Ana dilinin elmi keşikçisi
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Noyabrın 26-sı Azərbaycan dilçilik elminin və pedaqoji fikrinin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin anadan olmasının 99-cu ildönümüdür. Yüzillik yubileyinin astanasında bu böyük alimi yad edərkən gözlərim önündə təkcə sanballı elmi əsərlərin müəllifi deyil, həm də auditoriyaya daxil olanda tələbələrinə doğmalıq, işıq və elmə həvəs gətirən unudulmaz bir müəllim canlanır.
Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Dərələyəz mahalının Qovuşuq kəndində dünyaya göz açıb. Uşaqlıqdan eşitdiyi saf el dili, doğma yurdun təbiəti və qədim adət-ənənələri onun sözə, milli yaddaşa olan sevgisinin ilk rüşeymlərini qoyub. Müəllimlik peşəsinə olan böyük marağı onu əvvəlcə Naxçıvan Dövlət Müəllimlər İnstitutuna (1948-1950), daha sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (1951-1955) gətirib.
O, elm yolunun bütün pillələrini zəhmətlə, pillə-pillə qalxıb. Əmək fəaliyyətinə doğma Qovuşuq kəndində adi məktəb müəllimi kimi başlayıb, rayon maarif şöbəsində inspektor işləyib, sonradan həmin məktəbə direktorluq edib (1957-1959). Kənd məktəbində qazandığı bu zəngin həyat və pedaqoji təcrübə sonradan onun ali məktəb auditoriyalarında əsl ustad kimi yetişməsində mühüm rol oynayıb. 1959-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil alması ilə həyatını həmişəlik bu elm ocağına bağlayıb. Ömrünün sonunadək bu universitetdə müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. 1965-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə edib.
Bu gün həmin ali təhsil ocağında – ADPU-da elmi işçi və müəllim kimi fəaliyyət göstərən bir dilçi olaraq onun dərslərini və tələbələrə göstərdiyi qayğını xüsusi minnətdarlıqla xatırlayıram. Həsən müəllim tələbənin içindəki elmi potensialı kəşf etməyi bacaran nadir pedaqoqlardan idi. I kursda oxuyarkən ağdamlı olduğumu (o zaman Ağdam işğal altında idi) biləndə mənə tapşırdı ki, 100 vərəqli bir dəftər alım və Ağdamın yer-yurd, çay, bulaq, dağ-dərə adlarını toplayıb izahını verməyə çalışım. Əks halda kurs işindən yüksək qiymət verməyəcəyini dedi. Xüsusi bir şərt də qoydu ki, dəftər vərəqinin hər iki üzünü dolduracaq sayda adlar toplayıb yazmalısan. Həmin adlarla bağlı rəvayət və əfsanələri də yaşlı nəsildən soruşub öyrənməlisən. Necə yazmağı, coğrafi adları necə toplamağı, yaşlı nəsli necə danışdırmağı da ətraflı izah etdi. Müdafiə günü yazılarımı oxuyub çox bəyəndi, əlavə sual vermədən ən yüksək qiyməti yazdı. Həmin ərəfədə bizə dərs deyən, o vaxtlar ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışan professor Aydın Hacıyevin yubiley tədbirində tələbə kimi söz alıb, sevimli müəllimimizi təbrik edərkən Səməd Vurğunun məşhur misralarını dəyişərək: "Bilirəm ki, deməyəcək, bir tələbələrin, bir də Vətən, / Ay Aydın müəllim, nə tez qocaldın sən!" - demişdim. Aydın müəllim çox ciddi pedaqoq idi, bütün tələbələr ondan bir az çəkinirdilər. Həsən müəllim kurs işimə qiymətimi yazandan sonra gülərək zarafatla: "Aydın müəllimin üzünə də yaman dedin a: ay Aydın müəllim, nə tez qocaldın sən – cəsarətli qızsan ki, öncədən adın çıxış edənlər arasında olmasa da, söz istəyib, elə gözəl çıxış etdin!" – deyə məni ruhlandırmışdı. Sonra əlavə etdi: "Çıxışın çox xoşuma gəldi. Sözün düzü, 100 səhifəni mən elə-belə demişdim. Ən çoxu nəzərdə tutmuşdum. Amma sən bu kurs işini yaxşı işləmisən. Diplom işi kimi. Amma 50 səhifə də yazmış olsaydın, sənin Aydın müəllimin yubileyindəki çıxışına elə 5 düşürdü". Məhz onun o vaxt verdiyi 100 vərəqli dəftər tapşırığı məndə toponimikaya böyük maraq oyatdı. Sonradan bakalavr diplom işim də, magistr və fəlsəfə doktorluğu dissertasiyalarım da toponimlərə həsr olundu.
Həsən müəllim IV kursu bitirəndə də, ADPU-da elmi işçi kimi fəaliyyətə başlayanda da öz dəyərli məsləhətlərini əsirgəmirdi. Həmişə deyirdi: "Hər gün bir vərəq götür, elmi işindən bir səhifə yaz.
Yazmadığın günlərdə də ağ vərəqə yaz ki, mən bu gün heç nə yazmadım. Sonra həmin vərəqi götürüb bir kənara qoy. Sonda gör hansı vərəqlərin sayı daha çox olacaq. Çalış "bu gün mən heç nə yazmadım" yazdığın vərəqlərin sayı az olsun. Çünki onlar o deməkdir ki, sən bu gün heç bir iş görməmisən. Amma 4 ay hər gün bir səhifə yazsan, 100 səhifədən çox elmi yazın yaranacaq”. Onun bu sadə, lakin dərin mənalı tövsiyəsi bu gün də həm elmi axtarışlarımda, həm də auditoriya fəaliyyətimdə əsas yol göstəricimdir.
Həsən müəllimin mənə Ağdam toponimlərini toplamağı tapşırması təsadüfi deyildi. Çünki Həsən Mirzəyev özü də Qərbi Azərbaycanın yer adlarının, tarixi toponimlərinin yorulmaz tədqiqatçısı idi. O, tədqiqatçı-alim kimi hər bir yer adında xalqın tarixi yaddaşını, keçdiyi yolları görürdü. Bununla yanaşı, Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsinin ən dərin araşdırıcılarından biri kimi tanınıb. 200-dən çox elmi məqalənin, 25 kitabın və 10-a yaxın dərs vəsaitinin müəllifi olan alim həm də zərif qəlbli şair idi. Aşıq yaradıcılığına, canlı xalq sözünə dərindən bağlı olan Həsən Mirzəyev 2008-2015-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin üzvü kimi saz-söz dünyasına məhəbbətini əməli fəaliyyəti ilə nümayiş etdirib.
O, bir alim kimi yalnız elmi tədqiqatlarla kifayətlənmir, ölkənin taleyüklü məqamlarında da hər zaman ön sırada dayanırdı. Həsən Mirzəyev 1990-cı illərin mürəkkəb ictimai-siyasi proseslərində əsl ziyalı və vətəndaş mövqeyi nümayiş etdirərək məşhur "91-lər"in sırasında yer alıb, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə çalışıb, Milli Məclisin deputatı kimi xalqına xidmət edib. Akademik Nizami Cəfərov onun bu çoxşaxəli fəaliyyətini belə dəyərləndirib: "Həsən Mirzə ilk növbədə Azərbaycan dilinin müəllimi, təəssübkeşi və dərsliklərinin müəllifi kimi gəncliyimizə böyük təsir göstərib. O, həm xalq ədəbiyyatının dərinliklərinə nüfuz edən gözəl şair, həm də milli-mənəvi dəyərlərimizin qorunması və dövlət siyasəti səviyyəsinə qaldırılmasında böyük xidmətləri olan dəyərli ziyalı, Azərbaycanşünas idi". Dövlətimiz də onun xidmətlərini yüksək qiymətləndirib. Belə ki, Həsən müəllim 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
2015-ci il fevralın 25-də haqq dünyasına qovuşan və İkinci Fəxri xiyabanda dəfn olunan professor Həsən Mirzəyev bu gün də əsərlərində, ana dilimizin elmi tarixində və yetişdirdiyi tədqiqatçıların işində yaşayır. Onun sözə, yaddaşa və zəhmətə verdiyi dəyər zaman keçdikcə daha aydın görünür. Xatirəniz daim əzizdir, unudulmaz müəllimim. Ruhunuz şad olsun!
Aynurə Əliyeva
ADPU-nun elmi işçisi və müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 Noyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















