Icma.az
close
up
RU
Araz üstündə nəhəng hidroqovşaq

Araz üstündə nəhəng hidroqovşaq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu tikintidə Misirdən, SSRİ-nin müxtəlif yerlərindən gəlmiş mühəndislər çalışıblar…

27 iyul 1963-cü il... Moskvada SSRİ və İran nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilir. Müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunur, sovet sənayesində əldə olunmuş texniki yeniliklərin İran iqtisadiyyatına verəcəyi töhfələr haqqında danışılır. Sonra iki ölkə arasında reallaşdırılacaq layihələrin perspektivliyi bir daha nəzərdən keçirilir və yekun olaraq iqtisadi və texniki əməkdaşlıq haqqında birinci İran–Sovet sazişi imzalanır. Razılaşmada İran qaz kəməri, İsfahandakı metallurgiya zavodu, elevatorlar, Ərəkdəki maşınqayırma zavodu və digər obyektlərin SSRİ-nin texniki yardımı ilə tikiləcəyi nəzərdə tutulurdu. Sazişin bir bəndi isə Naxçıvanla bağlı idi...

Tarixi zənginlikləri ilə seçilən Naxçıvanda hər qarışın, hər daşın, hər tikilinin öz maraqlı tarixi var. Bəlkə də bundan irəli gəlir ki, bu qədim diyar həmişə böyük dövlətlərin bu və ya digər şəkildə ümumi maraqlarının kəsişdiyi, bəzən də üst-üstə düşdüyü ərazilərdən olub. Elə birgə maraqların təsdiqi olaraq həyata vəsiqə qazanmış Araz Su Elektrik Stansiyası kimi...

Bu stansiyanın tikintisi (su anbarı da daxil) 6 il vaxt aparmışdı. Layihənin reallığa çevrilməsi üçün Araz çayı boyunca yerləşən kəndlərdən yüzlərlə ailə köçürülmüş, dəmir yolu xətti indiki Babək rayonu ərazisindən Şahtaxtı stansiyasınadək 100 metrədək içəriyə doğru çəkilmişdir. İnşası böyük vəsait tələb edən bu işdə SSRİ-nin məqsədi region əhalisini elektrik enerjisi ilə təmin etməkdən daha çox Naxçıvanın faydalı qazıntılarından yararlanmaq, daş duz, travertin, molibden, əhəng, mineral su yataqlarından istifadə etməklə daha çox gəlir əldə etmək idi.

Lakin Naxçıvanda bu istehsalı təkcə Ermənistan ərazisi vasitəsilə gələn elektrik verilişi xətləri ilə təmin etmək çətin idi. Həmçinin burada yeni su anbarı yaratmaqla yüzlərlə hektar sahəni suvarmaq mümkün olacaqdı ki, bu da iqtisadi baxımdan çox sərfəli idi. Bütün bunlardan əlavə,

SSRİ-nin cənub-qərb sərhədlərində möhkəmlənməsi üçün də enerjiyə böyük tələbat vardı. Ancaq imperiya beynəlxalq konvensiyalara görə bu işi tək görə bilməzdi, daha doğrusu, transsərhəd çaylarından birtərəfli qaydada yararlanmaq mümkün deyildi. Ona görə də bu müştərək iş haqqında ilk təklif sovetlərdən gəlmişdi və SSRİ İran ərazisində həyata keçirdiyi digər layihələri də göz önünə gətirərək partnyorlarını bu işə razı sala bilmişdi.

Beləliklə, bağlanılmış sazişdən qısa müddət sonra Araz sahilində mühəndis-texniki hesablamalara başlanılır. İlk olaraq su anbarının salınacağı ərazi müəyyənləşdirilir. Bu, çox mühüm məsələ idi. Çünki seçilən ərazi su ehtiyatı yaratmaqla yanaşı, həm də muxtar respublika ərazisində çayın axınını nizamlayacaqdı. Bütün hesablamalar yekunlaşdıqdan sonra 1964-cü ildə tikinti işlərinə başlanılır. Buradakı tikinti işləri böyük bir ərazini əhatə edirdi. Yaradılacaq su anbarının uzunluğu 52 kilometrə, eni isə bəzi yerlərdə 6,1 kilometrə çatacaqdı. Bu isə Arazın yaxınlığında yerləşən Təzəkənd, Yamxana, Bulqan, Qaraçuq və Böyükdüz kəndlərinin su altında qalması ilə nəticələnəcəkdi. Buna görə də təsdiq olunmuş plana əsasən həmin kəndlərin əhalisi olduqları yerdən köçürülməli və onlar müvafiq evlərlə təmin olunmalı idilər.

Beləliklə, Arazda Su Anbarının tikintisi ilə yanaşı, həm də yeni salınan yaşayış məntəqələrində böyük tikinti işlərinə başlanılmışdı və 1970-ci ilə qədər keçmiş Naxçıvan rayonunun Təzəkənd və Yamxana kəndlərinin əhalisi indiki Babək şəhərinin olduğu əraziyə (1965-ci ildən burada həmin sakinlər üçün yaşayış binalarının tikilməsinə başlanılmışdı) digər kəndlərin əhalisi isə Qaraçuq, Bulqan və Böyükdüz kəndlərinə köçürülür. Köçürülmə zamanı həmin ailələrə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsi tərəfindən xüsusi köçürmə biletləri verilir. Həmin biletlərdə köçən ailə üzvlərinin sayı, köçmə və gəlmə haqqında qeydlər aparılır. Su anbarının inşası Son Tunc və İlk Dəmir dövrlərinə aid köhnə Böyükdüz yaşayış yeri, fransız hərbçiləri tərəfindən 1809-1810-cu illərdə tikilmiş tarixi Abbasabad qalasının qalıqlarının su dəryaçasının altında qalması ilə nəticələnir…

Araz Su Anbarı və Elektrik Stansiyasının tikintisi sovet dövründə Naxçıvanda aparılmış ən böyük tikinti obyekti idi. Su anbarının tikintisi üçün çayın üzərində hündürlüyü 34 metr olan bənd ucaldılır. Bəndin üstdən uzunluğu 1 kilometr 26 metr, eni isə 12 metrə çatırdı. Bu isə anbarda 1350 milyon kubmetr su ehtiyatı saxlamağa imkan verirdi ki, bu suyun faydalı həcmi 1150 milyon kubmetr idi. Həm su anbarının, həm də elektrik stansiyasının tikintisi üçün bura böyük inşaat dəstələri cəlb olunmuşdu.

Naxçıvanın ağsaqqal ziyalılarından olan Firudin Süleymanov bizimlə söhbətində bildirdi ki, vaxtilə bu hidroqurğunun tikintisində işləyib. Belə ki, ixtisasca iqtisadçı olan Firudin müəllim 1968-ci ildə ora baş iqtisadçı olaraq göndərilib və 1970-ci ilədək maliyyə-mühasibatlıq işlərində çalışıb, tikintinin sonuna yaxın isə ləğvetmə komissiyasının üzvü olub (Ləğvetmə komissiyası obyektin təhvil verilməsinə məsul olan komissiyadır). Köhnə xatirələri düşüncələrində canlandıran müsahibimiz deyir ki, Araz Su Elektrik Stansiyası, həqiqətən, böyük tikinti obyekti idi. Burada SSRİ-nin müxtəlif şəhərlərindən cəlb olunmuş mühəndis və texniki işçilər çalışırdı.

Onun dediklərindən: Mühasibatlıq sahəsində çalışdığım üçün yaxşı xatırlayıram ki, tikintiyə yerli inşaat kollektivləri də daxil olmaqla, 1800-dək işçi, 360-dan çox texnika cəlb edilmişdi. Torpaq bəndlərin inşasında istifadə olunan ağırtonnajlı avtomobillərin sayını artırmaq üçün Belarusiyaya ezam olunduğum da yaxşı yadımdadır. Bu qədər işçini yerləşdirmək də asan məsələ deyildi, – deyən Firudin müəllim söhbətinə davam edir: – Bunun üçün inşaat gedən ərazinin yaxınlığında Rusiyadan gətirilmiş 500-dək vaqon-evlər quraşdırılmışdı. Həmin vaqon-evlərin içərisində yataq otağı, kiçik mətbəx və hamam yerləşirdi. Bundan əlavə, ərazidə, təxminən, 150 nəfərlik 3 yeməkxana və ərzaq mağazası da tikilmişdi. Kənardan baxanda bu ərazi, sanki bir qəsəbəni xatırladırdı.

Hələ bir neçə il bundan əvvəl təsadüfən görüşüb söhbət etdiyim Babək rayon sakini Mehdi Əsgərov Araz SES-in tikintisi haqqında mənə maraqlı məlumatlar vermişdi. Həm Araz, həm Arpaçay, həm də Şəmkir Su Elektrik stansiyalarında çalışmış Mehdi Əsgərov bildirmişdi ki, Arazdakı su anbarının tikintisi üçün Babək rayonu ərazisindəki Təzəkənd (Qızılvəng) yaxınlığında ayrıca beton zavodu tikilmişdi. Qum-çınqıl ehtiyatı burada tədarük olunurdu. Sement isə hidrotikintilərdə istifadə olunan xüsusi markalı sement idi və Ukraynadan gətirilirdi. Yəni adi tikintidə istifadə olunan sement deyildi, markası “S-800” idi. Bu sement milyonlarla ton ağırlıqda suyu saxlamağa qadir, eyni zamanda bərkiyəndən sonra qranitdən də sərt bir sement növü idi. Yalnız böyük su anbarlarının, bəndlərin tikintisində istifadə olunurdu.

1970-ci ilin avqust-sentyabr aylarında Arazda işlər daha da sürətlənir. Həmin dövrdə “Şərq qapısı” qəzeti yazırdı: “Əsrlərboyu sakit axan Arazın sahillərində indi gecə də, gündüz də iş bulaq kimi qaynayır. Araz Su Tikinti İdarəsinin kollektivi işə ürəkdən girişmişlər. Tikintidə çalışan ayrı-ayrı kollektivlər daha yüksək göstəricilərə nail olmuşlar. R.Həmidovun başçılıq etdiyi mexanizasiya və avtonəqliyyat idarəsinin, A.Sobolevin başçılıq etdiyi tikinti-quraşdırma idarəsinin, V.Stankeviçin başçılıq etdiyi quraşdırıcılar dəstəsinin üzvləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Quraşdırıcılardan V.Qaqanov, V.Kanovalov, H.Qayıbov, İ.Pavlenko hər gün nəzərdə tutulduğundan daha artıq iş görürlər…”

Qəzetin digər bir nömrəsində isə oxuyuruq: “Araz Su Elektrik Stansiyasının ilin sonuna istifadəyə verilməsi SSRİ-nin 50 illiyinə böyük töhfə olacaq. Hazırda elektrik stansiyasının yaxınlığında yerləşən quraşdırma bazasında böyük avadanlığın qovşaqları quraşdırılır. Burada üzərində Leninqrad, Minsk, Zaporojye, Krasnoyarsk zavodlarının markaları olan texnikalara rast gəlmək mümkündür. İndi quraşdırıcılar Arazın sağ və sol sahilində hər biri 130 ton ağırlığında yük qaldıran iri qülləli kranlar quraşdırır. Həmin kranlar hidroelektrik stansiyasını təhlükəli hadisələrdən qorumaq üçündür. Bəndin qapıları həmin kranlar vasitəsilə qaldırılıb endiriləcəkdir. Mühəndis V.Butov bu işin peşəkarıdır. O, indiyədək ittifaqın bir çox yerlərində çalışıb…” Yeri gəlmişkən, burada çalışan peşəkar mütəxəssislərin bir neçəsi də Asuan bəndinin tikintisindən sonra Araza göndərilmişdi.

Haşiyə: Nil çayı üzərində tikilən Asuan bəndi Misir prezidenti Nasir tərəfindən çiçəklənən Misirin simvolu kimi düşünülmüşdü. Bu böyük layihəyə Britaniya və ABŞ maliyyə-texniki cəhətdən kömək edəcəklərini əvvəlcə söz versələr də, sonra bundan imtina etdilər və bənd SSRİ-nin dəstəyi ilə 1960-1970-ci illərdə tikildi. Asuanın tikintisi zamanı Nilin qarşısı 110 metr hündürlükdə divarla kəsildi və burada elə böyük su anbarı yarandı ki, hətta onun bir hissəsi Sudan ərazisindədir. Ancaq kifayət qədər ambisiyalı olan bu tikili istifadəyə verildikdən sonra Misirə gözlənilən xeyri gətirmədi. Bu isə artıq başqa söhbətin mövzusudur.

