Icma.az
close
up
RU
Azər Cabbarov: “Uşağın birinci müəllimi küçə futbolu olmalıdır”

Azər Cabbarov: “Uşağın birinci müəllimi küçə futbolu olmalıdır”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Zirvə” və “Təhsil” komandalarının məşqçisi Azər Cabbarovun Futbolinfo.az-a müsahibəsi

– Elə birbaşa mətləbə keçək:doğrudanmı, Azərbaycan futbolunun əsas problemi elə uşaq futboludur?

– Azərbaycan futbolunda çox problem var, amma ən əsası uşaq futboludur. Uşaq futbolunun probleminin sayı-hesabı yoxdur. Nəyi düzəltməyi çalışsaq da, əsas təməl həlledilməz olaraq qalır. Təməl düzgün qoyulmayıbsa, üstündə nə edirsən et, xeyri olmayacaq.

– Sizə elə gəlmir ki, keçmiş nəsil futbolçularla müqayisədə artıq bizdə cırlaşma gedir?

– Belə deməzdim, amma ildən-ilə daha da zəifləyirik. Məsələn, mən oynayan vaxt Vidadi Rzayev, Yunis Hüseynov, Nazim Süleymanov, Vəli Qasımov kimi istedadlı futbolçular var idi. Vəliyə “Azərbaycanın Pelesi”, Vidadiyə “Ərzurumspor”da “Azəri Hacısı” deyirdilər. Nəzərə alaq ki, o vaxtkı şəraitimiz o deyildi. Məşqçilərimizin belə o qədər də informasiyası yox idi. Amma o vaxt şəxsiyyətlər var idi. Biz məşqlərdə Vidadiyə yalvarırdıq ki, “bizə bunu öyrət, bunu göstər”. Biz belə oyunçulardan nəyisə öyrənməyə çalışırdıq. Bizə nəsə öyrədəndə sevinirdik ki, bu gün nəyisə qazandıq. İldən-ilə böyük-kiçik münasibətləri itdi. Bütün bunlar da futbolumuzu bu günə qoydu. Amma bu gün uşaq komandalarına baxanda, hərəsində 5-10 istedadlı yeniyetmə görürük. Söhbət U-10, U-12 komandalarından gedir. Amma bu uşaqlar 14 yaşına çatır, onların 90 faizindən çoxu itib-batır.

– Bəs bunun səbəbi nədir?

– Bunun səbəbi biz məşqçilərdir. Biz təməl qoyan məşqçilər çox böyük səhvlər edirik. Məsələn, mən özümdən danışıram. Baxın, “Təhsil” komandasında Osman Rəhimovla birgə çalışıram. Görürəm ki, yanaşmada və ya işdə “N” qədər səhvimiz var. Hər il bu səhvləri görürük. Biz bu səhvləri düzəltməsək, uçuruma gedəcəyik. Təbii ki, federasiya və ya şəraitsizlik müəyyən problemlərə yol açır, amma əsas günahkar biz məşqçilərik. Bu yaxınlarda bir beynəlxalq turnirdə iştirak etdik və PSJ ilə bir yerə düşdük. Biz onların U-10 və U-12 komandaları ilə başabaş oynadıq. Amma yuxarılara baxın, belə oyunlarda arada böyük səviyyə fərqi olur. Səhvlərimizi düzəltməsək, belə də gedəcək. Doğrudur, turnirlərə qatıla bilmirik, meydançalarımızın vəziyyəti pisdir, şəraitimiz o deyil, amma biz problemləri həll etmək əvəzinə, gücümüzü digərimizə sübut etmək üçün çalışırıq. “Mən səni uddum, sən məni uddun”, belə olmur. Belə yaxşı məşqçi olmur. Yaxşı məşqçi uşağa səhvlərini göstərməlidir, onu düz yola yönəltməlidir. Bizim istedadlı uşaqlar böyüdükcə özgüvənlərini itirirlər. 10-12 yaşında uşaq topu götürüb rəqibin üstünə şığıyır, amma yaşa dolandan sonra bunu etmir.

– Belə çıxır ki, uşaq futbolunda mütəxəssis problemi var. Yeniyetmələrlə işləyən məşqçilər öz işinin öhdəsindən gələ bilmir…

– Bəli, ən böyük problem budur. Bu gün mən yeni məlumat almadan köhnə biliyimdə qalsam, nə mən, nə əlimin altındakı uşaq, nə də komandam artıra bilməyəcək. “Yutub”da videolara baxıb inkişaf etmək olmaz. Uşağın psixologiyası ilə işləmək lazımdır. Biz Almaniyada bilirsiz nə gördük? Bir uşaq komandasının 8 məşqçisi var idi. Hərəsi uşaqla bir sahədə çalışır. Məsələn, Danimarkanın komandasında 12 uşağa 8 məşqçi düşürdü. “Mental coach” uşaqlara hər incəliyi başa salır. Bəli, bu gün məşqçilər seminarlara qatılır, lisenziya alır, amma bundan sonra “artıra bilmir”. Bizdə bir məşqçi burada uşaqları çalışdırıb, sonra başqa uşaqların üstünə qaçıb onları da məşq etdiri ki, evə 5-10 manat artıq pul aparsın.

– Cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri də Bakıda uşaqların futbol oynamaq üçün məhəllə tapa bilməməsidir. Yeni tikililər problemlərə yol açır. Bu səbəblərdən biridir?

– Bu gün futbol dərnəklərinə yazılan uşaqlarda cəldlik və çeviklik çox aşağı səviyyədədir. Amma əvvəlki uşaqlarda belə deyildi. Çünki məhəllə futbolu anlayışı artıq itib. Uşağın birinci müəllimi küçə futbolu olmalıdır. Uşaq məhəllədə improvizasiyalı futbol oynamalıdır. Biz indi bu xoşbəxtliyi yeniyetmələrin əlindən almışıq. Biz əvvəllər səhər küçəyə çıxırdıq, axşam qayıdırdıq. Zidandan soruşurlar ki, sən necə bu səviyyəyə qalxdın, cavab verdi ki, mən futbolu binamızın qarşısında eni və uzunluğu 2 metr olan meydançada birəbir oynayıb öyrənmişəm. Bu gün Bakıda nə qədər məktəb var. Hər məktəbin zalından əlavə həyətində nə qədər meydança var. Onları düzəltsək, nə qədər qabağa düşərik. Mənə deyirlər ki, “sən Fernandu Santuşla düşmən olmusan”. Allah mənə bundan sonra iki ömür də versə, Santuşun nailiyyətini təkrarlaya bilmərəm. Amma o Azərbaycana gəlməklə bizə o xeyiri verməyəcək. Son iki oyunda qol vurmadıq. Sizcə, azərbaycanlı məşqçi ondan zəif nəticə verəcəkdi? Sən Santuşla da qol vurmursan, Azərlə də qol vurmayacaqsan. Bu gün əlimizdəki vəsaiti uşaq futboluna xərcləsək, hər məktəbin həyətində bir meydança tiksək, nəyəsə ümid edə bilərik. O meydançalar kütləvilik yaradar.

– Sizcə, uşaqların mobil telefonların əsirinə çevrilməsi də problemlərə yol açır?

– Zaman dəyişir, balacalar telefon, planşet və kompüteri bizdən daha yaxşı “sökür-yığır”. Onlar bizə dərs verər. Bu, müsbət məqamdır. Mənfi məqam odur ki, uşaqlar texnologiya dünyasına baş vurduqdan sonra ünsiyyət qura bilmir. Biz indi uşaqlara məşq keçəndə onları danışmağa da məcbur edirik. Bunun üzərində də işləmək məcburiyyətində qalırıq. Telefonlar uşaqların gözlərini və beyinlərini yorur. Onlarda tənbəllik yaradır.

– Hər halda, bütün bu problemlərə görə ancaq məşqçiləri və uşaqları qınamaq olmaz. Klublar da müəyyən qədər məsuliyyət daşıyır. Klub rəhbərləri uşaq futbolunun inkişafı üçün çox pul xərcləmir, gələcəyə yatırım etmir…

– Çünki klubun rəhbəri uşaq futboluna pul yatırsa, neçə il gözləməlidir. Fikirləşir ki, mən pulu bura töksəm, onu geri qaytara bilməyəcəyəm. Deyir ki, bu günlə yaşayaram da, 10 yaşlı uşağın gələcəyi mənə maraqlı deyil. Komandasını legionerlə doldurur və avrokuboklara vəsiqə qazanmaqla müəyyən qədər qazanır. Məhz buna görə də ildən-ilə dala gedirik. Gürcülər həmişə seçiliblər, amma bu istiqamətdə işlədiklərinə görə artıq bizdən 50 il qabaqdadırlar. Bu gün özbək futbolçu “Mançester Siti” və ya “Roma”da oynayır. Qazaxıstanlı futbolçunu “Çelsi” apardı. Siz bir “Krasnodar”a baxın. Necə gözəl akademiya yaradıblar. Biz onların uşaqlarını Yunanıstandakı turnirdə gördük. PSJ ilə final oynadılar. Rəqibdən heç nədə geri qalmadılar. “Krasnodar”da 12000 uşaq futbolun sirlərinə yiyələnir. Çünki iş adamı buna şərait yaradıb. Qazandığı pulu görün nəyə xərcləyir. Bu gün Mxitaryan da daxil olmaqla nə qədər erməni futbolçu belə akademiyalarda püxtələşir. Biz də oturub onları TV-də izləyirik. Amma biz nə edirik? Ancaq milliləşdirməklə məşğul oluruq. Bundan nə xeyir qazanmışıq? Bu “yerli legionerlər” gəlib bizim uşaqlarımızın yerini tutur. Adam bunu edər, əgər nəticə olsa. Bu müddət ərzində hansı nəticəmiz olub? Limit ləğv olunduqdan sonra ümumiyyətlə biabırçılıq olacaq. Limitin ləğvi bizi 50 il də geriyə atdı.

– UEFA hər il klublara uşaq futbolunun inkişafı ilə əlaqədar müəyyən vəsait ayırır. Bu pullar öz ünvanına çatır?

– Yəqin ki. Çünki onların formaları alınır, məşqçilər seminarlara göndərilir. Amma bu məbləğ dəqiq xərclənsə, nəyəsə ümid edə bilərik. Pullar tam o istiqamətə yönəlmir, ondan böyük komandaya da xərcləyirlər ki, tez bir zamanda nəticə qazansınlar. Yenə də deyirəm ki, bu gün uşaq futbolunun nəticəsi oyun udmaq deyil. Heç kim Aleksandr Zinçenkodan soruşmayacaq ki, sən uşaq olarkən oynadığın turnirlərdə hansı kubokları qazanmısan. Gürcülərə baxın, hamısı legioner həyatı yaşayır.

– Bu gün uşaq komandaları var ki, valideynlər məşqçilərin cibinə pul qoymasa, o uşağı komandadan sıxışdırıb atacaqlar. Yəni, məşqçi ona ögey münasibət bəsləyəcək. Belə məşqçilərimiz çoxdur?

– Həmin məşqçinin məvacibi yaxşı olsa, bu hərəkəti etməyəcək. Hamı əlavə yerdə işləməyə qaçır, əlavə gəlir haqda fikirləşir. Məşqçinin fikri uşağı yetişdirməkdə olmalıdır. Təbii ki, sən maaş alırsansa, valideynin əlinə baxmamalısan. Az öncə danışdıq ki, UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara uşaq futbolunun inkişafı üçün müəyyən vəsait ayırır. Bəs bizim bunlardan başqa digər uşaq komandalarımız da var axı. Bu günə kimi o komandaların şəraiti ilə kim maraqlanıb? AFFA, Gənclər və İdman Nazirliyi və yaxud Elm və Təhsil Nazirliyi, yaxud İcra hakimiyyətləri bəs? Biri maraqlanıb ki, Binədə oynayan komandaların meydançası necədir? Uşaqların topu, forması və ya su şüşəsi var? Aşağı yaş qruplarının çempionatlarında 20-dən artıq komanda oynayır. Kimin qapısını döyüblər? Əcnəbi məşqçiləri gətirib öz-özümüzü aldatmayaq. Siz uşaqların oynadığı və məşq etdiyi meydançalara baxın. Süni bir kənara qalsın, hamısı betonun üstündədir. Bu gün 20 yaşlı futbolçularımızın 50 faizindən çoxu əməliyyat olunub. Niyə? Meydançalar! Biz uşaqlara aşılayırıq ki, futbol sağlamlıqdır, amma onları belə meydançalarla şikəst edirik. Futbolumuzun olmasını istəyiriksə, yatırımı düz etməliyik. Görün balaca bir ölkə İslandiya futbolda hara qədər gəlib, biatlon ölkəsi Norveç nələr edir. Bu yaxınlarda biz İsveçə getmişdik, hər tərəfdə meydança var. Bütün ölkə idmanla məşğul olur. İsveçdə siqaret çəkən insana tərs-tərs baxırlar. Ona deyirlər ki, sən öz-özünlə düşmənsən? Hamı velosiped sürür, hamı trenajordadır… Bizdə o qədər problem var ki. Hətta yeniyetmələrin çempionatında turnir cədvəli belə olmamalıdır. Uşaqlar səhv etməli və bundan qorxmamalıdır. Sadəcə, onlardan nəticə çıxartmalıdır.

– Ölkədə təhsillə futbol necə uzlaşır? İndiki vəziyyətdə uşaqlar təhsili seçir, yoxsa futbolu?

– Uşaq vaxtı ikisi bir yerdə addımlaya bilir, amma 8-9-cu sinifə çatanda, futbol uşağı təhsildən saxlayır, məktəbdə qiymətlər aşağı düşür. Çünki məşqlər çətinləşir, yorğunluq yaranır, qrafik sıxlaşır və nəticədə təhsildə problemlər olur.

– Bəs futbolda istedadı olan uşaqlar belə vəziyyətdə təhsili, yoxsa futbolu seçir?

– Təhsili. Səbəb də valideyndir. Uşağa futbolumuzun vəziyyətini göstərib təhsilə yönəldirlər. Limit ləğv olunandan sonra mən uşaqları yığıb deyəcəyəm ki, futbola fərqli baxın. Siz bu gün dərsi atıb məşq edəcəksiniz, sabah da gedib I Liqada oynayacaqsınız. Sizin Premyer Liqada yerinizi legionerlərə verəcəklər. Bundan sonra uşaqlar təhsili seçəcəklər yox, təhsili seçməlidir. Futbolu seçə bilərəm, axırı nə olacaq? Savadsız və biliksiz yarıyolda qalacağam.

– “Təhsil” komandasının bir nümayəndəsi kimi siz daha yaxşı bilərsiniz, Elm və Təhsil Nazirliyinin uşaq futbolunun inkişafı istiqamətində rolunu necə qiymətləndirərdiz?

– Məncə, çox işləməlidirlər. Çox dəyişiklik həyata keçməlidir. Tək Təhsil Nazirliyi yox, həm də Gənclər və İdman Nazirliyi, AFFA, İcra Hakimiyyəti… Hamısı bir yerdə bir proqram hazırlamalı və futbolun kütləviliyini artırmaq üçün çəkiçi bir nöqtəyə vurmalıdır. Amma istənilən halda, nə qədər proqram hazırlayırsan hazırla, Premyer Liqa legionerlə doldurulacaqsa, mənası yoxdur. 5-6 yaşından futbol haqda fikirləş, 17 yaşına çatırsan, görürsən ki, heç kimə lazım deyilsən. Bu, ciddi psixoloji travmadır. Hərbi xidmətə gedirsən, qayıdandan sonra ümumiyyətlə, futboldan danışmağa dəyməz.

– Problemli məsələlərə yenidən qayıdacağam, amma bu yerdə belə bir sual vermək istərdim: sosial şəbəkələrdə demək olar ki, hamı “Qarabağ”ı öz yetirməsi olmadığına və demək olar ki, heç kimi özü 0-dan yetişdirmədiyinə görə tənqid edir. Yəni, belə imkanı olan klub uşaq futboluna ciddi önəm vermir. Buna münasibətiniz necədir?

– Son bir ildə “Qarabağ” bu istiqamətdə xeyli iş görüb. Aftandil Hacıyevin təyinatından sonra yaxşı mənada dəyişiblər. İşə yanaşmaları, futbolçu seçimi, hər şey əladır. Bu gün Azərbaycanda futbol deyəndə “Qarabağ” yada düşür. Avrokuboklarda oyunlarına nə qədər azarkeş gəlir. Amma son 1 ilə qədər uşaq futbolunda işləri heç də qaydasında getmirdi.

– Başda “Qarabağ” olmaqla ilin müəyyən vaxtlarında bəzi klublar seçim turları həyata keçirir. Sizcə, doğru uşaqları seçirlər?

– Bu gün yaxşı uşağa görə hamı-dəridən qabıqdan çıxır. Ora istedadlı uşaq gəlirsə, onu götürməmək mümkün deyil. Amma bir neçə il bundan əvvəl belə bir şey oldu: “Qarabağ”ın məşqçiləri mənə zəng etdilər ki, bizə istedadlı bir uşaq gəldi, amma klub onu götürmədi. Problem onda idi ki, uşaq Sumqayıtda qalırdı, valideynləri işdə olduğundan onun Bakıya gediş-gəlişi üçün vəsait ayrılmalıdır ki, kimlərsə onu aparıb-gətirsinlər. “Qarabağ” onlara deyib ki, mən bu pulu verə bilməyəcəyəm. Mən həmin uşağı özümüzə götürdüm. Çox böyük pul verə bilməsək də, bunu yoluna qoyduq.

– Az öncə betonun üstündəki meydançalardan, süni örtükdən danışdız. Hansı komandalar uşaqlara təbii örtüklü meydançalar təhvil verir?

– Bu gün biz xaricə turnirlərə gediriksə, onun birinci günü işimiz təbii örtüklü meydançalara uyğunlaşmaq olur. Məsələn, sonuncu Əbu-Dabi turniri. Bir günümüz oranın təbii qazonuna uyğunlaşmağa getdi. Nə edirsən et, topun sürəti belə qazonlarda fərqli olur. Bilirsiz necədir, biz bu gün keyfiyyətli sintetikada oynasaq, buna sevinərik. Bu gün bizim nə qədər yaxşı süni ot örtüklü meydançamız var? Təbii qazonu bir kənara qoyun. Belə problemlərimiz varsa, uşaq futbolundan danışmağa haqqımız yoxdur. Süni örtükdə azyaşlılar oynaya bilir, amma yaş artdıqdan sonra mütləq ota çıxmalıdırlar. Deməli, biz Antalyada təlim-məşq toplanışına gedirik. Orada Moldovanın “Zimbru” klubu ilə bir oteldə qalırdıq. Onların bir yaşlı həkimi var idi. Nə isə uşaqlarımızı ona göstərdik, hamısı da ona şikayətlənirdi ki, bu hissə ağrayır, o hissə ağrayır, həkim baxdı ki, bu komandada bir salamat adam yoxdur. Soruşdu həftədə neçə gün sintetikada məşq edirsiz? Dedik ki, hər gün. Təəccübləndi. Dedi ki, mən “Zimbru”ya həftədə bir dəfə süni örtüklü meydançaya çıxmağa icazə verirəm. Bu gün yalnız “Neftçi”nin normal meydançası var, hə, bir də “Sumqayıt”ın adını çəkmək olar. Qalanları haqda bu fikri söyləyə bilmərəm. “Araz Naxçıvan” kimi Premyer Liqa komandası Binədə məşq edir. Premyer Liqa komandasının öz bazası yoxdur.

– Valideynlər arasında şikayətlər də səslənir ki, məşqçilər uşaqlara can yandırmır, futbolun sirlərini öyrətməyə həvəs göstərmir, uşağa taktika planında heç nə öyrətmir. Belə problemlər var?

– Uşaq taktikanı bilməlidir, amma baxır hansı yaşda. 10 yaşlı uşağa taktika öyrətmək doğru deyil. Bu yaşda uşaq mümkün qədər topla çox oynamalıdır, cəsarətli olmalıdır. Hər yaşın öz işi var. Taktikanı 11/11-ə oynayanda öyrədirlər. Futbolun birinci sinifi 14 yaşdır. Orada artıq taktikaya keçməlisən. Bu gün bütün dünya futbol oynayır. Seçilən oyunçular hansıdır? Topu götürüb rəqibin üzərinə şığıyan oyunçu.

– Bizim hansısa klubun imkanı varmı ki, aşağı yaş qruplarından ibarət komandalarının üzvlərini Portuqaliya və ya Niderland kimi ölkələrin akademiyalarına göndərib onları bir neçə ay orada yetişdirsinlər?

– Bəli, onu etmək olar. Vacib deyil ki, bu Portuqaliya və ya Niderland olsun. Türkiyəyə ki göndərə bilərlər. Mənim “Altınordu” klubunun prezidenti ilə çox isti münasibətlərim var. Biz tez-tez İzmirə gedirik. O mənə deyir ki, “Azər, mənim oyunçum məhz 18 yaşında əsas komandaya dəvət alırsa, demək mən işimi düzgün qurmuram”. Tam fərqli yanaşmadır. Orada uşağı Avropa üçün yetişdirirlər. Avropaya gedə bilmirsə, ən azı “Qalatasaray” və “Fənərbağça”da oynamalıdır. Hətta klubun rəhbəri mənə demişdi ki, “Azərbaycanda da filial açmaq istəyirəm”. Sizə onu deyim ki, bir yeniyetmə futbolçumuzu da bəyənmişdilər və onu İzmirdə saxlamağı planlaşdırırdılar. Müəyyən problemlərə görə alınmadı. İndi həmin uşaq bizim klubların birinin düşərgəsindədir.

– Bəs, valideyn müdaxilələri nə dərəcədə işinizi çətinləşdirir?

– Olur. Amma biz də onları bir yerə yığıb başa salmalıyıq ki, biz uşağı futbolçu etmək üçün buradayıq. Bu gün valideyn mənə deyir ki, oyunu uduzduq e. Necə yəni, uduzduq? Sən udmaq istəyirsənsə, uşağı götür güclü komandaya apar, qoy orda ehtiyatda oturub meydanda olan yoldaşlarının qələbəsinə sevinsin. Uşaq oynaya-oynaya artıracaq.

– Hazırda Azərbaycanda futbol dərnəklərinə yazılan nə qədər uşaq var?

– Dəqiq rəqəmi bilmirəm, amma 10 mini keçər.

– Bəs bu uşaqların neçə faizi yola davam edir?

– Almanlar deyir ki, akademiyadan çıxanlardan 2 faizi futbolçu olursa, deməli, işimizi düz qurmuşuq. Almaniya kimi ölkədə bu rəqəm iki faizdirsə, bizim nəsə deməyimiz düz olmazdı. Bir neçə il əvvəl Kriştianu Ronaldo Gürcüstana gəlib yeniyetmə futbolçularla şəkil çəkdirmişdi, o şəkildəki uşaqların çoxu Avropa çempionatında Ronaldoya qarşı oynadılar.

– Uşaq futbolunda tapşırıq problemləri var. Ən azı valideynlər bunu iddia edir…

– Desəm ki, bu problem yoxdur, yalan olar. Bura Azərbaycandır da. Təsəvvür edin, klubun rəhbəri sizsiz, mən də məşqçiyəm. Siz mənə desəz ki, bu uşağı götür, mən götürməyə bilərəm? Götürməyəcəksənsə, küçədə qalacaqsan.

– Məşqçilərin istedadlı uşaq axtarmaq xəstəliyi də var. Ucaboy uşaq görürlərsə, deyirlər hə, keç qapıya. Ya da ki, kimin sürəti varsa, ona üstünlük verirlər. Uşağın başqa keyfiyyətlərini üzə çıxara bilmirlər.

– Dükana gedəndə hər şeyin ən yaxşısını almaq istəyirsiz. Biz də gözəçarpan cəhəti olan uşağı götürürük. Amma dediyiniz kimi daha yaxşı olar ki, fiziki keyfiyyətlərinə baxmayaq, görünməyən xüsusiyyətlərini kəşf edək, onların üzərində işləyək. Hansısa uşaq bu gün istedadlı, sabah fərqli ola bilər. Bizə seminarlarda deyirlər ki, uşaqları 3 aydan bir sınaqdan keçirin. Bu gün hansısa yeniyetməni seçim turunda bəyənməyə bilərsən, 3 aydan sonra onu yenidən çağırmaq lazımdır. Nə qədər olub ki, Türkiyəyə bir gənc futbolçunu dəvət ediblər, onu kəşf edə bilməyiblər, o isə gedib Avropanın güclü çempionatlarında özünü göstərib.

– Sınaq müddətindən danışdız, amma bunun başqa mənada əksi də var. Məsələn, Avropada uşağa 3 ay vaxt verirlər, görürlər ki, bunun “qab”ında heç nə yoxdur, ona vaxt itirməməyi məsləhət görürlər. Bizdə pul gəlirsə, uşağın istedadsızlığına baxmırlar, saxlayırlar və nəticədə gələcəyini bədbəxt edirlər.

– Əvvəla, bunun üçün ödənişli komandalar var. Həm də ki, uşaq komandaları ayaq üstə qalmaq üçün bunu etməyə məcburdurlar. Bu gün bir nəfər mənə pulsuz meydança verər? Almaniyada ödənişsiz onlayn qaydada təbii və süni ot örtüklü meydançalar götürüb saatını ayarlayırsan. 24 saat sənə imkan yaradırlar. Özü də oynayıb çıxandan sonra robotlar ora daxil olub qazonu yenidən qaydasına salır. Kənardan uşaqları skautlar izləyir.

– Bizdə əvvəllər “Bakı” və “Qəbələ” yaxşı uşaqlar yetişdirirdi. Artıq “Bakı” fəaliyyət göstərmir, bəs “Qəbələ” yenə də yetirşdirə bilirmi?

– “Qəbələ”nin yüksək səviyyəli infrastrukturu var, amma əvvəlki kimi deyil. Bu da maliyyə problemi ilə əlaqədardır.

– Bəs hansı klubumuz digərləri ilə müqayisədə uşaq futboluna qismən can yandırır?

– Bu gün hamı istəyir. Amma nisbətdə danışmalı olsaq, “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirmək olar. Sanki nəsə etmək istəyirlər. Mən “Neftçi”də işləyəndə klubun rəhbərliyinə deyirdim ki, biz bu gün “Neftçi”nin adını çox ucuz tutmuşuq, “Neftçi” əlçatmaz olmalıdır. Uşaq “Neftçi”yə düşmək üçün bir neçə mərhələdən keçməlidir. Bu gün hansı komanda bu prinsiplə addımlaya bilər? Bu gün PFK ilə ödənişli komandalar arasında fərq olmalıdır. Valideyn klubun darvazasına qədər gəlməlidir, içəri girib müdaxilə etməməlidir. “Altınordu”nun bazasının darvazasında yazılıb ki, “uşaq sizin, idmançı bizim” . Belə idmançı yetişdirirlər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see207

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see118

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see107

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see107

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri