ki, o cür start götürmüşəm. Sonra vətənə qayıdanda Azərbaycan cəmiyyətini gördüm; məğlubiyyət, quruculuq işləri, keçid dövrü. Axundov, Mirzə Cəlil, Sabir ritoriksası ölkədə hakim idi və gələn kimi mən də bu ritorikanın ortasına düşdüm. Çar Rusiyasının mövqeyi necə idi? Bizlər yarımadamyeyən cahil bir qövm olmuşuq və ancaq Qori seminariyasının işığında parlamağa başlamışıq. Təəssüf ki, mən də bunun təkrarçısı olmuşam. Fikirləşmişəm, işıq ancaq insan ağlındadır, maarifçilikdədir. Səhv eləmişəm.
Araşdırdım və gördüm ki, başqa xətlər də var. Məsələn, bunun biri ana dilidir. Almaniyada mənim əlimə Azərbaycanda olmayan çox maraqlı materiallar düşdü və baxıb gördüm ki, bizim ana dilimizin içində nə böyük, gizli bir fəlsəfə yatır. Onda düşündüm, bu xalq bu dili necə yarada bilib?

Və ya folklora baxdım. Bizim 40 cild folklorumuz var. Orada o qədər maraqlı məqamlar gözə dəyir. Bunları yaradan xalq balaca ola bilməz.
Axundov, Mirzə Cəlil xətti yalnış xəttdir, çünki onlar sadəcə olaraq bilmirdilər. Nə etimoloq idilər, nə folklorşünas, nə də dilçi. Başa düşəndən sonra səhvimi anlayıb geri çəkildim. Bəli, bu xalqın içində nəsə güclü bir qüvvə var. Və biz onu təzədən alovlandıra bilərik. Mənə elə gəlir ki, nələrisə oyada bilərəm. Fəlsəfəni xalqın başına papaq kimi qoymaq yox, xalqın içindəki fəlsəfəni o dil ilə, folklor ilə oyatmaq istəyirəm.
- Yazılarınızdan birində belə cümlə oxumuşdum: “Düşüncə Azərbaycanda öz evini tərk edib”. İndiki mövqeyiniz ilə daim xalqı danlayan, hətta bəzən təhqir edən maarifçi cərəyana, nəhayət, alternativ münasibət görürük. Bunu Azərbaycanda düşüncəni öz evinə qaytmaq kimi şərh etmək olarmı?
- Hər kəsin öz tarixi missiyası var. Hərdən öz məktəb müəllimlərimi xatırlayıram. Onlar ev tapşırıqlarımı yoxlayırdılar, yay tətilində tövsiyə etdikləri əsərlərdən sorğu-sual edirdilər. Buna görə məndə qorxaq bir şagird kompelksi var ki, birdən müəllimlərimin xoşuna gəlmərəm. Zaman keçdikcə müəllimlərim ya vəfat etdilər, ya da məni tamamiylə unutdular. Ancaq əlaçı şagird olmaq istəyim canımdan çıxmadı. Yenə də şagird kimi oxuyuram. Düzdür, indi yaradıcı oxuyuram, ancaq bu fikirlər məndə lap uşaqlıqdan qalıb.
Bəlkə də, böyüməməkdən irəli gəlir. Hərə bir şeyin dalınca düşüb. Aristotel məsələni belə izah edir; bir var hedonist həyat tərzi, sırf həzz mərkəzli. Yeyib-içmək, eyş-işrət. Belə deyək sadə, məişət həyatı. İkinci, əməl yiyəsi olursan. Tutaq ki, Makedoniyalı İskəndər. Üçünücü, mütəfəkkir həyatıdır.
Praktiki, əməl ömrü sürən deyəndə, ağlıma Axundov gəlir. Onun əlifba islahatına təşəbbüsü, pyesləri. O nəsə eləməyə çalışırdı. Nəzəriyyəçiyə misal kimi Mirzə Kazım bəyin adını çəkə bilərəm. Bəs indi mən özümü harada görürəm?
Birinci, onu deyim ki, hedonist deyiləm, daha çox nəzəriyyəçiyəm, yəni Mirzə Kazım bəy yolundayam. Ancaq indi yaşın elə bir vaxtına gəlmişəm ki, düşünürəm, bəzi şeyləri mən özüm etməliyəm. Məsələn, torpaq sahəsi alıb, fəlsəfə məktəbi qurub, bunu özüm yaratmalıyam. İdeyalarımı heç kimə vəsiyyət etmək fikrim yoxdur.
Beləliklə, Axundov və Mirzə Kazım bəy arasında bir yerdəyəm. Siz düşüncəni evinə qaytarmaq deyirsiniz, bilmək olmaz, əlli ildən sonra bu cümlə səslənəndə insanlar kimin adını çəkəcəklər. Özümü belə adlandırsam, ədəbsiz çıxar. Məni ancaq filosof kimi görmək olar. Nitsşe deyir ki, verən möhtacdır. Mən də vermək istəyirəm.

- Sözlərin etimologiyası ilə bağlı kifayət qədər maraqlı yazılarınız var. Etimologiyada söz haradan gəlir sualı aktualdır, fəlsəfədə isə söz nə deməkdir sualı. Sizcə, bu iki sahə harada və necə kəsişir?
- Bu sualın cavabı haqqında bütün gün danışa bilərəm, amma çalışacağam qısa cavab verim. Ağlım kəsəndən məndə dil barəsində bir istiqamət olub. Tale elə gətirdi ki, ana dilimdən uzaq düşdüm. Dissertasiya mövzum da dil ilə bağlıdır. XX əsrin əvvələrində Vitgenşteyn dilə qayıdış, dilə dönüş anlayışını gətirdi. O yanaşma deyirdi ki, biz təfəkkür işi ilə məşğul olsaq da, dili unutmuşuq. Dil fəlsəfənin ən əsas alətidir, dil bizim sərhədlərimizi müəyyən edir. Bunun bir ucu da mistisizmə gedib çıxır. Yəni Allahı necə ifadə edəcəyik? Bu məsələ XX əsrdə Haydagerdə zirvəyə çatdı. O, əsasən, etimologiya, dil, fəlsəfə həndəvərində fırlanırdı.
Sizin saytda mənim fikirlərimə gələn münasibəti oxudum. İddia edirlər ki, fəlsəfə hara, dil hara? Fəlsəfə elə dil deməkdir, dil də fəlsəfə. Bunları bir-birindən ayırmaq mümkün deyil.
Haydeger belə bir ideya irəli sürmüşdü ki, əşyanın gizli adı Qədim Yunan dilindədir. Bu çox irqçi, rasist, qəbuledilməz bir fikirdir. Onun yanaşmasına görə, siz bir əşyaya min dənə ad qoya bilərsiniz, ancaq həqiqi, gizli adını bilmək üçün Qədim Yunan dilinə baxmaq lazımdır. Bu dil də Hind-Avropa dil ailəsinin klassik dilidir. Əşyanın adını biz vermişik, yəni avropalılar. O təbii ki, yanılır. Əlbəttə, Qədim Yunan dilindən də qədim dillər var, tarixin ilk dili yunan dili deyil. Haydegerin bütün fəlsəfəsinin ürəyi deyilməsi mümkün olmayanı demək üstündə döyünür.
Buna görə Kabbala ənənəsindən ilham alır. Kabbala ənənəsi iddia edir ki, deyilməsi mümkün olmayanı demək üçün üçün ya yeni söz yaratmalısan, ya da mövcud sözlərin mistik mənasını tapmalısan və ya uydurmalısan.
Qarşımızda iki yol var.
Mən təfəkkürün elə dərin yerlərinə gedirəm ki, orada yapışacağım məhəccər, sitat verəcəyim mütəfəkkir yoxdur, ip qırılıb. Orada müstəqil, suveren mütəfəkkirəm. O səviyyədə artıq şahid olduğumu özüm adlandırmalıyam, dilləndirməliyəm. Beləliklə, ya təzə sözlər yaratmalı, hansı ki, Haydager bunu eləmişdi. Haydagerin yaratdığı sözlərdən bəzilərini Azərbaycan dilinə tərcümə eləmişəm. Məsələn, “yoxur” sözü. O, hesab edir ki, yoxluq mövcud olmasa da, bir iş görür. Və bu prosesi Haydeger özündən yaratdığı “yoxmaq” feili ilə ifadə edir. Bu filosofun meydan oxumasıdır, onun orjinal təfəkkürüdür və böyük ehtirama layiqdir.
İkinci yola qayıdası olsaq, mövcud sözlərin etimologiyasına enərək oradakı unudulmuş mənaları tapmaq. Unudulmuş mənalar sənə unudulmuş dünyagörüşünü təqdim edir. Azərbaycanda fəlsəfi mənbələr az olduğuna görə mən çarəsizlikdən folklora və dilə müraciət edirəm. Əlimdə nə Hegelim var, nə də Kantım. Nə edə bilərəm? Buna görə yeganə yolum ana dilimdə o sözləri tapıb çıxarmaqdır. Bu cür axtarışlar məni ana dilimin içinə aparır və orada qürbətdə olduğum vətəni tapıram. Eyni zamanda da müstəqil fəlsəfi tezislər əldə edirəm.
Etomologiya-fəlsəfə macəram tam legitimdir. Linqivistik baxımdan isə fəlsəfidir. Etimologiya elmdir, ancaq mən öz işimi yalnız etimologiya ilə məhdudlaşdırmıram, etimologiya dil mühəndisliyidir, yəni belə demək mümkündürsə, riyaziyyatdır, o məni bir yerə qədər gətirir, bundan sonra isə mən şairlik edirəm, qalanını öz fantaziyam ilə qururam.

- Tənqidçi Əsəd Cahangir demişdi ki, Ağalar Qut daha ciddi fəlsəfi işlərlə məşğul olsun, hansı söz ilk dəfə kimin dilində işlənib-işlənməyib, bu, dilçi-ədəbiyyatşünas alimlərin işidir.
- Məndə o təsəvvür oldu ki, Əsəd Cahangir dilin fəlsəfə ilə nə qədər iç-içə olduğunu nəzərə almır. Mən də Əsəd müəllimə deyə bilərəm ki, ədəbi tənqidçidir, anadilli elmi-fəlsəfi terminalogiya mövzusunda debata niyə çıxıb? Ədəbi tənqid nə qədər dildən danışa bilirsə, fəlsəfə də o qədər, hətta ondan çox danışa bilər. Bununla belə həm Şərif Ağayara, həm də Əsəd Cahangirə təşəkkür edirəm ki, fikirlərini bildirdilər, müzakirədə iştirak etdilər. Məsələyə, subeyktiv yox, ictimai şüurun verdiyi reaksiyalar kimi baxıram. Bunlar çox qiymətli reaksiyalardır.
Sartr “Ürəkbulanma” əsərini yazanda ədəbi tənqidçilər deyirdilər ki, müəllif dəlidir, onu ciddi qəbul etməyin. Sartr deyir ki, sonradan mən fəlsəfi əsərlərimi yazanda romanımı başa düşməyə, ciddi qəbul etməyə başladılar. İndi deyirlər ki, Ağalar müəllim əvvəl daha maraqlı mövzulara toxunurdu, dinə keçib, meyxanadan danışır. Bəziləri deyir, Ağalar Qut getsin, öz işi ilə məşğul olsun.
Mən fəlsəfənin ən ciddi məsələləri ilə məşğul oluram.
Sadəcə axtarışlarımın nəticəsində bir dəfə “sayrışmaq” sözü qarşıma çıxır, başqa vaxt “əkil-bəkil”. İndi Manixeizm, Zərdüştlük, iradə metafizikası, insanın rasional olub-olmaması və ən əsası, ana dilli milli terminalogiya mövzularını dərindən işləyirəm. Əsas işim bunlardır. Bu mövzular ətrafında fəlsəfənin ən drammatik suallarına cavab verməyə çalışıram.
- Siz 2017-ci ildə Prezident Aparatının keçmiş şöbə müdirinə məktub ünvanlamışdınız. Həmin məktubda Akop Martayançı türk dilinin Azərbaycan dilini yediyini vurğulamışdınız. İndi artıq biz bunu həyatımızda dərindən hiss edirik. Azərbaycan dilini Akop Martayançı türkcədən qorunmaq üçün dövlətin və vətəndaşın öhdəlikləri nələr olmalıdır?
- Mən o vaxt da hiss edirdim ki, belə davam edə bilməz. Nəsə etmək lazımdır. Qəribədir ki, yazını yazanda insanların reaksiyası o qədər də yaxşı olmadı. Fikirlərimi qəbul etmədilər, səsim eşidilmədi. Bundan sonra yoruldum və həvəsdən düşdüm.
Dil belə məsələdir ki, qadağa ilə olmur. Hərçənd yeganə dil türk dilidir ki, inzibati məcburiyyət qoyublar. Yəni, məsələn, bundan sonra "müstəmləkə" deməyəcəyik, "sömürgəçilik" deyəcəyik. Tarixdə bunun oxşarı yoxdur. Məsələ burasındadır ki, hətta bizim qanunvericiliyin dilinə keçib o sözlərdən. Məsələn, “önəm” sözü. Var əhəmiyyət, var vacib. Bu sözlərin ikisinə də önəm deyəndə məna çaları itir. Dilaçar Azərbaycan dilini çox yaxşı bilirdi, o Azərbaycan dili barəsində əsər yazan ilk alimlərdən biridir. Məni ağrıdan odur ki, yaxşı bilsə də, Azərbaycan dilindən bircə dənə söz götürməyib. Ancaq uyğur türkcəsindən əlavə edib ki, kimlərisə aldatsın, nələris ört-basdır eləsin.
Uşaq olanda pis bir söz demişdim və indi vəfat edən böyük qardaşım məni belə tənbehləmişdi: “Adam belə şeyi dilinə gətirməz”. “Dilə gətirmək” sözü bir mənəvi baryerdir, başqa versiyasına baxaq: “Adam elədiyi yaxşılığı dilinə gətirməz”, yəni başa qaxmaz mənasında. Ancaq bu gün türkcədə bu söz konkret nəyisə ifadə etmək mənasında işlədilir. İndi bizim dilə də bu məna ilə keçib. Bizdəki “dilinə gətirmək” ilə türkcədəki “dilə gətirmək” eyni deyil. Biz bu cür sözləri itiririk. Məni ağrıdan budur.
Bunun müxtəlif səbəbləri var. Birinci növbədə böyük qardaşlıq mövqeyindən çıxış eləmək, ikinci özünü kiçik qardaş yerinə qoymaq. Xalqımız, ümumiyyətlə, bu şeylərdən xəbərsizdir. Xalq bilmir ki, 1930-cu illərdə Türkiyədə bir dil inqilabı baş verib.
Üstəlik, xalqımız elə bilir ki, guya türkcə sözlərdən istifadə eləsə, əslində, daha milli olacaq. Niyyət yaxşıdır, sadəcə savadsızlıq imkan vermir mənzərəni tam görməyə. Bunu bir dəfə də demişdim, yenə deyirəm, türkiyəcə türkcə deyil. Folklorda tapdığım sözlər düşünürəm ki, dil assimilliyasiyasının qarşısını alacaq. Məqsədlərimdən biri də budur.

- “Aşma” kitabınız çap olunduğu dövrdə fəsləfəsevərlər arasında populyar idi. Ancaq kitabın çapından uzun müddət keçib. Sizin fikirlərinizdə də kəskin dəyişikliklər var. İndi bu kitab sizin üçün nə ifadə edir?
- “Aşma” kitabının çapında dostların köməyi olmuşdu. Onlara bir daha təşəkkür edirəm. Ancaq aradan çox vaxt keçib, hətta mənim imzam da dəyişdi. Ağalar Məmmədov yox, Ağalar Qut oldum. Sonradan kitab ikinci dəfə nəşr olundu. Ancaq Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mənə kitabı üçüncü dəfə nəşr etmək təklifi edəndə, qəbul etmədim. Ümid edirəm ki, Şahbaz bəy ikinci nəşr adı altında, üçüncü, dördüncü nəşri eləmir. Buna nəzarət eləmək imkanım yoxdur. Almaniyaya gedəndən sonra unudulmaq istədiyim kimi, indi də “Aşma” kitabının unudulmasını istəyirəm. “Aşma” kitabımdakı bəzi tezislərimə görə utanıram. Gərək onları deməzdim. Gənclik çılğınlığım bu gün məni narahat edir.
- Siz bu kitabda daha çox Qərb meyillsiniz.
- Mən buna Qərb sadəlövhlüyü deyərdim.
- 51 yaşınız var. Bu yaşda sizin üçün xoşbəxtlik nədir?
- Çətin sualdır. Mən onu belə təsəvvür edirəm; gözlərimin qabağına yaşlanmış, qoca bir kişi gəlir. Həmin qoca Azərbaycanda bir fəlsəfə qalası qurur və ölkəni qarış-qarış gəzib, gəncləri, yeniyetmələri bu qalaya toplayır, muğamatın müşayiəti altında fəlsəfə ilə məşğul olur. İndi isə hələ döyüşdəyəm. Tempramentim mənə xoşbəxt olmağa imkan vermir.

Naməlumu məlum etmək üçün ilk məlumun nədir? - Ağalar Qutla müsahibə Modern romanı yenidən inşa edən yazıçı Polad Bülbüloğlu: "Gələn il kinoya pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see362

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see145

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see136

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see135

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see125

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri