ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar?
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər keçmiş və indiki azərbaycanlı məmurların xaricdəki bizneslərinə dair müxtəlif yazılara, məlumatlara rast gəlinir. Belə xəbərlər bir daha Azərbaycandan oğurlanan, talanan vəsaitlərin xaricə daşınması mövzusunu gündəmə gətirib.
Təbii ki, bu işlərdə hansısa keçmiş icra başçısı xırda fiqurdur, daha böyük fiqurlar, adlar var. Keçmiş MTN naziri, məlum cinayətlərinə rəğmən bu gün də azadlıqda sərbəst dolaşan Eldar Mahmudovun oğlu Britaniya başda olmaqla, az qala Avropanın yarısında mülklərə, bizneslərə sahibdir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu da onun kimi. Sabiq Kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlunun Britaniyada təkcə rəsmən üzə çıxarılan 21 milyonluq mülkünün sənədləri dərc edilmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlunun Türkiyədə 10 milyonlarla ölçülən böyük biznesinin olduğu, hətta onun Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın aldığı məlumdur.
Bu sıraya Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, sabiq Gənclər və idman naziri Azad Rəhimovun, Abbas Abbasovun, Ramiz Mehdiyevin və digər çoxsaylı sabiq məmurların övladlarına aid xaricdəki biznesləri, mülkləri əlavə etmək olar. Həmçinin, xaricdəki bizneslərini həyat yoldaşlarının adına rəsmiləşdirən Oqtay Əsədov, Cahangir Hacıyev və digərləri də var.
Elə hazırda vəzifədə olanlar da bu məsələlərdə sabiqlərdən geri qalmır. Bir müddət əvvəl MSK sədri Məzahir Pənahovun ABŞ-də bizneslə məşğul olan oğlu ilə bağlı qalmaqal diqqət mərkəzinə gəlmişdi. Eləcə də Bəylər Əyyubovun qardaşı oğlunun böyük biznesilə bağlı faktlar üzə çıxmışdı. Hazırkı hökumətin “koloritli” simalarından biri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun biznesi isə Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubovun Kanadada da klinikaları var. Hətta bir müddət əvvəl Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dolların dondurulduğu barədə məlumat yayıldı…
Azərbaycan parlamentində də övladları ölkə daxilində və xaricdə böyük biznesə malik olan xeyli deputat var. Ağalar Vəliyev, Cavanşir Feyziyev və digərləri… Bir müddət əvvəl deputat Cavanşir Feyziyevin ailə üzvlərinin adına olan Britaniyadakı əmlakların və bank hesablarının üzərinə həbs qoyulmuş, varidatının bir hissəsi əlindən alınmışdı. Həmçinin də Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin Azərbaycandan oğurlayıb xaricə daşıdığı varidatın da bir hissəsilə bağlı eyni aqibət yaşandı. Yəni, bu adamlar çox zaman Azərbaycandan oğurladıqları pulların xaricdə düz-əməlli qorunmasını, idarə olunmasını belə təmin edə biləcək ağıla, bacarığa malik deyillər. Amma buna baxmayaraq, bu ağıl onlara Azərbaycanın sərvətlərini, büdcəsini talamağa, rüşvət, korrupsiya, fırıldaqçılıqla bu ölkədən milyonlar qazanmağa və xaricə daşımağa kifayət edib…
Ancaq yenə də bu məmurların, deputatların övladları pis-yaxşı rəsmən biznesmen sayılırlar. Azərbaycanın ən yeni tarixində isə nədənsə ən “uğurlu” biznesmenlər əsasən məmur və deputat övladlarından çıxır. Onların ən böyük “uğuru” da xaricdəki “bizneslərilə” - atalarının taladıqlarını ölkədən çıxarmaq, xaricə daşımaq və orada idarə etməklə bağlıdır. Bu zamansa bəzən ifrata varanlar da olur. Məsələn, Əbülfəs Qarayevin qızının timsalında Azərbaycandan çıxarılan pulların “kreativ xərclənməsi” yolunu seçənlər də var. Atasının da başından böyük mövzulara girərək, Azərbaycanın tarixi şəxsiyyətlərinə dair birmənalı qarşılanmayan filmlər çəkilməsinə xərclənən pullar da, əlbəttə ki, Azərbaycandan oğurlanan pullardır…
Ötən gün Rusiya mediasında yayılan xəbərdən məlum oldu ki, Duma deputatlarından birinin iki övladı korrupsiya ittihamı ilə həbs olunub. Onlar öz biznesini övladlarının adına keçirən deputat atanın güdazına gediblər. Yəni, deputatın övladlarının adına keçirdiyi tikinti şirkətinin yerli icra orqanları ilə sövdələşməyə girərək, tenderləri qanunsuz udması, nəticədə büdcə talanmasında iştirak etməsi üzə çıxıb. Bu, Azərbaycan təcrübəsində də olduqca tez-tez rast gəlinən haldır. Ancaq hətta dünyada ən çirkin, ən “bespredel” hüquq-mühafizə, məhkəmə sistemlərindən birinin hökm sürdüyü Rusiyada belə buna görə kimlərsə həbs olunsa da, Azərbaycanda bu əmələ görə məmur, deputat övladının həbs edilməsinə rast gəlinmir. Əksinə, bunlar asanlıqla atalarının oğurladıqlarını xaricə daşımaqla məşğuldurlar. Özü də nədənsə, hamısının xaricdəki biznesi daşınmaz əmlakla bağlıdır. Heç birinin innovasiyalar, yeni texnologiyalar, İT və digər müasir sahələrdə şirkət açdığını, iş qurduğunu görməzsiniz. Çünki buna elm, bilik, savad, bacarıq lazımdır. Bunlarsa dədələrinin oğurluq puluna aldıqları bahalı universitetlərin diplomlarına malik olsalar da, mahiyyət etibarilə primitivdirlər, bilikləri də Bakıdakı ev maklerlərinin bildiklərindən uzağa getmir. Ona görə də hamısının açdığı şirkətlər əsasən əmlak alverilə, icarəsilə, ən yaxşı halda isə otel biznesilə bağlıdır.
Ancaq bu “biznesmenlərin” məmur atalarının millətə qoyduğu od yalnız talançılıqla və oğurladıqlarını xaricə daşımaqla bitmir. Bu adamlar həm də öz əməllərinə həyasızcasına don geyindirməklə millətə “dağ çəkirlər”. Məsələn, Hacıbala Abutalıbov açıqlamalarının birində oğlunun Türkiyədəki böyük biznesilə bağlı suala belə cavab verib: “Atası mənəm deyə, özünə iş qurmamalıdır, öz ailəsini dolandırmamalıdır?”
Nə deyəsən? “Sözün bitdiyi yer” buna deyirlər yəqin…
Cəlal Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Fevral 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















