Astronomlar kvaziulduzların mövcudluğunu sübut etməyə yaxındırlar
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Kosmik teleskop "Ceyms Uebb"in (James Webb) ən maraqlı kəşflərindən biri kainatın ən uzaq nöqtələrində müşahidə edilən və şərti olaraq “kiçik qırmızı nöqtələr” adlandırılan sirli obyektlərdir. Bu obyektlər Böyük Partlayışdan sonrakı ilk bir milyard il ərzində formalaşıb və uzun müddət alimlər tərəfindən kiçik, çox sıx qalaktikalar kimi izah olunurdu. Lakin son tədqiqatlar bu baxışın köklü şəkildə dəyişə biləcəyini göstərir.
2021-ci ildə “Ceyms Uebb” teleskopunun istifadəyə verilməsi astronomlara kainatın ən erkən dövrünə nəzər salmaq imkanı yaratmışdı. Məhz bu müşahidələr zamanı müasir kainatda analoqu olmayan, son dərəcə kompakt, parlaq və qırmızı rəngdə işıq saçan obyektlər qeydə alınmışdı. Onlar nə klassik ulduzlara, nə də adi qalaktikalara bənzəyirdi.
Alimlər bu obyektləri qeyri-rəsmi olaraq “kiçik qırmızı nöqtələr” (Little Red Dots) adlandırdılar. Əvvəlcə iki əsas ehtimal irəli sürüldü: ya bunlar toz buludları ilə örtülmüş superkütləli "qara dəlik"lərdir, ya da ulduz sıxlığı həddən artıq yüksək olan qeyri-adi qalaktikalardır. Ancaq teleskopun qeydə aldığı şüalanma spektri bu izahların heç birinə tam uyğun gəlmədi.
Məsələ ondadır ki, “Ceyms Uebb” bu obyektlərə baxarkən yalnız onların parlaqlığını deyil, işığın dalğa uzunluqları üzrə necə paylandığını da ölçür. Bu spektral paylanma alimlər üçün obyektin “barmaq izi” rolunu oynayır. Ulduzların spektri adətən hamar olur, qalaktikalarda isə çoxlu zirvələr və enişlər müşahidə edilir. “Kiçik qırmızı nöqtələr”in spektri isə təəccüblü dərəcədə səliqəli və hamar çıxdı – sanki teleskop nəhəng bir ulduza baxırdı. Bu xüsusiyyətlər onları “Ceyms Uebb” dövrünün ən böyük kosmik tapmacalarından birinə çevirdi və erkən kainatla bağlı mövcud təsəvvürlərin natamam ola biləcəyini göstərdi.
2025-ci ilin əvvəlində Harvard Universitetindən Anna de Qraafın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu yeni bir hipotez irəli sürdü. Alimlərin fikrincə, “kiçik qırmızı nöqtələr” nə adi qalaktikalardır, nə də klassik "qara dəlik"lər. Onlar mərkəzində sürətlə böyüyən qara dəlik gizlənən nəhəng qaz kürələri – kvaziulduzlar ola bilər. Kvaziulduz- Kainatın tarixinin çox erkən dövrlərində mövcud ola biləcək hipotetik bir növ son dərəcə nəhəng obyektdir. Bunlar hidrostatik tarazlıqda olan nəhəng bir qaz təbəqəsi ilə əhatə olunmuş "qara dəlik"lərdir.
Kvaziulduzların enerji mənbəyi adi ulduzlardan tamamilə fərqlidir. Əgər ulduzlar nüvə sintezi hesabına işıq saçırsa, kvaziulduzlarda enerji qaz maddəsinin mərkəzdəki "qara dəliy"ə düşməsi nəticəsində yaranır. Bu proses zamanı ayrılan nəhəng enerji ətrafdakı qazı qızdırır və bütün qaz kürəsi parlaq şəkildə işıq saçmağa başlayır. Belə obyektlərin parlaqlığı Günəşin parlaqlığını milyardlarla dəfə üstələyə bilər.
De Qraafın komandası bu günə qədər müşahidə edilən yüzdən artıq “kiçik qırmızı nöqtə”nin məlumatlarını təhlil edərək belə qənaətə gəlib ki, kvaziulduz modeli bu obyektlərin xüsusiyyətlərini ən yaxşı izah edir. Onların spektri demək olar ki, ideal “tam qara cisim” şüalanmasına uyğundur. Bu isə qalaktikalara xas olan mürəkkəb və “piklərlə dolu” spektrlərdən kəskin şəkildə fərqlənir.
2025-ci ilin sentyabrında alimlər RUBIES-UDS-154183 adlı, xüsusilə qəribə spektrə malik bir obyekt də aşkar etdilər. Onun şüalanmasındakı kəskin zirvə nə qalaktika, nə də klassik "qara dəlik" modelləri ilə izah edilə bildi və bu fakt kvaziulduz hipotezini daha da gücləndirdi. Bununla belə, əsas sual açıq qalır: bu obyektlərin mərkəzində həqiqətən "qara dəlik" varmı? Onu birbaşa müşahidə etmək mümkün deyil, çünki mərkəz son dərəcə sıx qaz örtüyü ilə gizlənib. Alimlərin əsas arqumenti izahı çətin olan fövqəladə parlaqlıqdır.
Bu problemin araşdırılmasında Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin proqnozlaşdırdığı qravitasiya linzalanması effekti köməyə gəlib. Harvard Universitetindən Fenqvu Sanın rəhbərlik etdiyi qrup belə obyektlərdən birinin işığının yol üzərində yerləşən kütləvi qalaktika tərəfindən əyilib gücləndirildiyini müəyyən edib. Nəticədə eyni obyektin dörd ayrı təsviri əldə olunub və bu, onun parlaqlığının zamanla necə dəyişdiyini izləməyə imkan verib. Qeyd olunan dəyişikliklər ulduz pulsasiyalarını xatırlatsa da, daha geniş miqyasda baş verib ki, bu da kvaziulduz modelinə uyğundur.
Bununla yanaşı, bəzi mütəxəssislər nəticələrə ehtiyatla yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, parlaqlıq dəyişmələri başqa amillərlə də izah oluna bilər və qəti nəticə üçün daha uzunmüddətli müşahidələrə ehtiyac var.
Beləliklə, “kiçik qırmızı nöqtələr” erkən kainatın ən böyük sirrlərindən biri olaraq qalır. Ancaq yeni müşahidələr göstərir ki, alimlər kvaziulduzların, – kainatın ilk dövrlərində yaranmış ekzotik obyektlərin, – mövcudluğunu sübut etməyə hər zamankindən daha yaxındırlar.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