1970-ci ilin payızında Arazda işlər yekunlaşdırılsa da, bəzi texniki məsələlərə görə stansiyanın açılışı gecikir. Həmin vaxt tikintinin baş mühəndisi V.N.Razin mətbuata açıqlamasında deyir: “Yaz vaxtı çayın suyunun həddindən artıq artması sag sahildə quraşdırılmış aqreqatları işə salmağa mane olur, hətta hidroloqların dediyinə görə, bir neçə əsr olar ki, Arazın suyu bu qədər artmamışdır. O vaxt su işə yalnız maneə törədirdi. İndi isə çayın suyu azaldığından anbarı doldurmaq mümkün deyil. Qurğunu işə salmaq üçün bu nəhəng anbarda suyun səviyyəsi heç olmazsa 14 metrə çatmalıdır, ancaq hazırda səviyyə cəmi 9 metrdir…”

Beləliklə, texniki işlər tam sona çatmadığından stansiyanın istifadəyə verilməsi 1971-ci il iyunun 28-də baş tutur. Açılış mərasimində SSRİ Nazirlər Soveti sədrinin müavini M.T.Yefremov və İran baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini S.Əsfiya başda olmaqla, hər iki tərəfdən rəsmi şəxslər iştirak edirlər. Turbinlər işə salındıqdan sonra təbriklər söylənilir, yeni obyektin hər iki tərəf üçün uğurlu olması arzulanır.

Bir məsələni də qeyd edək ki, stansiyanın tikildiyi 1964–1970-ci illərdə Naxçıvan şəhərinin mərkəzində Araz SES-də işləyən işçilər üçün yeni yaşayış binaları tikilir. Bu binalara ində də el arasında “Arazstroy”un binaları” deyilir. 1967-ci ildə muxtar respublikada Tofiq Axundovun rəhbərliyi ilə “Araz” futbol komandası formalaşmağa başlayır. Həmin ildə Nəriman Sadıqov “Araz” Mahnı və Rəqs Ansamblını yaradır. Həmçinin həmin dövrlərdə Şahbuz rayonunun Ağbulaq, Gömür kimi kəndlərində “Araz” pioner düşərgələri fəaliyyətə başlayır. Bir sözlə, həmin illərdə Naxçıvanda, sözün əsl mənasında, bir “Araz fırtınası” yaşanır.

…Ötən əsrin 90-cı illərində mənfur düşmənlərimiz tərəfindən blokadaya salınan Naxçıvan böyük enerji problemləri ilə üzləşir. Həmin dövrdə Naxçıvanın enerji təminatında yeganə rolu Araz Su Elektrik Stansiyası oynayır. Bu stansiyada istehsal olunan 15-20 meqavat elektrik enerjisi fasilələrlə muxtar respublikanın enerji xətlərinə ötürülür. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qonşu İran İslam və Türkiyə respublikaları ilə əldə olunmuş razılığa əsasən idxal olunan enerji hesabına Naxçıvanın enerji təminatı nisbətən yaxşılaşdırılır. Növbəti illərdə isə dahi şəxsiyyətin Naxçıvan üçün arzuladıqları həyata keçərək muxtar respublika enerji idxal edən regiondan enerji ixrac edən regiona çevrilir. Bütün bunlarla yanaşı, 20 meqavat gücündə olan Araz Su Elektrik Stansiyası hazırda da muxtar respublikanın enerji istehsalında mühüm rol oynayır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda isə Araz SES-in yenidən qurulacağı da nəzərə alınıb. Beləliklə, bu il fəaliyyətinin 55 ili tamam olan bu stansiya muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasına bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see237

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see185

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see142

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see141

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see136

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see127

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see127

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see123

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see123

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see123

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see120

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see119

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see117

Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

10 Mart 2025 19:30see115

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see113

AFFA milimizin heyəti ilə bağlı anons verdi

11 Mart 2025 16:39see113

Tokayev Ceyhun Bayramovu qəbul etdi

11 Mart 2025 14:37see111

Trans Əfqanıstan dəmir yolu Avrasiya regionunun inkişafına əsaslı dəstək olacaq

10 Mart 2025 20:44see111

“Uşaqlar bundan daha da qəzəbləniblər” Binəqədidə sürücünü döyənlərdən birinin vəkili danışdı MÜSAHİBƏ

11 Mart 2025 17:42see109

Sobyanin: Moskvaya doğru uçan daha 25 PUA vurulub

11 Mart 2025 08:23see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri