Icma.az
close
up
RU
Azərbaycan ABŞ tərəfdaşlığının intellektual cəbhəsi

Azərbaycan ABŞ tərəfdaşlığının intellektual cəbhəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 18-də Bakıda keçirilmiş Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin I Forumu iki ölkə arasında intellektual diplomatiyanın, strateji düşüncə mübadiləsinin və yeni geosiyasi koordinatların formalaşmasının mühüm platformasına çevrildi. Forum regional və qlobal güc balansının yenidən qurulduğu bir dövrdə Vaşinqton–Bakı xəttində strateji tərəfdaşlığın konturlarını müəyyən etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Forumun birinci sessiyası 8 avqust 2025-ci il Vaşinqton Bəyannaməsinin regional güc balansı üçün yaratdığı yeni strateji çərçivəni təhlil etməyə həsr olundu. Bəyannamə ABŞ–Azərbaycan münasibətlərini klassik enerji əməkdaşlığından kənara çıxarıb daha geniş geosiyasi məna daşıyan strateji tərəfdaşlıq mərhələsinə yüksəltdi. Forumda aparılan müzakirələr bir daha göstərdi ki, Vaşinqton sammitinin nəticələri regionda baş verən prosesləri tənzimləyən yeni siyasi, iqtisadi və təhlükəsizlik modelinin əsasını qoyur.

Sessiyanın mərkəzi sualı belə formalaşırdı: “Vaşinqton Sammitinin əsas siyasi, iqtisadi və təhlükəsizlik nəticələri hansılardır və bunlar ABŞ–Azərbaycan münasibətlərinin parametrlərini necə dəyişir?” Sual ətrafında aparılan təhlillər göstərdi ki, sammit Azərbaycanın regiondakı rolunun Vaşinqton tərəfindən strateji səviyyədə tanınması ilə nəticələndi. ABŞ ilk dəfə olaraq Cənubi Qafqazda dayanıqlı nizamın qurulmasında Azərbaycanın aparıcı mövqeyini açıq şəkildə qəbul etdi. Bütün bu amillər Bakının postmünaqişə dövründə regional lider kimi təsdiqlənməsinə, nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi qovşağına çevrilməsinə və enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınmasına institusional xarakter verdi.

Siyasi nəticələr göstərir ki, Vaşinqtonla Bakı arasında tərəfdaşlıq strateji təməllərə söykənir. ABŞ-ın Azərbaycanla əməkdaşlığı regiondakı böyük güclər arasındakı rəqabət fonunda yeni bir balans yaradır və Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasında Azərbaycanın mövqeyini gücləndirir. Məhz baxımdan forumda ikinci mühüm sual irəli sürülürdü: “ABŞ–Azərbaycan tərəfdaşlığı regionda sülh quruculuğuna və sabitliyə nə dərəcədə təsir göstərə bilər?”

Analitik qiymətləndirmələr göstərdi ki, Vaşinqtonun Bakıya verdiyi siyasi dəstək postmünaqişə dövrünün ən kritik məsələsi olan Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini daha institusional, qaydalara əsaslanan çərçivəyə salır. ABŞ-ın vasitəçilik fəallığının artması regionda Rusiya təsirinin azalması ilə paralel gedir və bu, yeni diplomatik dinamika yaradır. Mədəni-humanitar etimadın gücləndirilməsi, sərhədlərin açılması, iqtisadi kommunikasiyanın bərpası kimi məsələlər daha çox Qərb təhlükəsizlik parametrlərinə əsaslanan modelə uyğunlaşır.

Sessiyada vurğulanan digər mühüm məsələ iqtisadi müstəvidə yaranan yeni əməkdaşlıq konturları idi. ABŞ kapitalı Azərbaycana bərpaolunan enerji, rəqəmsal təhlükəsizlik, nəqliyyat şəbəkələri və strateji texnologiyalar kimi sahələrdə də daxil olur. Belə investisiyalar geoiqtisadi xarakter daşıyan siyasi kapital qoyuluşudur və Azərbaycan iqtisadiyyatında dərin modernizasiya prosesini təşviq edir.

Təhlükəsizlik sahəsində isə Vaşinqton Sammitinin nəticələri daha dərindir. Hərbi-texniki dialoqun genişləndirilməsi və terrorizmə qarşı koordinasiya Cənubi Qafqazda yeni təhlükəsizlik ekosistemi formalaşdırır. ABŞ-ın postmünaqişə reabilitasiyası sahəsində institusional dəstəyi isə Azərbaycanın öz suveren ərazilərində tammiqyaslı bərpa proqramını sürətləndirir və təhlükəsizlik risklərini azaldır.

Forum çərçivəsində səslənən üçüncü əsas sual belə idi: “Yeni strateji format regional dayanıqlılıq, davamlı inkişaf və təhlükəsizlik üçün hansı imkanlar və çağırışlar yaradır?” Analitik yanaşmalar göstərir ki, imkanlar çoxşaxəlidir: Azərbaycan üçün geosiyasi manevr sahəsi genişlənir, ABŞ regionun sabitlik mexanizmlərinin əsas təminatçılarından birinə çevrilir və böyük güclər arasındakı rəqabətdə Cənubi Qafqaz daha balanslı mövqeyə sahiblənir. Lakin bu yeni format eyni zamanda müəyyən çağırışlar da yaradır: bölgədə təsir imkanlarını itirən aktorlar bu dəyişikliklərə qarşı reaksiya göstərə bilər, kommunikasiya marşrutlarının təhlükəsizliyi yeni risklərə məruz qala bilər və sülhün institusionallaşdırılması uzunmüddətli siyasi iradə tələb edir.

Birinci sessiyada aparılan müzakirələr yekun olaraq göstərdi ki, Vaşinqton Bəyannaməsi ABŞ–Azərbaycan münasibətlərini köklü şəkildə yeniləyir. Əməkdaşlığın parametrləri artıq üç strateji sütun üzərində qurulur: təhlükəsizlik inteqrasiyası, iqtisadi modernizasiya və regional nizamın formalaşdırılmasında ortaq siyasi iştirak. Bütün bu amillər tərəfdaşlığı struktur səviyyədə dayanıqlı edir və ABŞ–Azərbaycan münasibətlərini gələcək onillik üçün regional sabitliyin əsas elementlərindən birinə çevirir.

***

Forumun ikinci sessiyası Cənubi Qafqazda son dövrdə baş verən geosiyasi dəyişikliklərin regiondakı qüvvələr balansına və Ermənistan–Azərbaycan sülh prosesinə təsirini təhlil etməyə həsr olunmuşdu. Sessiyada əsas diqqət Vaşinqton Sammitindən sonra formalaşan regional nizamın praktik aspektlərinə, sülhün davamlılığını təmin edən institusional mexanizmlərə və postmünaqişə dövründə yaranan risklərə yönəldi. Paneldə aparılan müzakirələr göstərdi ki, Vaşinqton Bəyannaməsi Cənubi Qafqazın geosiyasi çevikliyinin artırılması və uzunmüddətli sülhün dayanıqlılığının təmin olunması üçün də strateji çərçivə rolunu oynayır.

Sessiyada müzakirə olunan ilk sual belə formalaşırdı: “Vaşinqton Sammitindən sonra regional və qlobal güclər arasındakı geosiyasi dəyişikliklər Cənubi Qafqazdakı sabitliyə və güc balansına necə təsir göstərəcək?” Analitik təhlil göstərdi ki, ABŞ–Azərbaycan strateji tərəfdaşlığının rəsmiləşməsi Rusiya, Türkiyə və İran daxil olmaqla bütün regional aktorlar üçün yeni parametrlər müəyyən edir. Dəyişikliklər böyük güclər arasında balansı incə şəkildə yenidən tənzimləyir: ABŞ-ın iştirakı regionun təhlükəsizlik mexanizmini möhkəmləndirir, Rusiya və İranın təsir dairəsi ilə uyğunlaşan taktiki addımlar atılır, Türkiyə ilə Azərbaycanın koordinasiyası isə regional sabitliyi gücləndirir. Deməli, Cənubi Qafqazda güc balansı daha çox çoxtərəfli əməkdaşlıq və Qərb standartlarına yaxınlaşma üzərində formalaşır, bu isə sülh prosesinə daha əlverişli şərait yaradır.

Sessiyada ikinci sualın müzakirəsi diqqəti Ermənistan–Azərbaycan sülh prosesinə yönəltdi: “Ermənistan–Azərbaycan sülh prosesi üçün yeni imkanlar və risklər hansılardır?” Analitik qiymətləndirməyə görə, Vaşinqton Bəyannaməsi sülh prosesinə həm institusional dəstək verir, həm də diplomatik manevr imkanlarını genişləndirir. Yeni imkanlar arasında hərtərəfli sülh sazişinin imzalanma perspektivi, sərhədlərin delimitasiyası, humanitar əməkdaşlıq və iqtisadi reinteqrasiya proqramlarının təşviqi var. Eyni zamanda, risklər də mövcuddur: regional aktorların maraqlarının toqquşması, böyük güclərin rəqabəti və prosesin gedişində hər hansı tərəfin ciddi kompromis etməməsi sülhün davamlılığına mənfi təsir göstərə bilər. Forum iştirakçıları vurğuladılar ki, sülhün dayanıqlı olması üçün Vaşinqtonun vasitəçiliyi regionun bütün əsas aktorlarını əhatə etməlidir.

Sessiyada üçüncü sual sərhəd təhlükəsizliyi, humanitar əməkdaşlıq və nəqliyyat əlaqələri ilə bağlı idi: “Sərhəd təhlükəsizliyi, humanitar əməkdaşlıq və nəqliyyat əlaqələri sülhün davamlılığına necə töhfə verə bilər?” Forum iştirakçılarının analitik baxışı göstərdi ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi etimad və qarşılıqlı təhlükəsizlik mexanizmlərinin qurulması deməkdir. Humanitar əməkdaşlıq və sərhəd bölgələrində infrastrukturun bərpası insanların gündəlik həyatına təsir göstərir və sosial etimadın möhkəmlənməsinə xidmət edir. Nəqliyyat və kommunikasiya əlaqələrinin açılması isə iqtisadi inteqrasiyanı təşviq edir, regional bağları gücləndirir və tərəflər arasında davamlı əməkdaşlıq üçün konkret mexanizmlər yaradır. Forumda qeyd edildi ki, bu yanaşma sülhü praktik həyat səviyyəsində möhkəmləndirir və uzunmüddətli barış üçün strateji zəmin yaradır.

Sessiyanın yekununda bir da aydın oldu ki, Vaşinqton Bəyannaməsi və ABŞ–Azərbaycan strateji tərəfdaşlığı Ermənistan–Azərbaycan sülh prosesinə siyasi dəstək verməklə yanaşı, regionda dayanıqlı nizamın qurulması üçün institusional çərçivə yaradır. Sülhün real nəticəyə çevrilməsi üçün diplomatik mexanizmlər, sərhəd təhlükəsizliyi, humanitar əməkdaşlıq və infrastrukturun inkişafı bir-biri ilə inteqrasiya edilməli, regional aktorların maraqları incə tarazlıqla qorunmalıdır.

Azərbaycan–ABŞ strateji tərəfdaşlığı Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizlik balansının və iqtisadi inteqrasiyanın əsasını qoyan praktik institutlara çevrilə biləcək strateji mexanizmdir. Sessiyalarda iştirak edən müxtəlif beyin mərkəzlərindən beynəlxalq və yerli analitiklər, o cümlədən siyasi müşahidəçilər ABŞ-ın tərəfdaşlıq rolunun postmünaqişə dövründə sülh prosesinin institutlaşdırılmasında nə qədər həlledici olduğunu bir daha təsdiqlədi. Son olaraq qeyd edək ki, artıq Vaşinqton Bəyannaməsi çərçivəsində formalaşan yeni əməkdaşlıq mexanizmləri sərhəd təhlükəsizliyi, humanitar proqramlar, nəqliyyat-kommunikasiya dəhlizlərinin bərpası və regional etimadın gücləndirilməsi sahələrində konkret nəticələr doğurur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri