Ailələr Bakıya köçür: Kəndlərdə şagird sayı azalır
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata əsasən, azalma xüsusilə kənd məktəblərində qeydə alınıb. Belə ki, 2025/2026-cı tədris ilində ölkənin şəhər məktəblərində 1 milyon 96.8 min, kənd məktəblərində isə 577.9 min şagird təhsil alıb. 2024/2025-ci tədris ilində şəhər məktəblərində 1 milyon 98.4 min, kənd məktəblərində isə 596.7 min şagird olub.
Beləliklə, bir tədris ili ərzində şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər, kənd məktəblərində isə 18 800 nəfər azalıb. Ümumilikdə, ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb.
Şagird sayının azalması məktəblərdə və uzunmüddətli perspektivdə universitetlərdə hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, şagird sayının azalması demoqrafik proseslərin təhsil sistemində özünü göstərməsidir:
“Bu məsələni yalnız statistik göstərici kimi deyil, planlaşdırma məsələsi kimi qiymətləndirmək lazımdır.
Statistikada diqqətçəkən məqamlardan biri azalmanın əsasən kənd məktəblərində qeydə alınmasıdır. Belə ki, şəhər məktəblərində şagird sayında cəmi 1 600 nəfərlik azalma müşahidə olunduğu halda, kənd məktəblərində bu göstərici 18 800 nəfər təşkil edir. Bu isə demoqrafik azalma ilə yanaşı, kənd yerlərindən şəhərlərə miqrasiyanın da prosesə təsir etdiyini göstərir. Şagird sayının azalmasının məktəblərdə ən birbaşa nəticəsi sinif komplektlərinin kiçilməsi olacaq.
Kənd məktəblərində bəzi siniflərdə şagird sayı o həddə düşə bilər ki, ayrıca sinfin təşkil edilməsi iqtisadi baxımdan məqsədəuyğun hesab olunmasın. Bu isə ya birləşdirilmiş siniflərin yaradılmasına, ya da məktəblərin optimallaşdırma adı altında bağlanmasına gətirib çıxara bilər. Məktəbin bağlanması kənd sakinləri üçün əlavə çətinliklər yarada bilər. Belə ki, məktəbi bağlanan kənddə yaşayan uşaqlar gündəlik olaraq başqa yaşayış məntəqəsinə getməyə məcbur qalırlar. Bu vəziyyət valideynləri ailəlikcə şəhərə köçmək barədə düşünməyə vadar edə və nəticədə kəndlərin boşalma prosesini daha da sürətləndirə bilər.
Beləliklə, problem özü-özünü gücləndirən bir dairəyə çevrilə bilər”. Onun sözlərinə görə, ikinci mühüm məsələ müəllim kadr potensialı ilə bağlıdır: “Şagird sayının azalması dərs saatlarının da azalmasına səbəb olur. Bu isə müəllimlərin dərs yükünün azalması, bəzi fənlər üzrə kadr çatışmazlığı və ya əksinə, ixtisarlarla bağlı gərginliyə səbəb ola bilər.
Kənd məktəblərində bir müəllimin bir neçə fənni tədris etməsi artıq mövcud problemlərdən biridir və şagird sayının azalması bu vəziyyəti daha da dərinləşdirir. Bu baxımdan, müəllimlərin sosial müdafiəsinin təmin edilməsi, ixtisarlar əvəzinə yenidən hazırlıq proqramlarının təşkili və onların digər məktəblərdə işlə təmin olunması mexanizmlərinin yaradılması vacibdir. Təbii ki, burada maliyyələşmə baxımından da müəyyən risklər mövcuddur.
Məktəblərin fəaliyyətini davam etdirməsi ilə bağlı maliyyələşmə baxımından da müəyyən risklər mövcuddur. Əgər büdcə ayrılması şagird sayına əsaslanırsa, şagird kontingenti az olan kiçik məktəblər maliyyə çətinlikləri ilə üzləşə bilər. Halbuki məhz belə məktəblərin infrastrukturun yaxşılaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə daha çox ehtiyacı var. Bu səbəbdən məktəblərin vəziyyətini yalnız şagird sayına əsasən deyil, həm də coğrafi şərait, yaşayış məntəqələri arasındakı məsafə və təhsil xidmətlərinin əlçatanlığı nəzərə alınmaqla qiymətləndirmək daha düzgün yanaşma olardı”.
Ekspert qeyd edib ki, uzunmüddətli perspektivdə bu proseslərin ali təhsil sisteminə də təsir edəcəyi gözlənilir:
“Bu gün ümumi təhsil pilləsində müşahidə olunan şagird azalması təxminən 8-10 ildən sonra universitetlərə qəbul olunacaq abituriyentlərin sayında da özünü göstərəcək. Bəzi ali təhsil müəssisələrində tələbə kontingenti azala, ixtisaslar arasında rəqabətin xarakteri dəyişə bilər. Xüsusilə inkişaf imkanları məhdud olan regional universitetlər və tələbə tələbatı aşağı olan ixtisaslar daha çətin vəziyyətlə üzləşə bilər.
Eyni zamanda, bu proses təhsilin keyfiyyətinin yüksəldilməsi üçün də fürsət yarada bilər. Daha az şagird sayı fərdi yanaşmanın gücləndirilməsinə, siniflərin kiçildilməsinə və daha əlverişli təhsil mühitinin formalaşdırılmasına imkan verə bilər. Təbii ki, bunun üçün yaranan imkanlardan düzgün istifadə olunmalıdır. Hesab edirəm ki, bu mərhələdə məktəb şəbəkəsi ilə bağlı qərarlar qısamüddətli iqtisadi hesablamalar əsasında deyil, dəqiq demoqrafik proqnozlar nəzərə alınmaqla verilməlidir. Əsas məqsəd hər bir uşağın yaşadığı yerdən asılı olmayaraq, keyfiyyətli təhsilə bərabər çıxış imkanının qorunması olmalıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Bakıya köç Əmrah Həsənli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Noyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















