Icma.az
close
up
RU
AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyində dəyişikliklərdən sonra qurumun fəaliyyətində nəzərə çarpan yeniliklər baş verib.
Konfederasiyanın işi yenidən qurulur, mühüm islahatlar aparılır, köhnə metodlar aradan qaldırılır, yeniliklər tətbiq olunur.

AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri yollayışların verilməsində ədalətliliyin, şəffaflığın və əlçatanlığın təmin olunmasıdır.


Qonaqlama obyektlərində keyfiyyət və təhlükəsizlik yoxlamaları

Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən Kurort Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva APA-ya müsahibəsində rəhbərlik etdiyi Mərkəzin tətbiq etdiyi yeniliklərdən danışıb.

- Kurort Turizm İnformasiya Mərkəzi 2024-cü il noyabrın 25-dən fəaliyyət göstərir. Əsas məqsədimiz üzvlərimizə yollayışların təminatında ədalətliliyi, şəffaflığı və əlçatanlığı təmin etməkdir. İlkin mərhələdə əsas məqsədlərimizdən biri vətəndaşlarımızın istəyini nəzərə alaraq onların kənar maneələr, əlavə ödənişlər olmadan dövlət tərəfindən müəyyən edilmiş məbləği ödəməklə yollayış əldə etmələrinə nail olmaqdır. Əvvəllər bir çox üzvümüz yollayışının qiymətinin neçə faizini ödəyəcəyindən məlumatsız idi. Hazırda bizim bütün üzvlərimizlə maarifləndirici işlər aparılıb. Bizim üçün prioritet məsələlərdən biri də qonaqlarımızın yerləşdirildiyi otellərdir. Müqavilə bağlamazdan öncə biz bütün sahibkarlardan göstərdikləri xidmətin rəsmi sertifikatlarını tələb edirik. Məsələn, qida təhlükəsizliyi sertifikatı, fövqəladə hallar sertifikatı, sanitar-gigiyenik sertifikatlar və s. tələb edilir. Bundan əlavə, xəbərsiz halda qəfil yoxlanışlara gedirik. Otelin qidasını, mətbəxini, şəraitini, qonağın qaldığı otağı, xidmətin keyfiyyətini yoxlayırıq. Bizim üçün yüksək xidmətin göstərilməsi çox önəmlidir.


Yollayışlardan istifadədə yeni şərtlər və prosedurlar

- Yollayışların ödəniş prosesi necə tənzimlənir və yollayışdan kimlər istifadə edə bilir?

- Yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni, müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz. İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.


Elektron müraciət sisteminə keçid və nəticələr

- Yeni sistemdə üzvlərin və müraciətlərin sayında artım müşahidə edilibmi?

- 2024-cü il noyabrın 25-dən yarım-elektron formatda fəaliyyət göstərirdik. Bu, əvvəlki formatdan fərqli olaraq artıq mərkəzləşdirilmiş forma idi.

Hazırda 1 milyon yarıma yaxın üzvümüz var. Onlar hamısı 11 min təşkilatda cəmlənmişdi. Biz də bu 11 min təşkilatın işini bir mərkəz üzərindən icra etməyə başladıq. Bu işə başlayanda çoxu bizə müəmmalı yanaşırdı, bacaracağımıza inanmırdı. Nə gözəl ki, bizim artıq bu günə 60 minə yaxın müraciətimiz var. Ötən ilin statistikasına nəzər salsaq, aradakı fərq 3 dəfəyə yaxın çoxdur. Yəni 11 min təşkilatın gördüyü işi biz bir mərkəzdə cəmləşdirmişik. Bu, hələ yarım-elektron format idi. Müraciətlər zənglə qəbul edilirdi. Manual olaraq çağrı mərkəzinin operatorları vasitəsilə məlumatlar sistemə daxil edilirdi. İndi isə tam elektron formatla əlçatanlıq təmin edilib.

Yollayışların təkrarlanmasının qarşısı alınır

- Bir vətəndaş bir neçə dəfə yollayışdan istifadə hüququndan yararlana bilər?

- Xeyr. Bunun qarşısı tam olaraq alınıb. Çünki vətəndaşlar qeydiyyata alınanda mərhələli formada təsdiqdən keçirlər. Birinci mərhələdə vətəndaş özü zəng edir, onun şəxsi vəsiqəsinin məlumatları daxil edilirdi. Biz həmin məlumatlara əsasən respublika komitəsinin üzv olduğu təşkilatından onun həqiqətən də yollayış üçün müraciət edib-etmədiyini, həqiqətən üzv olub-olmadığını təsdiqləyirdik. Bu təsdiq elektron formada alındıqdan sonra həmin yollayışın bronunu edirdik. Sonra da yollayışın üzərində həmin şəxsiyyət vəsiqəsinin məlumatlarını yollayışın üzərinə qeyd edirdik. Bir vətəndaş həm sanatoriyanın sistemində, həm də bizim öz reyestrimizdə qeydiyyata daxil olur və eyni şəxsiyyət vəsiqəsinin sahibi iki dəfə heç bir halda yollayışdan istifadə edə bilmir.

Yollayışların satışı və hədiyyə olunmasına qarşı nəzarət

- Yollayışlar hədiyyə edilə bilər?

- Bizim müqavilə imzaladığımız istirahət mərkəzləri ilə xüsusi bəndimiz var ki, yollayış yalnız adı yollayışda qeyd edilən şəxs tərəfindən istifadə edilə bilər. O, hədiyyə edilə bilməz. Həmçinin, başqa adamın adına keçirilə bilməz. Bununla da yollayışların qara bazarda satılmasının, yaxud hansısa saxtakarlıqların qarşısı alınır. Otel rəhbərlikləri də bilirlər ki, belə bir hal olduğu halda onlarla artıq həm müqaviləyə xitam veriləcək, həm də müəyyən qaydalara uyğun olaraq onların bu davranışına qiymət veriləcək.

İyunun 4-dən tam elektron qeydiyyat sisteminə keçid

- Yeni sistemdə qeydiyyat prosesi necə tənzimlənir?

- İyunun 4-dən etibarən artıq tam elektron varianta keçmişik. Bu variantda vətəndaş özü portal üzərindən qeydiyyatdan keçir. Bu da bizə təminat verir ki, 1 vətəndaş yollayışdan iki dəfə istifadə etmir. İdentifikasiya nömrəsi ilə sistemə daxil olduqdan sonra o istədiyi tarixi, istirahət mərkəzini seçə bilər. Müraciət daxil edildikdən sonra 3 mərhələli təsdiqdən keçir. Birinci mərhələdə 5 iş günü ərzində AHİK tərəfindən yoxlanılır. Əməkdaşlarımız sənədləri, otelin rezervasiyasını, tarixi analiz etdikdən sonra məlumat emal edilir və maksimum 15 iş günü ərzində təsdiq, yaxud imtina verilir. Vətəndaş üçün müəyyən tarixdə boş yer yoxdursa, ona ya eyni oteldə başqa bir tarix təklif olunur, ya da eyni tarix üzrə başqa otel təklif olunur. O artıq onun öz seçimi olur. Bilirsiniz ki, yay mövsümü məzuniyyətlər dövrüdür. Ən çox da müraciət edənlər müəllimlərdir. Tədris ili başlayandan sonra məzuniyyət imkanları olmadığı üçün biz onların sorğularının müsbət cavablandırılmasına çalışırıq.

Statistika: Müraciətlərin sayı və təsdiqlər

- Bu günə kimi yollayış üçün neçə nəfər müraciət edib?

- Bu günə olan statistikaya əsasən, noyabrın 25-dən iyunun 4-ə kimi, yəni köhnə sistemlə 31 min müraciət olub. Onların 24 mini müsbət cavablandırılıb. Digərləri isə müxtəlif səbəblərdən imtina edilib, yaxud emal prosesindədir. e-AHİK portalı üzərindən isə 4 iyundan 30 iyun tarixinə 38 mindən artıq müraciət daxil olub.


Prosesi ləngidən səbəblər və tezliklə seçim imkanı

- Prosesi ləngidən amillər var?

- Bəli, vətəndaşların məlumatsızlığı və qaydalardan kənara çıxmaları prosesi ləngidir. Məsələn, şəxs gəlir ki, həm həyat yoldaşını, həm də valideynlərini özü ilə aparsın. Amma qanuna görə, ailə yalnız ər, arvad və övladdan ibarətdir. Bundan əlavə, sənədlər düzgün təqdim olunmur.

- Üzvlər qeydiyyat zamanı yollayış üçün ən tez neçə gün sonraya seçim edə bilərlər?

- Vətəndaşlar ən tez 15 təqvim günü ərzində gün seçə bilərlər. Bu da bizə imkan verir ki, onların təsdiq və rezervasiya prosesində vaxt qazanaq. Ən geci də 3 ay sonrakı müddətdə otel və ya sanatoriyaya qəbul ala bilirlər.

Çağrı mərkəzi və alternativ qeydiyyat üsulları

- Vətəndaş problemlə üzləşdiyi təqdirdə nə etməlidir?

- Təbii ki, yeni sistem olduğu üçün biz buna hazırlıqlı idik. Buna görə də bizim çağrı mərkəzimizin qaynar xətləri fəaliyyət göstərir. Hazırda e-AHİK.az portalı ilə yanaşı, bizim telefon nömrələrimiz də aktivdir.

- Müasir sistemdən istifadə edə bilməyənlər üçün alternativ variant təşkil olunub?

- Bəli, telefonlarla da müraciətlər qəbul edilir. Digital logindən istifadə edə bilməyən vətəndaşlarımız telefon zəngi ilə qeydiyyatdan keçə bilir.


İstirahət mərkəzlərinin sayı və müraciət sıxlığı

- Turizm mərkəzlərimiz üzvlərin sayına ekvivalentdirmi? Müraciətçilər üçün kifayət qədər mərkəz varmı?

- Təəssüf ki, Azərbaycanın kifayət qədər istirahət mərkəzi, turizm obyekti yoxdur ki, bir sezonda 60 min nəfəri eyni anda yerləşdirə bilsin. Bundan əlavə, vətəndaşlar Qarabağ zonasını istəyirlər. Birdən-birə Qarabağa portalla bu qədər adamın buraxılması qeyri-mümkündür. Ona görə biz mərhələli şəkildə keçid edirik. Təbii ki, bütün müraciətlər müsbət cavablandırılmaya bilər. Bizim imtina səbəblərimizdən biri də üzvlərimizin əksəriyyətinin yay mövsümündə yollayış istəməsidir. Yəni, eyni vaxtda getmək istəyirlər. Amma nəzərə almalıyıq ki, otellərimizin tutumu da, qonaq sayı da məhduddur. Eyni anda müraciət edənlərin hamısına müsbət cavab verməyəcəymizi də öncədən bilirik. İstirahət və ya sanatoriya mərkəzi olan elə bir region yoxdur ki, bizim ora ilə müqaviləmiz olmasın. Amma yenə də kifayət etmir.


Ən çox tələbat olan istiqamətlər və tutum məsələləri

- Ən çox müraciətlər hara olur?

- Ən çox müraciət klassik istirahət və sanatoriya mərkəzimiz olan Bilgəh sanatoriyasınadır. Hazırda sanatoriyada aparılan təmir və bərpa işləri artıq başa çatdırılıb. Təbii ki, buranın da müəyyən qonaq tutumu var. Ancaq müraciətlərin sayı oranın real tutumundan 5 dəfə artıqdır. Təbii ki, biz onlara növbəti ayları təklif edir və növbəliliyi qorumağa çalışırıq.

- Qeydiyyat prosesi necə aparılır və müraciət edənlərdən neçə nəfərə artıq yollayış verilib?

- Qeydiyyat prosesi ilboyu davam edəcək. Artıq 4 mindən çox insan göndərilib.


Yeni sistemdə vətəndaşa seçim imkanı verilir

- Yeni sistemi köhnə sistemdən fərqləndirən xüsusiyyətlər nələrdir?

- Əvvəlki sistemdə üzvlərə seçim şansı verilmirdi. Konkret vaxt və məkan təklif edilirdi ki, istəsən də budur, istəməsən də. İndi isə elə deyil. Biz vətəndaşlara tam seçim haqqı vermişik. Saytımızda 70-dən artıq sanatoriya və istirahət mərkəzinin adı var. Birində yerlər dolduqca digərinə keçid edirik.

- AHİK-in keçmiş fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar var idi. O narazılıqlar nə ilə bağlı idi?

- Əvvəl şəffaflıq təmin edilmirdi. Yollayış vətəndaşa çatana qədər ilkin qiymətin şəffaflığının qorunması və ona nəzarət çox çətin idi. 11 min təşkilata necə nəzarət etmək olar? Bizim məqsədimiz media vasitəsilə vətəndaşları maarifləndirməkdir. Vətəndaşlar öz hüquqlarını bilməlidir. Əvvəlki sistemdə 30-40 ildir üzv olan şəxslər bu imkanlardan xəbərsiz olublar. Yalandan deyiblər ki, yollayış kvota ilədir, hər təşkilata 2-3 yollayış verilir. Halbuki bizim imkanlarımız dəyişməyib. Yalnız təkliflərimiz və yanaşmalarımız dəyişib. Bu yeniliyin nəticəsi 1 il sonra daha aydın görünəcək. Bu gün təbəqə fərqi olmadan ən kasıb və ən varlı şəxslər eyni imkanlardan yararlana bilir. Bu gün cəmiyyətin arzuladığı həmin ədalətlilik bizim yollayış paylanma sistemində tətbiq edilir. Bundan əlavə, əvvəllər təbəqələşmə var idi. İmkanlılar və imkanı zəif olanlar üçün fərqli otellər ayrılırdı. İndi isə təbəqə fərqi olmadan hər kəs eyni xidmətdən yararlana bilir.


Qonaqlama müddətinə dair qaydalar

- Yollayışların müddəti nə qədər olur?

- Vətəndaşlar istirahət mərkəzində maksimum 6 gecə, sanatoriya mərkəzində isə maksimum 14 gecə qonaqlaya bilərlər.


e-AHİK.az: Rəqəmsal platformada qeydiyyatın mərhələləri

AHİK-in fəaliyyətinin əsas hissəsini təşkil edən strukturlardan biri də informasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsidir. AHİK-in informasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin müdiri Azər Sanılı e-AHİK.az platformasında qeydiyyat prosesi ilə bağlı məlumat verib.

- 9 ay öncə rəhbərliyin göstərişi ilə sanatoriya-kurort yollayışlarının vətəndaşlar üçün əlçatanlığını, operativliyini və şəffaflığını təmin etmək üçün yeni layihəyə başlayaraq e-AHİK.az platformasını yaratdıq. Platforma hər kəs üçün açıqdır. Platformaya daxil olan vətəndaşlar öncəliklə adını, soyadını, şəxsi məlumatlarını qeyd edir. Ondan əvvəlki datanı DİN-in sisteminə qoşulduğumuz üçün rahatlıqla əldə edə bilirik. Sonrakı mərhələdə sistem şəxsin iş məlumatlarını istəyir. Şəxs VÖEN-i qeyd edən kimi onun iş məlumatları avtomatik sistemə yüklənir. VÖEN-dən məlumatsız olan şəxslər məlumatlarını özü yazır. Həssas qrupa daxil olanlar bu haqda qeyd edərək, xidmətdən ödənişsiz yararlana bilmək imkanına malik olurlar. Daha sonra müraciət edən şəxs ailə üzvünü aparıb-aparmayacağını qeyd edir. Sonra kurort, yoxsa sanatoriya olduğunu, ardıyca da məkan və tarix seçimini edir. Təsdiq edildikdən sonra müraciət AHİK-də qeydə alınır.


Onlayn ödəniş və alternativ üsullar

- Bəs ödəniş prosesi necə tənzimlənir?

- Yollayışın 85 faizini biz, 15 faizini vətəndaş ödəyir. Əvvəl yarı-avtomat rejimində işləyirdik. İndi isə vətəndaş sistemdən onlayn qaydada ödənişi həyata keçirir. Sonda yollayışın məlumatları vətəndaşın e-poçt ünvanına göndərilir. Bir sözlə, insan heç yerə getmədən yollayışı əldə edir.

- Onlayn qaydada ödəniş edə bilməyən vətəndaşlar, xüsusilə də yaşlılar bu mərhələni necə keçir?

- Yaşlılar üçün alternativ ödəniş üsulu olaraq e-manatı saxlamışıq. Vətəndaş ödənişi edib çekin şəklini bizə göndərir. Amma kiberdələduzluğun qarşısını almaq üçün dərhal təsdiq vermirik. Mühasibimiz çeklə bankı tutuzdurur. Məlumat düzgün olduqda təsdiq veririk.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası görülmüş işlərlə kifayətlənmək niyyətində deyil.


Sertifikatlaşdırma və beynəlxalq təlimlər

AHİK-in yeni layihələrindən, prioritet istiqamətlərindən və gələcək planlarından AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev danışdı.

- Son dövrlər əməyin mühafizəsi sahəsində bütün tabeli müəssisələrimizdə əməyin mühafizəsi ilə bağlı qaydaların izah olunması və o qaydaların hər kəs tərəfindən mənimsənilməsi həyata keçirilir. Təbii ki, üzv olan bütün təşkilatlarımızda da bu işlər həyata keçiriləcək. Bundan başqa, AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin mühafizəsi ilə bağlı beynəlxalq təlimlərin təşkili və beynəlxalq sertifikatların verilməsi həyata keçirilir. Əməyin mühafizəsi və sağlamlığı sahəsində beynəlxalq sertifikat verən beynəlxalq təşkilat olan Peşə Təhlükəsizliyi və Sağlamlıq İnstitutu (İOSH) ilə bizim müqaviləmiz var. Akademiya ali təhsil müəssisəsi olaraq beynəlxalq səviyyədə İOSH-un reyestrinə daxil olub və ali təhsil ocağında təlimlərin keçirilməsi üçün icazə verilib. Hər kəs bu təlimlərə qeydiyyatdan keçib beynəlxalq sertifikatı əldə edə bilər. Bununla yanaşı, informasiya texnologiyaları istehsal edən CİSCO təşkilatı ilə də əməkdaşlıq edirik. Onun 200-ə yaxın təlimi var ki, biz onlara müraciət etmişik. Yavaş-yavaş o təlimlərin bizim akademiyada keçirilməsi ilə bağlı onlardan icazə alırıq. Beynəlxalq akkreditasiyadan keçmiş müəssisə olaraq bu istiqamətdə fəaliyyətə başlamışıq. Bundan başqa, əməyin hüquqlarının qorunması və mühafizəsi ilə bağlı akademiyada bizim üzvlərimizə 25 respublika komitəsi tərəfindən istər əmək hüquqların qorunması, istərsə də əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi üçün akademik müraciətlər gəlir. Həmin modullar əsasında da təlimlər keçirilir. Akademiyada yüksək səviyyəli təlim mərkəzi yaratmışıq və bu mərkəz müasir avadanlıqlarla təchiz edilib. Onu da qeyd edim ki, akademiyada İOSH və CİSCO beynəlxalq təlimlərinin keçirilməsi üçün imtahan mərkəzi yaratmağı düşünürük.

- Bu imtahan mərkəzinin funksiyası nədən ibarət olacaq?

- İmtahan mərkəzində bütün beynəlxalq sertifikasiyalı imtahanların keçirilməsi nəzərdə tutulacaq. Orada biz digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində vətəndaşlarımızın və üzvlərimizin beynəlxalq sertifikat almasına şərait yaradacağıq.

- Daha hansı təşkilatlarla əməkdaşlıq edirsiniz?

- Akademiyada bir sıra əməkdaşlıq memorandumları imzalanıb. Bu yaxınlarda BP şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalandı. Əməkdaşlıq çərçivəsində şirkət BP-nin bizə dəstəyi, həm də qarşılıqlı əlaqələrimiz yaranacaq. Həmçinin şirkət akademiyanın elektron kitabxanasının yaradılmasında bizə dəstək göstərəcək. Bundan əlavə, “Turin” beynəlxalq tədris mərkəzi ilə də əməkdaşlığa başlamışıq. MDB ölkələri sırasında “Turin”lə əməkdaşlıq quran ilk ölkə olacağıq. İslam Əməkdaşlıq təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə də təlimlərin təşkil olunmasına, əməkdaşlığa başlamışıq.

Akademiya: Məzunların işlə təminatı və əməkdaşlıqlar

- Akademiyanın məzunlarının işlə təmin edilməsi üçün tədbirlər görülür?

- Əlbəttə, artıq akademiyada məzunların işlə təmin olunmasına başlanılıb. İşəgötürənlərlə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq aparılır ki, bizim akademiyanın məzunları işlə təmin olunsunlar. Orada karyera mərkəzi də fəaliyyət göstərir. Başlanğıcı da bu yaxınlarda akademiyada məzun gününün qeyd olunması ilə qoyuldu. Orada Azərbaycanın ziyalıları, deputatlar, bir sıra dövlət orqanlarının nümayəndələri iştirak etdi.

- Akademiyanın neçə məzunu var? Üstünlük əsasən, hansı fakültələrdədir?

- Artıq 189 məzunumuz var. Onların çoxu sosial iş fakültəsi üzrə təhsil alır. Həmçinin maliyyə, dünya iqtisadiyyatı, mühasibatlıq və s. ixtisasları üzrə də məzunlarımız var. Artıq biz onların CV-lərini hazırlamışıq. Biz həmin CV-lərin işəgötürənlərə təqdim olunmasını həyata keçiririk. Hədəfimiz ondan ibarətdir ki, akademiya olaraq Dövlət Məşğulluq Agentliyinin tərtib etdiyi məşğulluq reytinqində ilk sıralarda yer alaq.

- Hansı universitetlərlə əməkdaşlıq edirsiniz?

- Bir çox universitetlərlə. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və s. Həmçinin işəgötürənlərlə də əməkdaşlıq edirik. Əsas işə götürənlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik sosial iş ixtisasını bitirən məzunların nazirliyin nəzdində fəaliyyət göstərən müəssisələrdə işlə təmin edilməsinə çalışır.

- Ötən il neçə məzun işlə təmin olunub?

- Ötən il təxminən 100-150 məzunumuzu işlə təmin etmişik. Qəbul planı əvvəl az idi. Bu il qəbul planını həm əyani, həm də qiyabi ixtisaslar üzrə 430 nəfərə çatdırmışıq. Gələcək planımız oradakı ixtisasların sayının artırılmasıdır. Həmçinin akademiyanın potensialının artırılması istiqamətində işlər görüləcək, binalarında da təmir işləri aparılacaq. Bundan əlavə, digər ixtisasların da tədris olunması üçün baza yaradılacaq.

- Məzunların sayı əmək bazarı ilə ekvivalentdir?

- Əmək bazarında sosial iş ixtisası üzrə məzunlara, ixtisaslı kadra böyük tələbat var. Digər istiqamətlərdə də tələbat var, amma bizim ixtisaslarımız digər universitetlərdə də çoxdur. Məsələn, maliyyə ixtisası İqtisad universitetində, digər nüfuzlu ali təhsil müəssisələrində var. Amma sosial iş ixtisası hər bir ali təhsil müəssisəsində yoxdur. Məzunların sayı az deyil. Sosial iş ixtisası üzrə 83 məzunumuz var. Bu ixtisas ənənəvi ixtisaslara münasibətdə Azərbaycan üçün yenidir. Bu ixtisasa əmək bazarında, xüsusilə ƏƏSMN nəzdində fəaliyyət göstərən müəssisələrdə daha çox tələbat var.


Tibbi xidmət layihələri və bölgələrdə icrası

- Təhsillə bağlı layihələrinizdən danışdınız. Bəs səhiyyə ilə bağlı hansı layihələriniz var?

