Antibiotiklərin özbaşına qəbulu pnevmoniyaya aparan ən qısa yoldur Həkimdən XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bildiyimiz kimi, son dövrlərdə uşaqlar və böyüklər arasında infeksion xəstəliklərin sürətli yayılması müşahidə olunur. Bu səbəbdən bəzi insanlar tez sağalmaq məqsədilə həkim məsləhəti olmadan antibiotiklərə müraciət edirlər.
Bəs antibiotiklərin nəzarətsiz istifadəsinin hansı fəsadları ola bilər?
Redaktor.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirdi ki, əhali arasında soyuqdəymələrlə bağlı müəyyən panikanın yarandığı müşahidə olunur:
"Halbuki söhbət əsasən adi, mövsümi soyuqdəymə və qrip hallarından gedir. Açıq desək, burada ciddi və ya fövqəladə təhlükəli bir vəziyyət yoxdur. Mövsümi qripdir, müxtəlif variantlarda ortaya çıxa bilər, lakin hazırda ağır və təhlükəli qrip növünə rast gəlinmir. Pnevmoniya məsələsinə gəldikdə isə, bəli, belə hallar mövcuddur və rast gəlinir. Ancaq əsas sual budur: bu pnevmoniyalar niyə yaranır? Çox vaxt səbəb xəstələrin həkimlə məsləhətləşmədən özbaşına dərman qəbul etməsi, müxtəlif müdaxilələrə əl atmasıdır. Təəssüf ki, bu gün cəmiyyətdə geniş yayılmış bir yanaşma var və bunu sözün əsl mənasında savadsızlıq adlandırmaq olar. Xüsusilə də sistemlərin (damardaxili məhlulların) özbaşına qoşulması ciddi problemdir. Sistemin nə vaxt, niyə və hansı şəraitdə qoşulmalı olduğunu yalnız həkim müəyyən edə bilər. Xəstələr özbaşına sistem qoşdurduqda ilk bir-iki gün özlərini nisbətən yaxşı hiss edə bilirlər. Lakin sonrakı mərhələdə vəziyyətləri ağırlaşır. Ardınca əlavə müdaxilələr edilir və nəticədə xəstə pnevmoniya vəziyyətinə düşdükdən sonra həkimə müraciət edir. Bu zaman müalicə artıq daha çətin olur, proses uzanır və xəstənin sağlamlığı ilə bağlı əlavə problemlər yaranır. Yəni burada özbaşına müalicədən söhbət belə gedə bilməz".
Müsahibimizin fikrincə, sistemlərin qoşulması məsələsi cəmiyyətdə yanlış formada təbliğ olunur:
"Televiziya verilişlərində, seriallarda, müxtəlif proqramlarda aparıcıların və ya tanınmış şəxslərin dili ilə “soyuqlamısan, get bir sistem qoşdur” kimi ifadələr səslənir. Bu da insanlarda yanlış təsəvvür yaradır ki, soyuqdəymə zamanı sistem qoşulması normaldır. Halbuki elmi cəhətdən sübut olunub ki, adi soyuqdəymə zamanı sistem qoşulması əks göstərişdir və xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Bu gün bir çox insan “bir sistem qoşdurdum”, “iki sistem vurdurdum” kimi ifadələr işlədir. Nəticədə xəstələrin vəziyyəti getdikcə ağırlaşır. Antibiotiklər də eyni qaydada ciddi yanaşma tələb edir".
Terapevt qeyd etdi ki, antibiotik hər kəsə və hər halda təyin edilə bilməz.
"Onu vurmazdan əvvəl xəstənin böyrəkləri, qaraciyəri və digər orqanlarının vəziyyəti mütləq yoxlanılmalıdır. Çünki bəzi antibiotiklər böyrəklər üçün toksik təsirə malikdir. Bu dərmanlar düzgün təyin olunmadıqda böyrək zədələnməsi, hətta böyrək çatışmazlığı yarana bilər və bu problem gələcəkdə daha da dərinləşə bilər. Ona görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz. Son dövrlərdə başqa bir təhlükəli tendensiya da yaranıb: insanlar internetdən, müxtəlif platformalardan, o cümlədən süni intellekt əsaslı mənbələrdən istifadə edərək özlərinə diaqnoz qoymağa və müalicə seçməyə çalışırlar. Halbuki bu mənbələr konkret insanın orqanizmini, fərdi xüsusiyyətlərini bilmir və yalnız ümumi məlumat verir. İnsanlar isə həmin məlumatlardan bəzilərini seçib tətbiq edir və nəticədə vəziyyətləri ağırlaşır.
Ona görə də həkimlə məsləhətləşmədən atılan hər bir addım risklidir və problemlərə yol aça bilər. Ancaq bir məsələni də açıq demək lazımdır ki, hazırda müşahidə olunan qrip və soyuqdəymə halları ağır, qorxulu və dəhşətli deyil. Vaxtında həkimə müraciət edib düzgün müalicə alındıqda bu xəstəliklər tam sağalır və hətta demək olar ki, 100 faizlik nəticə əldə etmək mümkündür", - deyə Rasif Bağırov yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Yanvar 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















