Alyaskadan Avropaya, yaxud Yaxın Şərqə...
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.


Ankoric ədalətli və davamlı sülhə şahidlik edəcəkmi?
Bu gün Alyaskanın ən böyük şəhərində - Ankoricdə ABŞ-Rusiya münasibətləri və Rusiya-Ukrayna müharibəsinin müqəddəratı həll olunacaq. Bu görüş Rusiya üçün son şans kimi də qiymətləndirilir. Görüşöncəsi tərəflərin hazırlığı və verilən bəyanatlar heç də danışıqların hamar yolla aparılacağına ümid vermir. ABŞ tərəfi Alyaska görüşünün konstruktiv olacağına əminliyini bildirsə də Rusiya və Ukrayna, eləcə də rəsmi Kiyevin tərəfdarları olan Avropa ölkələri fərqli bəyanatlar səsləndirirlər.
Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşün proqramı razılaşdırılıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə brifinqində bildirib ki, dövlət başçıları əvvəlcə təkbətək danışacaq, daha sonra isə iki ölkənin nümayəndə heyətləri ilə işçi səhər yeməyi formatında görüş davam edəcək. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, liderlər beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, həmçinin ikitərəfli əməkdaşlıq, ticarət və iqtisadi əlaqələr məsələlərinə toxunacaqlar.
Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşü avqustun 15-də yerli vaxtla saat 11:30-da, Bakı vaxtı ilə isə 23:30-da baş tutacaq.
Putinlə Tramp arasındakı danışıqlar “5-ə 5” formatında keçiriləcək. Rusiya tərəfdən danışıqlar qrupuna Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.
Rutte: Top indi Putindədir...
Srağagün ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlar aparıb. Danışıqlarda Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Aİ liderləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte iştirak edib. Avropa Komissiyasının sədri Ursula on der Lyayen və NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkə hesablarında ABŞ Prezidenti, Ukrayna Prezidenti və bir sıra Avropa liderləri ilə birgə telefon danışığı apardıqlarını açıqlayıblar. Fon der Lyayenin sözlərinə görə, tərəflər Alyaskada keçiriləcək ikitərəfli görüşü müzakirə edib və Ukrayna ilə bağlı Avropa, ABŞ və NATO-nun ümumi mövqeyinin gücləndirilməsini təsdiqləyiblər. “Biz sıx koordinasiyanı davam etdirəcəyik. Heç kim sülhü bizdən daha çox istəmir - ədalətli və davamlı sülhü”, - o əlavə edib.
Mark Rutte isə qeyd edib ki, müttəfiqlər Ukraynaya qarşı müharibəni dayandırmaq və ədalətli və davamlı sülhə nail olmaq istəyində yekdildirlər. “Trampa liderliyinə və tərəfdaşlarla qarşılıqlı fəaliyyətinə görə minnətdarıq. Top indi Putindədir”, - o bildirib.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə etmək niyyətindədir: “ABŞ Prezidentinin Rusiya Prezidenti ilə Alyaskada keçirəcəyi görüşdə əsas məqsədi atəşkəs istəməkdir”, - Makron deyib. Fransa lideri Avropanın mövqeyini də xatırladıb və ərazi məsələlərinin yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğunu bildirib. “Ərazilərin mübadiləsi ilə bağlı heç bir müzakirə aparılmayıb (Trampla onlayn görüşdə - red.)”, - Fransa Prezidenti qeyd edib. Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Makron heç nəyin istisna edilmədiyini bildirib.
KİV feyk xəbərlər yayır...
Tramp isə “Trump Social” şəbəkəsində Vladimir Putinlə avqustun 15-də Alyaskada keçiriləcək görüşünün ABŞ KİV-ləri tərəfindən işıqlandırılma tərzini tənqid edib: “Əgər Rusiya ilə sövdələşmə çərçivəsində Moskva və Leninqradı əldə etsəydim, feyk xəbərlər pis sövdələşmə bağladığımı deyərdi”. O, paylaşımında jurnalistlərin “işdən çıxarılmış uğursuzlardan sitat gətirdiyini” bildirib və görüşün ABŞ-d keçiriləcəyinə baxmayaraq, “Putinin artıq qalib gəldiyini” söyləyən prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu xüsusilə qeyd edib.
Tramp vurğulayıb ki, onun fikrincə, ABŞ həmişə qalib gəlir, KİV isə feyk xəbərlər yayır. KİV-ləri korrupsiyada ittiham edən siyasətçi onların “ölkəyə nifrət etdiyini” deyib, lakin bunun onun uğurlarına mane olmayacağına əmin olduğunu söyləyib.
Trampdan Putinə xəbərdarlıq...
Donald Tramp Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib. Tramp bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı deyib.
Zelenskinin atəşkəs ümidi...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid etdiyini bildirib.
Bunu o, Almaniya ansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib: “Biz Alyaskada görüş haqqında danışdıq. Ümid edirik ki, danışıqların əsas məqamı atəşkəs olacaq”,
Eyni zamanda, Zelenski bir daha qeyd edib ki, Ukrayna Konstitusiyası onun ərazi bütövlüyünün pozulmasına imkan vermir. “Nə qədər ki, dövlətin konstitusiyası dəyişməz qalıb, mənim başqa mövqeyim ola bilməz”, - o əlavə edib.
Merts: Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır
Almaniya ansleri Fridrix Merts isə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları ilə bağlı Avropanın mövqeyini açıqlayıb.
O, Kiyev və onun Aİ və NATO tərəfdaşları tərəfindən razılaşdırılan əsas prinsipləri açıqlayıb: “Sonrakı görüşlər olarsa, Ukrayna danışıqlar masasında olmalıdır; danışıqlar düzgün qaydada aparılmalıdır - atəşkəs ilkin mərhələdə olmalıdır; Ukrayna ərazi məsələləri üzrə danışıqlara hazırdır, lakin Rusiyanın işğal etdiyi ərazilərin hüquqi cəhətdən tanınması müzakirə belə edirmir; Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır”.
3 əsas bənd
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə avqustun 13-də Ukrayna ilə bağlı təşkil etdiyi onlayn konfransda həmsöhbətlərinə çatdırdığı 3 əsas bəndi qeyd edib.
“Avropa Həqiqəti” nəşri yazır ki, Koşta Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib: “Prezident Tramp bizimlə çox vacib üç məqsəd bölüşdü. Birincisi, atəşkəsdir”, - deyə Koşta bildirib.
Aİ Şurasının sədri ikinci bənd kimi ABŞ-n “Ukraynadan başqa heç kimin Ukrayna məsələləri üzrə danışıqlar apara bilməz” mövqeyini vurğulayıb.
“Üçüncü element - Ukrayna üçün uzunmüddətli və ədalətli sülh əldə edildikdə ABŞ-n Avropa ilə təhlükəsizlik şərtlərinin gücləndirilməsi səylərini bölüşməyə hazır olmasıdır”, - Koşta qeyd edib.
Təhlükəsizlik təminatları Kiyevin əsas tələbi olsa da, son aylarda Vaşinqton Ukrayna üçün təminatları müzakirə etməyib, ona görə də Zelenskinin ABŞ-n zəmanətlərini, yoxsa Avropanın “istəklilər koalisiyasını” nəzərdə tutduğu hələ aydın deyil.
Avropa liderlərinin razılaşdığı və ABŞ Prezidentinə telefon danışığında təqdim etdiyi beş prinsipdən danışan Zelenski Ukraynanın bütün danışıqlara qatılmalı, atəşkəsin başlanğıc nöqtəsi olmalı, ölkəsinə təhlükəsizlik zəmanəti verilməli olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynanın NATO-ya daxil olmasına veto qoymaq hüququ olmamalıdır və Rusiyaya birgə təzyiq lazımdır.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 15-də Alyaskada ABŞ rezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənilən görüşündən sonra Amerika lideri ilə telefon danışığı həyata keçirməyi planlaşdırdığını bildirib: “Tramp mənə Alyaskadakı görüşdən sonra onunla əlaqə saxlamağı təklif etdi. Əgər olacaqsa, bütün nəticələri müzakirə edəcəyik, həmçinin növbəti qarşılıqlı addımlarımızı müəyyən edəcəyik”, - o qeyd edib.
Üçtərəfli sammit keçiriləcək?
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında üçtərəfli sammit Avropa və ya Yaxın Şərqdə keçirilə bilər. “The Guardian” yazır ki, ABŞ, Ukrayna və Avropa liderlərinin iştirak etdiyi videokonfranda Zelenski, Tramp və Putin arasında mümkün görüşün yeri müzakirə olunub. Nəşr qeyd edir ki, onlar çox güman ki, Avropa və Yaxın Şərqdəki şəhərləri nəzərdən keçiriblər.
Qeyd edək ki, avqustun 15-də Tramp Alyaskada Putinlə görüşəcək. Zelenski danışıqlarda iştirak etməyəcək. Eyni zamanda Amerika lideri bildirib ki, Putinlə görüşü uğurlu olarsa, Zelenski ilə üçtərəfli formatda görüş təşkil edəcək.
Avqustun 20-dək...
ABŞ Maliyyə Nazirliyi avqustun 20-dək iki ölkə prezidentlərinin Alyaskada görüşünün hazırlanması və keçirilməsi ilə bağlı bəzi maliyyə əməliyyatlarını Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan azad edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində deyilir.
Söhbət Alyaska ştatında keçiriləcək görüşlərdə iştirak üçün zəruri olan əməliyyatlardan gedir. Sənəddə vurğulanır ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.
Vaşinqton sanksiyalar və ikinci dərəcəli rüsumlar tətbiq edə bilər
ABŞ Prezidenti Donald Tramp Ankoricdə keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə Ukraynada müharibəyə son qoymaq müqabilində Alyaskada nadir faydalı qazıntıların işlənməsini təqdim etməyə hazırlaşır.
“The Daily Telegraph” mənbələrə istinadən bildirdiyinə görə, Trampın digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Qeyd edilir ki, belə bir sövdələşmə Amerikanın “Boeing” konserni üçün çox sərfəli ola bilər.
Təkliflər arasında Putinə hazırda Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində nadir faydalı qazıntılara çıxış imkanı da daxildir.
Qeyd olunur ki, ABŞ-n maliyyə naziri Skott Bessent atəşkəs sazişinin bağlanmasını sürətləndirmək üçün Rusiya ilə edə biləcəyi iqtisadi kompromisləri öyrənir.
Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı jurnalistin Moskvaya qarşı konkret rüsumlar və ya sanksiyalar ilə bağlı sualına Tramp: “Bu barədə danışmayacağam”, - deyə cavab verib.
“The Independent”in məlumatına görə, ABŞ-n maliyyə naziri Skott Bessent bəyan edib ki, avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçirilməsi planlaşdırılan görüşün nəticə verməyəcəyi təqdirdə Vaşinqton sanksiyalar və ikinci dərəcəli rüsumlar tətbiq edə bilər. O deyib ki, Tramp Putinə bütün variantların mümkün olduğunu aydın şəkildə bildirəcək. Bununla yanaşı, maliyyə naziri Avropa ölkələrinin liderlərini də Tramp-Putin görüşünün Ukraynada atəşkəsin dayandırılması məsələsində nəticəsiz olacağı halda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Nardar Bayramlı

