“Ailələr tez tez müdaxilə edir və qızlarına futbolla məşğul olmağa icazə vermirdilər” Siyasət Əsgərovun ə MÜSAHİBƏSİ
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan qadın futbol millisi oktyabrın 24-ü və 27-də Qazaxıstanda keçirilən təlim-məşq toplanışında iki yoldaşlıq oyunu keçirib. Hər iki görüşdə futbolçularımız qalib gəliblər.
Növbəti toplanış isə Banqladeşdə baş tutacaq. Bu səfər çərçivəsində yığmamız Dakkada təşkil olunacaq “FIFA Tri Nations Women's Football Series 2025” turnirində Banqladeş və Malayziya yığmaları ilə qarşılaşacaq.
İdman.Biz qadın futbolunun inkişafı və son oyunlarla bağlı Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovla söhbətləşib.
- Qazaxıstandakı toplanışdan əvvəl qarşınıza hansı məqsədi qoymuşdunuz?
- Biz anlayırdıq ki, bu, asan olmayacaq. Səbəblərdən biri o idi ki, son toplanışımız hələ iyun ayında keçirilmişdi. Ondan sonra uzun fasilə yarandı, çünki bəzi dövrlərdə futbolçuları bir araya toplamaq mümkün olmurdu. Faktiki olaraq son toplanışdan dörd aya yaxın vaxt keçmişdi. Buna görə də yoldaşlıq görüşləri bizim üçün olduqca vacib idi. Komandamız nisbətən yenidir, hər oyunla bir-birimizi daha yaxşı anlayır və uyğunlaşırıq. Bu cür oyunların sayını mümkün qədər çoxaltmağa çalışırıq.
- Komandamızın Qazaxıstan yığmasına qarşı oyununu necə dəyərləndirirsiniz?
- İki fərqli xarakterli oyun keçirdik. İlk görüşün birinci hissəsində 1:0 hesabı ilə irəlidə idik. Rəqibin də imkanları olsa da, müdafiəmizin koordinasiyalı oyunu sayəsində onların şanslarını sıfıra endirdik. İkinci hissədə daha bir qol vurduq, lakin dərhal ardınca futbolçular arasında anlaşılmazlıq nəticəsində topu qapımızda gördük. Bu, ikinci qoldan demək olar dərhal sonra - növbəti dəqiqədə baş verdi. Düşünürəm, qızlar artıq qələbəni təmin etdiklərini düşündülər və bir qədər arxayınlaşdılar. Üstəlik, top faktiki olaraq öz qapımıza müdafiəçimizin səhvi ucbatından vuruldu.
İkinci görüşdə rəqib tam fərqli taktika seçdi. Görünürdü ki, birinci oyundan sonra daha ciddi hazırlaşmışdılar, daha sıx və kompakt oynayırdılar. Bu da bizə müəyyən çətinliklər yaratdı. Onlar adətən istifadə etdiyimiz güclü tərəflərimizi neytrallaşdıra bildilər, meydanda bütün zonaları bağladılar. Buna baxmayaraq, standart vəziyyətdən sonra fərqlənə bildik. Rəqib sıx müdafiə olunmağa davam edirdi, amma biz fürsətdən istifadə edib qolu vurduq.
Ən əsası isə odur ki, hər iki oyunda komandamız maksimum fədakarlıq göstərdi və qalib gəldi. Bu, xüsusilə vacib idi, çünki UEFA Qadınlar Millətlər Liqasındakı son ev oyununda məğlub olmuşduq. O nəticə qızlarda xoş olmayan təəssürat yaratmışdı. Bu qələbələr həmin məğlubiyyəti unutmağa və özlərinə inamı bərpa etməyə kömək etdi.
- Növbəti toplanış Banqladeşdə keçiriləcək...
- Bəli. Əslində, yoldaşlıq oyunları üçün beş fərqli ölkə ilə danışıqlar aparılmışdı, lakin biz Banqladeşi seçdik. Ola bilər ki, bir az qəribə səslənsin – niyə məhz Banqladeş və niyə bu qədər uzaq səfər? Əsas səbəb orada keçiriləcək kiçik turnirdə iştirak etməkdir. Komanda Banqladeş və Malayziya yığmalarına qarşı oynayacaq.
Bu bizim üçün maraqlı təcrübə olacaq. İlk dəfə həmin qitədə, Asiya komandalarına qarşı çıxış edəcəyik. Öz gücümüzü sınamaq və səviyyəmizi görmək istəyirik. Son illərdə Banqladeşdə qadın futbolu nəzərəçarpacaq dərəcədə inkişaf edib, milli komanda da kifayət qədər rəqabətqabiliyyətlidir. Məsələn, onların U-20 qadın millisi bu il tarixdə ilk dəfə Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanıb. Bu da göstərir ki, Banqladeş qadın futboluna ciddi sərmayə qoyur. Yəni bu, zəif komanda deyil. Bizim üçün əsas odur ki, daha güclü rəqiblərlə qarşılaşaq. Çünki yalnız belə oyunlarda səhvlərimizi daha aydın görür və hansı istiqamətdə işləməli olduğumuzu anlayırıq.
- Azərbaycanda qadın futbolu bu gün necə inkişaf edir?
- Son illərdə müsbət dəyişikliklər baş verir - hələ ki, böyük addımlar olmasa da, nəzərəçarpan irəliləyişlər var. Əvvəllər qadın futbolu sadəcə bir “bölmə” kimi fəaliyyət göstərirdi, indi isə tamhüquqlu departamentə çevrilib. Burada həm milli komandalar, həm də sosial proqramlar üzrə ayrıca istiqamətlər mövcuddur. Bu, bizim üçün çox vacib addımdır.
Klubların sayı da artıb. Əvvəllər Yüksək Liqada cəmi altı komanda var idi, indi isə on iki komanda iştirak edir. Superliqanın yaradılması ilə bir sıra kişi klubları qadın komandaları qurdu. Məsələn, “Sabah”. Əgər digər kişi klubları da bu təcrübəni davam etdirsə, qadın futbolunun inkişafı daha sürətlə gedəcək.
Bundan başqa, yeniyetmələr üçün liqaların sayı artır, kütləvilik genişlənir. Nə qədər çox iştirakçı olarsa, bir o qədər istedad seçimi olur. Departamentin əsas istiqamətlərindən biri də məşqçilərin ixtisas səviyyəsinin artırılmasıdır. Məqsədimiz yüksək lisenziyaya malik peşəkar mütəxəssisləri cəlb etməkdir. Həmçinin, aşağı yaş qruplarında keyfiyyətli hazırlıq sisteminin qurulması da çox önəmlidir.
- Cəmiyyətdə münasibət dəyişirmi? Axı hələ də “futbol qızlar üçün deyil” kimi fikirlər səslənir…
- Cəmiyyətdə həqiqətən böyük dəyişikliklər baş verir. Əgər 2010-cu illərə qayıtsaq, o vaxt mən qadın futbolunda işləməyə yeni başlamışdım, heç bir liqa belə yox idi. Biz qızları tapmaq üçün digər idman növlərinə müraciət etməli olurduq. Tez-tez ailələr müdaxilə edir və qızlarına futbolla məşğul olmağa icazə vermirdilər. Bu, Azərbaycanda məşqçi üçün peşəkar həyatın bir hissəsi idi. Amma əgər görürdüksə ki, qızın perspektivi var, mütləq onun üçün mübarizə aparırdıq. Belə hallarda təkcə mən yox, bütün departament, məşqçilər və rəhbərlik də prosesə qoşulurdu. Məqsədimiz o idmançının futbolda qalmasını təmin etmək idi. Əlbəttə, hər dəfə uğurlu alınmırdı. Amma zaman keçdikcə bəzi ailələr başa düşdülər ki, bu, onların qızının şüurlu seçimi və həqiqi marağıdır. Beləcə, razılaşırdılar.
İndi isə vəziyyət xeyli dəyişib. Valideynlər özləri övladlarını klublara gətirirlər, departamentə zəng edib soruşurlar ki, hansı bölməyə yazdıra bilərlər. Aydındır ki, cəmiyyətdə qadın futboluna münasibət dəyişir. Bu, qismən son illərdə qızlarımızın göstərdiyi yaxşı nəticələrlə də bağlıdır. Əgər bu istiqamətdə davam etsək, ictimai fikri daha da dəyişdirmək mümkün olacaq. Hələlik bölgələrdə vəziyyət paytaxtla müqayisədə bir qədər çətindir, amma bir neçə ildən sonra orada da müsbət dəyişikliklər olacağına inanıram.
- Siz həmişə yalnız qadınlarla işləmisiniz?
- Xeyr, paralel olaraq kişi komandalarında da çalışmışam, amma əsas diqqətim həmişə qadınlara yönəlib.
- Qızlarla və oğlanlarla işləmək arasında fərq nədədir?
- Əgər məşq prosesindən danışırıqsa, demək olar ki, eynidir. Fərq daha çox yanaşma və oyun sürətindədir. Məncə, kişilər arasında oyun tempi daha yüksəkdir. Amma mən həmişə deyirəm: qızlar oğlanlardan daha dözümlüdürlər.
- Qadın komandaları ilə məşqçi kimi fəaliyyətinizdə ən yaddaqalan hadisə hansıdır?
- Məncə, ən önəmli hadisə UEFA Qadınlar Millətlər Liqasında qrupumuzda birinci yerə çıxmağımız idi. Altı oyun keçirdik: beş qələbə, bir heç-heçə və nəticədə lider kimi B divizionuna yüksəldik. Bu nəticəni heç vaxt unutmayacağam.
- Sizin övladınız varmı?
- Bəli, bir qızım və bir oğlum var. Qızım “Neftçi” klubunun 14 yaşadək qızlar komandasında oynayır.
- Futbolla məşğul olmağa sizmi onu həvəsləndirmisiniz?
- Düzünü desəm, o sadəcə görür ki, mən nə işlə məşğulam, bəzən oyunlarımıza gəlir. Və elə-belə özü də futbolu sınamaq istədi. Biz ona vaxt verdik – bəlkə davam edəcək, bəlkə də bu, qısamüddətli maraqdır. Amma hazırda mütəmadi olaraq həm məşqlərə, həm də oyunlara gedir. Görəcəyik, necə olacaq. Əgər yaxşı futbolçu olarsa, niyə də yox? Əgər ölkəmizə idmançı kimi fayda verə biləcəksə, bu, əladır. Amma mənim üçün ən vacibi odur ki, qızım hər şeydən əvvəl yaxşı insan kimi böyüsün, sonra futbolçu olsun. Əgər hər ikisi bir araya gələrsə – mən yalnız sevinərəm.
Leyla Eminova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 03 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















