Aygün Lin: Məktəbdə müəllim mənə çinlilərin öz uşaqlarını yediyini demişdi MÜSAHİBƏ VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin Çin əsilli taekvondoçusu Aygün Lin “Report”a müsahibə verib.
İdman.biz xəbər verir ki, o, Azərbaycan və Çin mədəniyyətlərinin oxşar və fərqli cəhətləri haqqında fikirlərini bildirib.
Həmçinin, hər iki ölkənin mətbəxi barədə danışan idmançı ən çox sevdiyi yeməklərin adlarını söyləyib. Taekvondonu nə üçün seçdiyini izah edən Aygün Lin əslən asiyalı olduğu üçün Azərbaycanda başına gələn bəzi maraqlı əhvalatları da bölüşüb.
- Öncə sizi yaxından tanımaq istərdik...
- Adım Aygün Lindir. Hər iki valideynim çinlidir. Mən Azərbaycanda böymüşəm. 2004-cü ildə Bakıda anadan olmuşam və burada böyümüşəm.
- Bacınız və ya qardaşınız var?
- Üç qardaşım, bir bacım var. Qardaşlarımın adları Aydın, Emin və Məhəmməddir. Bacımın adı isə Arzudur. Ailədə tək idmançı mənəm.
- Bildiyimizə görə, rus bölməsində təhsil almısınız...
- Bəli, orta məktəbdə rus bölməsində təhsil almışam. Hazırda ali məktəbin 4-cü kurs tələbəsiyəm. Təhsilimi rus bölməsində davam etdirirəm.
- Valideynləriniz çinlidir. Özünüz rus bölməsində təhsil almısınız. Bəs Azərbaycan dilində mükəmməl danışmağı necə öyrənmisiniz?
- Azərbaycan dilində normal danışa bilirdim. Məşqlərə başlayandan sonra müəllimim və komandam sayəsində daha səlis danışmağa başladım. Bu, mühitdən də asılıdır. Ətrafımdakılarla söhbətlərdən sonra sözləri daha yaxşı anlayırdım.
- Azərbaycan dilində ən çox sevdiyiniz ifadə hansıdır?
- Müəllimimizin həmişə bir sözü var – istəyən vasitə axtarar, istəməyən bəhanə. İnsan nəyisə çox istəyəndə ona nail olmaq üçün vasitə axtarır, istəməyəndə isə bəhanə.
- Özünüzü daha çox çinli, yoxsa azərbaycanlı hesab edirsiniz?
- Həm azərbaycanlı, həm də çinli (gülür). Bəzən güzgüyə baxıb Azərbaycan dilində danışanda özümü qəribə hiss edirəm. Evdə hər iki dildə danışırıq. Kim hansı dili daha yaxşı başa düşürsə, o dildə danışır (gülür). Ailə daxilində daha çox atamla anamın Çində qaldığı yerin ləhcəsi ilə danışırıq.
- Valideynləriniz Azərbaycana necə gəlib?
- Atam vaxtilə işləri ilə bağlı Azərbaycana gəlmişdi və burada davam etməyə üstünlük verdi. Daha sonra biz dünyaya gəldik, məktəbə getdik, məşqlərə yazıldıq...
- Çinə mütəmadi gedib-gəlirsiniz? Ümumiyyətlə, orada neçə dəfə olmusunuz?
- Açığı, Çində bir dəfə, ötən yay olmuşam. Amma valideynlərim mütəmadi olaraq gedib-gəlirlər. Bütün qohumlarım oradadır. Yalnız əmim Azərbaycandadır.
- Çinlə Azərbaycanın hansı oxşar adət-ənənələri var? Məsələn, Çinin hansı adət-ənənələrini daha çox sevirsiniz?
- Həm Azərbaycanın, həm də Çinin bütün bayramlarını keçiririk. Oxşar adət-ənənələr də var. Məsələn, Azərbaycanda baharın gəlişi münasibətilə Novruz bayramı keçirilir. Çində də buna bənzər bayram var. Hər iki bayramın gedişatları fərqli olsa da, mahiyyətləri eynidir.
- Çində elə bir adət varmı ki, sizə fərqli və maraqlı gəlir, yaxud yeni tanış olmusunuz və təəccüblənmisiniz?
- Onsuz da valideynlərimiz bir çox adətlər haqqında danışırlar. Həmçinin Çin dilini öyrədən müəllimlər də onlar haqqında məlumat verir. Fərqli situasiyalar, gözləmədiyim anlar olub. Bəzi yeməklərə öyrəşməmişəm. Mənə ağır gəlir. Azərbaycanda yüngül yeməklərə öyrəşmişik. Məsələn, evdə səhər, günorta və axşam düyü yeyirik. Anam həm Azərbaycan, həm də Çin mətbəxindən yeməklər hazırlayır.
- Çin mətbəxi sizə doğma gəlir? Azərbaycanda daha çox toyuq və digər ət məhsullarından istifadə edilir. Çində isə başqa heyvan mənşəli məhsullardan istifadə olunur. Eşitdiyimizə görə, qurbağadan daha çox yararlanırlar. Nə vaxtsa bu yeməklərdən dadmaq istəmisiniz?
- Qurbağa əti yeməmişəm. Amma bəzi azərbaycanlılar bilmədən yediklərinin və qurbağanın toyuq dadı verdiyini deyir. Hər asiyalı və ya çinli qurbağa yemir. Hansısa bölgələrdə bu məhsullardan istifadə edənlər ola bilər. Amma bütün Çin əhalisinin qurbağa, kərtənkələ və ya başqa heyvan ətindən istifadə etdiyini söyləmək düz deyil. Azərbaycanlıların bir çoxu bu barədə yanlış düşünür. Sadəcə, internetdə səhv məlumatlar yayılır deyə, hər kəs bu cür fikirləşir. Məktəbdə oxuyanda bəzən müəllimlər elə sözlər deyirdi ki, təəcüblənirdim. Bir dəfə məktəbdə müəllim mənə çinlilərin öz uşaqlarını yediyini demişdi. O, bu məlumatlara internetdə rast gəldiyini bildirmişdi. Ümumiyyətlə, bunu soruşmaq nə dərəcədə düzgündür (gülür)? İnsanlar internetdə hər gördüyünə inanmamalıdırlar. Kimə maraqlıdırsa, getsin Çinə, gəzsin, araşdırsın və öz gözləri ilə görsün. Belə daha aydın olar. İnternetdə çox şey paylaşıla bilər. Yalan məlumatlar yaymaq çox asandır.
- Azərbaycan mətbəxindən ən çox hansı yeməkləri sevirsiniz?
- Əsasən aş və kababı daha çox sevirəm. Xoşaldığım başqa yeməklər də var.
- Elə olub ki, kimsə Azərbaycan dilini bilmədiyinizi düşünərək sizə hansısa sözlər deyib və onu başa düşüb reaksiya vermisiniz? Ümumiyyətlə, bununla bağlı bir hekayə bölüşməyinizi istərdik.
- Bəli, belə hallarla çox rastlaşmışam. Hələ də olur. Məsələn, dükana girmişəm, oradakılar məni görəndə ingilis dilində danışmağa başlayıblar. Mən isə azərbaycanca “neçəyədir” deyə soruşmuşam. Sonra Azərbaycan dilini bilib-bilmədiyimi, haralı olduğumu soruşublar. Azərbaycanca səlis danışmağım insanları təəccübləndirir. Maraqlananlara burada böyüyüb məktəbə getdiyimi deyirəm.
- Küçədə getdiyiniz zaman Azərbaycan dilini bilmədiyinizi düşünüb, sizə söz atanlar və bu səbəbdən dava etdiyiniz insanlar olub?
- Yolda gedərkən söz atanlar olur. Amma mümkün qədər heç kimlə mübahisəyə girmirəm. Çox vaxt özümü eşitməzliyə vurub keçirəm. Amma əsəbi vaxtım olanda yaxınlaşıb sözümü deyirəm. İstənilən halda, belə hərəkətlər adama pis təsir edir.
- Azərbaycanlılarla ünsiyyətdə olanda sizdən ən çox nə haqqında soruşurlar?
- Daha çox Azərbaycana niyə gəlməyimin və bu dildə səlis danışa bilməyimin səbəbləri ilə maraqlanırlar.
- Nə vaxtsa Azərbaycandan köçüb Çində və ya başqa ölkədə yaşamağı düşünürsünüz?
- Hələ ki, planda yoxdur. Karyeramı Azərbaycanda qurmağı düşünürəm. Amma gələcəkdə nə olacağını bilmirəm.
- İdmanda kumiriniz kimdir?
- Açığı, bilmirəm.
- Daha çox Çin, yoxsa Azərbaycan musiqilərinə qulaq asırsınız?
- Musiqilər fərqlidir. Demək olar, hər dildə - azərbaycanca, çincə, rusca, ingiliscə səsləndirilən musiqilərə qulaq asıram.
- Hansı Azərbaycan mahnılarını xoşlayırsınız və daha çox dinləyirsiniz?
- Röyanın, Aygün Kazımovanın mahnılarına qulaq asmışam. Anam daha çox bu müğənnilərin mahnılarını xoşlayır. Hətta Röya ilə uşaq vaxtı şəkil də çəkdirmişəm. Anam onu çox sevdiyi üçün mənimlə şəkil çəkdirməsini istəyib.
- Çinin kifayət qədər populyar idman növləri var. Taekvondoya həvəsiniz necə yarandı və nə üçün məhz bu idman növünə üstünlük verdiniz?
- Taekvondodan əvvəl kunq-fuya marağım var idi. Evdə kunq-fu haqqında Çin dilində bir verilişə baxdıqdan sonra bu idman növünə sevgi yaranmışdı. Çində sırf bu idmanın öyrədildiyi məktəb var. Hətta bəzi insanlar kunq-fu öyrənməklə yanaşı, həm də həmin məktəbdə daimi yaşayırlar. Qidalanma rejimi fərqlidir, hər gün məşq edirlər. Əsasən də kiçik yaşlıları və dəcəl olanları ora göndərirlər ki, intizam öyrənsinlər. Çox maraqlı, eyni zamanda çətindir. O məktəbi görəndən sonra idmana marağım və iştirak etmək arzum yarandı. Azərbaycanda kunq-fu öyrədilən məktəbin olub-olmadığını araşdırdım. Tapdığım məktəblərdə istədiyim və Çində gördüyüm kimi öyrədilmədiyini gördüm. Burada öyrədilən idman adi döyüşdən fərqlənmirdi, amma adını kunq-fu qoymuşdular. Nə vaxtsa Çinə getsəm, qismət olsa, həmin məktəbə də baş çəkəcəyəm. Sonradan Çin dilində taekvondo haqqında çəkilmiş başqa bir film qarşıma çıxdı. Necə idman növü olduğunu bilmirdim, maraqlandım, xoşuma gəldi. Taekvondonun hərkətləri ilə kunq-fu arasında oxşarlıq var, ona görə də bəyənmişdim. Taekvondunun geyim forması, texnikası da çox xoşuma gəldi. Həvəsim yarandı və bu idman növü ilə maraqlanmağa başladım. Məktəbinə getməsəm də, atama kitablarını, zərbə vurmaq üçün alətləri aldırmışdım və məşq edirdim. Evdə idmana getmək istədiyimi deməyə çəkinirdim. Yalnız internetdən, kitablardan öyrəndiyim hərəkətləri özüm üçün məşq edirdim. Bir gün sosial şəbəkələrdə Azərbaycanda taekvondo dərsləri keçilən məktəblər axtarırdım. İlk tapdığım məktəbə yaşadığımız evdən çox uzaqda olduğu üçün gedə bilmədim və buna görə çox təəssüfləndim. 2018-ci ilin noyabrında sosial şəbəkələrdə bu idman növünü sevdiyim haqqında post paylaşdım. İndiki şəxsi məşqçim Zahid Nadirov paylaşımımı gördükdən sonra məni məktəbə dəvət etdi. Beləliklə, taekvondoya başladım.
- Çin idman sahəsində öndə gedən ölkələrdəndir. İdmana sevginizin həm də Çin kökənli olmağınızdan irəli gəldiyini düşünmək mümkündür?
- Düzdür, hər insan fərqli xarakterə malikdir. Yəqin ki, idmanı sevməyimdə Çin əsilli olmağımın da rolu var.
- Çin təbabəti dünyada məşhurdur və müalicə prosesində möcüzəvi təsirlərinin olduğu deyilir. Zədələndiyiniz zaman istifadə etdiyiniz xüsusi üsullar var?
- Evdə Çindən gətirilən, bitkilərdən hazırlanmış dərmanlar var. Çox xeyirli olduğunu deyirlər. Müxtəlif bitkilərin qarışığından dərman hazırlayırlar və içməyimizi məsləhət görürlər. Bəziləri çox acı, amma faydalı olur. Çində əsasən bitkilərin faydasından yararlanmağa üstünlük verirlər. Çin təbabəti həqiqətən çox məşhurdur. Bir dəfə dizimdən zədə almışdım və həkimlər əməliyyat olunmağımı məsləhət görmüşdülər. Lakin müəllimim təbabətlə məşğul olan çinli bir həkim tapdı və onun yanına getdim. Zədəmə baxıb əməliyyata ehtiyac olmadığını dedi və bitkilərdən hazırlanmış dərmanlar vasitəsilə müalicə yazdı. Daha sonra fizioterapiyanın da müəyyən köməyi ilə sağaldım. Hər xırda zədəyə görə əməliyyata qaçmaq düzgün deyil. Təbii üsulla da sağalmaq mümkündür.
- Ən böyük hədəfiniz nədir?
- Təbii ki, idman karyeramın ən yüksək pilləsinə çatmaqdır.
- Yarışlara qatılırsız?
- Taekvondonun nümunəvi çıxışılar və pumse növü ilə məşğul oluram. Pumse üzrə qızlardan ibarət millinin kapitanıyam. Fürsətdən istifadə edib Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova və vitse-prezidenti Niyaməddin Paşayevə, həmçinin Hikmət Səmədova təşəkkürümü bildirirəm. Pumse növünə xüsusi diqqət göstərirlər. Pumse və nümunəvi çıxışlar üzrə yarışlar bu ildən başlayacaq. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Qarşıdan Avropa çempionatı gəlir, ümid edirəm ki, bu yarışdan yaxşı nəticə ilə qayıdacağam.
İdman.biz

