Aşağı karbonlu iqtisadiyyat əhalinin xərclərini artıracaq?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidi ölkənin gələcək iqtisadi inkişafı, enerji təhlükəsizliyi və ekoloji dayanıqlılığı baxımından mühüm istiqamətlərdən biri hesab olunur.
Bu proses çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, istehsal müəssisələrinin daha ekoloji texnologiyalara keçməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması nəzərdə tutulur. Bununla belə, yaşıl iqtisadiyyata keçid yalnız sənaye və enerji sektorunda deyil, əhalinin gündəlik həyatında da müəyyən dəyişikliklərə səbəb ola bilər.
Yeni texnologiyaların tətbiqi, müəssisələrin əlavə investisiya xərcləri və enerji istehsalının yenidən qurulması elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinə təsir göstərə bilər. Bu baxımdan əsas sual yaşıl keçidin iqtisadi və ekoloji üstünlükləri ilə yanaşı, vətəndaşların büdcəsinə hansı yükü gətirə biləcəyidir.
Bəs aşağı karbonlu iqtisadiyyata keçid Azərbaycanda bahalaşma riskini artıracaqmı və bu prosesin əhalinin rifahına mənfi təsir göstərməməsi üçün hansı iqtisadi mexanizmlər tətbiq olunmalıdır?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki,Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidi uzunmüddətli perspektivdə həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Lakin bu prosesin əhalinin sosial rifahına və gündəlik xərclərinə təsirləri də ciddi şəkildə nəzərə alınmalıdır:
“Aşağı karbonlu iqtisadiyyata keçidin ilkin mərhələsində müəyyən investisiya xərclərinin yaranması qaçılmazdır. Bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik şəbəkələrinin yenilənməsi, enerji saxlama sistemlərinin qurulması və yeni texnologiyaların tətbiqi böyük maliyyə resursları tələb edir. Bu investisiyaların maliyyələşdirilməsi düzgün təşkil olunmadıqda, əlavə xərclərin elektrik enerjisi tariflərinə təsir göstərməsi mümkündür".
Digər tərəfdən, yanacaq sektorunda ekoloji tələblərin sərtləşdirilməsi və nəqliyyat sisteminin yenilənməsi daşınma xərclərini artıra bilər:
"Bu isə ərzaq və digər gündəlik istehlak məhsullarının qiymətlərində özünü göstərə bilər. Çünki istehsal və logistika xərclərindəki artım son nəticədə istehlak qiymətlərinə ötürülə bilir.
Müəssisələr baxımından da müəyyən risklər mövcuddur. Yaşıl texnologiyalara keçid üçün yeni avadanlıqların alınması, istehsal proseslərinin dəyişdirilməsi və ekoloji standartların tətbiqi sahibkarların maya dəyərini artıra bilər. Müəssisələrə bu istiqamətdə dövlət dəstəyi göstərilmədikdə, əlavə maliyyə yükünün məhsul və xidmətlərin qiymətinə daxil edilməsi ehtimalı yüksəlir.
Bu risklərin qarşısını almaq üçün bir neçə iqtisadi mexanizmin tətbiqini vacib hesab edirəm. İlk növbədə, yaşıl texnologiyalara investisiya qoyan müəssisələrə vergi güzəştləri, subsidiyalar və aşağı faizli uzunmüddətli kreditlər verilməlidir. Kiçik və orta sahibkarlığın ekoloji transformasiyası xüsusi dövlət proqramları ilə dəstəklənməlidir".
Eyni zamanda, aztəminatlı ailələrin müdafiəsi üçün kommunal xidmətlər üzrə ünvanlı kompensasiya mexanizmləri yaradılmalıdır:
"Enerji tariflərində mümkün dəyişikliklər əhalinin gəlir səviyyəsi və alıcılıq qabiliyyəti nəzərə alınmaqla həyata keçirilməlidir.
Müəssisələrdə ISO 14001 ekoloji idarəetmə və ISO 50001 enerji idarəetmə standartlarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Bu standartlar resurslardan səmərəli istifadəni, enerji itkilərinin azaldılmasını və istehsal xərclərinin optimallaşdırılmasını təmin edən idarəetmə mexanizmləri yaradır.
Mənim fikrimcə, Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçid siyasətində üç əsas meyar qorunmalıdır: ekoloji dayanıqlılıq, iqtisadi rəqabətqabiliyyətlilik və sosial ədalət. Bu üç istiqamət arasında tarazlıq təmin edilmədikdə, yaşıl keçid əhalinin xərclərini artıran əlavə iqtisadi amilə çevrilə bilər.
Nəticə etibarilə, yaşıl iqtisadiyyata keçidin uğuru yalnız karbon emissiyalarının azaldılması ilə ölçülməməlidir”.
İqtisadçı qeyd edib ki, bu proses eyni zamanda, vətəndaşların həyat səviyyəsini qoruyub saxlamalı, müəssisələrin rəqabət qabiliyyətini zəiflətməməli və ölkənin iqtisadi inkişafına real töhfə verməlidir.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Aşağı karbon Asif İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 06 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















