Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib.
Banco.az xəbər verir ki, yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.
Ümumi məbləği 50 milyon manat və tədavül müddəti 1 il olan istiqrazların yerləşdirməsi bu gün baş tutub. Yerləşdirmə zamanı 12 investor tərəfindən təqdim edilmiş müştəri sifarişlərinin ümumi həcmi 55,2 milyon manat təşkil etməklə ümumi yerləşdirmə məbləğini üstələyib.
Bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarında maliyyə alətlərinin diversifikasiyasına, investorların bazara etimadının güclənməsinə, yerli bazardan maliyyələşmə təşəbbüslərinin artmasına, ölkəmizin maliyyə bazarlarının dərinləşməsinə və ümumilikdə kapital bazarının inkişafına mühüm töhfə verəcəkdir. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafı istiqamətində atılan strateji addımlar bundan sonra da nüfuzlu beynəlxalq təşkilatları və digər emitentləri cəlb etməklə Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsinə və dayanıqlı iqtisadi artıma dəstək göstərəcəkdir.


