Ançelotti Braziliya ittifaqı nə vəd edir?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Titullu və dünyaca məşhur Karlo Ançelottinin Braziliya yığmasının “sükanı arxasına” keçəcəyini xəbər vermişdik.
Bəs onun pentakampeonlarla işbirliyindən nə gözləyək?
Zarafatdan arzuya qədər
Məlum olduğu kimi, Braziliya “sabun operaları”nın vətənidi. Bəzən ssenari müəllifləri süjeti elə qarışdırırlar ki, adamda serialın heç vaxt bitməyəcəyi təəssüratı yaranır. Ancaq gec-tez sonluq gəlib çatır. Uğura nail olmağın əsas yolu ideal məqamı tapmaqdı. Karlo Ançelotti və Braziliya yığması ilə bağlı söhbətdə həmin məqam məhz indi yetişib, ona görə ki, heç vaxt olmadığı qədər bir-birinə lazımdılar.
Pentakampeonların dünya futbol tarixinin ən uğurlu məşqçilərindən birinə maraq göstərməsi ilə bağlı ilk xəbərlər yayılanda, yəni təxminən iki il əvvəl bu ittifaq ən müxtəlif səbəblərdən mümkünsüz idi. Hər şeydən əvvəl pula görə; Braziliya Futbol Konfederasiyasının (BFK) bu səviyyədə mütəxəssis üçün pulu yox idi. Daha dəqiqi, Karlo ilə müqavilə üçün pul çatacaqdı, ancaq yalnız o şərtlə ki, “Real”a kompensasiya ödəmək lazım gəlməsin.
Ancaq “kral klubu”nun prezidenti Florentino Peres fenomenal 2021/22 mövsümündən cəmi bir il sonra Ançelottini qovmağı heç ağlının ucundan da keçirmirdi. Dünyanın bütün titullarını qazanan “ağ şimşəklər”, sadəcə, müəyyən fasilə götürmüşdülər ki, “emosiya batareyalarını doldursunlar” və iki il sonra klub muzeyinə daha dörd qənimət qazandırsınlar. Odu ki, Braziliyanın DÇ-2022-dən sonra yığmanı tərk edən Titeye varis axtardığı 2023-ün qışında və yazında dövriyyədə olan belə söhbətlər zarafatdan uzağa getmirdi.
Şayiələri təkzib etməkdən bezən Ançelotti klublarası dünya çempionatında Vinisius Junior, Eder Militao və Rodriqo ilə yığma mövzusunda müntəzəm zarafatlaşdıqlarını etiraf etdi. Bu “üçlüy”ün sonuncusu hətta Braziliya mediası ilə söhbətdə belə zarafatların təfərrüatını da açıqlamışdı. Guya “Real”ın Braziliyadan olan oyunçuları Karlo ilə birlikdə milli komandanın heyətini müəyyənləşdirəcəkdi. Hə, bir də “Mançester Siti”nin qapıçısı Ederson Çempionlar Liqasında madridlilərlə cavab oyunu ərəfəsində jurnalistlərə Ançelottinin Braziliya yığması üçün mümkün qədər tez azad olması naminə əlindən gələni etdiyini demişdi.
Ancaq heç bir möcüzə baş vermədi. İtaliyalı maestro “Real”da daha bir gözəl il keçirdi. DÇ-2026-nın seçmə mərhələsinin əvvəlini boşa verən Braziliya isə bu müddətdə postunda cəmi yarım il davam gətirən Fernando Dinizi qovmağa, onun əvəzinə Dorival Junioru gətirməyə macal tapdı. Yeni çalışdırıcı seçmə turnirdə vəziyyəti düzəltsə də, Amerika Kubokunda qrupdan bir qələbə ilə çıxdı və 1/4 finalda mübarizəni dayandırdı. BFK nə qədər dözüm göstərsə də, Argentina ilə oyun futbol qurumuna rəhbərlik edənlərin səbr kasasını daşırdı. Hətta tablodakı 1:4 hesabı da o qədər qorxunc deyildi. Sadəcə, Buenos-Ayresdə keçirilən oyunu izləyən hər kəsə elə gəlirdi ki, müxtəlif divizionlarda oynayan komandalar qarşılaşır. Bax onda Braziliyada qəti şəkildə anladılar ki, artıq belə yaşamaq olmaz!
Bir müddətdə sonra “Real”da da eyni qənaətə gəldilər - klubun tarixinə adını qızıl hərflərə yazdıran Ançelotti artıq yeni ideyalara ehtiyac duyan komanda heç nə verə bilməyəndə! Pazl düzəldi, Braziliya ilə Karlonun bir-birinə ehtiyacı yarandı. Pentakampeonlar sərt böhran yaşayır, yalnız dünya çempionatlarında yox, dogma qitədə də iflasla üzləşməkdən beziblər. İl ərzində bütün önəmli turnirləri boşa verən, yalnız ikinci dərəcəli UEFA Superkubokunu və Qitələrarası kuboku qazanmaqla kifayətlənən Ançelotti də, çətin ki, təqaüdə yollanmaq istəyir. İndi isə üfüqdə yeni qitə, yeni emosiyalar, yığmada iş təcrübəsi və əlbəttə, DÇ-2026 var.
Məktəb böhranı
BFK-nın prezidenti Ednaldo Rodrigesin fikrincə, Karlo ideal namizəddi. Rodriges 2021-ci ildə bu postu tutan kimi KİV-də onun yığmanın gələcək baş məşqçisi ilə bağlı tələbləri yer aldı. Adlı-sanlı, həmçinin hücum futboluna həvəs göstərən əcnəbi mütəxəssis – bütün bu meyarlar Ançelottidə cəmləşib. Yeri gəlmişkən, əcnəbi meyarı çox vacibdi. Əvvəllər əcnəbilər pentakampeonları heç vaxt çalışdırmayıb. Braziliya futboluna rəhbərlik edənlər uzun müddət yerli məşqçi məktəbinin böhran yaşadığını etiraf etməkdən çəkinərək israrla özünkülərin üzərində dayanıblar.
Belə görünür ki, Tite hər kəsin sevdiyi və hörmət bəslədiyi sonuncu yerli mütəxəssis idi. Qalanları, sadəcə, dövrə vururdu. Bu proses o dərəcədə intensiv xarakter aldı ki, 2021-ci ildə klublara mövsüm ərzində yalnız bir baş məşqçini qovmaq icazəsi verildi.
Bu arada əcnəbilər A seriyasında dominantlıq edirdi. Portuqaliyalı Jorje Jezuş “Flamenqo”nu bir il ərzində, demək olar ki, Avropa komandasına çevirdi, az qala bütün titulları qazandı. Yığmanın baş məşqçi postuna daha bir namizəd – Abel Ferrayra artıq 5 ildi “Palmeyras”ı çalışdırır, bu komanda ilə çempionluq və iki Libertadores kuboku qazanıb. Son mövsüm isə bir başqa portuqaliyalının – Artur Jorjenin rəhbərlik etdiyi “Botafoqo”nun dominantlığı şəraitində keçib. Amma yığma bir başqa səviyyədi və Ançelottinin işi heç də asan olmayacaq.
Lateralsız, ancaq möhtəşəm hücum xətti ilə
Karlonu Braziliyada nə gözləməsi ilə bağlı düşüncələrə çətinliklərdən başlayaq. Futbolçu nəsli baxımından italiyalı mütəxəssisin heç də bəxti gətirməyib. Bunu həm də bütün gənc istedadları ölkədən silib-süpürən, ancaq onların formalaşmasına imkan verməyən Avropa klublarının aqressiv transfer siyasətinin ayağına yazmalıyıq. Nəticədə Endrik “Real”da ehtiyat oyunçu statusu ilə əziyyət çəkir, “Barselona”nın isə əsasən maliyyə məhdudiyyəti üzündən xidmətindən imtina etdiyi Vitor Roke artıq vətənə qayıdıb.
Təsəvvür edin ki, Braziliyada həmişə bu ölkənin futbolunun güclü tərəfi sayılan mövqelərdə ifaçı qıtlığı var. Dünya futboluna Roberto Karlos, Marselo və Kafu kimi ulduzlar bəxş edən ölkədə lateral yetişdirməyi unudublar, hətta Danilonun zədəsi belə yığma üçün problemə çevrilir. Hücumun mərkəzində isə Ronaldonun varisi yoxdu. “Yekədiş”lə müqayisə olunan sonuncu futbolçu Qabriel Jezus idi, ancaq Xosep Qvardiola “Mançester Siti”də onu cinaha çəkdi. DÇ-2022-də “9 nömrə” mövqeyində Rişarlison, Amerika Kubokunda Rodriqo oynayıbsa, DÇ-2026-nın seçmə turnirində artıq “Botafoqo”dan İqor Jezusu və “Brayton”dan Joao Pedronu sınayıblarsa, artıq sözə ehtiyac yoxdu.
Bruno Gimarayes (Nyukasl), Jerson (Flamenqo) və pul qoyuluşu ilə bağlı qalmaqal üzündən futboldan uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşən Lukas Paketanın (Vest Hem) həlledici fiqurlar olduğu orta sahədə də vəziyyət ideal deyil. Hadisələrin belə axarı fonunda Ançelottinin Kazemironu yığmaya qaytaracağına inanmaq olar. Bununla bağlı söhbətlər gəzir. Elə başqa adlar da müzakirə olunur. Axı nöqtəvi transferlər gerçəkləşdirən “Real”dan fərqli Ançelotti karyerasında ilk dəfə ehtiyac duyduğu ifaçılarla bağlı geniş seçim imkanına malikdi. Kayo Enrike (Monako), Aleksandro (Lill), “Betis”də canlanan Antoni yığmaya dəvət almağa namizədlər siyahısındadı.
Daha dərin mülahizə yürütsək, yalnız üç mövqedə dünya səviyyəli (Braziliyanın ambisiyalına məhz bu uyğundu) ifaçılar var. Qapıda premyer-liqanın ulduzlarından Alissonla Ederson arasında seçim etmək olar. Müdafiənin mərkəzində Markinyos, Qabriel və xaçvari bağların müalicəsindən sonra sıraya dönən Eder Militao var. Ançelotti hücumun cinahlarında da geniş seçim imkanına malikdi. Həmin mövqelərdə Rafinya, Vinisius, Rodriqo, Savinyo və artıq “Çelsi”nin rənglərinə bağladığı Estavao oynaya bilər.
Hətta aşkar zəif mövqelər fonunda da güclü heyət qurmaq olar. Ancaq daha bir vacib məqam var. Ançelotti böyük məşqçidi, onun oyunçuları meydanda xarüqələr yaradır. İnanılmaz nüfuza malikdi. “Real”da oynayan bütün braziliyalılar ona səcdə edir, xüsusən də Vinisius. Axı don Karlo ən mürəkkəb, hətta qalmaqallı vəziyyətlərdə onu dəstəkləyib. Yaxşı, Ançelotti də braziliyalı ulduzları klubdakı səviyyəni yığmada da göstərməyə məcbur etməyəcəksə, bunu kim bacaracaq?!
Hər halda, Ançelotti sehrbaz deyil və pentakampeonların onun rəhbərliyi altında, nəhayət, sekstakampeon olacağını iddia etmək çətindi. Ancaq çox maraqlı macəra gözləməyə dəyər, Braziliya Karlo ilə yenidən həmin Braziliya olacaq. Bəlkə də o yığmada Messinin yolunu təkrarlamağı, dünya kubokunu başı üzərinə qaldırmağı arzulayan Neymara da yer olacaq. Əsas odu ki, zədədən qurtulsun, italiyalı mütəxəssis yığmanın bomrdirinə yer tapacaq.
DÇ-2002-dən sonra yalnız 6 titul qazanıblar
DÇ-2002-nin qalibi olan Luis Felipe Skolari gedəndən sonra Braziliya yığmasında 11 məşqçi dəyişikliyi reallaşıb. Futbol tarixinin ən titullu yığması bu müddətdə cəmi 6 qənimət qazanıb – üç Amerika və üç Konfederasiyalar Kuboku. Sonuncu titul 2019-dakı qitə çempionluğudu, Titenin dönəminə aiddi. Yeri gəlmişkən, Ançelotti Braziliya yığmasının tarixində 3-cü legioner məşqçidi. 1944-cü ildə portuqaliyalı Joreka bu postu Flavio Kosta ilə bölüşüb, 1965-ci ildə isə Uruqvayla yoldaşlıq görüşündə ölkəni argentinalı Filpo Nunyesin çalışdırdığı “Palmeyras” təmsil edib.
Yeri gəlmişkən...
Ançelottinin maaşı da bəllidi. "Globo Esporte” xəbər verir ki, italiyalı mütəxəssisin illik qazancı 10 milyon avro təşkil edəcək. Bu, 65 yaşlı baş məşqçinin "Real"da qazandığı məbləğlə eynidi. Yığma Ançelotti dönəmində DÇ-2026-nın qalibi olarsa, baş məşqçi əlavə 5 milyon avro mükafat alacaq.
Hans-Diter Flik Ançelotti haqda
Karlo “Real”da fantastik iş görüb, böyük uğurlara nail olub. O, centlmendi, dünyanın ən uğurlu məşqçilərindən biridi. Karloya hər şeyin ən yaxşısını arzulayıram. Əla komandaya qoşulacaq, Braziliya yığmasında da uğurlarını davam etdirə biləcək.
Maraqlıdı...
Ançelotti Braziliya yığmasındakı öhdəliklərini başa vurandan sonra “Real”a qayıdacaq. “Marca” iddia edir ki, Madrid klubunda italiyalı mütəxəssisin yenidən “ağ şimşəklər”ə qoşulacağına bel bağlayırlar, ancaq bu dəfə məşqçi kimi yox. Tərəflər artıq bu variantı müzakirə edib, sadəcə, Ançelottiyə məhz hansı vəzifənin tapşırılacağı dönüşdən sonra müəyyənləşəcək. Yığmada işə mayın 26-da başlayacaq mütəxəssisin 2013-15 aralığında, həmçinin 2021-dən bəri “Real”ın “sükanı arxasında” olduğunu xatırladaq.