- Bizim “Həmkardan həmkara” layihəmiz var. Bu layihənin məqsədi ucqar dağlıq rayonlarda vətəndaşlara tibbi xidmətlərin əlçatanlığının təmin olunmasıdır. Məsələn, elə ucqar rayonlarımız var ki, orada bəzi xidmətlər yoxdur. Amma elə xidmətlər də var ki, onların əlçatanlığı təmin edilir. Biz həmin tibbi xidmətləri Səhiyyə Nazirliyi və TƏBİB-lə birlikdə pulsuz şəkildə vətəndaşlara çatdırırıq. Ümumilikdə bu xidmətdən təxminən 1500-ə qədər şəxs yararlana bilib. Vətəndaşlar yaşadıqları əraziyə yaxın yerlərdə bu xidmətdən yararlanmaq imkanına malikdirlər. Onlar əvvəllər bu cür tibbi xidmətlər üçün Bakıya və ya digər şəhərlərə gəlməyə məcbur olurdu. Amma indi həmin xidmətlərin əlçatanlığı təmin edilib. Bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik.

- Bu layihə hansı bölgələrdə icra edilir?

- Layihə hazırda 3 rayonda həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında tibb işçiləri bu fəaliyyəti həyata keçirib. Hazırda daha çox rayonlarda fəaliyyətin genişləndirilməsi prosesi icra edilməkdədir.

- Bəs layihədə xidmət göstərən həkimlər şəhərdən ezam edilir, yoxsa həmin bölgələrdən?

- Layihəyə əsasən, həmin bölgələrdən olan həkimlər cəlb olunurlar. Amma ixtisaslı həkim olmayanda, ehtiyac halında Bakıdan və digər iri şəhərlərdən həmin həkimlərin oraya göndərilməsi aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.

İdman və maarifləndirmə təşəbbüsləri

- Deyəsən, tibb işçiləri üçün də bir layihəniz var idi...

- Bəli, onlar üçün “Sağlamlığa doğru qaç” layihəmiz var. Burada tibb işçilərinin qaçış marafonu təşkil edilir. Marafonun final mərhələsi Xankəndidə yekunlaşdı. İlk 3 yeri tutanlar mükafatlandırıldı, onlara diplom və medallar təqdim olundu.

Yeni maarifləndirici layihələr və gələcək planlar

- Daha hansı yeni layihələriniz var?

- “Layiqli əmək səfirləri” layihəmiz var. Onlar vətəndaşlarla söhbət edərək əmək hüquqlarını necə qoruyacaqları ilə bağlı maarifləndirmə işləri aparırlar. Bu, yeni layihədir. Respublika həmkarlar ittifaqları o şəxsləri dəvət edir, söhbət aparır. Bu geniş layihədir. Demək olar ki, bütün sferadan olan şəxsiyyətlər bizim layiqli əmək səfirlərimizdir. Bundan əlavə, “Görməyə dəyər” adlı yeni bir layihəmiz də var. Orada xidmətləri öz gözünlə görüb- götürüb, iş yerində tətbiq edirsən.

- AHİK-in gələcək planları nələrdir?

- Gələcəkdə daha çox layihələrin icrası planlaşdırılır. Ümumilikdə bizim məqsədimiz işçilərin hüquqlarının qorunması, onların öz hüquqlarını bilmələrinə töhfə verməkdir. Bunun üçün üzvlərimizə yaxından dəstək olur, iş yerində onların mühafizəsini həyata keçirir, onların layiqli iş yeri ilə təmin olunması üçün maarifləndirmə tədbirləri həyata keçiririk. Hədəflərimizdən biri də üzvlərimizin iş mühitində sağlamlıqlarının qorunması, onların layiqli istirahətinin təşkili üçün işlər həyata keçirməkdir.

Təmir olunan sanatoriyalar və keyfiyyətin artırılması

Konfederasiyanın tabeliyində fəaliyyət göstərən bütün sanatoriyalarda yüksək səviyyədə təmir və bərpa işləri həyata keçirilir. Hazırda bu təmir işlərinin bir neçəsi yekunlaşıb və növbəli şəkildə digərlərində davam etdirilir. Bu da təbii ki, üzvlərimizin yaxşı istirahət yerlərində qonaqlamaları, onların istirahət hüququn daha yaxşı təşkil olunmasına şərait yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see172

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see135

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see130

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see126

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see126

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see126

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see122

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see122

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see122

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see122

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see121

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see121

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see120

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see119

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see118

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see118

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see118

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see116

Ermənistan Rusiyaya rədd cavabı verdi

30 İyun 2025 10:06see116

Mahir vurdu, komandası qələbə qazandı

29 İyun 2025 19:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri