Icma.az
close
up
RU
Ahıl “şagirdlər”in görüş dərsi

Ahıl “şagirdlər”in görüş dərsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yarım əsrdən sonra doğma məktəbdə

Tovuz şəhər Puşkin adına tam orta məktəbin həyəti. Yaşı 70-ə çatmış insanların bir-birini mehribancasına bağrına basması ötüb keçənlərin də diqqətini çəkir. Bunlar Şirin Ağayeva, Fatma Məmmədova, Rəna Bağırova, bu da Solmaz Cəfərovadır. Bəs Ceyran Sultanova hanı? Axı 10 il öncəki görüşdə o da aralarında idi.

Fatma həkim vəziyyəti anladır: Ceyran şəkər xəstəsidir, oğlu hər ay gəlib dərmanlarını götürür. Məsləhətləşib oğlu Teymura zəng edirlər. Məlum olur ki, Ceyran səhhəti ilə bağlı evdən çıxa bilməyib.

Şahin Qasımov, Ramiz Bağırov, Nurəddin Əliyev, Mübariz Zeynalov, bu sətirlərin müəllifi də Bakıdan gəlib. İllərdir Azərbaycandan uzaqda yaşayan Tofiq Ələkbərov isə ta Həştərxandan özünü görüşə çatdırıb. Rafiq İsmayılov isə yurddan çıxmayıb. Məktəbin qapısı açılır və direktor Adil Əsgərov görünür. O ömrün 70-ci baharını yaşayan bu görüş iştirakçılarını içəri dəvət edir. Xanımlar hər birinin əlində “oğlanların” hədiyyə etdiyi qızılgül buketi dəhlizə daxil olurlar. Gül dəstəsinin biri müəllim Sahibə Əliyevaya təqdim olunur. Yarım əsr öncə son zəngləri çalınan “şagirdlər” həmin günlərə qayıdırlar...

O vaxt girişdə dövrün rəhbərləri – Leninin və Stalinin heykəlləri vardı. X sinifdə soldakı kabinetdə dərs keçirdik. Pillələrdən yuxarıda, üzbəüz 1-ci sinif otağımızdakı divar sobası yerində durur, təmir vaxtı çıxarmayıblar. İlk sinif rəhbərimiz Müzəffər Ağayevi xatırladıq. Ruhu şad olsun. Qızı Şirin aramızdadır.

Dəhlizin o başında direktor Əli Abdullayevin kabineti vardı. Sol yanından pilləkənlə aşağı enib səssizcə, ehtiyatla həyətə keçərdik. İndi o qapı və pillələr yoxdur. Divar hörülüb. Daim qaşlarını çatan o zəhmli direktor da dünyasını dəyişib. Kabineti indi sinif otağıdır. Daxil oluruq. Otağın mistikası hamımızı kövrəldir...

Məktəbin direktoru yeni təyin olunub. Öncə Azaflı kənd məktəbində çalışıb. Aşıq Mikayıl Azaflının nəslindəndir, dediyinə görə, ataları əmiuşağıdır. Şair təbiətlidir. Söz şeirdən düşən kimi Rafiqin səsi eşidilir, qohumu Məmməd İsmayıldan deyir.

Bu addım direktoru da cəsarətləndirir. Adil müəllim Mikayıl Azaflıdan, Zəlimxan Yaqubdan, Nüsrət Kəsəmənlidən, Məmməd İsmayıldan könül oxşayan şeirlər söyləyir. Hamı diqqət kəsilib. Biz özümüzü şagird kimi hiss edirik. Müəllim danışanda dinləyərlər, bilirik. Biz belə görüb, belə öyrənmişdik.

Şirin Ağayeva deyir:

– Bizim müəllimlər uşaqları öz fikirlərinə tabe etməyi bacarırdılar.

– O vaxt ədəbiyyata böyük maraq vardı,– deyir Adil müəllim.– Şagirdlər ədəbiyyat dərslərində həyatı, yaradıcılığı tədris edilən klassiklərin, müasir şair və yazıçıların əksər əsərini oxuyar, şeirlərini əzbərləyərdilər. İndi uşaqlar bir az kitabdan ayrı düşüb. Çalışacağıq ki, şagirdlərin bilik öyrənməyə istəyini artıraq.

Şahin Qasımov söhbətə qoşulur:

– Gəlin, yaxşı işlərdən danışaq. Yığışmışıq deyək ki, bu yaşa çatmışıq, sevinək. Tövsiyə edək ki, uşaqlara hər şeydən öncə təhsil verilsin. İndiki dövr bunu daha çox tələb edir. Biliklə dünyaya çıxışımız genişlənir.

Ramiz Bağırov isə bildirir:

– Tale elə gətirib ki, çoxumuz Tovuzdan kənarda yaşayırıq. İşimizlə, əməlimizlə rayonumuzun adını uca tutmuşuq. Mən həmişə fəxr etmişəm ki, tovuzluyam, bu məktəbi bitirmişəm. Tovuzlu olmaq – cəsur, sədaqətli, təmiz, vicdanlı, təmənnasız və ən əsası, ədalətli və savadlı olmaq deməkdir.

Ramiz doğru deyirdi. Bizim uşaqlar həqiqətən də hansı peşədə çalışmalarından asılı olmayaraq, hörmət-izzət sahibi olublar. Qeyd edim ki, rayonda direktorla görüşümüzü bizdən 1 həftə öncə Tovuza gedən, indi təqaüddə olan hüquqşünas Nurəddin Əliyev təşkil etmişdi. Xanımlarla – həkimlər Rəna və Fatma, təqaüddə olan müəllim Solmaz, mühəndis Şirinlə də o danışıb görüşə dəvət etmişdi. Sağ olsun, böyük iş görüb.

Sinif yoldaşımız, ailə vəziyyətinə görə görüşdə iştirak etməyən, amma ruhən, qəlbən aramızda olan Şaban Süleymanovun “Axınca çayı”, “Görüşə gəlmişəm” şeir kitabları məktəb direktoruna, eyni zamanda, görüş iştirakçılarına təqdim olundu. Dəhlizdə bu məktəbdə vaxtilə şagirdlərə təhsil, tərbiyə vermiş, bilik və savadlı olmaları yolunda saç ağartmış, can qoymuş müəllimlərin portretləri asılıb. Bəzilərinin rəsmini görmürük. Ana qayğısı ilə bizə yanaşan ədəbiyyat müəllimimiz Gülsultan müəllim, fizikanı tədris edən Zərəngiz müəllim, canımızın sağlamlığı qeydinə qalan, idmançı Məmməd müəllim divardan bizə boylanmır. Direktordan xahiş edirik ki, gələn görüşümüzədək (qismət olsun) o müəllimlərin də fotoları əldə edilsin və Tahir müəllimin, Əli müəllimin, İskəndər müəllimin və digər müəllimlərin şəkillərinin yanından boy göstərsin.

O gün çox şeylər xatırlandı. Ötənlərə qayıtdıq... Biz sinifdə 16 oğlan, 9 qız çox mehriban idik. O vaxtlar hind kinoları dəbdə idi. Dəfələrlə dərsdən hamılıqla qaçıb “Kəşmirdə məhəbbət”ə getmişdik. Bir dəfə də dərsdən qaçıb kinoya gedəndə pulumuzu saydıq, azlıq edirdi. Artıq uşaqların çoxu həyətə çıxmışdı. Dəhlizdə dərs hissə müdiri Tahir müəllimlə qarşılaşdım. Özümü itirdim. “Komsorq, hara belə?” – soruşdu. Çaşıb düzünü dedim: “Müəllim kinoya gedirik. 1 manatımız çatmır”. Tahir müəllim qeyri-ixtiyari əlini cibinə atıb 1 manat çıxarıb verdi. Gözüm bərələ qalmışdı. Pulu əlindən qapıb bayıra– uşaqların yanına tələsdim. Ertəsi gün dərsdən qaçmağımızla bağlı bizə heç nə deyən olmadı, çünki yaxşı oxuyurduq.

9-cu sinifdə oxuyanda bizim “A” sinfini 2-ci, “S” sinfini isə 1-ci növbəyə salmışdılar. 24 uşaq – hamımız yenə sözü bir yerə qoyub maarif şöbəsinə (o vaxt belə adlanırdı) şikayətə getdik ki, niyə biz 2-ci növbədə oxumalıyıq? Maarif şöbəsinin müdiri Qara Sultanov hamımızı otağa dəvət etdi. Dinlədi. Harasa zəng edib bizə “gözləyin”– dedi. Çox keçmədən direktorumuz Əli Abdullayev otağa girdi. Dilimiz qurudu. Qara müəllim bizi göstərib “smenu xotyat”(növbə istəyirlər), – dedi. Sinifkomu soruşdular. Tofiq 1 addım irəli çıxdı. “Komsorqunuz kimdir?” –dizlərim əsdi, amma nəkarə idim, qabağa addım atdım. Direktorumuz: “Heç utanırsınız? Bu nə həngamədir, siz kimsiniz, Qara müəllimi narahat edirsiniz, keçin yerinizə”.

Qara müəllim dedi: “Uşaqlar, artıq dərslər bölünüb. İlin 2-ci yarısında növbənizi dəyişərik”. Direktor üzünü Qara müəllimə tutub “Ay Qara müəllim, sən də məni bağışla, tfu üzünüzə, uşaqlar”– dediyi ilə özümüzü bayırda görməyimiz bir oldu. İtələşə-itələşə pillələrdən düşüb dəmiryolu istiqamətinə qaçdıq. Direktorun qorxusundan məktəbə gedə bilmirdik. 1 həftə sonra məktəbdən xəbər göndərdilər ki, dərsə gəlin, cəza verməyəcəyik...

Solmazgilin evi məktəbə yaxın idi. Dərsdən qaçanda çantalarımızı onların evinə yığıb sonra gəzməyə, kinoya gedirdik. Qazqulu kəndinə, Ceyrangilə yığışırdıq. Bizim evdə keçirdiyimiz bayram şənlikləri, daha nələr... nələr xatırlandı.

Məktəbin həyətində xatirə şəkli çəkildi. Görüşün rəsmi hissəsi başa çatandan sonra təntənə “Fəvvarələr” restoranında davam etdi. Rəqslər bir-birinə qarışdı. Hamı özünü gümrah hiss edirdi, elə bil, çantasında günlük 5–6 növ dərman gəzdirən biz deyildik. Tofiqin rəqslərimizi unutduğunu düşünmüşdüm. Amma hamıdan şux rəqs edən o idi. Musiqilər bir-birini əvəz etdikcə, ruhlar təzələnir, xatirələr dilə gəlirdi. Və biz hər il görüşməyə söz verdik. Mübariz dedi: sıralarımız seyrəlib, sözümüz sözdür, yayda görüşək. Sinif yoldaşlarımız Rzaqulu, Aynəddin, Vidadi, Sahib (iki Sahib vardı, hər ikisi), Üzeyir, Niyazi, Çingiz dünyasını dəyişib. Ruhları şad olsun. 10 il öncəki görüşdə Sahib də vardı, Niyazi də, Aynəddin də...

Amalya Qasımova səhhətindəki problemlə bağlı uzaq yola çıxmağa ehtiyat etmişdi. Riyaziyyat müəllimi Ceyranla mümkün olmasa da, Amalya ilə görüntülü danışdıq, kövrəldi: “Gələn dəfə görüşü Bakıda təşkil edin, mən də iştirak edə bilim”. Söz verdik.

O gün bizim ömrümüzə qızıl hərflərlə yazıldı. Bakıya qayıdanda yolboyu görüşün təsirindən danışdıq. Qismət olsa yenə görüşəcəyik. Şahinin təklifi ilə devizimiz belə oldu: “Yaşayaq ki, görüşək!”

Zərifə BƏŞİRQIZI
XQ
Bakı–Tovuz–Bakı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri