AZAD ŞUŞADAN UKRAYNA XALQINA MESAJ... “Bu yolu seçin...”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gəlin, xalqlarımızın fikir bayraqdarları olaq!”
Şuşa şəhərində Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu öz işinə başlayıb.
Forum iki ölkədən 15 beyin mərkəzi və akademik institutun nümayəndələrini bir araya gətirir. Forumda Azərbaycan və Türkiyənin xarici siyasətindəki əsas trendlər və əməkdaşlıq imkanları, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya perspektivləri, ikitərəfli əməkdaşlıqda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri əsas müzakirə mövzularıdır.
STM sədri, millət vəkili Zahid Oruc Forumda iştirak edir. Onun çıxışını təqdim edirik:
Vətən müharibəsində Qələbəmizin 5-ci ilində - Zəfər ayında, Qalibiyyət paytaxtımız Şuşada hər birinizi ürəkdən salamlayırıq. Qardaş Türkiyənin beyin mərkəzləri ilə ortaq məqsədlər naminə toplaşmaq təkcə siyasi, elmi və ya strateji məna daşımır, həm də əsrlər boyu əcdadlarımızın bizi bir görmək idealının gerçəkləşməsidir.
2020-ci ilin 27 sentyabrına qədər belə ideya platformaları türk dünyasının hansı ünvanında qurulsaydı, indiki qədər əzəmətli olmayacaqdı. Çünki məğlubiyyət və işğal təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının çiyinlərində ağır miras kimi nəsildən-nəslə ötürülürdü. Əslində Qarabağın işğalı Türkiyə və Azərbaycanı bir-birindən ayırmaq planının davamı idi. İlham Əliyevin liderliyi ilə qazanılan qələbə təkcə azərbaycanlıları deyil, bütün türk dünyasını birləşdirdi, o cümlədən, min illik varlığı tarixində yüzlərlə savaşı qazanan türk millətinin arzularının təntənəsi oldu.
Sizinlə görüşdüyümüz müqəddəs Şuşa 5 il əvvəl 44 müqəddəs gündə azad olunsa da, onun uğrunda aparılan çoxəsrlik müharibələr yalnız 21-ci yüz ildə Zəfərə qovuşduğu üçün Azərbaycanın yeni siyasi təqviminin - Yeni Qalib Yüz İlinin başlanğıcıdır. O mənada, İstiqlal və Milli Qurtuluş bayramıdır.
Bildiyiniz kimi, türk xalqları arasında tarixi bağlar dərin olduğu üçün bütün formasiyalarda ideoloji-siyasi çərçivələri aşa bilib. Hələ sovet illərində Türkiyə Cümhuriyyəti ilə münasibətlər ideoloji şərtlərdən asılı olduğu bir dövrdə Heydər Əliyevin məsləkdaşı Süleyman Dəmirəllə yananan əlaqələri müstəqilliyin ilk günlərində Naxçıvanın qorunmasında müstəsna rol oynadı. İki türk liderinin 1992-ci ildə açdıqları “Ümid körpüsü” türk dünyasının birlik simvoluna çevrildi, Qars müqaviləsinə 70 ildən sonra həyat verdi.
Ulu öndər 1995-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı böyük Mustafa Kamal Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün “örnək” adlandırmışdı. İndi tarix təkrar olunur - Atatürkün aldığı Aralıq Dilucundakı 11 kilometrlik quru sərhəddi İlham Əliyevin liderliyi ilə Zəngəzur yolu ilə birləşir.
Dünyada hərbi-siyasi konfliktlərin, beynəlxalq təhlükəsizlik böhranın gücləndiyi, risqlərin çoxaldığı bir dövrdə Azərbaycan - Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platforma qlobal çağırışlara cavabdır, gələcəklə bağlı aydın hədəflər qoyan liderlərimizin yolu ilə getməkdir.
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan strategiyalar irəli sürən, onu millətlərinin idealına çevirməyi, nəhayət, bütün beynəlxalq təzyiq və təsirlərə baxmayaraq, planlarını həyata keçirməyi bacaran güclü rəhbərlərdir.
Təkcə Qarabağın xilası Azərbaycan Prezidentinin ideoloq və strateq kimliyini ortaya qoyur. O, özünün dediyi kimi, qlobal layları tərpədib, həmin titrəyiş yeni dünya nizamının təkanvercisinə çevrilib. Cənubi Qafqaz regionu tarixdə heç vaxt indiki qədər Bakıdan asılı olmaylb. İrəvan üzərində Azərbaycanın iradəsi son iki yüz ildə ən yüksək zirvəyə çatıb. Biz sülh və Qələbəmizin ixracını nəinki regionumuz, eləcə də dünyaya yaymağa hazırıq.
Əslində Qarabağ müharibəsi beynəlxalq beyin mərkəzləri arenasında başlanmışdı, Münxen Təhlükəsizlik sammitində gələcək silahlı əməliyyatların anonsu verilmişdi.
Bəli, Qələbəmiz türk dünyasının geosiyasi çəkisini artırdı, Cənubi Qaqazda və dünyada Türkiyə, türk dövlətlərinin rolunu gücləndirdi, o cümlədən, Ermənistanın tarixən Türkiyəyə, türk xalqlarına və Azərbaycana qarşı rəsmi iddialarına son qoydu. Xankəndini könüllü və dinc tərk etdikləri üçün “erməni məsələsi” Azərbaycan çoğrafiyasından kənara çıxdı. İndi İrəvan təhlükəsizliyini 3-cü paytaxtlarda deyil, məhz Bakı və Ankarada axtarır, yerləşdiyi regionun iqtisadi-ticari əlaqələrindən kənarda qalmağın ağır nəticələrini, nəhayət, dərk edir. Əsrlərlə parçalayıcı bir qüvvənin gücünü sıfırlamaq və ona yeni geosiyasi rol qazandırmaq böyük hadisədir.
Belə bir tarixi dövrdə Türkiyə - Azərbaycan “think-thank”larının rolu fövqəladə önəm daşıyır. Türk dünyasının intellektual gücünü birləşdirərək, qlobal qeyri-müəyyənliklərə qarşı ortaq strateji güc yaratmaq mühüm vəzifədir. Türk dünyasının siyasi gündəliyini rand korporeyşnlər, chatam houslar müəyyənləşdirməli deyil. Beynəlxalq “think-thank”-lərın konsept, doktrina, ideya və planlarının istehlakçısı, mexaniki təkrar istehsalçısı olmaq beyin işğalı deməkdir. Yəni, bizim ölkələrin gələcəyini kənardan idxal olunan ideyalar müəyyənləşdirməməlidir.
Əlbəttə, tarixən yaranması və təşkilatlanması baxımından Qərb beyin mərkəzləri həmişə öndə olub. İndi 6-cı nəsli - transmilli beyin mərkəzlərinin şahidiyik. Son 4 ildə qlobal erməniçilik də regional və beynəlxalq təşkilatlara, xüsusilə də beyin mərkəzlərinə daha çox sızıb, ya maliyyələşdirməsi, ya təsisçi olması, ya da, əsas işçi heyətdə təmsil olunması əsas tendensiyadır.
Əvəzində, “Türk Dünyasına Baxış-2040” sənədində Türk Sivilizasiyasının yüksəlişindən bəhs olunur. İndi türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ Bəyannaməsi ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsi imzalayır. Prezident İlham Əliyev türk dünyasını “bir ailə” elan edir. Beləliklə, xalqlarımız öz köklərinə qayıdaraq, bir vaxtlar Atatürkün dediyi kimi, "hadisələrin böldüyü tariximizin içində yenidən bütünləşir". Digər "dünya"lardan fərqli olaraq, türk dünyası xalqları vahid çətir altında toplamaq üçün yaradılan süni ideoloji-siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır, Türk geosiyasətinin – "Türk qütbü"nün ifadəsidir.
Türkiyə ilə orduda, iqtisadiyyatda, siyasətdə birləşdiyimiz kimi, vahid bir dövlətə çevrilmək - beyinlərin birliyindən keçir. İndi Orta Dəhliz – biz onu "Türk Dəhlizi" də adlandıra bilərik - Avropa və Asiya arasında mühüm əməkdaşlıq perspektivləri yaradır.
2025-ci ilin 8 avqust tarixində Ağ Evdə Ermənistanla imzalanan razılaşmalar tarixdə ilk dəfə Qələbəmizin ABŞ tərəfindən tanınması, legitimliyinin qəbulu və region üçün dönüş nöqtəsidir. Əgər obrazlı desək, məğlubiyyət dövründə Ulu öndər Heydər Əliyevin liderliyi ilə ərsəyə gələn Əsrin neft müqavilələri ilə Vaşinqton Zirvəsindəki razılaşmlar eyni milli və strateji mənaya malik geosiyasi inqilablardır.
Son günlər qlobal beyin mərkəzlərinin gündəliyində əsas məsələ Ukraynaya təklif olunan Tramp sülh planıdır. Chatham House analitikləri sənədi “çox güclü təzyiq” adlandırıblar, Council on Foreign Relations (CFR) isə metaforadan istifadə edərək, onu “Faust müqaviləsi” sayıblar, yəni qısa müddətdə atəşkəs qazanırsan, strateji olaraq, məğlubiyyətə məhkumsan, necə ki, Britaniya və Fransa Hitlerə Sudeti vermişdilər. American Progress adlı beyin mərkəzi planı “Kremlin tələblərini diplomatik qablaşdırma” kimi təsbit edib, Foreign Policy isə “ya şərəf, ya da böyük müttəfiqin itirilməsi” olaraq, dəyələndirib.
Lakin Şuşadan - 30 il işğal altında qalan və indi azad bir torpaqdan bizim verdiyimiz mesaj qəhrəman ukraynalılara yol göstərən İlham Əliyevin sözlərini xatırlatmaqdır. Dövlət başçısı 2025-ci ilin martında Euronews-a müsahibəsində uzaqgörənliklə deyirdi, sitat: ”Qlobal sistemdə ölkələr heç kimə tam güvənməməlidir. Əgər həmişə yardıma bağlı olsan, suverenliyinin bir hissəsini itirirsən... Çünki kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, bir gün gəlib hesabat istəyəcəklər”.
Bəli, ölkə rəhbəri hər zaman olduğu kimi, tamamilə haqlıdır. Bolqarıstanın ərazisinə bərabər, yəni, 110 min kvadrat kilometr torpağını Rusiyanın işğalına, yeraltı sərvətlərini isə ABŞ-yə təslim edən Ukrayna üçün Ulu öndər xilaskarlığı, daha sonra itirilən torpaqları uğrunda çoxillik strategiya gərəkdir. Azad torpaqlardan səsləniş odur ki, qlobal toqquşmalar üçün platsdarma, forposta çevrilməyən və demokratiya adı altında xarici üsul-idarələrin, 3-cü paytaxtların diqtəsinə tabe olmayan Ulu öndər Heydər Əliyevin və Qələbəyə gətirən İlham Əliyevin siyasətini seçmək ukraynalılar üçün ən düzgün yoldur.
Beləliklə, Zəfərimizi işğala məruz qalan xalqların və türk dünyasının birgə sərvətinə çevirərək, düşüncə institutlarımız üçün fövqəladə meydan açılır:
● Birgə məlumat və analiz infrastrukturu yaratmaq, risk-proqnoz sistemi formalaşdırmaq, 5-10 illik perspektivdə nəqliyyat dəhlizləri, enerji şəbəkələri, rəqəmsal iqtisadiyyat və süni intellekt modelləri üzrə ssenarilər hazırlamaq, digər tərəfdən, Zəngəzur dəhlizi və regional kommunikasiyaların yalnız iqtisadi, logistika aspektləri deyil, daha çox geosiyasi nəticələrinin təhlil etmək beyin mərkəzlərinin əsas tapşırığıdır.
● Türk Dünyası Beyin Mərkəzləri Alyansının yaradılması Cənubi Qafqaz-Böyük Orta Asiya və Yaxın Şərq arasında vahid geosiyasi arxitektura quruculuğuna, o cümlədən, Azərbaycanın apardığı sülh gündəliyinə töhfə verərdi. Regional barışa analitik dəstək və siyasət tövsiyələrinin hazırlanması çox vacibdir.
● Türk dövlətləri “think-thank”ları Gürcüstan və Ermənistanın analitik institutları ilə dialoqu indi rəsmi görüşlərə dəstək verən vətəndaş cəmiyyəti ilə sinxron aparıla bilər.
● Beyin mərkəzləri Gürcüstan və Ermənistan üçün regional inteqrasiya, məsələn, Tramp yolunun açılmasının iqtisadi, sosial faydaları, enerji-kommunikasiya marşrutlarının potensialının açıqlanmasında fəal rol ala bilər.
● Türk düşüncə mərkəzləri media-tədqiqat layihələrini birgə həyata keçirə bilər: regional tədqiqatlar, “türk barometrləri” (ictimai rəyi ölçən sorğular), sosial tədqiqatlara elmi və ictimai dəstəyi artıra bilər.
● Türk gəncliyinin beyin axını narahatlıq doğuran hadisədir. Gəncləri yüksək texnologiyaya, elmi tədqiqata cəlb etmək, ortaq informasiya məkanı formalaşdırmaq və dezinformasiya müharibələrinə qarşı vahid cəbhə yaratmaq əlahiddə önəm kəsb edir.
● “Türk Davosu” xarakterli forumların keçirilməsi, liderlər, “think-thank” rəhbərləri və ekspertlərinin illik strateji hesabatlarının təqdimatına böyük ehtiyac var. Yeni geosiyasi konsepsiyalar Azərbaycan və bütövlükdə Türk Dövlətlərini Avrasiyada intellektual güc mərkəzinə çevirər. Çünki ən böyük resursumuz zəngin torpaqlarımız, qiymətli təbii sərvətlərimiz və hüdudsuz hava məkanımızı qoruyan qalib beyinlərdir.
İnanırıq ki, Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin birgə tədqiqat planları və hədəflərinin uzlaşdırılması hazırkı qlobal təhlükələrdən və böhranlardan çıxışın, yeni dünya nizamının güclü qütbü rolunun başlıca təminatına çevriləcək.
Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək, dünyanın bütün məsələləri Türk Dövlətləri ilə məsləhətləşmə yolu ilə həll ediləcəkdir.
Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq, türklər, təhlükəsiz gələcəyin - Yeni Qalib Yüz ilin qurucularıdır!
Gəlin, xalqlarımızın fikir bayraqdarları olaq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















