Arvadını döyən kişiyə hökm oxundu
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Məhəbbət Sədrəddinovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 13 aprel 2025-ci il tarixdə, gecə saat 23 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Məhəbbət Sədrəddinov evdə olarkən arvadı, zərərçəkmiş Günayə Sədrəddinova (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə qadının valideynini ad günü münasibəti ilə təbrik etmək üçün rayona yollanmaq istəməsi olub. Bu zaman o, Günayəni əvvəlcə qəsdən ayaq (təpik) zərbəsi ilə sinə, döş qəfəs nahiyəsinə vurub, ardınca kifayətlənməyib ayağa qalxan arvadının boyun nahiyəsindən əli ilə tutaraq qəsdən yerə yıxıb dartıb sürükləyib.
Hadisədən sonra Məhəbbət Sədrəddinov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə Günayə Sədrəddinova bildirib ki, əri dəymiş ziyanı ödəyib, ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Kamal Məmmədov

