Iron Gate” Azərbaycan üçün geosiyasi risk yarada bilər
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın İrana qarşı təzyiq siyasəti yeni mərhələyə keçir. Vaşinqton dəniz blokadasından sonra İranın quru sərhədləri və Xəzər dənizi üzərindən həyata keçirilən təchizat marşrutlarına da nəzarəti gücləndirməyə çalışır. “Iron Gate” adlı xüsusi qrupun yaradılması Tehranın hərbi-texniki təchizat imkanlarının məhdudlaşdırılması ilə yanaşı, regionun geosiyasi və təhlükəsizlik balansı baxımından da mühüm əhəmiyyət daşıyır.
Modern.az-a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, “Iron Gate” təşəbbüsünü artıq formalaşmış hərbi blok və ya Xəzərdə yerləşdirilən hərbi qüvvə kimi təqdim etmək düzgün deyil:
"Bu təşəbbüs ABŞ-nin müxtəlif dövlət qurumları arasında koordinasiyanı təmin edən xüsusi işçi qrupudur".
Deputat qeyd edib ki, 7 noyabr 2026-cı ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin göstərişi ilə yaradıldığı bildirilən “Task Force Iron Gate” İranın quru sərhədlərindən silah və hərbi təyinatlı avadanlıqların daşınmasının qarşısını almaq, ikili təyinatlı texnologiyaların hərəkətinə nəzarəti gücləndirmək və Xəzər dənizi vasitəsilə mümkün hərbi-texniki təchizat kanallarını izləmək kimi vəzifələri əhatə edir.
A.Allahverənovun fikrincə, bu təşəbbüs ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını tamamlayan mexanizm kimi qiymətləndirilə bilər:
“ABŞ artıq yalnız İranın dəniz limanlarına deyil, onun alternativ təchizat və tranzit marşrutlarına da diqqət yetirir. Bu isə təzyiq siyasətinin həm coğrafi, həm də funksional baxımdan genişləndirilməsi deməkdir. "Iron Gate" təşəbbüsünü İranın tam hərbi blokadaya alınmasından daha çox, onun xarici təchizat sisteminin fəaliyyətini çətinləşdirməyə yönəlmiş kompleks iqtisadi-kəşfiyyat və sanksiya strategiyası kimi dəyərləndirmək olar”.
Deputat hesab edir ki, Vaşinqtonun əsas məqsədlərindən biri İranın hərbi potensialını bərpa etməsinə mane olmaq, Rusiya ilə hərbi-texniki əməkdaşlığını məhdudlaşdırmaq və iqtisadi manevr imkanlarını daraltmaqdır. O, bu prosesin Rusiya, Çin və İran arasında formalaşan alternativ iqtisadi-logistik əlaqələrə də təsir göstərə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 3-cü maddəsi Xəzərdə sahilyanı dövlətlərə məxsus olmayan silahlı qüvvələrin mövcudluğunu istisna edir. Bu baxımdan, Xəzərdə hərbi təyinatlı fəaliyyətin həyata keçirilməsi ilə bağlı mümkün təşəbbüslər konvensiyanın prinsipləri ilə ziddiyyət təşkil edə bilər.
A.Allahverənov “Iron Gate” təşəbbüsünün əsas təsir vasitələri sırasında kəşfiyyat məlumatlarının toplanmasını, beynəlxalq maliyyə əməliyyatlarının izlənməsini, yükdaşıma şirkətlərinə və vasitəçilərə sanksiya təzyiqinin artırılmasını, eləcə də ikili təyinatlı məhsulların ixracına nəzarətin gücləndirilməsini qeyd edib.
Deputatın fikrincə, yaranmış vəziyyət Azərbaycan üçün də həssas geosiyasi şərait formalaşdırır:
“Azərbaycan eyni zamanda Xəzər hövzəsinin mühüm iştirakçısı, İranla quru sərhədə malik dövlət, Rusiya ilə iqtisadi əlaqələri olan tərəfdaş və ABŞ-lə strateji tərəfdaşlığını inkişaf etdirməkdə maraqlı olan ölkədir. Bu səbəbdən müəyyən qüvvələr Azərbaycanın hansısa geosiyasi qarşıdurmaya cəlb olunmasına cəhd göstərə bilər. Lakin düşünürəm ki, Azərbaycan praqmatik xarici siyasət kursu və milli maraqlara əsaslanan ardıcıl siyasəti ilə bu riskləri idarə etmək iqtidarındadır”.
O bildirib ki, İranın tranzit imkanlarının məhdudlaşdırılması və Rusiya - İran daşımalarına qarşı sanksiya təzyiqinin artırılması Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə də mənfi təsir göstərə bilər. Bu baxımdan, Azərbaycanın müxtəlif tərəflərin maraqlarını uzlaşdırmaq və regional əməkdaşlığı qorumaq imkanları mövcuddur.
A.Allahverənov əlavə edib ki, Azərbaycanın mövqeyi ABŞ-lə münasibətlərdə strateji tərəfdaşlığın, enerji və təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə, İranla əlaqələrdə sərhəd təhlükəsizliyinin və qarşılıqlı suverenliyə hörmət prinsipinin qorunmasına, Rusiya ilə münasibətlərdə isə ticarət, tranzit və Xəzər hövzəsində əməkdaşlığın davam etdirilməsinə əsaslanır.
Deputat hesab edir ki, Azərbaycan milli maraqlarını ön planda tutmaqla həm regional sabitliyin qorunmasına, həm də yaranmış geosiyasi şəraitdə əlverişli mövqeyini saxlamağa nail ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















