Avropa Məhkəməsindən Gürcüstanın xeyrinə QƏRAR: Rusiya 253 milyon avro təzminat ödəməlidir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Gürcüstan Rusiyaya qarşı: İşğalın davamı" adlı iş üzrə Gürcüstanın xeyrinə qərar çıxarıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, qərara əsasən, Rusiya Federasiyası Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməlidir.
Nazirlikdən qeyd olunub ki, AİHM Gürcüstan hökumətinin təqdim etdiyi sübutları və hüquqi mövqeyi tam şəkildə qəbul edib. Qərara əsasən, 29 mindən çox Gürcüstan vətəndaşı dəymiş ziyana görə təzminat alacaq.
Qurumun məlumatında qeyd olunur ki, bu qərar Rusiyaya qarşı qazanılmış əvvəlki məhkəmə işlərinin məntiqi davamıdır. Xüsusilə, "Gürcüstan Rusiyaya qarşı (I)" işi üzrə etnik gürcülərin deportasiyasına görə Rusiya 10 milyon avro, "Gürcüstan Rusiyaya qarşı (II)" işi – 2008-ci il avqust müharibəsinə görə isə 130 milyon avro ödəməyə məhkum edilmişdi.
Ədliyyə Nazirliyi vurğulayıb ki, Rusiya artıq Avropa Şurasının üzvü olmasa da, Strasburq Məhkəməsinin qərarlarını icra etməyə hüquqi cəhətdən borcludur və onların yerinə yetirilməməsi hər gün üçün cərimə ilə nəticələnir.
Nazirlik bu qərarı "tarixi ədalətin bərpası" adlandıraraq, Gürcüstan dövlət qurumlarına təşəkkür edib və ölkə vətəndaşlarını qələbə münasibətilə təbrik edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


