Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? SORĞU
Tarixə nəzər salsaq, Azərbaycanda futbol tanınmış bir idman növü kimi sayılıb və sevilib. Lakin “Qarabağ” xaric, son illərdə milli komandamızın və klublarımızın uğursuz çıxışı bizə nələrinsə vaxtının yetişdiyini göstərir.
Söhbət məhz legioner limitindən gedir. Dünyanın orta səviyyəli və ya bizim kimi inkişaf etməkdə olan ölkələrində limit mərhələli şəkildə aradan qalxır. Lakin Azərbaycanda cari ilə nəzər salsaq, hələ də bu problemin həlli barədə konkret bir addım atılmır. AFFA-nın İcraiyyə Komitəsinin 2024-cü ilin may ayında qəbul etdiyi qərara əsasən, 2024-25 mövsümündə komandalar “7+4”, 2025-26 mövsümündə isə “8+3” limiti ilə oynaya biləcəklər.
Bəs bu barədə idman jurnalistləri nə düşünür? Legioner limitinin potensial ləğvi ilə bağlı onların fikirlərini aldıq.
Rasim Sultanzadə (apasport.az): “Birmənalı olaraq limit olmalıdır. Düşünürəm ki, müzakirəyə bağlı mövzudur".
İsmayıl Xeyrullayev (apasport.az): “Premyer Liqanın və klub futbolunun inkişafını istəyiriksə, legioner limiti ləğv olunmalıdır. Sırf limit xatirinə meydanda gəzən həmyerlilərimizdənsə, liqaya keyfiyyətli legionerlər gətirilməlidir. Deyirlər ki, millinin səviyyəsi aşağı düşəcək. İndiyə qədər limit tətbiq olunurdu. Guya yığmamızın hansı uğuru var idi ki? Klubların əksəriyyətində yerli limitini doldurmaq üçün oynayan futbolçuların da bir çoxu azərbaycanlı deyil. Əksəriyyəti heç dilimizi bilmir. Höccət Haqverdi, Ramil Şeydayev, Azər Əliyev, Ayaz Quliyev... Yerli futbolçular rəqabət aparıb, döyüşüb forma şansı qazanmalıdırlar. Yoxsa ki, onsuz da heyətdə yerim hazırdı düşüncəsi ilə əli cibində gəzməli deyil”.
Mahir Rüstəmli (Futbol+): “Belə düşünürəm ki, limitin ləğvi Azərbaycan yığmalarının nəticələrini bir qədər də pisləşdirəcək. Limit futbolumuzun problemləri arasında heç ilk "10-luğ"a da düşməz. Azərbayca İngiltərə deyil ki, başqa ölkələrdə yüzlərlə futbolçusu oynasın, Fernando Santuş və onun U-21-dəki həmkarı asanlıqla heyət formalaşdırsın. "Qarabağ" illərdir avrokuboklarda qrupa düşür, bircə azərbaycanlını belə başqa ölkələrin klublarına sata bilmir. Digər tərəfdən, azərbaycanlı futbolçular mental baxımdan da Avropada oynamağa həvəsli deyil. Limitsiz çempionat olacaqsa, çox güman, yerli futbolçular 1-ci liqa klublarına üz tutacaq. Premyer Liqa legionerlərin, I Liqa yerli futbolçuların çempionatı olacaq”.
Mirələm Həsənli (sportlife.az): “Legioner limiti məsələsinə həm yerli futbolçuların inkişafını dəstəkləmək, həm də çempionatın səviyyəsini yüksəltmək prizmasından baxmaq lazımdır. Limitin ləğvi keyfiyyətli legionerlərin cəlb olunmasına şərait yarada bilər, amma bu, yerli oyunçuların oyun vaxtını və təcrübə toplama imkanlarını məhdudlaşdıra bilər. Düşünürəm ki, bu məsələdə əsas məqsəd həm yerli futbolçuların inkişafını qorumaq, həm də çempionatda rəqabəti artırmaq olmalıdır. Bu balansı düzgün təmin etmək üçün legioner limitində dəyişikliklər müzakirə olunmalıdır”.
İbrahim Cəfərov (futbolxeber.az): “Xeyr, ləğv olunmamalıdır”.
Səxavət Qurbanov (idmanxeber.az): “Bəli, düşünürəm ki, limit ləğv olunmalıdır. Uzun müddətdi ki, bu sistemdə uğur əldə olunmadı. Düzdü, bu da çıxış yolu deyil. Lakin hazırki durumda bu daha məntiqli görünür. Azərbaycanlı oyunçuların əksəriyyəti illərlə onlara şans verilməsini istəyir və ortada gedən zamandır. Mənasız vaxt itkisi. Limitin ləğvini bir qrup insan yeni futbolçuların aşkarlanmasının, perspektivli gənclərin üzə çıxmasının qarşısının alınması kimi qələmə verir. Bu, təbii ki, belə deyil. Ölkədə uşaq futboluna diqqət ayrılmalıdır. Bu gün limit belədir, milliyə heç bir faydası yoxdur, əvəzində daxili arenada rəqabətsizlik hökm sürür. Düşünürəm ki, limit ləğv olunsa, həm çempionat daha maraqlıi olacaq, həm də daha layiqli olan yerli futbolçular, bunu haqq edənlər meydana çıxa biləcəklər”.
Kənan Həsənov (report.az): “Açığı bu məsələnin gündəmə gətirilməsini başa düşə bilmirəm. Azərbaycan kimi, futbolu zəif ölkələr də legioner limitinin qaldırılması anormal bir şey olardı. Belə deyim, legioner limitinin aradan qaldırılması, Azərbaycan futbolunun intiharına bərabər addım olar. Çünki hamımız durumdan xəbərdarıq. Orta Avropa səviyyəsində futbolçu yetişdirə bilməmişiksə, digər tərəfdən legioner limitinidə aradan qaldırırıqsa təsəvvür edin yığmalarımızın vəziyyəti necə olacaq. Azərbaycan millisinin cari mövsüm də və keçmişinə nəzər salsaq görərik ki, millimizin vəziyyəti elə də ürək açan deyil. Keçmişdə qalib və yaxud heç-heçə etdiyimiz yığmalara qarşı məğlub oluruq. Bu isə futbolumuzun get-gedə geriləməsindən xəbər verir. Təbii ki, limiti ləğv etmək olar. Amma bunun üçün bir neçə vacib şərti yerinə yetirmək lazımdır. Birincisi, Azərbaycan da bütün klubların akademiyaları olmalıdır. Mən həmişə demişəm ki, futbolçu yalnız akademiyada peşəkar məşqçilərin əhatəsində yetişə bilər. Bizdə isə necədir, klublarımız kağız üzərində deyirlər ki, “bizim akademiyamız var”. Futbolçu akademiya da yaşamalıdır. Orada təhsil almalı, qidalanmalıdır. Daim nəzarətdə olmalıdır. Biz birinci bunu təmin etməliyik. İkinci şərt meydançalardır. Bu problem futbolumuzun ən yaralı yerlərindən biridir. Siz təsəvvür edin ki, Premyer Liqada çıxış edən 10 komandanın aşağı yaş qruplarının heçbiri, təbii örtüklü meydançalarda futbol oynamır. Belə bir şəraitdə süni ot örtüyündə məşq edən, oynayan bir gənc sabah təbii ot örtüyündə oynamaq üçün çox ciddi uyğunlaşma dövrü yaşayacaq. Bu kimi problemlərimiz ola-ola legioner limitinin aradan götürülməsinin gündəmə gətirilməsi kökündən yanlış təklifdir. Ona görə də mən qəti şəkildə bu məsələnin əleyhinəyəm. Yalnız dediyim məsələlər icra olunduqdan sonra, bu söhbəti danışmaq olar. Bir şeyi də nəzərə alın ki, dövlətimiz elitadakı klublara 3 milyon manat vəsait ayırır. Bu 3 milyonu Azərbaycan nəyə görə ayırır? Yerli futbolun inkişafına. Biz isə legioner limitinin ləğvi barədə söhbət açırıqsa, o zaman 3 milyon manat yardımı kəsiləcək. Bu isə, elitada çıxış edən 90% klubun bağlanmasına gətirib çıxara bilər. Klubların mailiyyə problem həddən artıq çoxdur. Problemləri həll etdikdən sonra, bu məsələni yenidən gündəmə gətirmək uyğun olar deyə düşünürəm”.
Elvin Əhəd (mediasport.az): “Mən əslində Azərbaycanda legioner limitinin ləğvinə qarşı deyiləm. Sadəcə onun onun bir fayda verəcəyinə inanmıram. Burda bir məqam da xüsusi qeyd olunmalıdır. Bilirsiniz ki, dövlət tərəfindən hər bir komandaya 3 milyon manat yardım olunur. Bu 3 milyon manatın arxasında hansı məqsəd dayanır? Təbii ki, yerli futbolçuların inkişafı. Bu pul dünyanın 4 tərəfindən oyunçu gətirmək üçün ayrılmır. Hazırda ən zəif komandamızda belə 7 legioner çıxış edir. Tutaq ki, legioner limiti aradan qalxdı. Nə dəyişəcək? Bu klublar avrokuboklara daimi vəsiqə qazanacaq, yoxsa hərəsi 4-5 mərhələ keçib son 16 komanda arasına girəcək. Və yaxud ən yaxşı halda 1 klub bunu bacardı. Bəs Azərbaycan futbolunun bundan qazancı nə olacaq? Şəxsi fikrim olaraq deyirəm ki, legioner limitinin dəyişdirilməsi bir çox futbol dəllallarının cibini dolduracaq. O fikirlərlə də razı deyiləm ki, yerli futbolçular tənbəldirlər. Ümumən məsələ genişdir. Bu barədə çox danışmaq olar. Amma konkret olaraq bildirirəm ki, limit ləğv olunarsa, Azərbaycan futbolunda ciddi bir irəliləyiş olmayacaq”.
Səbuhi Musayev (prosport.az): “Birmənalı şəkildə ləğv edilməlidir. Çünki əks halda, bizim yerli oyunçular isti evlərini soyuq daxmalara dəyişməkdə maraqlı olmayacaq. Bununla belə, gətiriləcək legioner futbolçuların səviyyəsi də yarıtmaz olmamalıdır. Menecerlər lazımsız legionerlərlə komandaları doldurmamalıdır. Düşünürəm ki, bunun da bir formulu, mexanizmi işlənməlidir. Klublar özləri millidə çıxış edən əcnəbi futbolçular gətirməkdə maraqlı olmalıdır. Zatən millidə oynayan legionerlər üçün rüsum ödənişi tələb olunmur. Vaxtı ilə Dmitri Kruqlov, Aleksey Savinov, Maris Verpakovski kimi 2-ci eşalon ölkələrindən futbolçular klublarımızda çıxış edirdi. Həmin vaxt çempionatımız heç də indikindən zəif deyildi, bəlkə də üstələyirdi. Bu ənənəni yenidən davam etdirmək lazımdır”.
Daşqın Əziz (pressinq.az): “Hazırda limitin ləğv edilməsi müzakirə mövzusu olmamalıdır. İndiki durumda limiti ləğv etmək doğru addım olmaz. Çünki AFFA İcraiyyə Komitəsinin may ayında keçirilən iclasında qərara gəlinmişdi ki, bu proses tədricən olsun. Hazırda limit 7+4-dür. Tutaq ki, 2025-2026-cı illər mövsümündə də olsun 8+3. Növbəti mövsümün sonunda görülsə ki, bu sistem uğurludur, o zaman yenidən limitdə dəyişiklik etmək olar. Lakin indiki durumda legioner limitinin tamamilə ləğvi müzakirə mövzusu olmamalıdır".
Ceyhun Əliyev (sport24.az): “Uzun illərdir bunu deyirəm ki, limit ləğv edilməlidir. Yerli statusu ilə futbolçular yalnız rəqabət olduqda hansısa sıçrayışa imza ata bilər. Bəli, bu addımla bəlkə də dərhal legioner həyatı yaşaya biləcək oyunçularımızın sayı bir əl barmaqlarının sayına sığacaq qədər olacaq. Ancaq perspektivdə əksəriyyət ölkə xaricinə çıxmağa can atacaq. Klubların təklif edəcəyi məvacib real gücü əks etdirəcək. İlk yüzlükdə olmayan millinin futbolçusu beşrəqəmli maaş tələb edə bilməz! Hansı xidmətə, performansa görə bunu istəyə bilər? Üstəlik, məndəki məlumata görə, azərbaycanlı futbolçuya heyətə düşmək şansı verildiyi hər dəqiqəyə görə kluba 300 manat bonus nəzərdə tutulub. Bu, 1 mövsümü əvəz olunmadan keçirən oyunçuya görə kluba 1 milyona yaxın gəlir gətirəcək. Bax, həmin məbləğdən futbolçularımıza da müəyyən faiz (məsələn, 30) bonus qismində söz verilə bilər ki, heyətə düşmək üçün stumulları olsun”.
Xanoğlan İmanov (sportinfo.az): “Bu gün üçün legioner limitinin ləğv edilməsi absurd qərar olar. Elə təqdim etməyə çalışırlar ki, sanki limitin ləğv edilməsi Azərbaycan futbolunun inkişafına xidmət edəcək. Mənə görə kökündən yanlış fikirdir. Bəli, bu gün yerli futbolçu qıtlığı var. Amma günahkarı nə limit, nə də yerli futbolçular deyil, yaxın keçmişdə Birinci Liqanı iflic edən, Premyer Liqanı 8 komandalı Bakı çempionatına çevirən, Birinci Liqaya 21 yaş limiti tətbiq edən AFFA və normal akademiya qurmayan klublarımızdır. Bugünkü federasiya rəhbərliyi və bəzi klublar eyni xətti davam etdirir. 7 legionerlə avrokuboklarda 1 mərhələ adlamağa şükür edənlər elə zənn edir ki, say 11 olsa hər il qruplara qalacaq, liqada səviyyədə artacaq? Çox cılız düşüncədir.
Hə, limitin ləğvinə bəlkə də nə vaxtsa getmək olar. Amma ona qədər görülməli çox işlər var. Ən başlıcası ölkədə futbol akademiyaları formalaşmalıdır. Bir uşağın futbolçu kimi yetişməsi üçün orada bütün şərait qurulmalıdır. Bu gün Premyer Liqa klubları məşq etmək üçün stadion tapa bilmir. İşıqlandırma olmadığı üçün Premyer Liqa klubu ev oyunlarını axşam saatlarında keçirə bilmir. Premyer Liqanın əksər oyunları yararsız süni örtüklü meydanlarda keçirilir. Hələ I Liqadakı şəraitsizlikdən danışmıram. Orada vəziyyət daha acınacaqlıdır. Deməli, infrastruktur məsələsi ən qısa müddətdə həllini tapmalıdır. Birinci Liqanın səviyyəsi qaldırılmalıdır. Dövlət tərəfindən klublara ayrılan 3 milyon manatlıq dotasiyasının məqsədi də məhz sadaladığımız problemləri həll etmək üçündür. Təəssüf ki, kimlərsə həmin pulu da əcnəbi futbolçulara yatırmaq istəyir. Bu, birbaşa olaraq dövlətin puluna xəyanətdir”.
Mirbağır Cəfərli (sportal.az): “Biz istiqamət və hədəf seçməliyik. Hələ ki, rəsmi bir şey olmadığından, qərarın hansı məqsədlərə görə verildiyini və ya veriləcəyini də bilmirik. Məqsəd Premyer Liqanın səviyyəsinin artırılmasıdırsa, bu qərar qulağa xoş gələ bilər. Amma təbii ki, əgər bu qərar verilirsə, müəyyən, özü də ciddi şərtlər qəbul olunmalıdır. Məsələn, bu qərar verilibsə, yoldan keçən legionerlər ölkəmizə dəvət edilməməlidir. Ən azından bir il içində millidə oynamış və milli üzvləri komandalarımıza dəvət olunmalıdır.
İkinci bir məsələ uşaq futboludur. Biz yenə əsas məsələni, ən vacib problemimizi unuduruq, beşinci-altıncı plana atırıq. Uşaq futbolu, akademiyaların inkişafı, inşası tələbləri olmadıqdan sonra klublara legioner gətirmələri ilə bağlı niyə dövlət milyonlar ödəməlidir ki? Məsələn, Malavi və yaxud da, Qvineya-Bissaudan futbolçu gəldi, burada oynadı və getdi. Nə qazandıq? Doğrudur, futbolçu skautinqi də aparılmalıdır, bəlkə də həmin furbolçu gəldi burada inkişaf etdi və sonra onu yaxşı qiymətə sataraq klubumuz da pul qazandı. Amma bu da az-az rast gəlinən məsələdir. Ona görə məncə, bizim əsas amalımız yalnız uşaq futbolu, uşaq futbolçularının inkişafı yönündə olmalıdır. Klub futbolunu inkişaf etdirmək də yaxşıdır, amma uşaq futbolu ilə bərabər. Ona görə də, tam olaraq qəti şəkildə demək olmur ki, legioner limitinin ləğvi yaxşıdır, ya pis. Bir məsələ də var ki, bəlkə bu limit tətbiq edilərsə, o zaman futbolçularımız xaricə getməyə can atdı. Çünki belədə, onların rahat şəraiti qoyub, xaricə yollanmaq, qüvvəsini legioner kimi sınamaq fikrinin olmadığı görünür.
Vaxtı ilə legionerlərə küllü-miqdarda pul xərcləyən klublarımızı da görmüşük. Ola bilər ki, həmin an üçün hansısa uğur qazandırıblar, amma bizə günü xilas edəcək uğurlar yox, gələcəyimizi xilas edəcək, addım-addım irəliləyərək qazanacağımız uğurlar, stabil nəticələr lazımdır".
Mirağa Mirzəyev (fanat.az): “Legioner limiti hər ölkə üçün aktual bir məsələdir. Ölkəmizdə bu məsələni mərhələli şəkildə yox, istədikləri zaman dəyişdiriblər. Hansı ki, “Karvan” komandası ona görə dağıldı. Legionerlərə liqada limit tətbiq olundu. Həmin vaxt “Karvan”da yalnız qapıçı Elxan Həsənov var idi. Avrokuboklarda mərhələ adladığı illərdən söhbət gedir. İndiki dövrdə baxır hansı məqsədlə bunu tətbiq etmək istəyirlər. Mənim fikrimcə, legioner limiti ləğv olunmalıdır. Ümumi götürsək yerli oyunçular üçün çətin olacaq. Amma olsun. Bu süni qiymət artımının qarşısını alacaq. Daxili çempionatda bir klubdan başqa komanda keçid etdikdə haqq etmədiyi pulları alırlar. Təbii ki, bu pullar legionerlərə gedəcək”.
Kənan Məstəliyev (rekord.az): “Mən düşünürəm ki, legioner limiti ləğv olunmamalıdır. Gələn ildən “7+4” sistemindən “8+3” sisteminə keçirik. Bunun artığına da ehtiyac yoxdur. Zatən yerli futbolçulara çox şans vermirik. Əgər limit ləğv olunarsa, onlara heç bir şansı qalmayacaq. Legioner limitinin ləğvi tərəfdarları adətən belə ifadələr səsləndirirlər ki, “azərbaycanlı futbolçular çox rahat olurlar, öz üzərində işləmirlər. Bilirlər ki, əsas heyətdə yerləri hazırdır”. Belə deyil. Yerli oyunçulara çox şans verilmir. Əsas heyətdə 3 milli futbolçunun olmağı rahatlıq deyil. Digər bir fikir isə ondan ibarətdir ki, legionerlər yerli futbolçulardan daha keyfiyyətlidir. Amma mən belə düşünmürəm. Azərbaycana gələn legionerlərin səviyyəsi göz önündədir. Ruanda millisi, Qvineya millisi kimi dünyanın məlum olmayan coğrafiyalarından futbolçu gətirilir. Lakin onlar da burada uğursuz olurlar. Azərbaycanlı futbolçulardan heç də üstün olmurlar. Biz əgər keyfiyyətli bir legioner gətirməyəcəyiksə, nəyə görə yerli oyunçularımızın çıxışına mane olunmalıdır. İnfrastruktur düzəlmədikcə, uşaq futbolu bərpa olunmadıqca legioner limitinin ləğvi barədə danışmağa ehtiyac yoxdur. Mən legioner limitinin götürülməsinə qarşıyam”.
Həbib Aslanov (sportinfo.az): “Məncə, ləğv olunmalı deyil. Belə olması əlimizdə olan 5-10 futbolçunu da itirməyimizə səbəb olacaq. Limitin ləğvi azərbaycanlı futbolçuları məcburi şəkildə ölkə xaricində legioner həyatı yaşamağa məcbur etmək üçün uyğun vasitə deyil. Çünki bacarıqları aşağıdır, nə Premyer Liqadakı əcnəbilərlə mübarizədən qalib ayrıla biləcəklər, nə də Avropa ölkələrində özlərinə yer etmək mümkün olacaq. Uşaq futboluna diqqət ayırıb, yerli futbolçuların səviyyəsini artırandan sonra limitin ləğvi barədə düşünmək və danışmaq olar”.
Mehman Süleymanov (presssport.az): “Son günlərdə böyük müzakirə obyektinə çevrilən legioner limitinin indiki birdəfəlik ləğvinin tərəfdarı deyiləm. Mənə görə bu proses birdən yox, tədricən olmalıdır. Hər halda, milli komandamızı da düşünməliyik. Məlumdu ki, AFFA İcraiyyə Komitəsinin qərarıyla növbəti - 2025/26 mövsümündən limit “7+4”dən "8+3"ə çevriləcək. Bunu tam dəstəkləyirəm. Bu, gözlənilən müsbət effekti versə, artıq sonrakı mövsümlər üçün limitinin tam ləğvi gündəmə gələ bilər. Yerli futbolçuların limitə görə əsas heyətdə süni yer tutmasının qəti əleyhinəyəm. Bununla qiymətlərini də süni şəkildə artırırlar. Bəlkə limiti ləğv olunsa, azərbaycanlı futbolçular xaricə çıxmağa daha çox can atarlar”.
Ceyhun Rzayev (Xəzər TV): “Bu elə bir məsələdir ki, məsələyə 2 tərəfdən baxmaq lazımdır. Yəni bu qərar verilərsə mənfi tərəfi nə olacaq, müsbət tərəfi nə olacaq. Bunun yeganə mənfi tərəfi olacaq ki, azərbaycanlı futbolçuların əmək haqqısı aşağı düşəcək. Məsələn, “Sabah” limitə görə məcburdu ki, cinah müdafiəçisi Amin Seydiyevi oynatsın. Buna görə də futbolçu klubdan böyük məbləğdə pul qazanır. Limitin yığışdırılması əleyhdarları belə bir arqument irəli sürürlər ki, “azərbaycanlı futbolçulara yer tapılmayacaq, milli komanda zəifləyəcək”. Millimiz bundan sonra hara qədər zəifləyəcək? Məncə 2-3 il yığışdıraq. Görək nə olacaq? Baxın neçə illərlə “6+5” olub. nə nəticə verdi? Millimizdə və ya futbolumuzda heçbir dəyişiklik olmadı. Limiti yığışdıraq, icazə verək 11 əcnəbi oynasın. Təbii ki onunda müddəaları var. Mən bu qərarı dəstəkləyirəm. Bəzi insanlar limitin ləğvinin “Neftçi” və “Qarabağ” kimi klubların Çempionlar Liqası kimi nüfuzlu turnirlərdə yaxşı çıxış edəcəyinə əmindirlər. Görsək ki, bu, Azərbaycan futboluna ziyan verir, AFFA-nın İcraiyyə Komitəsinə məsələni bildirmək olar. Uzun sözün qısası, mən limitin ləğvindən yanayam”.
İxtiyar Əsgərov (matc.az): “Azərbaycan futbolunun problemi limitlə bağlı deyil, limit dəyişsə də, dəyişməsə də, eyni şeydi. Hazırkı limitlə yığmanın Millətlər Liqasında nəticəsi göz qabağındadı. Yerli futbolçu oldu, ya olmadı, nəyinsə dəyişəcəyinə inanmıram. Limit dəyişsə itirən ancaq yerli futbolçuların qazancı olacaq. Kiməsə sirr deyil, bəzi yerli futbolçular var ki, layiq olduğundan 5 qat artığını alırlar limitə görə. 450, 500 min manat alan yerli futbolçular millidə nə ilə yadda qalıblar? Məncə problem başqadı, sanki maşının ötürücülər qutusu xarab olub, amma təkəri dəyişirlər”.
İlkin Sultanlı (offsideplus.az): “Azərbaycan futbolunda limit tətbiq olunmalıdır. Çünki biz Türkiyə, İngiltərə, İtaliya, Fransa, Almaniya, heç Gürcüstan deyilik. Azərbaycan futbolçuların pasportunda problem yaşanır. İşçi vizası ala bilmirlər. Belə olan öz oyunçularımız harada futbol oynayacaq? I Liqada? Düşünürəm ki, "8+3" limiti bizim üçün idealdır. Birdən-birə limiti yığışdırmaq doğru olmaz. Ən pis halda "9+2" olmalıdır”.
Pərviz Musayev (CBC Sport): “Gəlin məsələyə iki tərəfdən yanaşaq. Legioner limitinin ləğv olunması bizə nə verir? Yerli futbolçular oynamayacaq deyirlər. Ümumiyyətlə istənilən bir insan öz alın təri ilə sübut etməlidir ki, “mən bu heyətə layiqəm”. Bəlli məsələdi ki, legioner limiti ləğv olunarsa, ən iddialı klublarımız belə 11 xarici futbolçu ilə oynamayacaq. Əvvəlki illərə baxaq. Yerli futbolçuların üstünlük təşkil etdiyi illərdə “8+3” sisteminə keçilmişdi. “Karvan” komandası oynatmağa yerli futbolçu tapmırdı. Ona görə ki, klubun əsasını məhz legionerlər təşkil edirdi. Bu səbəbdən bir çox xarici oyunçusu kənarda qaldı, oynada bilmədi. Həmin dövr bizə nə verdi? Bizə onu verdi ki, kütləvi şəkildə milliləşdirmə prosesi başladı. Liqamızda oynayan bir çox xarici oyunçu millimizə cəlb olundu. Bu yollarla klublarımızda “yerli” statusu alan əcnəbilərin sayı artdı. Amma bir nəticəsi olmadı. Limitin ləğv olunması bəlkə də, klublararası balansın ləğv olunmasına gətirib çıxara bilər. Təbii ki, imkanlı komandalar əcnəbi futbolçuların sayını artıracaqlar. Amma daha bir məsələ ondan ibarətdir ki, gətirilən legionerlər nə dərəcə də keyfiyyətli oyunçu olacaq. Ümumiləşdirsək, bəlkə də mən hardasa limitin tam ləğv olunması deməyək, “8+3” və yaxud “9+2” üzərində dayanardım”.
Tural Dadaşov (İTV): “Mən legioner limitinin ləğvinin əleyhinəyəm. Məncə, limit tətbiq olunmalı, qalmalıdır”.
Aydın Bağırov (qol.az): “Bununla bağlı onu deyə bilərəm ki, tam ləğvi də doğru olmazdı. Amma yeni mövsümdən etibarən tətbiq olunacaq “8+3” sistemi futbolumuzun inkişafına, o cümlədən legionerlərin burada olmasından təşvişə düşməyə də ehtiyac yoxdur. Geridə qalan illər də biz gördük ki, yerli futbolçuların çoxluq təşkil etdiyi illər Azərbaycan futbolunda demək olar heçbir dəyişikliyə gətirib çıxarmadı. Bu gün yerli kadr cəhətdən problemlər var. Yerli oyunçularda özünə arxayınlıq hissi yaranıb. Hər halda bunu 2-3 mövsüm yoxlamağa dəyər”.
Araz Əhmədov (sportfm.az): “Mən legioner limitinin olmasından yanayam. Legioner limiti futbolu inkişaf etmiş ölkələrdə(böyük beşlik) olmaya bilər. Amma bizim kimi dünyanın üçüncü futbol ölkələrində mütləq legioner limiti olmalıdı. Çünki bizə nə səviyyəli legioner gələcək(bax: gətiriləcək), limit olmazsa, nə də yerli futboluçular inkişaf edəcək. İndinin özündə belə millidə oynatmağa 11 normal futbolçu tapmırıq, görün limit götürülsə necə olar!”.
Azər İsmayılov (ARB TV): “Legioner limitinin ləğv olunması gündəmə gətirilir.
Görünən odur ki, sərt reaksiyalar olmasa qərar veriləcək. “İnkişaf üçün rəqabət lazımdır” yanaşması bir növ köhnəlmiş,keçmişin fikirləridir. Günümüzün reallıqları ilə uzlaşmır. Akademiyaların az qala heç birində normal iş,sistem yoxdur. Gənclər öz-özünə, təsadüfi inkişaf edir, futbolçuya çevirilir. Aşağı yaş qrupları üzrə millilər, çempionatlar bərbad gündədir. Burda yetişən futbolçunun legionerlərlə rəqabəti də mümkünsüz, məntiqsizdir. Az qala asfaltda futbol öyrənən uşaqlara akademiya, sistem görmüş futbolçularla rəqabət aparmalarını deyirik. Bu gün xaricdə oynamaq potensialı olan,ya legionerlə rəqabət aparacaq yerli futbolçu yoxdur. Ailəmizdə futbolçu olduğu üçün yaxşı bilirəm(başqa tərəfdən baxıram) bu qərar yerli gənclərin məhv edilməsidir. Futbolçular,valideyinlər,ictimaiyyət bu mövzuda susmamalıdır”.
Elşən Məmmədov (sportnet.az): “Azərbaycan çempionatının əsas problemi legioner və ya yerli futbolçular deyil. Əsas problem lazımi infrastrukturun, maddi-texniki bazanın olmamasındadır. İllərdir bir normal stadion tikib ortaya qoya bilməyən əksər klublar əncəbi futbolçulara vəsaitləri səxavətlə xərcləyirlər. Yəni, klub rəsmiləri bir çoxları kimi, gələcəyi yox, bu günü, perspektiv üçün investisiya qoymağı yox, qısa müddətdə ciblərini mümkün qədər çox doldurmağı düşünürlər. Son illər isə dövlətin ayırdığı 3 milyon manatı da transferlərə, daha dəqiqi, legionerlərə xərcləyirlər. Bəhanələri də bu olur ki, yerli futbolçu yoxdur. Elə isə sual olunur: Uzun illərdir niyə futbolçu yetişdirməmisən? Cavab məlumdur: Legionerlərə ayırdığın pulu uşaq futboluna yönəltsəydin, daha yaxşı yerli oyunçular yetişdirərdin. Düşünürəm ki, klublara legionerlər lazımdır, lakin limitin ləğvi klubların hətta yerlilərdən də zəif əcnəbilər almasına gətirib çıxaracaq. Qazananlar isə klub rəsmiləri, futbolçular və agentlər olacaqlar. Yəni, bununla Azərbaycan futbolu heç nə qazanmayacaq. Fikrimcə, AFFA-nın hazırladığı strategiyadan birini də klublar hazırlasalar, yaxşı olar. Xaricdən oyunçu axtarmağa həvəslə gedənlər bölgələrə yollanıb istedadlı futbolçular seçməklə, gələcəkdə daha yaxşı komanda qura və tezliklə bəhrəsini görə bilərlər. Limitin isə elə 7+4 kimi qalsa, daha yaxşı olar”.
Siyavuş Əliyev (İdman TV): “Heç nə düzələn deyil”.
Hacı Heydər
"Sumqayıt" gücünü "Araz-Naxçıvan"la sınayacaq “Turan Tovuz” Türkiyədə Rumıniya klubu ilə qarşılaşacaq Braziliyalı hücumçu “Şamaxı”da - Rəsmi Millimizin heyəti açıqlanıb "Şamaxı" Zirə səfərində