Icma.az
close
up
RU
Azad Xocalının yaraları sağaldılır

Azad Xocalının yaraları sağaldılır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağrıları isə qan yaddaşında əbədiləşir

Yenə fevralın sonlarıdır. Xocalıya yenə qar yağıb, bir neçə gündür 33 il əvvəlki kimi ilikləri donduran şaxta var. Onsuz da tam bir qərinədir “fevral” və “şaxta” sözləri “Xocalı”nın sinonimlərinə çevrilib. Hansını eşitsək, qan yaddaşımızın qaysaq bağlamayan yarası göynəyir, gözlərimizin önündə mənfur erməni cəlladlarının törətdikləri qanlı cinayətlərin ağ-qara kadrları canlanır...

Elə bil dünən idi dinc, günahsız insanlarımızın gecənin qaranlığında başıaçıq, ayaqyalın, ölüm qorxusuyla Qarqarın buzlu suyundan adlamağa, dağlarla, dərələrlə həyatlarına son vermək üçün onları axtaran güllələrdən yayınmağa, qaçmağa çalışdıqları. Elə bil dünən idi insan qanına susamış erməni faşistlərinin “getməyiniz üçün dəhliz yaradırıq” yalanıyla aldadıb ağsaqqal qocalarımızı, ağbirçək nənələrimizi, hamilə bacılarımızı, nur üzlü, hələ həyatın şirinliyini dadmağa macal tapmamış şirin körpələrimizi gülləbaran etdikləri, amansızcasına qətlə yetirdikləri. Elə bil dünən idi Kosalar kəndinin yüksəkliyindən Xocalının yanan evlərinin odunu-alovunu çarəsizliklə, göz yaşları içində izləməyə məcbur olduğum. Və elə bil dünən idi həmin vaxt Xocalıda Aydın adlı həmyaşıdımın özünü Ağdama sağ çatdıra bilmək üçün min bir müsibətlə üzləşdiyi, qanlı gecədə anasını, altı yaşlı qardaşını, daha neçə yaxınını itirdiyi...

Yenə fevralın sonlarıdır. Xocalıya yenə qar yağıb, bir neçə gündür 33 il əvvəlki kimi ilikləri donduran şaxta var. Ancaq indi bir qərinə əvvəl dağıdılmış, yandırılmış, illər sonra azadlığına qovuşaraq yenidən külündən doğulmuş bu yerlərdə güllə səsləri eşidilmir, murdar düşmənin izi-tozu da qalmayıb. İndi həmin həmyaşıdımla – Aydın Əzimovla azad Xocalıdakı yeni tikilmiş evin isti otağında oturub acı günləri xatırlayırıq, bugünümüzə şükür edirik.

Haçabaş Qarik dedi ki, çıxın bayıra, yoxsa içəri qumbara atacam!”

Aydın təzəlikcə köçüb Xocalıya. Həyat yoldaşı və iki oğlu ilə. Oğlanlarının ikisi də məktəblidir. Böyüyü 11-ci sinifdə oxuyur, atasının faciəni yaşadığı yaşdadı, o birinin isə 13 yaşı var. Söhbətə, necə deyərlər, “kol-kos qıraraq” başlayırıq. Özümdən bilirəm, Xocalıdan danışmaq asan deyil. Üstəlik, o dəhşətləri yaşamış biri üçün soyqırımı gecəsini xatırlamaqdan çətin nə ola bilər?

– Gecə saat 11 olardı. Ermənilər şəhəri hər tərəfdən atəşə tutmağa başlamışdılar. Elə bildik yenə həmişəki kimi atıb dayanacaqlar. Mən, anam, qardaşlarım qaçıb qonşuluqda Şiraslan kişinin həyətində qazılmış daldanacağa girdik. Başqa qadınlar və uşaqlar da vardı orada. 6 kişi isə daldanacağın üstündə yeni tikilmiş kiçik daş otaqda dayanıb bizi qoruyur, ermənilərlə atışırdılar. Özü də ov tüfəngləri ilə. Dayım da onların arasında idi. Ancaq yaxşı silahlanmış düşmən bir-bir bizimkiləri qətlə yetirdi, tezliklə hamısı şəhid oldu. 3 erməni gizləndiyimiz daldanacağa yaxınlaşdı. Ballıcadan Qarik vardı, “Haçabaş Qarik” deyirdilər, əyildi daldanacağın ağzına, başını soxdu içəri. Avtomatının kəməri də aşağı sallanırdı. Azərbaycan dilində dedi kim varsa çıxsın bayıra, yoxsa içəri qumbara atacam! Məcbur hamımız çıxdıq çölə. Bizi sıraya düzdülər. Gülə-gülə, lağla dedilər ki, sakit durun, sizi Noraguha (Xocalı rayonunun Təzəbinə kəndi, vaxtilə ermənilər kəndin adını dəyişdirərək “Noraguh” adlandırıblar – M.R.) aparacağıq, oradan da buraxacağıq gedəsiniz. Ancaq biz artıq bilirdik ki, girov düşmüşük, düşmən bizə rəhm edən deyil. Yanımızda qonşuluqda yaşayan Məleykə adında qadın vardı, can qorxusu ilə dedi mən Xocalıdan deyiləm, Hadrutdanam, bura köçkün kimi gəlmişik. Ermənilər onu çiynindən güllə ilə atdılar, avtomatın qundağı ilə vurdular ki, sənə demədik sakit ol?!

3 saatlıq girovluqdan qaçış...

Vəhşiləşmiş, türk qanına susamış düşmən Aydıngili üç saata yaxın ayaq üstə girov saxlayıb ki, özləri ilə aparsınlar. Yəqin şəhərin hər yerində gedən qanlı döyüşün tezliklə onların qələbəsi ilə yekunlaşacağını gözləyirmişlər. Onsuz da döyüşün aqibəti əvvəlcədən bəlli idi – bir tərəfdə yaxşı silahlanmış, üstəlik, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərtərəfli köməyindən, zirehli texnikalarından istifadə edən erməni daşnakları, bir tərəfdə isə ən yaxşı halda yüngül atıcı silahlarla, ov tüfəngləri ilə öz ev-eşiyini, ailəsini müdafiə etməyə çalışan mülki insanlar. Ancaq Aydının atası Abasqulunun ailəsini xilas etmək üçün özünü yetirməsi, onları ölüm qorxusu altında saxlayan ermənilərdən birini yaralaması girovların yolunu açır. Digər iki erməni yaralını götürüb qaçmağa məcbur olur. Aydıngil isə Xocalının Ağdam istiqamətindəki çıxışına, Qarqar çayına doğru yol alırlar. Aydın xilas olmaq üçün keçdikləri əzablarla dolu yolçuluğu belə xatırlayır:

– Daha atam da yanımızda idi deyə, heç birimiz qorxmurduq. Qarqar çayına çatanda məndən balaca qardaşım Ceyhunu aldım kürəyimə ki, çayı keçirim. Ancaq ayağımdakı dabanları hündür ayaqqabı sürüşürdü. Gördüm çayı belə keçsəm, yıxılacam suya. Ona görə də ayaqqabımı çıxarıb tulladım. Qarqarı keçəndən sonra gördüm corabla da yerimək mümkün deyil. Çünki yeridikcə qar corabın üstünə yapışırdı, qopub düşmürdü. Corablarımı da çıxarmağa məcbur oldum. Şalvarımın ayaqlarını çırmaladım, qarın üstündə ayaqyalın yeriməyə başladım. Canımızı qurtarmaq üçün mütləq Ağdam tərəfə, azərbaycanlıların yaşadıqları kəndlərə keçməliydik. Kətikdağ istiqamətində gedirdik. Biz Kətikdağa yaxınlaşanda artıq hava işıqlaşırdı, səhər açılırdı. Yuxarıdan aşağıya doğru enməyə başlayanda qarşıda atışma düşdü...

“Sonradan bildim ki, anam və balaca qardaşım şəhid olub”

–Daha doğrusu, yolu üç tərəfdən mühasirəyə almış ermənilər dinc insanlara atəş açırdılar. Özü də təkcə atıcı silahlarla deyil, həm də zirehli texnika ilə. Sağdan, soldan, bir az yüksəklikdə kilsə var idi, oradan xocalılıları qırmağa başladılar. Rus hərbçilərə məxsus piyadaların döyüş maşınınından (PDM) əliyalın adamların üzərinə mərmilər yağdırırdılar. Bax o kadrlarda gördüklərimiz başının bir hissəsi, bədəninin müəyyən nahiyələri qopmuş meyitlər ki var, onları PDM-lə vurmuşdular!

Atamla mən ona görə geridən gedirdik ki, atam əlindəki avtomatla arxanı qoruyurdu. Elə bilirdik düşmən arxamızca gəlir. Sən demə, qarşıda yüksəkliklərdə mövqe tutaraq bizi gözləyirmişlər. İrəli getməyin mümkün olmadığını görüb geri qayıtdıq, bu dəfə Kətikdağ tərəfdən deyil, Naxçıvanik istiqamətindən irəli getməyə başladıq. Orada da bizi düşmən atəşi qarşıladı. Ancaq atam onlarla döyüşə-döyüşə bizə, belə demək mümkündürsə, yol açdı və hər ikimiz dağı aşıb Ağdamın Şelli kəndinə gedə bildik. Şellidən də Ağdamın özünə gəldik, yalnız orada mənə geyinməyə rezin uzunboğaz çəkmələr verdilər...

Biz Ağdama gələnə qədər elə bilirdik ki, anamgil Kətikdağ istiqamətində atışma başlamamışdan əvvəl yolu keçib xilas olublar. Ancaq sonradan anamın, altı yaşlı qardaşım Natiqin şəhid olduğunu öyrəndim!

İndi yağan qarına şükür, Xocalı!

...Yenə fevralın sonlarıdır. Xocalıya yenə qar yağıb, bir neçə gündür 33 il əvvəlki kimi ilikləri donduran şaxta var. Ancaq bu qar, bu şaxta bir qərinə əvvəlki kimi bizi üşütmür, yollarımızı kəsər deyə, qorxmuruq. Xocalının, mənim şəhid şəhərimin qisası alınıb, sinəsi mənfur düşməndən təmizlənib, azadlığına qovuşub, yolları açılıb, əzəli sahibləri geri qayıdıb. Elə yağı üzərindəki şanlı qələbələrimizin ən böyük təcəssümü, zəfər yürüşümüzün ən parlaq zirvəsi də rəşadətli ordumuzun Qarabağda separatçılara, soyqırımı cəlladlarına qarşı keçirdiyi antiterror tədbirlərindən az sonra, 2023-cü il oktyabrın 15-də müqəddəs üçrəngli bayrağımızın Xocalıda ucaldılması idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qanlı soyqırımının 32-ci ildönümündə Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

Bəli, biz Xocalını azad edənə qədər sakitləşmədik! Və bir vaxtlar Kosalar kəndinin yüksəkliyindən Xocalının yanan evlərinin odunu-alovunu çarəsizliklə, göz yaşları içində izləməyə məcbur olmuş mənə külündən doğulmuş, xarabalıqları üzərində cənnət kimi qurulan, bərpa edilən Xocalını yenidən görmək də məhz Müzəffər Ali Baş Komandanımızla görüş günü qismət oldu. Bugünsə üstündən cəmi bir il keçib, daimi yaşamaq üçün doğma ata-baba yurduna qayıtmış Aydınla oturub Xocalının xoş sabahlarından danışırıq. Aydın deyir ki, hava imkan verdikcə yeri belləyirlər, torpağı yaz əkininə hazırlayırlar. Axı Xocalının torpağı çox məhsuldardır. Alın təri ilə suvaran olsa, ildə iki dəfə məhsul verir. Elə qarın yağmağı da yaxşı oldu. Çünki qar torpağa bərəkət bəxş edir. Görün, ürək sızladan söhbətimizin sonu haralara gəlib çıxdı, nələri müzakirə edirik? Qeyri-iradi ikimizin də dodaqlarımızdan bizə bugünləri bəxş edən Tanrıya şükran duaları qopur:

–Yağan qarına, şükür, Xocalım, azadlığına şükür! Cəlladların Bakıda, məhkəmə qarşısında cavab verir, şəhidlərinin ruhu dinclik tapıb, doğma yurdum! Qisasın alınıb, oğul-qızların geri dönüb, ilahi ədalət bərqərar olub, əziz Vətən! Allah sənə bir daha qara günlər göstərməsin! Amin!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri