Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını ölkəsinə təhvil verib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Gürcüstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 14.08.1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.


