Icma.az
close
up
RU
Allahım, bir az da ömür ver mənə

Allahım, bir az da ömür ver mənə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Simran HƏSƏNOV (ORMANÇIOĞLU)
Hüquq elmlər doktoru

Hüquq elmləri doktoru, 10 monoqrafiyanın, 50-dən çox elmi məqalənin müəllifi Simran Həsənov İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Orta məktəbdə Xalq şairi Musa Yaqubdan ədəbiyyat dərsi alan S.Həsənov sonralar sevimli şairimizlə yaxın dost olub.

Bir neçə il öncə Musa müəllim onun şeirlərini çap üçün "525-ci qəzet"ə təqdim etsə də, Simran müəllim şeirlərinin dərc olunmasını istəməmişdi. Bu günlərdə isə Simran Həsənov öz şeirlərini məmnuniyyətlə redaksiymıza təqdim etdi.

Allahım, bir az da ömür ver mənə

Allahım, bir az da ömür ver mənə,

Görüm bu işlərin sonu nə olur.

Dəyirman daşında üyünən Vaxtın

Kəpəyi nə olur, unu nə olur?

Dünyanın düz işin buran kəslərin,

Gah hala gah mıxa vuran kəslərin,

Gündə bir Qibləyə duran kəslərin,

İmanı nə olur, dini nə olur?

Vətən qalasından daş satanların,

Kəfəndən nəf üçün yas sayanların,

Ağlı tək cibinə tuşlananların,

Genindən nə çıxır, qanı nə olur?

Qazancı nə olur saxta alqışın,

Qisməti nə olur dik duran başın,

Yerləri çaş düşən payızın, qışın

Xəzanı nə olur, donu nə olur?

Görüm kimin əli kimin cibində

Kimlər nəfsi ilə qaldı kəbində

Yorulmuş torpağa vaxtsız əkində

Atılmış toxumun dəni nə olur?

Bakı, 2012

Qar çiçəyi

Ötən ilin xəzəlindən işıldayan bir incisən

Bahar ünlü çiçəklərdən birincisən

Qalib çıxdın bu yarışdan

Turdanmı sən

Qar çiçəyi!

Qıymadılar birincilik pilləsini,

Sənə şərik eylədilər bənövşəni,

İndi küsüb dönəcəksən

Yoldanmı sən,

Qar çiçəyi!

Görməsinlər, dərməsinlər səni, aman

İz itirib, seçilmə heç bəyaz qardan

Qoy desinlər, bu nə sirdir,

Qardanmısan

Qar çiçəyi!

Çaş-baş salıb yəqin səni yaz günəşi

Nə biləsən var işığı, yox atəşi

Daha gecdir, qəm eləmə

Aldanmısan

Qar çiçəyi!

Sən baharın gül qoxulu qaranquşu

Tələsirsən, çaş salırsan yazı-qışı

Bu nə təşviş, qurtarmısan

Dardanmı sən!

Qar çiçəyi!

Göz açırsan, bir yanın yaz, bir  yanın qış,

Ləçək tacın bir gün qardır bir gün yağış.

Umacaqsan yenə bir şey

Qordanmı sən

Qar çiçəyi!

Bir yanında yarım donmuş qara torpaq,

Bir yanında əriməmiş qar ağappaq.

Qorunasan sağdanmısan,

Soldanmısan

Qar çiçəyi!

Qışda yazı gözləyənin tamarzısı

Şairlərin qar içində gül arzusu

Bəs onları qoyacaqsan,

Peşmanmı sən,

Qar çiçəyi!

Heç bu yaza çıxmağıma inanmırdım

İndi coşur ürəyimdə arzularım

Ümidlərə çıraq tutan

Nurdanmısan

Qar çiçəyi!

Buynuz, 2005

Bu dünyanın qara daşı göyərsə

Bu dünyanın qara daşı göyərməz...

Musa Yaqub

Bir qara daş göyərməklə yaz olmaz

Daş qəlblərə insaf hökmü yazılmaz

Milyon ilin daş ahəngi pozulmaz

Bu dünyanın qara daşı göyərsə

Daş dəyişib daş xislətindən dönməz

Nə göy rəngə, nə qaraya sevinməz

Ağ daşların daha qədri bilinməz

Bu dünyanın qara daşı göyərsə

Gör nə vaxtdır yuva salıb içimdə

İlk məhəbbət bir qara daş biçimdə

Bəlkə elə göyərdi ilk eşqim də

Bu dünyanın qara daşı göyərsə

Yaradanın iradəsi əzəldir

Rəngi verən, rəngi pozan o Əldir

Tanrı özü göyərdərsə, gözəldir

Bu dünyanın qara daşı göyərsə

Bakı, 2011

Hara gəldi çıxdı

                   Dünya ayaq baş oldu

                   Baş hara gəldi çıxdı

                   Bostanıma daş atdın

                   Daş hara gəldi çıxdı

                             Musa Yaqub

Qalmır ağızda bişə

Dözmür vaxtı yetişə

Hörmətdən düşə-düşə

Söz hara gəldi çıxdı.

Haqq vuruldu çiynindən,

Boğulduq şər iyindən,

Yalanın hay-küyündən

Düz hara gəldi çıxdı.

Kim neyləsin bu dərdə,

Çaş iş yenə çəp əldə

Qaşı düzəldən yerdə

Göz hara gəldi çıxdı.

Zamanı fürsət bildi

Bir beşi basdı, sildi,

Xırdalandı kiçildi

Yüz hara cəldi çıxdı.

Yağı çapdı ulusu,

Getdi elin yarısı

Axtaranda baisi,

İz hara gəldi çıxdı

Bakı, 2008

Nəvələr

Bu səhər dünyaya bir insan gəldi

Payladı hamıya rütbə, san gəldi.

Bir pillə qalxmayan mən zavallını

Baba zirvəsinə qaldıran gəldi.

Şəcərədə pöhrə budaq, fidan qol,

Yeni nəsil, yeni aləm, yeni yol

Ömür qısa, dünya fani, istək bol

Arzulara təzə ünvan nəvələr

Tanış gəlir bu qaş, bu göz, bu çənə

Hər birisi bir doğmadan nişanə

Axşam evə tez gəlməyə bəhanə

Gecə bizi oyaq qoyan nəvələr.

Ocağımızda gül ətirli xoş nəfəs

Gülüşləri dərdə məlhəm, tütya səs

Yaşamağa həm çağırış həm həvəs

Həm də sərhəd nişan qoyan nəvələr

Bir az toran görən gözüm əvəzi

Taqəti səngiyən dizim əvəzi

Vaxtsız itkilərə dözüm əvəzi

Nə bilim bəlkə də özüm əvəzi

Sonu yadımıza salan nəvələr.

Bakı, 2014

Məhəbbətim

(mahnı)

Bir cür hissdir, yüz cür yozum

Heç bilmirəm hara yozum

Məhəbbətim mənim cəzam

Məhəbbətim əhvim mənim

Gah coşur, gah donur qanım

Ağlayır, gah gülür canım

Məhəbbətim yaradanım

Məhəbbətim məhvim mənim

Xəyanətim, sədaqətim

Ehtirasım, saf niyyətim

Məhəbbətim həqiqətim

Məhəbbətim səhvim mənim

Sualımsan cavabımsan

Günahımsan savabımsan

İtki dolu kitabımsan

Məhəbbətim nəfim mənim

Məişət hikmətləri

Güc çatmırsa dərdi çalış ver yola

Başın varsa heç vaxt salma zor qola

Toy bayramdır elnən gələn dərd-bəla

Palaza gir elnən sürün deyərlər.

Sevgi hissi hər duyğudan əzəldir

Təki gəlsin nə vaxt gəlsə gözəldir

Tənələrdən qorxma tamam qəzəldir

Bəd ayaqda sənə Məcnun deyərlər.

Zəif sayıb cumma qadın üstünə

Bir od qoyar el yığılar tüstünə

Fərqi olmaz dursa sənin qəsdinə

Erkək yaxud dişi şirin deyərlər.

Sərvət eşqi qoyma meydan oxusun

Geniş qəlbin tanrı verər ruzusun

Səxavətli kəslər min il var olsun

Qıymazları getsin dərin deyərlər.

Savab işcün əldən vermə zamanı

Qəlb sındırma möhkəm qoru imanı

Çılpaq əllə yuvasından ilanı

Tək çıxarar dili şirin deyərlər.

Dağların

Görün necə yaşa dolub qocalıb,

Kürəyini zaman əyib dağların.

Qaşqabağı niyə yerlə sürünür

Xatirinə kimlər dəyib dağların.

Milyon nəslin gəlib çıxıb sonuna

Kimlər gəlib kimlər gedib, ona nə

Cığırına, irizinə, yoluna

Gör nə qədər ayaq dəyib dağların.

Sal qayalar bir-birinə yaraşıq

Duruşundan dağ vüqarı almışıq

Zirvələrə, yoxuşlara qalxmışıq

Suyun içib, barın yeyib dağların.

Zirvəsindən günəş doğar hər səhər

Dolaylardan yayı-qışı meh əsər

Səməd Vurğun, Musa Yaqub, Ələsgər

Gör şəninə nələr yazıb dağların

Buynuz, 1973

İman olmasa

Dərd basıb yüküylə əyər insanı

Ona məlhəm çəkən zaman olmasa

Zülmət bir gecəyə yeyər insanı

Nurlu bir səhərə güman olmasa.

Şeytanla mələyin fərqi bilinməz

Mərdlə namərdlərin səddi bilinməz

Yaxşı adamların qədri bilinməz

Yanından boylanan yaman olmasa.

Bu dünya kökündən gəldi gedərdir

Bir ucu sevincdir, biri kədərdir

Əzrayıl rəhminə ümid hədərdir

Tanrının qərarı aman olmasa.

Nə dərdə dərmançın zaman gözləmə

Nə nurlu sabahdan güman gözləmə

Nə göyə əl açıb aman gözləmə

Qəlbində Allaha iman olmasa.

Bakı, 2000

Payız

Payız qəfil gəlir vaxtsız qonaqtək

Ovqatı qəm olur, sovqatı yağmur.

İlin payızına nə var, dönəcək

Ömrün payızısa gəlir qayıtmır.

Buynuz, 2000

Sözümə baxmır

Əlim dizimə çatmır

Səsim özümə çatmır

Səbrim dözümə çatmır

İçim tüğyan edəndə

Çölüm sözümə baxmır.

Arzular bitən yerdə

Ümidlər itən yerdə

Həyatdan bezən yerdə

Əcəli haylayanda

Ölüm sözümə baxmır.

Bu qismətə alış, sus

Bu taleylə barış, sus

Bu kütləyə qarış, sus

And içirəm susmağa

Dilim sözümə baxmır.

Nə etiraz, nə üsyan

Göydədir yazan-pozan

Əl uzadıb Tanrıdan

Daha bir şey ummağa

Əlim sözümə baxmır.

Lövhə və töhfə

Göy üzündən, yer altından

Zirvələrin qar qatından

Qayaların daş çatından

Axıb gəlir bum-buz bulaq

Bir sağolluq niyyəti yox

Təmənnası minnəti yox.

Gəlib işıq görən yerdə

Bulaq düşür yaman dərdə

Çıxır məcburi paydaşı

Əlində bir paslı boru

Bir-iki cüt mişar daşı

Bəs deyil ortaq olmağı

Bir lövhə də hələ vurur:

"Filankəsin buz bulağı".

Təmkini görk təbiətin

Bu əvəzsiz töhfəsini

Öyməyəsən nə edəsən

Zorən şərik çıxan kəsin

Palaz boyda lövhəsini

Söyməyəsən nə edəsən.

Buynuz, 2011

Azad ruh

"Nəhayət ki, mən azadam" -

(Martin Lüter Kinqin qəbirüstü yazısı)

Ayağımda qandal yoxdur,

Ölkələri, diyarları gəzib gəldim,

Qollarımda zəncir yoxdur,

Dənizləri, dəryaları üzüb gəldim.

Gözlərimi qapayan yox,

Bu dünyanın hər üzünə baxıb gəldim,

Sözlərimə göz qoyan yox,

Şeir olub, nəğmə olub axıb gəldim.

Təkcə ruhum qəfəsdədir,

Heç bilmirəm

Bu dərd mənə hardan olub,

Cılız bədən od ruhuma

Necə dönüb zindan olub.

Bəlkə elə haqlıymışlar misirlilər,

Bu dünyanı

Axirətə, azadlığa bir hazırlıq sayan zaman,

Kim nə bilir,

Bəlkə insan azadlığa qovuşacaq,

Ruh bədəndən çıxan zaman.

Amma di gəl neyləyəsən,

O dünyadan xəbər verən

Heç görmədim bir kəsi mən,

Gəl inanaq məzar üstə yazılana:

"Nəhayət ki, azadam mən".

Bu qış Musa Yaqub kənddə görünmədi

Ağ yorğan döşənib kəndə kəsəyə

Şairin qar üstə izi görünmür.

Tərifə susamış bəyaz dünyada

Şairin ruhu var özü görünmür.

Sözdən təbiətə ağ libas tikən

Təmizə isinən dərzi görünmür.

Dağdağan altında üşüyən daşın

Üstündə "növbətçi yüzü" görünmür.

Lap elə cənnətin özü olsun kənd

Şairsiz ləzzəti, düzü, görünmür.

Toyda mərəkədə söz-söhbətlərin

Şairsiz məzəsi-duzu görünmür.

Qayıt kəndinə gəl yoxsa bu elin

Qışı möhkəm durub yazı görünmür.

Gəl bu yolu qoşa gedək əzizim

(mahnı)

Yenə küsüb durma belə havalı

Gəl bu yolu qoşa gedək, əzizim

Dağ da dağa söykənəndə əyilməz

Gəl bu yolu qoşa gedək, əzizim.

Qoşa qaya cüt duruşdan vüqarlı

İki zirvə o buludlu bu qarlı

Ayrılıqdan qəlbim tamam qubarlı

Gəl bu yolu qoşa gedək, əzizim.

Tək getdiyin o yollarda xəzan var

Tənhalıqda baş itirən, azan var

Səni mənim taleyimə yazan var

Gəl bu yolu qoşa gedək, əzizim.

Mən kövrəyəm heç bir mehə tabım yox

Yağış nədir, zərif şehə tabım yox

Ayrılığa Vallah daha tabım yox

Gəl bu yolu qoşa gedək, əzizim.

Xatirə dəftərindən

Yüz dəfə yuxumda öpmüşəm səni,

Əlim-əllərinə dəyənə kimi.

Adına bir kitab şeir yazmışam

Bir kəlmə "sevirəm" deyənə kimi.

Gecələr qapında yatıb qalmışam,

Ağactək yolunda bitib qalmışam,

Bu nurlu dünyada itib qalmışam,

Bir işıq meylini duyana kimi.

Eşq sənin qəlbinin deyilmiş yemi,

Mən nahaq çəkirəm bu dərdi, qəmi.

Gedib görəcəyəm lap cəhənnəmi

İzini qəlbimdən yuyana kimi.

Bədbin dostuma

"Bu dünyanın sonu yalan,

Bu tunelin sonu dalan,

Bu gecənin sonu zülmət,

Bu sevginin sonu həsrət,

Bu yoxuşdan eniş yoxdur

Bu uçurumdan dönüş yoxdur,

Bu zəminin taxılı yox, samanı bol,

Bu çiçəyin qoxusu yox, tikanı bol,

İnsanların yaxşısı yox, paxılı çox, yamanı bol,

Bu boş şeydir, o birisi  heç,

Bu pis şeydir, o birisi puç"

- Dayan, mənim bədbin dostum,

Saxla görüm, bu "yox"ları, bu "heç"ləri, 

Bir dur görüm bədbin dostum.

Görmürsənsə o tunelin sonundakı işığı sən,

İçindəki ümid nuru sönüb demək,

Hər gecənin sonu səhər, hər zülmətin sonu işıq,

İnanmırsan,

Səndən sənin istəklərin, arzuların dönüb demək.

Uçurumlardan dönüş yoxsa

Uçmağa can atmalısan,  

Nə bilirsən, bəlkə səni götürməkçün qanadına

Simurğ quşu gələcəkdir nağıllardan.

Ümidini üzmə, qardaş, təki inan.

O zirvənin fəthi üçün

O zirvədən enişini görsən gözəl,

O çiçəyin qoxusunu bilmək üçün,

Tikanından çəkinməyib,

O çiçəyi dərsən gözəl.

Görmədinsə, dərmədinsə,

Ümidini üzmə, qardaş,

Zirvə durur, sən durursan, təki inan

Gələn ilin çiçəyini qoxuyarsan, təki inan.

Bir sevginin sonu həsrət

Min həsrətin sonu vüsal.

Sevgi insan qəlbindədir,

Məhəbbətin yeri xəyal,

Sən onunla yaşa güc al.

Həsrətin də, nifrətin də

Dərmanı var, o da zaman

Təki səbr et, təki inan

Günah - yağış

Bu il yaman yağış yağır

Çaş-baş salıb mövsümləri

Yaz, yay yağır, payız yağır

Alt-üst olub aləm sanki

Səmalardan dünya yağır,

Qalxıb göyə okeanlar,

Başımıza dəniz yağır, dərya yağır

Deyirlər ki, yağan yağış buludların göz yaşıdır

İnanmıram, göz yaşları həmlə olmur,

damla olur

Sancı olmur damcı olur

Bu, fələyin sel qarğışı

Cəzasıdır, tənbehidir

Tanrımızın "SOS" səsidir,

Qiyamətin avansıdır

Məhşərlərin müjdəsidir.

Bu, göylərin nifrinidir, qarğışıdır

Kim deyir ki, bu yağışdır

Belə yağış olmur əsla

Bu, boş-bekar əlimizə,

Böhtan deyən dilimizə,

Əldən gedən dinimizə,

Açılmayan gülümüzə

Bu, göylərdən gələn əvəz

Gerçək qiymət, düz baxışdır.

Kim deyir ki, bu yağışdır

Bu, əcaib günahlara

Bu, bircinsli nikahlara

Bu, surroqat analara

Bu, kapsula atalara

İnqubator uşaqlara

Bu, Sodoma, Homorraya

Qələtlərə, xətalara son qoymağa

Fələklərdən çağırışdır.

Kim deyir ki, bu yağışdır

Bu, atəşdir.

Bu, həyəcan təbilidir

Bu, bir səsdir.

Dəryazımız bülöv görmür pas içində

Kərəntimiz ağlar gündə, yas içində

Əkin yeri həsrət qalıb

Kəl dırnağı, hey səsinə

Xırmanımız ağı deyir

El yığılıb vay səsinə

Bircə daşı daş üstünə qoymayırıq

Hələ tanrı verənləri həzm edirik

Atəş mənim, tüstü onun

Altı mənim üstü onun

Ağacları budaq-budaq qırıb satdıq

Çiçəkləri ləçək-ləçək yığıb satdıq

Neftimizi, qazımızı borularla

Bulaqları su çəninə yığıb satdıq

Sinəsində şəhid qanı torpağımız

Kürsü, mənsəb savaşına qurban getdi

Namusumuz, qeyrətimiz, papağımız

Ailəmizin bir qarınlıq çörəyinə

Bozbaşına qurban getdi

Göydəkilər diksindilər ünümüzə

Ağladılar günümüzə

Bu, onların günümüzə göz yaşıdır

Kim deyir ki, bu yağışdır

Sözsüz bizim günahları duyur Allah

Yəqin bizim xətaları, xəyanəti,

Suya çəkir yuyur Allah

Nəyimizi yuyur Allah

Niyə bizi yuyur Allah

Dünya çirkab içindədir

Haramızı yuyur Allah

Halalımız ələ düşmür

Harammızı yuyur Allah

Biz Adəmin nəslindənik,

Bir buğdanın həvəsinə

Cənnətimizi tərk edənik

Yaradanım,

İnsan oğlu təmizlənməz

Min leysanla min yağışla,

Sən gəl bizi ya bir yolluq düz yola qoy

Ya bağışla!!!

Bakı, 2014-cü il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see217

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see133

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see131

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see130

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see124

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see118

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see117

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see116

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see116

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see115

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see114

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see114

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see114

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see113

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see113

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see113

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi Video

20 May 2025 10:09see113

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see113

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see112

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri