Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətləri yeni mərhələdə

Azərbaycan Çin münasibətləri yeni mərhələdə

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan-Çin münasibətlərindən də bəhs edib. Prezident siyasət və nəqliyyat baxımından çoxsaylı müsbət hadisələrin şahidi olduğumuzu diqqətə çatdırıb. Dövlət başçısı həmçinin Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni qeyd edib. O, “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək”,-deyə bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, Çin şirkətləri Günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur: “Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır: “Çin bizim 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də Çin və Azərbaycan əlaqələrindən bəhs edərək diqqətə çatdırıb ki, Çin və Azərbaycan 6-7 ay bundan əvvəl strateji tərəfdaş oldular: “Bu, hətta bundan daha da yaxşı dost olmaq üçün bizim qarşılıqlı iradəmizi nümayiş etdirən yüksəksəviyyəli tərəfdaşlıqdır. Fürsətdən istifadə edərək, çinli dostlarımızı Azərbaycanı ziyarət etməyə dəvət edirəm. Onlara bunu etmək üçün artıq viza tələb olunmur. Sadəcə, bilet alıb gələ bilərlər və Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər və özlərinə yeni dostlar qazana bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxın edəcək”.

Prezidentin Azərbaycan-Çin münasibətləri yönündə söylədiyi fikirlərlə bağlı, eləcə də bu münasibətlərin tarixi, inkişafı istiqamətində politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Azərbaycan və Çin bir-biri üçün çox önəmli tərəfdaşlardır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı Azərbaycan özünün çoxvektorlu siyasəti ilə hər zaman seçildiyini bildirərək əlavə edib ki, Avropadan Asiyaya materikin bir çox dövlətləri ilə dinamik əlaqələrimiz günü-gündən inkişaf edir: “Bu sırada Çinin adı xüsusi qeyd olunmalıdır. Hər iki dövlət

bir-biri üçün çox önəmli tərəfdaşlardır. Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasından 33 il keçir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunur. Rəsmi Bakı Çinlə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır”.

“Bu əlaqələrin qədim tarixi var”

O diqqətə çatdırıb ki, Azərbaycan-Çin əlaqələri sadəcə son dövrlərin hadisəsi deyil, Böyük İpək yolunun tarixi qədər qədimdir: “Hələ 2500 il öncə bu yol vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Çin Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə, xüsusilə TRASECA çərçivəsində reallaşdırılan Şərq-Qərb layihəsinə böyük maraq göstərir. Azərbaycanın bu regionda gücü, rolu, bölgənin sabitliyini təmin edən fiqur olması bu marağın daha da artmasına və əlaqələrin indiki tempdə inkişafına səbəb olur”.

“Bu əlaqələr çoxtərəflidir”

Politoloq Elman Telmanoğlu vurğulayıb ki, Azərbaycan və Çin arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Hər iki ölkə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı maraq əsasında əməkdaşlıq edir. Eyni zamanda, Çin Azərbaycanın qeyri-neft sektoru üçün böyük ixrac bazarı rolunu oynayır. İkitərəfli əlaqələr təkcə iqtisadi deyil, həm də mədəni və təhsil sahələrini də əhatə edir”.

E.Telmanoğlunun sözlərinə görə, Azərbaycan Çinin təşəbbüs etdiyi bir sıra regional layihələrə maraq göstərir: “Xüsusilə də nəqliyyat-logistika sahəsində, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Çin mallarının Avropaya çıxışında əsas tranzit rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Çin mediasına verdiyi müsahibədə Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. O, xüsusilə "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycan üçün yeni imkanlar açdığını, iki ölkə arasında qarşılıqlı hörmət və dəstək əsasında bərqərar olmuş siyasi dialoqun əhəmiyyətini qeyd etdi. Eyni zamanda, Azərbaycanın Çinin ərazi bütövlüyünə dəstək verdiyini, Pekinin də Qarabağ məsələsində Azərbaycanın mövqeyini anlayışla qarşıladığını xatırlatdı”.

“Prezident Çinlə bağlı vacib mesajlar verdi”

O əlavə edib ki, Prezident İlham Əliyev aprelin 9-da Azərbaycan beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə də Çinlə bağlı vacib mesajlar verdi: “Cənab Prezident bildirdi ki, Çin Azərbaycan üçün vacib strateji tərəfdaşdır və ölkələrarası münasibətlər çoxşaxəlidir. İlham Əliyev Çinin beynəlxalq siyasətdə artan rolunu vurğuladı və qeyd etdi ki, Çinlə əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi, humanitar və texnoloji sahələri əhatə etməlidir. Bu görüşdə Prezident Azərbaycanın Çinlə əməkdaşlığının gələcək perspektivlərinin daha da genişlənəcəyini, xüsusilə yeni nəqliyyat dəhlizləri, texnoloji transferlər və təhsil mübadiləsi sahələrində real nəticələrin gözlənildiyini qeyd etdi. Bütün bu siyasi, iqtisadi proseslər isə yalnız bir fakt - Azərbaycanın yürütdüyü dəqiq və güclü siyasət üzərində fokuslanır”.

“Sovetlər tərkibində olduğumuz dövrdə də bu münasibətlər olub”

Politoloq Samir Hümbətov Azərbaycanın Çinlə münasibətləri uzun tarixi prosesi keçdiyini diqqətə çatdıraraq əlavə edib ki, Sovetlər tərkibində olduğumuz dövrdə də bu münasibətlər olub: “Ümummilli lider Heydər Əliyevin Çinə səfəri ilə bağlı da məlumat var. Bu səfər həmin dövr üçün də xüsusi əhəmiyyət daşımaqdadır. Eyni zamanda, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk mərhələlərdə elə Çin Azərbaycanın müstəqilliyini tanıyıb və diplomatik əlaqələr qurub. Həmin dövrlərdə Ümummili lider Heydər Əliyevin Çinə səfərləri olub. Həmçinin qarşılıqlı şəkildə dövlət adamlarının səfərləri baş tutub. Eləcə də cənab Prezident İlham Əliyevin Çinə səfərləri olub. Yəni bütün bunlar bizim ikili əlaqələrimizdə xüsusi əhəmiyyətə malikdir. Bu əlaqələr bu gün də inkişaf edir. Nəzərə almaq lazımdır ki, Çin dünyanın iki super gücündən biridir”.

“İqtisadi sahədə də əməkdaşlığımız davam etməkdədir”

S.Hümbətov qeyd edib ki, bu gün Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan yuxarıdır: “Hətta bəzi məlumatlarda 2,5-3 milyard dollara qədər ticarət dövriyyəsi olduğundan söhbət gedir. Yəni Azərbaycan Çin əlaqələri təkcə siyasi əlaqələr deyil, həmçinin iqtisadi sahədə də əməkdaşlığımız davam etməkdədir. Hesab edirəm ki, cənab Prezidentin toxunduğu məsələlər sırasında həm Çinin regional bir güc olaraq bu gün artıq dünya siyasətində yer tutması, eyni zamanda, Azərbaycan-Çin əlaqələrinin inkişafı, perspektiv imkanları, Çin rəsmiləri ilə keçirilən müxtəlif görüşlər və s. bunun məcmusunu təşkil edir. Azərbaycan Prezidentinin Çinlə bağlı söylədiyi fikirlər Çinin yeni dünya nizamında özünəməxsus yer tutması və Azərbaycana xüsusi önəm verməsidir. Azərbaycanla Çinin əlaqələrində “Bir kəmər, bir yol”, Orta dəhliz layihələrinin böyük önəm kəsb etdiyini qeyd edə bilərik. Düşünürəm ki, cənab Prezidentin toxunduğu məsələlər sırasında bu da xüsusi əhəmiyyət daşıyır”.

“Bu əlaqələr gələcəkdə daha da dərinləşəcək”

Politoloq diqqətə çatdırıb ki, bizim üçün önəmli olan COP29 tədbirində də Çinin dövlət və hökumət rəsmilərinin iştirakı, onların Azərbaycanla bağlı olan mövqeyi, münasibəti, hətta Çinin Ermənistan-Azərbaycan arasındakı münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, eyni zamanda, Azərbaycanın vahid Çin siyasətinə dəstək verməsi və s. məsələlər hər biri cənab Prezidentin fikirlərinin əsas məğzini təşkil edirdi: “Yəni cənab Prezidentin fikirləri bu dediyim məsələləri əhatə edir. O baxımdan düşünürəm ki, cənab Prezidentin dövlətin birinci şəxsi və münasibətlər kontekstini daha detallı bilən şəxs olaraq Çin Azərbaycan əlaqələrinin bugünkü inkişafından məmmnunluğunu ifadə etməsi gələcəkdə bu əlaqələrin müxtəlif sahələrdə dərinləşməsinə daha da çox töhfələr verəcək. Bunun bizim gələcək münasibətlərimizə yalnız və yalnız müsbət təsir edəcəyinə əminik”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri