Azərbaycan Gürcüstan: qarşılıqlı etimad üzərində strateji tərəfdaşlıq
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İki qonşu ölkə arasında münasibətlər intensiv siyasi təmaslar, qarşılıqlı səfərlər və mühüm regional təşəbbüslərlə yeni inkişaf mərhələsinə qədəm qoyub. Cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri, mayda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfərləri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir.
Bu siyasi dialoqun növbəti mühüm mərhələsi Azərbaycanın Baş naziri Əli Əsədovun oktyabrın 30-da Gürcüstana səfəri oldu. Siğnaği şəhərində İrakli Kobaxidze ilə keçirilən görüş və Hökumətlərarası Komissiyanın 11-ci iclası iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi.
Sərhəd məsələsində siyasi iradə
Baş nazir Əli Əsədovun Gürcüstana səfəri çərçivəsində əldə olunan mühüm siyasi nəticələrdən biri dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılaşma oldu. İrakli Kobaxidzenin açıqlamasına görə, uzun illər irəliləyiş əldə edilməyən sərhəd məsələsinin həlli üçün tərəflər yeni siyasi iradə nümayiş etdiriblər. Danışıqlarda razılaşdırılmamış 15 sərhəd hissəsinin hamısında işlərin fəallaşdırılması barədə razılıq əldə olunub. Təxminən 440 kilometr uzunluğunda olan Azərbaycan–Gürcüstan quru sərhədinin böyük hissəsi əvvəlki illərdə razılaşdırılsa da, təxminən, 180 kilometrlik hissə hələ hüquqi baxımdan rəsmiləşdirilməyib. Bu məsələlər arasında VI əsrə aid David-Qareci monastır kompleksi ilə bağlı ərazi mübahisəsi də xüsusi yer tutur.
Kobaxidze bildirib ki, Gürcüstan bu istiqamətdə Azərbaycanın müvafiq qurumlarının fəaliyyətinin intensivləşdirilməsi üçün rəsmi müraciət edib və Bakıdan müsbət cavab alıb. Məsələnin əhəmiyyəti ondan ibarətdir ki, sərhədin delimitasiyası və demarkasiyası yalnız texniki-hüquqi proses deyil, həm də dövlətlər arasında qarşılıqlı etimadın göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da sərhədin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının yeni tərkibini təsdiqləməsi bu istiqamətdə institusional fəaliyyətin gücləndirilməsini göstərir. Bu proses Azərbaycanın qərb sərhədlərinin hüquqi toxunulmazlığının təmin olunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və gələcəkdə yarana biləcək fikir ayrılıqlarının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
“İpək yolu” layihəsi və siyasi etimad
Siğnaği görüşlərinin siyasi nəticələrindən biri Ağstafa–Qardabani istiqamətində “İpək yolu” adlı birgə sərhəd-keçid məntəqəsinin yaradılması barədə sənədin imzalanmasıdır. Bu razılaşma Azərbaycan və Gürcüstan arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini, tərəflərin sərhəd təhlükəsizliyi və regional nəqliyyat məsələlərində birgə fəaliyyətə hazır olduğunu nümayiş etdirir. İki dövlət sərhəd nəzarətinin həyata keçirilməsində vahid mexanizm formalaşdırmağı, gömrük və sərhəd xidmətlərinin fəaliyyətini əlaqələndirməyi nəzərdə tutur. Bu, sadəcə, tranzit prosedurlarının asanlaşdırılması deyil, həm də dövlətlər arasında qarşılıqlı etimadın, suverenliyə hörmətin və institusional əməkdaşlığın praktik ifadəsidir. Xüsusilə diqqətçəkən məqam odur ki, Azərbaycan və Gürcüstan uzun illərdir həllini gözləyən delimitasiya və demarkasiya məsələlərinin sürətləndirilməsi ilə yanaşı, sərhəddə birgə nəzarət mexanizminin yaradılması istiqamətində də razılığa gəliblər.
Ortaq strateji maraqlar
Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının mühüm istiqamətlərindən biri də iqtisadi və enerji əməkdaşlığıdır. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcminin 4 milyard dollara yaxınlaşması Bakı ilə Tbilisi arasında qarşılıqlı etimadın və uzunmüddətli iqtisadi tərəfdaşlığın miqyasını göstərir. 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsinin 1,109 milyard dollara çatması da iqtisadi əlaqələrin genişlənməsini təsdiqləyir.
Lakin bu əməkdaşlığın əhəmiyyəti yalnız investisiya və ticarət göstəriciləri ilə məhdudlaşmır. Nəqliyyat və enerji layihələri iki ölkəni regional və beynəlxalq enerji sistemində birləşdirən strateji layihələrdir. Bu infrastruktur Azərbaycan və Gürcüstanın enerji təhlükəsizliyinə, Avropanın enerji təchizatının şaxələnməsinə və Cənubi Qafqazın beynəlxalq əhəmiyyətinin artmasına töhfə verir.
Hazırda əməkdaşlıq yeni geosiyasi və iqtisadi reallıqlara uyğun olaraq yaşıl enerji istiqamətində də genişlənir. Azərbaycanın və Gürcüstanın Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakı Cənubi Qafqazın Avropa enerji məkanına inteqrasiyası baxımından əhəmiyyət daşıyır. Bu təşəbbüs iki ölkənin ənənəvi enerji tərəfdaşlığını gələcəyin enerji gündəliyi ilə tamamlayır. Bakı və Tbilisinin ortaq layihələri iki ölkənin strateji maraqlarını uzlaşdırmaqla yanaşı, Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm iqtisadi və enerji körpüsü kimi mövqeyini gücləndirir.
Humanitar hədəflər
İki ölkə arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Gürcüstanda Azərbaycan dilində təhsil verən məktəblərin qorunması, Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının yeni binasının inşası ilə bağlı təşəbbüs və turizm əlaqələrinin genişlənməsi xalqlarımız arasında tarixi dostluğun qorunmasına xidmət edir. Ə.Əsədovun Gürcüstandakı azərbaycanlı icmasının təhsil və mədəni ehtiyaclarına diqqət yetirməsi humanitar əlaqələrin ikitərəfli münasibətlərdəki yerini bir daha göstərir.
Mahmud KAMALOĞLU,
professor
Azərbaycan–Gürcüstan münasibətlərinin ən böyük sərvəti qarşılıqlı etimad, səmimi dostluq və xalqlarımız arasında əsrlər boyu formalaşmış tarixi-mənəvi bağlılıqdır. Bu münasibətlər yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tarixə, mədəni yaxınlığa, qarşılıqlı hörmətə və mehriban qonşuluq ənənələrinə əsaslanır. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze arasında formalaşmış dostluq münasibətləri, eləcə də hökumət rəhbərlərinin müntəzəm təmasları tarixi dostluğun strateji tərəfdaşlıq səviyyəsində inkişafına töhfə verir. Humanitar sahədə əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin və ana dilində təhsil imkanlarının qorunması, birgə mədəni təşəbbüslər xalqlarımız arasındakı bağlılığı möhkəmləndirir.
Bu gün Azərbaycan və Gürcüstan dostluğu konkret siyasi qərarlarda, qarşılıqlı dəstəkdə, iqtisadi layihələrdə və regional təşəbbüslərdə öz əksini tapır. Hesab edirəm ki, bu tərəfdaşlığın əsas gücü məhz mənəvi yaxınlığın, siyasi etimadın və ortaq strateji maraqların vəhdətindədir. Bakı və Tbilisinin əməkdaşlığı yalnız iki dövlətin deyil, bütövlükdə, Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq mühitinin möhkəmlənməsinə xidmət edən nümunəvi münasibətlər modelidir.
Azərbaycan–Gürcüstan münasibətlərinin bugünkü səviyyəsi bir daha sübut edir ki, tarixi dostluq, liderlər arasında qarşılıqlı etimad və ortaq strateji maraqlar dövlətlərarası əməkdaşlığın möhkəm təminatıdır. Bu tərəfdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə, Cənubi Qafqazın gələcək sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Noyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















